22 May 2018 07:05
3139
Milli Məclis
A- A+

Milli Məclisin komitə iclasında 2017-ci ilin dövlət büdcəsinin icrası müzakirə olunub

 

Mayın 22-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasda Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası müzakirə olunub. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, parlament dövlət büdcəsi üzərində nəzarəti təşkil edir və hər il icra haqqında məsələni müzakirə edir. 2017-ci il dövlət büdcəsinin icrası ilə tanışlıq sübut edir ki, iqtisadiyyatımızda müsbət meyillər güclənir. Sosial proqramların icrasında maliyyə problemi olmayıb. Bu da 2018-ci il dövlət büdcəsinin daha yüksək göstəricilərlə təmin olunmasına şərait yaradıb. Azərbaycan iqtisadiyyatında müsbət tendensiyalar güclənir. 2017-ci il ərzində dövlət büdcəsinin bütün parametrlərinin icrası mümkün olub, sosial proqramlar həyata keçirilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat “Büdcə sistemi haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları, il ərzində götürülən dövlət borcuna xidmət, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.

İclasda iştirak edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib ki, 2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoz tam icra olunub. Yeddi mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib. Ötən il büdcə gəlirlərinin 46,8 faizi ilin birinci yarısında təmin olunub. Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151 faiz), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9 faiz) qeydə alınıb. Dividend ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.

Maliyyə nazirinin müavini Azər Bayramov bildirib ki, makroiqtisadi birliyin təmin edilməsi istiqamətindəki islahatlar nəticəsində makroiqtisadi sabitlik təmin olunub. Ölkədə müsbət iqtisadi artım qeydə alınıb, iqtisadiyyata əlavə xarici valyuta daxil olub. Borc öhdəliklərinin maliyyə təminatı təmin edilib. Ötən il ərzində xarici ticarət illik müqayisədə 12,3 faiz, əmtəə ixracı 18,11 faiz, qeyri-neft əmtəə ixracı isə 24,4 faiz artıb. Ölkənin strateji valyuta ehtiyatları 4 milyard dollar artaraq ilin sonuna 41 milyard dollar səviyyəsini keçib. 2017-ci ildə icmal büdcənin gəlirləri 24 milyard manat və ya 104,8 faiz, xərcləri 25 milyard manat və ya 82,4 faiz səviyyəsində icra olunub. İcmal büdcə kəsiri 1,1 milyard təşkil edib ki, bu da proqnoza nisbətən 9,5 faiz bəndi azalaraq cəmi 1,6 faiz təşkil edib. Dövlət büdcəsinin mədaxili 16 milyard 517 milyon manat və ya 98,5 faiz icra olunub. Dövlət büdcəsinin tranfert nəzərə alınmadan gəlirləri 10 milyard 417 milyon təşkil edib. Bu da 2016-cı illə müqayisədə 526 milyon manat və ya 5,3 faiz çoxdur. Büdcə daxilolmalarının 8,633 milyard manatı qeyri-neft sektoru hesabına təmin olunub. Bu da 2016-cı ilə nisbətən 352 milyon manat və ya 4,3 faiz çoxdur. Qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 2016-cı illə müqayisədə 5 faiz bəndi artaraq 52,3 faiz təşkil edib. Dövlət Neft Fondundan 2017-ci ildə 6,100 milyard manat vəsait tranfert olunub ki, bu da illik müqayisədə 19,9 faiz azdır. 2017-ci ildə Azərbaycan Mərkəzi Bankının mənfəətindən 250 milyon manat dövlət büdcəsinə ödənilib. 2017-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,1 faiz və ya 17 milyard 595 milyon manat səviyyəsində icra olunub. Xərclərin 62 faizi cari xərclərdir.

İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, iqtisadiyyatın qeyri-neft sektorunda istehsal edilmiş əlavə dəyər ötən ilə nisbətən 2,7 faiz artıb, qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 62,8 faiz təşkil edib. Neft-qaz sektorunun ümumi daxili məhsulda payı 2016-cı ilə nisbətən 3,4 faiz-bənd artaraq 37,2 faiz olub. 2017-ci ildə dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri üzrə icra 359,2 milyon manat təşkil edib.

Deputatlar Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası barədə fikirlərini səsləndiriblər.

Müzakirə olunan qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video