Alternative content

21:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis AŞ PA-nın qərarını ədalətsiz və qərəzli hesab etdi
Milli Məclis AŞ PA-nın qərarını ədalətsiz və qərəzli hesab etdi
ANA SƏHİFƏ / PARLAMENT
06:05 18.05.2018

 

Mayın 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasın gündəliyinə 10 məsələnin müzakirəsi salınmışdı. 

Milli Məclisin Sədri Oqtay Əsədov gündəlikdəki məsələlər təsdiq edildikdən sonra cari məsələlərin müzakirəsinə vaxt ayırdı. Deputatlar Avropa Şurası Parlament Assambleyasının Azərbaycana (AŞ PA), onun timsalında konkret olaraq bu qurumda ölkəmizi təmsil edən nümayəndə heyətinin rəhbəri Səməd Seyidova qarşı olan ədalətsiz yanaşmanı qətiyyətlə pislədilər.

 

AŞ PA məkrli qərarı ilə öz prinsiplərini tapdalayır

 

Öncə deputatlardan Fəzail İbrahimli və Sahibə Qafarova AŞ PA-nın son qərarı ilə bağlı fikirlərini söylədilər. Bildirdilər ki, ölkəmizin uğurlarını həzm edə bilməyən qüvvələr, beynəlxalq təşkilatlar hər vəchlə Azərbaycanın inkişafına kölgə salmağa çalışırlar. Qəbul olunmuş qərar da bu qəbildəndir. AŞ PA bu dəfə Azərbaycanın nümayəndə heyətinin rəhbəri Səməd Seyidovu hədəf seçib. Bu da təsadüfü deyil, çünki həmin qurum yaxşı bilir ki, Səməd Seyidov bu təşkilatda gedən bütün proseslərə yaxından bələd olan siyəsətçidir.
Müzakirəyə qoşulan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov haqqında qəbul edilmiş qərarla AŞ PA-nın bir təşkilat kimi özünün də, Azərbaycan dövlətinin də qəbul etdiyi hüquq normalarını pozduğunu dedi. Əlavə etdi ki, AŞ PA Azərbaycanı həmişə yüksək səviyyədə təmsil edən layiqli deputata qarşı sanksiya tətbiq etməklə prinsiplərini inkar edib və özünün əleyhinə yönəldilmiş addım atıb.

 

Bu sanksiya Azərbaycana heç bir təsir göstərməyəcək

 

Milli Məclisin Sədri Oqtay Əsədov deputatların çıxışını təsdiq edərək dedi ki, AŞ PA-nın Səməd Seyidovla bağlı qərarı ədalətsizdir. Spiker bu təşkilatın Azərbaycana qarşı belə əsassız qərarlarının ilk dəfə olmadığını xatırlatdı: “Əvvəllər də bu təşkilat Azərbaycan haqqında qərəzli qərarlar qəbul edib. Biz Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş fransalı deputatın AŞ PA-nın Azərbaycanda keçirilən komitə iclasında iştirak etməsi üçün ölkəmizə gəlməsinə icazə vermədik. Bizim parlamentə qarşı sanksiya qəbul etdilər ki, Azərbaycanda iki il müddətində heç bir tədbir keçirilməsin. Daha sonra özləri peşman oldular. Çünki alt komitənin iclası burada keçirilməli idi. Maddi imkanları da yox idi. Hətta iclasın keçirilməsi ilə bağlı xahiş də etdilər. Lakin biz buna etiraz olaraq bildirdik ki, sanksiyaya görə iclas keçirə bilmərik və iki il müddətində bundan imtina etdik. Yalnız iki ildən sonra komitə iclasları yenidən Azərbaycanda keçirildi”.
Qəbul olunmuş qərarı ədalətsiz qərar adlandıran Milli Məclisin Sədri bu sanksiyanın Azərbaycana təsir göstərməyəcəyini dedi: “Biz Səməd Seyidovun fəaliyyətinə bələdik. O, nümayəndə heyətinin rəhbəri, komitə sədridir. Azərbaycan nümayəndə heyəti fəaliyyətini bundan sonra da davam etdirəcək”.
Sonra deputatlardan Zahid Oruc, Aydın Mirzəzadə, Fazil Mustafa və Asim Mollazadə AŞ PA-nın qərarının konkret olaraq müxtəlif dairələrin maraqlarına xidmət etdiyini dedilər.

 

AŞ PA-ya etiraz bəyanatı göndərilsin

 

Deputat Fazil Mustafa Azərbaycan parlamentinin AŞ PA-ya etiraz bəyanatının göndərilməsini təklif etdi. Deputatın fikrincə, etiraz bəyanatı AŞ PA-nın qarşıdakı iclasında oxunmalı və bütün parlamentarilərə paylanılmalıdır.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məsələ haqqında fikrini bildirdi. Deputat bu sanksiyanın Azərbaycana qarşı növbəti təzyiq, ikili standartların yeni forması olduğunu diqqətə çatdırdı: “AŞ PA-da yüksək vəzifədə təmsil olunan insanlar qanun-qaydanı pozduğu halda heç bir sanksiyaya məruz qalmırlar. Ermənistan nümayəndə heyəti sanksiyaya məruz qalmayıb. Amma haqqı tapdanan Azərbaycan dəfələrlə sanksiyalara məruz qalıb. Azərbaycan nümayəndə heyəti rəhbərinin adı bu siyahıya qərəzli şəkildə salınıb. Bu qərar bizim nə söz demək imkanlarımıza, nə də hansısa sənədlərin hazırlanmasına heç bir məhdudiyyət yarada bilməz. Bu, Azərbaycanın qurumda normal fəaliyyətinə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılmasına heç bir əngəl yaratmayacaq. Çünki Azərbaycan düz yoldadır”.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Səməd Seyidovun timsalında söhbətin Azərbaycandan getdiyini dilə gətirdi. AŞ PA-da atılan addımların Azərbaycana qarşı, ölkəmizin iqtisadi inkişafına qarşı yönəldiyini söylədi və bunu Azərbaycanı gözü götürməyənlərin ölkəmiz haqqında mənfi imic formalaşdırmaq planı kimi qiymətləndirdi: “Nümayəndə heyətinin üzvləri birgə, planlı şəkildə fəaliyyət göstərməlidirlər ki, belə cəhdlərin qarşısı alınsın. Biz bu istiqamətdə işimizi davam etdirməli, ölkəmizin maraqlarını bütün səviyyələrdə müdafiə etməliyik. Belə olduğu halda Azərbaycana qarşı atılan istənilən məkrli planın qarşısını almaq mümkündür”.

 

Hesablama Palatası ötənilki fəaliyyəti ilə bağlı hesabat verdi

 

Sonra Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı dinlənildi. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov məruzə edərək bildirdi ki, hesabat mövcud qanunvericiliyin tələblərinə uyğun tərtib edilərək təqdim olunub. Hesablama Palatasının Kollegiyası hesabat ili üzrə iş planına uyğun 59 və əvvəlki ildən başlayan və 2017-ci ildə başa çatan 1 tədbir olmaqla 60 nəzarət tədbirinin nəticələri ilə bağlı qərarlar qəbul edib. Nəzarət tədbirlərinin 10-nu analitik təhlil, 50-si audit formasında həyata keçirilib, həmin tədbirlər ümumilikdə 135 qurumu əhatə edib.
2017-ci ildə Prezident İlham Əliyev tərəfindən dövlət maliyyə nəzarəti sahəsində islahatların tərkib hissəsi kimi bir sıra qanunvericilik aktlarında mühüm dəyişikliklər edilib. Ölkə rəhbəri tərəfindən həyata keçirilmiş bu dəyişikliklər dövlət vəsaitlərinin nəzarətlə əhatəsinin daha da genişləndirilməsinə, dövlət vəsaitlərinin qənaətli, səmərəli və nəticəli istifadəsini təmin etməklə hesabatlılıq və şəffaflığın artırılmasına xidmət edir. Maliyyə və prosedur nöqsanların müəyyən edilməsinə sistemli yanaşmanın tətbiq edilməsinə və təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaradır.
Vüqar Gülməmmədov vurğuladı ki, nöqsan təsnifatına uyğun olaraq səkkiz istiqamətdə Hesablama Palatası tərəfindən 689 hal üzrə nöqsanlar müəyyən edilib. Nəzarət tədbirlərinin nəticəsi olaraq, 2017-ci ildə dövlət büdcəsinə 15,2 milyon manat, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə 1,1 milyon manat, dövlət-təsərrüfat qurumlarının hesablarına 1,7 milyon manat olmaqla, ümumilikdə 18 milyon manat vəsaitin bərpasına nail olunub.
Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Tahir Rzayev, Musa Quliyev, Tahir Kərimli, Fərəc Quliyev hesabata münasibət bildirdilər, nöqsan və uğurlardan söz açdılar. Ümumilikdə hesabatın mükəmməl hazırlandığını deyərək qarşıda duran vəzifələr və bu istiqamətdə görüləcək işlər haqqında geniş müzakirə apardılar.
Deputatlar Hesablama Palatasının hesabatına müsbət münasibət bildirdilər.
Hesabatdan sonra iclasda “Azərbaycan Respublikasının Hesablama Palatası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə layihə haqqında məlumat verdi. Bildirdi ki, sənəd komitədə ikinci oxunuşda geniş müzakirə olunub və birinci oxunuşda irəli sürülən təkliflər, iradlar nəzərə alınıb. Belə ki, birinci oxunuşdakı rəy və təkliflərin nəticəsi olaraq layihədəki 41 maddədən 34-ü üzərində əlavə və dəyişiliklər edilib. Dəyişikliklər layihəni daha da təkmilləşdirib.
Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Xanhüseyn Kazımlı, Musa Quliyev və Çingiz Qənizadə belə bir qanunun qəbul olunmasını Hesablama Palatasının işini, fəaliyyətini daha da genişləndirəcəyini, fəaliyyətinə çox müsbət təsir edəcəyini vurğuladılar. 6 fəsil, 41 maddədən ibarət olan qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olundu.

 

Milli Məclis Ələt azad iqtisadi zonası ilə bağlı sənədi təsdiqlədi

 

Gündəlikdəki “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi də geniş müzakirə olundu. Sənədi üçüncü oxunuşda təqdim edən Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov təklif və tövsiyələr əsasında qanun layihəsinə olan əlavə və dəyişikliklərdən danışdı.
Komitə sədri bildirdi ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb.
Müzakirələr zamanı deputatlar sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər. Bildirdilər ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.
Sonra iclasda parlamentə bir zərfə daxil olan 6 qanun layihəsi - Əmək Məcəlləsinə dəyişiklik edilməsi haqqında, “Təhsil haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Dövlət qulluğu haqqında”, “Yanğın təhlükəsizliyi haqqında” və “Sanitariya-epidemioloji salamatlıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirəyə çıxarıldı.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli hər bir qanun layihəsinin ölkədə inkişafa, təhsil sisteminin təkmilləşməsinə yol açan vacib sənədlər olduğunu dedi və “Təhsil haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinə olunan əlavələrdən söz açdı. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.

 

Keyfiyyətli dərman olmadan yüksək tibbi yardım mümkün deyil

 

Gündəlikdə olan sonuncu məsələ “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi idi. Sənədə edilən əlavə və dəyişikliklər haqqında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verdi.
Bildirdi ki, son dərəcə vacib olan bu sahə hər zaman diqqət mərkəzindədir. Keyfiyyətli dərman olmadan insanlara yüksək tibbi yardım göstərmək olmaz. Əhalinin dərman təchizatı, insanların yüksək keyfiyyətli dərmanlarla təmin olunması, dərmanların qiymətinin optimallaşdırılması və digər istiqamətlərdə dəfələrlə dəyişikliklər edilib. Bu layihənin də qəbul olunmasında məqsəd insanların sağlamlığıdır.
Müzakirələr zamanı deputat Rəşad Mahmudov çıxış edərək bildirdi ki, dəyişikliklər bu sahədə olan boşluqları aradan qaldırmaqla yanaşı, həm də dərman satışı və istehsalı ilə bağlı saxtakarlığın qarşısının alınmasında mühüm rol oynayacaq, vətəndaşların keyfiyyətli dərmanlarla təmin olunmasına və sağlamlığına öz töhfəsini verəcək.
Sənəd səsverməyə çıxarılaraq qəbul edildi. Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Elnur HADIYEV,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”