Alternative content

09:41 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Laçının minillik yadigarları
Laçının minillik yadigarları
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 18.05.2018

 

Bu ulu yurddakı tarixi, dini, mədəniyyət abidələri erməni vandalları tərəfindən məhv edilir

 

Ulu babalarımızın çox dəyərli yadigarları hesab edilən maddi-mədəniyyət nümunələri respublikamızın əksər ərazilərində yetərincə var. Ona görə də ölkəmizə səfər edən səyyahlar Azərbaycanın tarixini özündə əks etdirən qədim dini və mədəni abidələrə heyranlıqlarını gizlədə bilməmiş və bu barədə dəfələrlə öz xatirələrində qeyd etmişlər.
Dağların zirvəsində əsrlərin “dizini qatlayan”, minilliklərdən soraq verən qalalar məskəni Laçının vəsfi şeirin, musiqinin ritminə köklənib. Amma son illər bəstələnən bir mahnı da var ki, Laçının təkcə təbiətini deyil, taleyini də ifadə edir. Laçından uzaq düşüb xiffət çəkərək, sevilən mahnıları ilə xatirələrdə yaşayan Məhəbbət Kazımovun haraylı səsində “Laçınım... Laçınım... Laçınım mənim” təkcə Laçında doğulanları deyil, o yerlərin həsrətini çəkənləri də yandırıb-yaxır, qartalları iyirmi altı ildir ki, qıy vurmayan qayalı-daşlı dağlara səsləyir.
Laçın düşmən məkrinin, çirkin siyasətin qurbanı olub. Laçının işğalının növbəti ildönümündə o yurdlarda doğulmuşların qəlbindən qara qanların necə axmasını təsəvvür etmək o qədər də çətin deyil. Yazın gəlişi ilə dağlar yaşıl donuna bürünüb aran ellərini yaylağa haraylayardı... Şuşanın arxa-dayağı, söykənəcəyi olan Laçının bir tərəfi də Kəlbəcər idi...
Vaxtilə Soltan bəyin qarşısında baş əyən erməni qaçaq-quldurlarının törəmələri indi o yerlərdə “at oynadır!..” Xalqımızın ümumi sərvəti olan dağlarımızın yağmalanması ilə dəyəri milyardlarla ölçülən təbii sərvətlərimiz daşnakların əlinə keçdi, talandı. Təkcə maddi sərvətlər beşiyi deyildi Laçın. Burada minillərin, əsrlərin yadigarı olan maddi mədəniyyət abidələri - mənəvi sərvətlərimiz var idi. Təəssüflər olsun ki, bu gün sözdə humanizmin təbliği ilə məşğul olan beynəlxalq təşkilatlar da belə talanların qarşısını almaqda aciz görünür.
Laçından ayrıldığımız ötən illərdə burada ermənilərin məskunlaşdırılması beynəlxalq səviyyədə dəfələrlə müzakirə mövzusu olsa da, bunun nəticəsi görünmür, hələ bu ərazi Dağlıq Qarabağ üçün “koridor” rolu oynayır. Laçının ərazisindəki maddi mədəniyyət nümunələrimizin hansı səviyyədə olması isə işğal altında qalan torpaqlarımıza vaxtaşırı səfər edən beynəlxalq faktaraşdırıcı missiyanın üzvlərinə də məlumdur: daşı daş üstə qalmayıb. Tarixin yaddaşı olan abidələr bu yerlərdə çoxdan saxtalaşdırılıb - erməniləşdirilib. Bir sözlə, Azərbaycanın mədəni irsini hədəf seçən ermənilər işğal altında qalan maddi mədəniyyət abidələrini tamamilə və qəddarlıqla məhv etmişlər.
1992-ci il may ayının 18-də erməni işğalçıları rayonun yüzlərlə mədəni-məişət obyektini, onlarla qəsəbə, kənd və tarixi abidələrini dağıtdı. İşğal nəticəsində 63 min 341 Azərbaycan vətəndaşı öz yurdundan didərgin salınıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və ya itkin düşüb. Rayonda 154 məktəb, yüzlərlə tarix-mədəniyyət abidəsi işğal altında qalıb. Şuşanın Turşsu deyilən ərazisindən və Ermənistan istiqamətindən hücuma keçən düşmən geostrateji mövqeyə malik olan Laçını işğal etməsi ilə Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Təbii sərvətlərlə zəngin Laçında Qaladərəsi, Ağanus, Xırmanlar, Tiqiq, Turştiqiq, Nurəddin, Nağdalı, Hacıxanlı kimi müalicəvi əhəmiyyətli bulaqlar var idi. Ümumi ehtiyatları 1124 ton olan 3 civə (Narzanlı, Çilgəzçay, Sarıbulaq), ehtiyatları 4457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Hocaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf (Ağoğlan, Əhmədli), 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri olub.
Rayondakı Qaragöl Dövlət Təbiət Qoruğu və Dövlət Təbiət Yasaqlığı da işğal altındadır. Ümumi sahəsi 240 hektar olan qoruqda 68 növdən və 27 ailədən ibarət bitki örtüyü vardı. 1961-ci ilin noyabr ayında heyvan və quşları qoruyub saxlamaq və artırmaq məqsədilə yaradılan Dövlət Təbiət Yasaqlığının ərazisində cüyür, dağkeçisi, çöldonuzu, ayı, turac, kəklik, qaratoyuq növləri olub. 1989-cu ildə yasaqlıqda aparılan yoxlama zamanı dağkeçisi 96, qaban 360, cüyür 320, ayı 110 baş, eləcə də çoxlu sayda digər vəhşi heyvanlar və quş növləri qeydə alınıb.
İşğalçılar beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşmanı bu gün də davam etdirir.
Laçın dağlarında qədim və möhtəşəm mədəniyyət abidələri ilə təbiət bir-birini sanki tamamlayırdı. Cicimli, Güləbird, Soltanlar, Zeyvə, Malıbəy, Bülövlük, Araflı, Əliqululu, Malxələf, Hüsülü, Kosalar, Seyidlər, Pircahan və digər kəndlərdəki tarixi abidələr (12 qoç, 28 at fiquru, 36 müxtəlif süjetli yazılar və rəsmlər, sal daş, müxtəlif dövrlərdə ərəb əlifbası ilə yazılmış, bir-birinə bənzəməyən sənət rəmzləri həkk edilmiş qəbirüstü daşlar, məşhur Sarı Aşığın sevgilisi Yaxşının məzarı) bu torpaqlarda minillər boyu yaşayan əcdadlarımızın bizə yadigar qoyduğu nişanələr idi.
Rayonun Cicimli kəndindəki məbəd, qədim anbar, Güləbirddə Sarı Aşığın qəbirüstü ziyarətgahı, rayon tarix-diyarşünaslıq muzeyi əsrlərin canlı salnaməsi idi. Muzeydə toplanmış nadir eksponatlar Laçının zəngin tarixi keçmişi haqqında dolğun təsəvvür yaradırdı. Təəssüf ki, Laçının işğalı nəticəsində bu tarixi incilər də təcavüzün qurbanına çevrildi. Bütün bunlar az imiş kimi, milli mədəniyyət abidələrimiz olan qala və məbədlər saxtakarcasına erməniləşdirilir. Belə təcavüzə məruz qalan abidələrdən Laçının işğalından sonra saxta erməni kilsəsi kimi təqdim olunan Ağoğlan abidəsi, Böyük Vətən müharibəsi iştirakçılarınin xatirə kompleksinin erməniləşdirilməsi, şəhərin qərb istiqamətdən çıxışında tikilmiş abidə - “Qala qapısı” (üzərində erməni xaçı) və s. dediklərimizə əyani sübutdur.
Laçının ərazisindəki memarlıq abidələrinin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Memarlıq elmləri doktoru D.A.Axundov və fəlsəfə doktoru M.D.Axundov “Qafqaz Albaniyasının stellalarında dini simvolika” və “Dünyanın mənzərəsi” adlı məqalələrində yazırdılar ki, düzbucaqlı çərçivə içərisində cızma texnikasında işlənilən qadın, çox güman, Ay allahı kimi təsvir olunmuşdur. Göstərilən bu stellalar xristianlıqdanəvvəlki dövrə, bəlkə də daha qədimlərə aiddir. Buna bənzər, daha doğrusu, tamamilə onun eyni olan bir stella da Kosalar kəndində, Ağoğlan qəsrinin həyətində idi.
Belə abidələr Laçınla qonşuluqda yerləşən Kəlbəcər rayonu ərazisində də mövcud idi. Kəlbəcərin bir hissəsi Alban dövlətinin Xaçın knyazlığının tərkibində olub. Ora yaxın olan Laçın rayonunun ərazisində bir sıra adlar Xaçınla bağlıdır. Bozlu kəndi ərazisində olan Xaçın daşı və s. Təəssüf ki, Ermənistan bu abidələri də “özününküləşdirib”.
Alı Xəlifə ocağı Laçının Böyük Seyidlər kəndində idi. Qarabağın ən ağır seyidlərindən sayılan Alı Xəlifə həmin kənddə dünyasını dəyişmişdi və məzarı üstündə sərdaba tikilmişdi. Ulu səcdəgahlardan biri də məhz Alı Xəlifənin ocağı idi.
Laçının müqəddəs yerlərindən biri də Böyük Seyidlər kəndindəki Seyid Hüseyn ziyarətgahı idi. Bu kənddəki ziyarətgahların sırasına daxil olanlardan biri də “Güllü qəbir” piri adlanırdı. Orada Hacı İbrahim ağa dəfn edilmişdi. Məlumatlara əsasən, o, Qarabağ ellərinin ağır övliyalarından sayılan Xudabəndə Xəlifənin nəvəsi idi.
Ağoğlan qəsri Laçının Minkənd çayının kənarında, hündür bir yerdədir. Cicimlidə məbəd, qədim anbar, Güləbirddəki Sarı Aşığın qəbirüstü ziyarətgahı, Zeyvədə Şeyx Əhməd, 1-ci və 2-ci Soltanbaba, Minkənddə XV əsr məbədi, Qarıqışlaqda Dəmirovlu pir-məbədi, Bülövlük kəndinin şimalındakı qədim Kişpəyədə və Piçənisdəki alban məbədləri, Xan qəbiristanlığındakı Zəngəzurun sultanları Qara Murtuza bəyin, 1-ci Alməmmədin, 2-ci Alməmmədin türbələri, Şeyx Şamillə dostluq etmiş, ona kömək göstərmiş Cəbrayıl bəyin türbəsi, Araflıda Murtuza Sultanın anasının türbəsi, Pircahan çayında Məşədi Mehralının arxitekturalı və Minkənd körpüləri kimi tarixin nadir inciləri erməni vandalları tərəfindən darmadağın edilib.
Kəndlərdə əsrlərin və qərinələrin yaşıdı abidələr, dağlardakı qalalar uzun illər yadellilərin hücumlarından qorunsa da, 1992-ci ildən başlayaraq daha ağır zərbə aldı, daş-divarlarındakı yaddaş tarixləri silinərək erməniləşdirildi və dünyaya “qədim erməni xalqının yazılı abidələri” kimi təqdim edildi.
Təbii ki, Laçın rayonu ərazisində bir vaxtlar mövcud olmuş tarixi abidə və məbədlər adları yuxarıda çəkilənlər deyil. Qalalar, məbədlər diyarında təbii sərvətlər bu gün də ermənilər tərəfindən vəhşicəsinə talan edilməkdədir. Son günlər oradan tapılmış xəzinə də bunu təsdiqləyir.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM