Alternative content

14:01 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Təbiətin canlı muzeyi
Təbiətin canlı muzeyi
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 18.05.2018

 

Ermənistanın işğalçılıq siyasəti nəticəsində xalqımıza məxsus 83500-dən çox eksponat, 14 xatirə kompleksi və 1891 maddi-mədəniyyət resursu talan olunub

 

Qədim insan məskənlərindən sayılan Azərbaycan başdan-başa maddi-mədəniyyət abidələri və tarixi özündə yaşadan sərvətlərlə zəngindir. Ona görə də yurdumuzun hər guşəsi sanki açıq havada təbii muzeydir. Qarabağda isə bu sərvətlər sayagəlməz dərəcədədir desək, daha doğru olar.
Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə 1977-ci ildə 18 mayın Beynəlxalq Muzeylər Günü kimi təsis edilməsində məqsəd onların cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərmək olub. Onu da qeyd edək ki, Beynəlxalq Muzeylər Günü dünyanın 100-dən çox ölkəsində qeyd edilir.
Qədim köklərə malik olan, öz keçmişinin tədqiqini gözləyən Kəlbəcərdə də rayonun tarixini əks etdirən muzey yaratmaq böyük vətənpərvərliklə bərabər mühüm və əhəmiyyətli iş idi. Əslində, Kəlbəcərin özünü ulu Tanrı bir muzey yaratmışdı: o yerlərə ən nadir nemətləri bəxş etmişdi. Saysız-hesabsız bulaqlar, dörd mindən artıq bitki növü, qədim loğmanların can dərmanı saydığı 200 növdən çox dərman bitkisi, zəngin meşə örtüyü, narzan suları, dünyada tayı-bərabəri olmayan istisuyu, 100 növdən çox mineral və süxurlardan ibarət daş xəzinələri, nadir qayaüstü rəsmlər və s. cəmləşib Kəlbəcər boyda muzey olmuşdu.
Kəlbəcərdə sənətkarlıq da qədimlərdən qalma yadigar kimi qorunub saxlanmışdı. Belə ki, burada xalça-palaz, kilim, cecim, dərmə və s. əl işləri qadınların və qızların məşğuliyyəti olmaqla yanaşı, həm də maddi-mədəni sərvətlərimizin artırılması demək idi.
Bütün bunlar barədə Kəlbəcər muzeyində olduqca zəngin eksponatlar toplanmışdı. Sözün əsl mənasında Kəlbəcərin simvolu idi bu muzey. Divarlarının fasad tərtibatında 2000-dən çox müxtəlif rəngli-çalarlı daşlardan istifadə olunmuşdu. Əslində, muzey binası yox, qiymətli bir memarlıq abidəsi, əsasən təbiət təsvirlərindən, Kəlbəcər ərazisində yaşayan heyvan və quşların daşlaşmış rəsmlərindən ibarət mozaika yaradılmışdı.
Rayonun əhalisi muzeyə eksponat toplanmasında həvəslə iştirak edirdi. Qısa müddət ərzində burada artıq 47 min ədəd nadir əşya var idi. Hətta onların bəziləri dünya səviyyəsində nadir eksponatlar sayılırdı. Muzey Kəlbəcəri dünyada tanıtmışdı. Xarici ölkələrdən gəlmiş alimlər muzeyə baxanda öz heyranlıqlarını gizlətmir, eksponatlara valeh olurdular. Məsələn, atın Günəş tanrısı-na qurban verilməsini əks etdirən barelyefə Amerika alimləri 50 min ABŞ dolları təklif etmişdilər.
Muzey Kəlbəcərin ən qədim yaşayış məskəni olmasını sübut edən tarixi eksponatlarla zənginləşdirilmişdi. Təsadüfi deyildi ki, ötən əsrin səksəninci illərinin sonlarına yaxın Moskvada Dünya Geoloqlarının XXVII konqresi keçirilərkən 67 ölkənin 162 alimi adı dillər əzbəri olmuş muzeyi görmək üçün Kəlbəcərə gəlmişdi. O zaman SSRİ Elmlər Akademiyasının müxbir üzvü A.A.Marakuşov muzeyin xatirə kitabına yazmışdı: “...Bu, dünyada etnoqrafiyaya həsr olunmuş nadir və əvəzedilməz muzeydir”.
Muzeyin həyətindəki qaya salları üzərindəki 6-7 min illik tarixə malik keçi təsvirləri, bürünc keçi totemi, habelə muzeydəki kilim, heybə və nənni başlıqları, 150 il bundan əvvəl toxunan keçi şəkilləri və onların hər üçünün bir-birinə oxşarlığı indiki nəslin qədim kökə bağlı olmasını sübut edir və tarixçilərin mübahisələrinə son qoyurdu.
1980-ci illərin əvvəllərində yaradılmış Kəlbəcər Tarix-Diyarşünaslıq Muzeyinin həyəti 900 kvadratmetrdən artıq idi. 2005-ci ildən muzeyin direktoru işləyən Bərzani Əsgərov deyir ki, 6000 eksponatdan ibarət fondu olan muzeydə 10 minə yaxın kitab saxlanılan kitabxana da fəaliyyət göstərirdi: “Muzeydə Azərbaycanın bir çox tanınmış görkəmli şəxsiyyətlərinin maqnitofon lentlərinə yazılmış səsləri toplanmışdı. Burada xalq şairi Səməd Vurğunun, akademik Mirəli Qaşqayın, görkəmli yazıçılardan Süleyman Rəhimov və Əli Vəliyevin, tanınmış elm xadimi Xudu Məmmədovun, tənqidçi ədəbiyyatşünas alim Qasım Qasımzadə və Qulu Xəlilovun, habelə başqalarının səsi yazılmış lentlərini dinləmək mümkün idi. Burada Kəlbəcərin ərazisindəki məşhur Lök qalasının maketi, dağlarında yaşayan bir çox vəhşi heyvanın müqəvvası, 150 milyon il yaşı olan, Tərtər çay qumluğunda aşkar edilmiş daşlaşmış ilbiz nümunələri, ibtidai icma quruluşu dövrünə aid oxlar, bıçaqlar, baltalar, dəmir nizə ucluqları və s. nümayiş etdirilirdi”.
Zəngin bir dəhlizdən, 3 kabinetdən, 9 nümayiş salonundan və 30 mindən çox eksponatdan ibarət fonda malik muzeyin çöl divarlarında 2037 rəng çaları olan daşlardan istifadə edilməklə mozaika işlənmişdi. Muzeyin həyətində daşdan yonulmuş 14 qəbirüstü at və qoç heykəli nümayiş etdirilirdi. Burada “Bəzir daşı” deyilən iki qədim abidə nəzərə çarpırdı. Dəyirman daşlarından 10 dəfə böyük olan bu daşları qoşqu vasitəsilə dikinə fırladıb zəyərəkdən yağ alırmışlar.
Mütəxəssislər və tamaşaçılar bu ziyarətgahı həm də geologiya, arxeologiya, incəsənət və səs muzeyi adlandırırdılar. Burada 1986-cı ildə 147 yaşında vəfat etmiş və vaxtılə Aşıq Ələsgərin gözəlliyinə söz qoşduğu kəlbəcərli Güləndam nənənin şəkli, onun öz əlləri ilə toxuduğu 100-dən artıq xalça-kilim də saxlanılırdı.
Təəssüflər olsun ki, regionda unikallığı ilə seçilən muzey 1993-cü ildə Kəlbəcərin işğalı zamanı düşmən tərəfindən dağıdılmış, 30 mindən çox muzey eksponatı Ermənistana aparılmışdır. Maddi-mədəniyyət və dini abidələrin dağıdılması ilə əlaqədar Ermənistan beynəlxalq hüquqi məsuliyyət daşıyır.
Həmsöhbətimiz bildirir ki, cənab Prezident İlham Əliyev 18 noyabr 2015-ci ildə UNESCO-nun Baş Konfransının 38-ci sessiyasının Liderlər Forumundakı çıxışında digər strateji məsələlərlə bərabər, ölkəmizin mədəniyyət diplomatiyası və Ermənistanın işğal etdiyi tarixi torpaqlarımızda xalqımızın maddi-mədəni və dini irsinə qarşı törətdiyi vandalizm əməllərini əsaslı faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq xatırlatdı ki, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonu, eləcə də Qazaxın yeddi yaşayış məntəqəsi ilə Naxçıvanın Kərki kəndinin işğalı nəticəsində 738 tarixi abidə, 83500 ədəddən çox eksponata malik 28 muzey, 4 şəkil qalereyası, 14 xatirə kompleksi və 1107 mədəniyyət müəssisəsi daxil olmaqla, 1891 ədəd maddi-mədəniyyət resursu talan edilib.
Xalqımızın ümummlli ideri Heydər Əliyev tərəfindən muzey işinin inkişafı üzrə müəyyən edilmiş prioritetlər bu gün dövlət başçısı İlham Əliyevin, eləcə də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Heydər Əliyev Fondu tərəfindən uğurla davam etdirilir.
Kəlbəcərin işğalından sonra tarix-diyarşünaslıq muzeyi Bakı şəhərinin Nərimanov rayonunda müvəqqəti sığınacaq tapmışdı. Bu gün isə Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyətini darısqal otaqda davam etdirən muzeyin əməkdaşlarının fədakarlığı hesabına, dövlət vəsaiti xərclənmədən, fonduna 5.665 ədəd eksponat toplanıb.
Tarix yalnız xalqın yaddaşında və dumanlı xatirələrdə deyil, daşlaşmış abidə kitablarda yaşayır. Bu daş kitabələrin muzey eksponatlarına çevrilənləri daha uzunömürlü olur.

M.NƏRİMANOĞLU,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”