Alternative content

04:44 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kütləvi tibbi müayinə: vətəndaşların sağlamlığına göstərilən qayğının daha bir təzahürü
Kütləvi tibbi müayinə: vətəndaşların sağlamlığına göstərilən qayğının daha bir təzahürü
ANA SƏHİFƏ / Səhiyyə
08:05 14.05.2018

Fevralın 10-dan mayın 12-dək respublikada həyata keçirilən əhalinin kütləvi pulsuz tibbi müayinəsi bütün regionlarda olduğu kimi, aran bölgəsində də müvəffəqiyyətlə başa çatıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə beşinci dəfədir ki, keçirilən humanitar aksiya çərçivəsində Şirvan şəhər, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Cəbrayıl, Salyan və Neftçala rayonlarındakı səhiyyə ocaqlarında 628 min 250 nəfər pulsuz tibbi müayinə olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, humanitar aksiyanı vaxtında başa çatdırmaq üçün şəhər və rayon icra hakimiyyətlərində komissiyalar təşkil olunmuş, xüsusi qərargah yaradılmışdır. Müayinələr tərtib edilmiş qrafik əsasında aparılıb. Humanitar aksiya zamanı yaşayış məntəqələrində aktivliyin təmin edilməsi məqsədilə icra hakimiyyəti orqanlarının əməkdaşları səhiyyə işçiləri ilə birlikdə əhali arasında geniş maarifləndirmə, kütləvi izahat, təbliğat və təşviqat işləri aparıb, vətəndaşların kütləvi şəkildə tibbi müayinələrdən keçmələri üçün səhiyyə ocaqlarında bütün zəruri işlər görülüb.

Humanitar aksiya 9 mərkəzi, 21 kənd xəstəxanasında, 263 həkim məntəqəsində aparılıb, müayinələrə 810 həkim və orta tibb işçisi cəlb olunub. 27 səyyar həkim briqadası ucqar yaşayış məntəqələrində insanları müayinə edib. Həmçinin xəstə insanlar evlərində müayinədən keçiriliblər. Aksiya çərçivəsində üç ay müddətində aran bölgəsi rayonlarında tibbi müayinəyə cəlb olunan 673 min 630 vətəndaşdan 628 min 250 nəfəri həkimlər tərəfindən yoxlanılıb. Müayinələr zamanı xəstəlik aşkar olunan 37 min 602 nəfər ambulator, 2 min 124 nəfər stasionar müalicəyə cəlb edilib, 508 nəfərin üzərində cərrahiyə əməliyyatı aparılıb. Rayon şəraitində müalicəsi mümkün olmayan 957 xəstə təkrar yoxlanmaq və müalicə olunmaq üçün Bakı şəhərindəki ixtisaslaşdırılmış səhiyyə müəssisələrinə göndərilib.

Salyan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Hüseynağa Həsənov bildirib ki, icbari tibbi müayinə dövründə mərkəzi xəstəxanada fəaliyyət göstərən cərrahiyyə, terapiya, doğum, rentgen və digər şöbələrdə əhaliyə nümunəvi xidmət göstərilib. Müayinə zamanı xəstəlik aşkar olunan sakinlərdən 4945 nəfər ambulator, 138 nəfər stasionar müalicəyə cəlb olunub.

Müayinədən keçmiş vətəndaşlar əhalinin sağlamlığının qorunmasına göstərilən qayğıya görə humanitar aksiyanın təşəbbüsçüsü olan Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlardan biri də Biləsuvar şəhər sakini Zeynalabdin Qurbanovdur. O, ailə üzvləri ilə birlikdə bu humanist aksiyadan yararlanıb. “Yoxlama zamanı hər hansı xəstəlik aşkar olunmadı. İndi səhhətimizdən heç bir nigarançılığımız yoxdur. Bunun üçün çox sevinirik. Bizə bu sevinci bəxş edən dövlətimizin başçısına ailəmiz adından təşəkkür edirəm”, - deyə Z.Qurbanov bildirib.

Bu gün ölkə səhiyyəsində bir sıra mühüm islahatlar həyata keçirilir. Vətəndaşların sağlamlığının qorunması, göstərilən tibb xidmətinin səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi uğurla reallaşdırılan sosial siyasətin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyevin əhalinin sağlamlığına diqqətinin göstəricisidir ki, son illər ölkəmizdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində kompleks tədbirlər görülür, şəhərlərdə, rayon mərkəzlərində, qəsəbə və kəndlərdə müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni xəstəxanalar, tibb məntəqələri tikilərək istifadəyə verilir, səhiyyə xidmətinin yaxşılaşdırılması üçün ardıcıl, təxirəsalınmaz tədbirlər görülür. Bu baxımdan Prezident İlham Əliyevin tapşırığına əsasən, 2014-cü ildən başlayaraq ölkə vətəndaşlarının kütləvi pulsuz tibbi müayinəyə cəlb edilməsini xüsusi vurğulamaq lazımdır. Dövlətimizin başçısının ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın uğurla reallaşdırılması vətəndaşların sağlamlığına göstərilən qayğının daha bir təzahürüdür.