Alternative content

14:11 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mübarək Ramazan ayı başlayır
Mübarək Ramazan ayı başlayır
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 16.05.2018

 

Bu gün orucluğun niyyət axşamıdır

 

Müsəlman dünyası sevincli günlər ərəfəsindədir. Möminlərin on bir aydır səbirsizliklə gözlədikləri məqam gəlib çatır. Bu gün orucluğun niyyət axşamıdır. Bu axşam müsəlmanlar mübarək Ramazan ayı boyunca tutacaqları oruc üçün niyyət edəcək, sabah isə oruc tutmağa başlayacaqlar.
Hicri-qəməri təqvimin doqquzuncu ayında - Ramazan ayında oruc tutmaq hər bir müsəlman üçün vacibdir, çünki oruc islamın beş fərzindən biridir. Ağıllı, həddi-büluğa çatmış, oruc tutması üçün üzrlü səbəb olmayan hər bir şəxs oruc tutmalıdır. Bir ay ərzində müsəlmanlar günün işıqlı vaxtında oruc tutub yemək-içməkdən və cinsi əlaqədən uzaq olacaqlar.
Qeyd etmək lazımdır ki, oruc islamla başlamamışdır, insanlar islamdan əvvəl də oruc tutmuşlar. Bu, Qurani-kərimin Bəqərə surəsində açıq-aşkar ifadə edilmişdir: “Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) pis əməllərdən çəkinəsiniz!.. (Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzində) bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə (həm oruc tutub, həm də fidyə verərsə), bu onun üçün daha yaxşı olar. Bilsəniz oruc tutmaq sizin üçün nə qədər xeyirlidir!”.
Oruc tutmaq Tanrının buyuruğu olmaqla bərabər, böyük əxlaqi-mənəvi, sosial əhəmiyyətə malikdir. Hədisi-şərifdə deyilir ki, “oruc sipərdir”, yəni, müsəlmanı pis əməllərdən qoruyan gizli silahdır. Oruc tutan insan qeybət qılmaq, söyüş söymək, dava-dalaş salmaq kimi naqis əməllərdən çəkinməlidir. Peyğəmbərimiz demişdir: “Oruc insanla günah arasında sanki bir pərdədir. Sizdən biriniz oruc tutduqda pis söz danışmasın! Onu söyənə və ya vurana “mən orucam” desin”.
Ramazan ayı boyunca insanlar arasında bir-birinə məhəbbət, hörmət, şəfqət, dostluq, qardaşlıq, həmrəylik münasibətləri hökm sürməlidir. Oruc tutanlar düşmənçiliyə, umu-küsüyə son qoymalıdırlar. Hamı bir-birinə münasibətdə mərhəmətli olmağı, bir-birini bağışlamağı bacarmalıdır. Allah-təala oruc tutmağı buyurmaqla bütün insanların dinc, mehriban şəraitdə yaşamasının zəruriliyini xatırladır.
Ramazan müsəlmanın mənəvi inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Məlumdur ki, yemək-içmək, cinsi əlaqə kimi cismani ehtiyaclar insan həyatında güclü amillərdəndir. İlin bir ayında oruc tutmaqla müsəlman cismani ehtiyacların hökmranlığından azad olur və mənəvi-ruhi cəhətdən təkmilləşmək imkanı əldə edir.
Oruc insanda dözüm, iradə və təmkin tərbiyə edir, nəfsə hakim olmaq vərdişləri aşılayır. Ramazan ayında oruc tutmağı buyuran Tanrı insanı sınağa çəkir: varlı kasıbın sosial vəziyyətini dərk edir, ona münasibətdə xeyirxah olmağın vacibliyini anlayır. Oruc insanı yaxşı işlər görməyə sövq etməklə yanaşı, pis əməllərdən də çəkindirir. Aparılmış çoxsaylı araşdırmalar göstərir ki, Ramazan ayı boyunca müsəlman ölkələrində cinayətkarlığın səviyyəsi açıq-aşkar aşağı düşür.
Eyni zamanda, bir ay oruc tutmaq insanın sağlamlığında mühüm rol oynayır. Peyğəmbərimiz Məhəmməd salavatullah buyurmuşdur: “Oruc tutun ki, sağlam olasınız!” Qədim zamanlardan bəri oruc insanın sağlamlığını möhkəmlətmək, müxtəlif xəstəlikləri müalicə etmək üçün təbii vasitə kimi nəzərdən keçirilir. Antik dövrdə Sokrat, Platon, Aristotel kimi böyük mütəfəkkirlər müəyyən müddət ac qalmağı, başqa sözlə, oruc tutmağı tövsiyə etmişlər. Müasir alimlər də yemək-içməkdən imtina edilməklə bir çox xəstəliklərin müalicəsində uğurlu nəticələr əldə etmişlər.
Oruc insan psixikasına, əsəb sisteminə müsbət təsir göstərir. Heyrətamiz haldır ki, oruc bir sıra psixiatrik xəstəliklərin, hətta şizofreniyanın müalicəsində təsirli vasitədir.
Bir çox dərdin dərmanı elə insan orqanizminin özünün daxilindədir. Bu gün həkimlər təsdiqləyirlər ki, oruc tutmaq hamı üçün, hətta sağlam adamlar üçün həyati zərurətdir. İnsan qida qəbul edərkən, nəfəs alarkən həm də külli miqdarda toksin maddə qəbul edir. Bu zərərli maddələri bədəndən oruc tutmaqla kənarlaşdırmaq mümkün olur.
Oruc tutarkən mədə, bağırsaqlar, qara ciyər və həzm prosesində iştirak edən digər orqanlar istirahət edir. Bu isə həzm sisteminin yaxşılaşmasına gətirib çıxarır. Qan təmizlənir, beyin daha yaxşı işləyir. İnsanın cismində zəif, xəstə, yaxud zədələnmiş hüceyrələr yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, insan orqanizminin elə bir üzvü yoxdur ki, orucun müsbət təsirinə məruz qalmasın.
Oruc bel, onurğa, boyun ağrılarının sağalmasına kömək edir. Norveçdə aparılmış elmi tədqiqat nəticəsində məlum olmuşdur ki, qida qəbulundan imtina oynaqların iltihabının müalicəsində effektiv vasitədir - bir şərtlə ki, xəstə dörd həftə ac qalsın. Bu isə təxminən Ramazan orucunun müddətinə bərabərdir! Həkimlər mədə-bağırsaq xəstəliklərindən müalicə zamanı da elə bu qədər pəhriz saxlamağı məsləhət görürlər.
Qeyri-müsəlman ölkələrində aparılmış və on minlərlə xəstəni əhatə etmiş araşdırmalar sübuta yetirmişdir ki, oruc bir çox digər xəstəliklərin, o cümlədən yüksək qan təzyiqinin, qara ciyər, dəri xəstəliklərinin, xüsusilə allergiya və xroniki ekzemanın və s. müalicəsinə kömək edir. Bundan başqa, oruc bir çox insanların əziyyət çəkdiyi köklükdən və onun doğurduğu xəstəliklərdən qurtulmaq üçün təsirli vasitədir. Eyni zamanda, oruc pis vərdişləri (siqaretə, narkotik maddələrə aludə və s.) tərgitməyə kömək edir.
Orucun mənəvi-əxlaqi və fiziki faydaları çoxdur. Eyni zamanda, yaddan çıxarmaq olmaz ki, Ramazanda oruc hansısa fayda naminə yox, Allahın əmrini yerinə yetirib Onun rizasını qazanmaq üçün tutulur.
Bu mübarək ayda Tanrıya edilən dualar daha tez qəbul olunandır. Vətən torpağının düşmən tapdağından qurtulması, didərgin soydaşlarımızın yurd-yuvalarına qayıtması üçün dua edək! Allah orucunuzu və müqəddəs ayda edəcəyiniz duaları qəbul eləsin! Amin!

Allahverdi MEHDİYEV,
“Azərbaycan”