Alternative content

13:01 21 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV 95 yaşın xatirələri...
95 yaşın xatirələri...
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 13.05.2018

 

Müsahibim çox danışmağı sevmir. Deyir ki, bu günlərdə 95 yaşım tamam olur. “Müharibənin ağrılarını, acılarını, ən çətin günlərini görmüşəm. Bizim nəsil o illəri dözümün hesabına yaşadı. O qədər güllə yaraları almışam ki...

Amma yaşamaq cəhdi məni bu günlərə qədər qorudu. Döyüş yolum 223-cü diviziyadan başlayıb. Düz Berlinə qədər ağır döyüş yolu keçmişəm. Bəzən sərt, soyuq meşələrdə gecələyirdik. Amma bircə niyyətimiz vardı: qalib gəlmək, düşmənə layiqli cavab vermək!

Hələ də o günləri xatırlayanda iradəmizə, inamımıza məəttəl qalıram. Müharibəyə Zərdabın kiçik bir kəndindən - Əlvənddən yollanmışam. Elə ən çox o yerlər üçün darıxırdım. Məni böyüdən, ərsəyə gətirən adamları tez-tez xatırlayırdım. Anamın göndərdiyi isti yun corabları alanda o qədər sevinirdim ki...

Yaxşı xatırlayıram, döyüşlərin birində qolumdan yaralanmışdım. Döyüş dostlarım məni çətinliklə də olsa, təhlükəsiz yerə çatdırdılar. Sarğı materiallarımız da tükənmişdi. Onda ağacların yarpaqlarından faydalanmalı olduq”.

Nemət Bayramov yaşının bu çağında həmin günləri bir kino lenti kimi gözlərinin önündən keçirir. Deyir ki,  doğrusu, bugünə qədər yaşamağıma ümidim az idi. “Hər gün o qədər təhlükə ilə üz-üzə qalırdıq ki... Bəzən hər dəqiqəmiz ölümə bərabər olurdu. Amma qətiyyən ruhdan düşmürdük. Əksinə, itkilərimizin əvəzini çıxmaq üçün yeni qüvvə ilə döyüşlərə gedirdik. Biz qələbəyə inanırdıq. İnanırdıq ki, düşmənin texniki imkanları nə qədər güclü olsa da, mənəvi dayaqları xeyli zəifdir. Bizdə olan birlik çox güclü idi.

Ən çox yadımda qalan Krım döyüşləridir. Müharibənin ən qaynar dövründə - 1943-1944-cü illərdə 423-cü batalyonun tərkibində vuruşurduq. Qara dənizdə o qədər çətin döyüş əməliyyatları keçirmişik ki... Belə əməliyyatların birində düşmənin böyük bir silah-sursat anbarını ələ keçirdik. Ölüm-dirim mübarizəsində yalnız irəliyə doğru gedirdik. Qara dənizdə döyüş gəmimiz bir neçə yerdən zədələnsə də, sona qədər mübarizəni dayandırmadıq. Ona görə də nəticə bizim xeyrimizə qurtardı”.

Nemət baba danışdıqca bir qədər kövrəlirdi. Geriyə boylanmaq, o illəri xatırlamaq nə qədər çətin olsa da, sorğularımı cavabsız qoymurdu.  “Vallah, ay oğul, o günləri xatırlamaq istəmirəm. Bəzən hər günü sonuncu döyüş əməliyyatı sanırdıq. Sağ qalmağımıza o qədər də ümidimiz yox idi. Amma bizi yaşadan böyük inam və ümid vardı. Bir də ki, içimizdə vətən sevgisi yaşayırdı...

Müharibədən sonra nələr qazanmışamsa, bütün bunlar Tanrı payı, halal qismətimdir. Bu gün yeddi övladın atası, 16 nəvənin babasıyam, nəticələrimin də sayı çoxdur. Onların hər biri ilə fəxr edir, öyünürəm. Xoş soraqlarını alanda o qədər sevinirəm ki... Çoxu əsgəri xidmətini başa çatdırıb. Hərəsi bir işin qulpundan yapışıb. Mən özüm də müharibədən sonra təhsil aldım. Ali təhsilli iqtisadçıyam. Uzun illər müxtəlif sahələrdə çalışmışam”.

Nemət baba deyir ki, məni gümrah, sağlam saxlayan övladlarımın xoş sorağı, qazandıqları uğurlardır. “Bir də ki, dövlətimizin bizə qədərincə göstərdiyi qayğıdır. Hazırda yüksək təqaüd alıram, müalicələrim dövlət hesabına aparılır. Dünyanın müxtəlif yerlərində istirahətdə olmuşam. Müharibədən sonra xoş günlərim çox olub. Bu gün müharibə veteranı kimi üstünlüklərim çoxdur. Hər yerdə bizə diqqət və qayğı göstərirlər”.

Nemət baba yeni nəslin onlara münasibətindən də razıdır. Tez-tez məktəblərə, bağçalara dəvət alır, müxtəlif tədbirlərdə iştirak edir. Bütün bunlar da ona mənəvi ruh verir. Deyir ki, uşaqların suallarına cavab verdikcə bir qədər gümrahlaşıram. Əslində günümün çoxunu onlara sərf edirəm...

“Məni gümrah saxlayan bir məşğuliyyətim də var. Yardımçı təsərrüfatımızda hər gün saatlarla çalışıram. Əkib-biçirəm, ağaclara, güllərə qulluq edirəm. Bu işdə nəvələrim də mənə yardımçı olur. Bəlkə də məni yaşadan belə əyləncələrdir.

Hər il eyni gündə - 9 mayda Böyük Vətən müharibəsində qələbəmizi qeyd etmək üçün yaşıdlarımla rayon mərkəzinə toplaşırıq. Bizə hörmətlə, nəvazişlə yanaşırlar. Qiymətli hədiyyələrlə mükafatlandırırlar. Hiss edirik ki, heç vaxt, heç vədə unudulmamışıq. Belə olanda yaşamaq da asanlaşır, sabaha güclü inam yaranır. Əminəm ki, biz bu gün üzləşdiyimiz təhlükəni də sovuşduracağıq. Erməni quldurlarının azğın niyyətləri qətiyyən baş tutmayacaq. Dövlətimizin, güclü ordumuzun qətiyyəti bizim qələbəmizə tam təminat yaradacaq. Onda həmin günü də qələbə bayramı kimi qeyd edəcək, bir-birimizə yeni uğurlaq arzulayacağıq...”

 

Bəşir ŞƏRİFLİ,

“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM