Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibinin müavini Azər Əliyev Avropa Olimpiya Komitəsinin (AOK) Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib. MOK-dan AZƏRTAC-a bildiriblər ki, AOK-un Serbiyanın paytaxtı Belqraddakı növbəti görüşü çərçivəsində qurumun İcraiyyə Komitəsinin iclası, həmçinin AOK və Beynəlxalq Olimpiya Komitəsinin 39-cu seminarı keçirilib.
Seminarda AOK-un müxtəlif komissiyalarının dördillik fəaliyyətinə yekun vurulub. Növbəti dörd il üçün fəaliyyət istiqamətləri müəyyənləşdirildikdən sonra komissiya üzvlərinin və rəhbərliyinin seçkisi olub. Azərbaycan Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev AOK-un Avropa yeniyetmələrinin Olimpiya Festivalı Komissiyasının üzvü seçilib.
Qeyd edək ki, tədbirdə Azərbaycan nümayəndə heyətini AOK-un İcraiyyə Komitəsinin üzvü, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibin müavini Azər Əliyev, beynəlxalq əlaqələr idarəsinin rəisi Anar Bağırov və marketinq idarəsinin direktoru Mehman Kərimov təmsil ediblər.