05 May 2018 12:05
247
Mədəniyyət
A- A+

Ümidlərin işıqlı sabahı

 

Həyat onu sərt, tələbkar müəllim kimi çox sınağa çəkdi. Qarşısına hər an ən çətin suallar çıxara biləcəyinə inandırdı. Ancaq zəhmətin, əziyyətin qarşılıqsız qalmadığına da əmin etdi. Odur ki, həyatı sevdi, heç zaman ruhdan düşmədi... 

Murtuza Nağıyev 1908-ci il mayın 5-də Cənubi Azərbaycanın Sərab şəhərində dünyaya göz açdı. Kiçik yaşlarında atası Fətullanı itirdi. Ömrün qayğısız çağları sayılan uşaqlığı məhrumiyyətlər içərisində keçdi. Doğma Sərab şəhərini iş axtarmaq ümidi ilə tərk etdi. 1919-cu ildə Aşqabad şəhərinə getdi. 1921-ci ilədək orada yaşadı, fəhlə işlədi. On dörd yaşında Bakıya gəldi. Leytenant Şmidt adına maşınqayırma zavodunda (indiki Səttarxan zavodu) işə düzəldi. 1922-ci ildən 1926-cı ilədək həmin zavodda xarrat işlədi.
Arzuları böyük idi. Onlar Murtuza Nağıyevə ümid verir, işıqlı sabaha inandırırdı. Bütün çətinliklərə, yoxluqlara baxmayaraq, niyyətindən dönmür, inadla oxuyur, öyrənirdi.

 

Dəqiq elmlərin cazibəsi...

 

Təhsilini davam etdirmək üçün getdiyi Moskva şəhərində eyni vaxtda iki ali məktəbə daxil oldu. Moskva Ali Texniki Məktəbinin və Mədən Akademiyasının (hazırda İ.Qubkin adına Neft və Qaz İnstitutu) tələbəsi olan gənc böyük həvəslə oxumağa başladı. Amma 1932-ci ildə anasının xəstəliyi səbəbindən Bakıya döndü, təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirdi. 1932-1935-ci illərdə həmin ali məktəbdə kimyaçı-texnoloq ixtisası üzrə təhsil aldı. Hələ tələbə ikən - 1932-ci ildə V.Strua adına “Krekinq” zavodunda növbə mühəndisi kimi işə başladı. Ali təhsilini başa vurandan sonra - 1935-1938-ci illərdə həmin zavodda fəaliyyətini davam etdirdi, mühəndis, sex rəisinin müavini, mühəndis-konstruktor, baş mühəndis vəzifələrində işlədi.
Elmi fəaliyyətə çox təlatümlü bir vaxtda - 1937-ci ildə başladı. Hər kəs qorxu, xof içərisində idi. Sovet hakimiyyətinin repressiya siyasətinin güdazına gedənlər arasında tanınmış elm xadimləri də az deyildi. Belə çətin günlərdə sabaha inamını qorumaq, bütün diqqətini işlərinə cəmləmək böyük iradə və çalışdığın sahəyə sevgi tələb edirdi. Murtuza Nağıyev də elmin çətin yollarında irəliləyirdi. 1939-cu ildə yazdığı elmi-tədqiqat işi sonralar geniş inkişaf etmiş riyazi modelləşdirmə və kimyəvi proseslərin sistemli analizi sahəsində ilk iş kimi dəyərləndirildi, yeni elmi istiqamətin - resirkulyasiya prosesləri təliminin başlanğıcı oldu. Alim ən mürəkkəb struktura malik kimya texnologiyası obyektlərində o vaxtadək aparılan uzun hesablamaların əvəzinə, daha tez və dəqiq hesablamaların aparılmasının riyazi ifadəsini verərək kimya sənayesi üçün yeni riyazi model hazırladı.

 

Elmin çətin yollarında keçən ömür...

 

1938-1940-cı illərdə Azərbaycan Neft Emalı Elmi-Tədqiqat İnstitutunun “Krekinq” laboratoriyasının rəhbəri oldu. 1940-cı ildə “Resirkulyasiya ilə krekinqdə benzin çıxımlarının tədqiqi” namizədlik dissertasiyasını müdafiə etdi. Pedaqoji fəaliyyətə də həmin il başladı. 1940-cı ildə beş il əvvəl bitirdiyi Azərbaycan Sənaye İnstitutunda auditoriyaya ilk dəfə müəllim kimi daxil oldu. Neft zavod mexanikası kafedrasının dosenti oldu, krekinq texnologiyası və proses aparatlarının hazırlanması kursunda mühazirələr oxudu. 1959-1960-cı illərdə BDU-nun “Fiziki-kimya” kafedrasına rəhbərlik etdi və “Kimyəvi kinetika” sahəsi üzrə xususi kurslardan tələbələrə mühazirələr oxudu.
Neft emalı üzrə dəyərli mütəxəssislərdən sayılan Murtuza Nağıyev 1941-ci ildə Qroznıdakı Neft İnstitutuna direktor göndərildi. Çox keçmədi ki, Qroznı almanların əlinə keçdi. O da Bakıya, ailəsinin yanına qayıtdı. Həmin il “Krekinq texnologiyası və aparatların hesablanması” adlı ilk monoqrafiyasını nəşr etdirdi. Akademik Yusif Məmmədəliyevlə birgə 1943-cü ildə “Aviasiya yanacaqlarının kimyası və texnologiyasının müasir vəziyyəti” kitabını nəşr etdirdilər. 1944-cü ildə “Texnologiyanın əsas məsələsi və krekinq prosesinin kinetikası” mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. 1945-ci ildə o, artıq “Kimya texnologiyası” ixtisası üzrə professor idi. 1941-1945-ci illərdə Murtuza Nağıyev ölkə miqyasında dəyərləndirilən, xüsusi elmi xidmətlərinə görə qorunan sovet alimlərindən idi
Son dərəcə istedadlı, böyük elmi zəkaya, bənzərsiz qabiliyyətə malik alimi elmi fəaliyyətin gərgin axtarışları, ağır zəhməti nəinki yorub usandırmırdı, əksinə, yeni yaradıcılıq işlərinə, dərin tədqiqatlara marağı gündən-günə artırdı. O, 1942-ci ildən ömrünün sonunadək akademiya sistemində çalışdı. 1942-1944-cü illərdə SSRİ Elmlər Akademiyasının Kimya İnstitutunun Azərbaycan filialında böyük elmi işçi, 1944-cü ildə “Katalitik krekinqin fizikası” şöbəsinin müdiri oldu. 1945-1946-cı illərdə alim AMEA-nın Neft İnstitutunda “Neft emalı” şöbəsinin müdiri, 1946-1956-cı illərdə həmin institutun direktoru və şöbə müdiri vəzifələrində çalışdı. 1952-ci ildə Murtuza Nağıyev AMEA-nın həqiqi üzvü seçildi. 1959-1961-ci illərdə AMEA-nın Neft Kimya Prosesləri İnstitutunun direktoru, 1965-1975-ci illərdə isə AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitunun yaradıcısı və direktoru vəzifələrində işlədi. O, həm də 1959-cu ildən ömrünün axırınadək “Azərbaycan kimya jurnalı”nın redaktoru oldu.
Uzun müddət akademiya institutlarına rəhbərlik etməklə yanaşı, 1952-1957-ci illərdə AMEA-nın Fizika-Texnika bölməsinin akademik-katibi, 1957-1959-cu illərdə AMEA-nın vitse-prezidenti, 1961-1966-cı illərdə AMEA-nın baş elmi katibi, 1958-ci ildən ömrünün sonunadək keçmiş SSRİ Ali Təhsil Nazirliyi nəzdindəki Ali Attestasiya Komissiyasının, 1962-ci ildə SSRİ-dəki Neft konqresinə dair Beynəlxalq komitənin, 1960-1975-ci illərdə Qarşılıqlı İqtisadi Yardım Şurası Kimya Komissiyasının üzvü oldu.

 

Şöhrəti sərhədlər aşan alim

 

Sovet alimləri xarici ölkələrdə keçirilən elmi konfranslarda mütəmadi iştirak edirdilər. Amma iştirakçıların milli tərkibinə xüsusi diqqət yetirildiyindən bu, hər alimə nəsib olmurdu. 1956-cı ilin sentyabrında çoxlarına inanılmaz görünən bir hadisə baş verdi. SSRİ-dən müsəlman, həm də türk millətindən olan alim - görkəmli kimyaçı alim, azərbaycanlı Murtuza Nağıyev ABŞ-a göndərildi. Onun elmi yenilikləri diqqətdən kənarda qalmamışdı. Filadelfiyada keçirilən kataliz üzrə I Beynəlxalq konqresdə Murtuza Nağıyev “Çoxpilləli və kompleks kimyəvi resirkulyasiya proseslərinin material balansı” mövzusunda məruzə etdi. Nəticələrin “Kemikl injenerinq proqress” (“Chemical engineering progress”) jurnalında dərc olunması ilə sovet aliminin tədqiqatlarına yalnız Amerikada deyil, beynəlxalq miqyasda maraq artdı.
Bundan sonra da o, Azərbaycan elmini möhtəşəm beynəlxalq konqres, simpozium və konfranslarda təmsil etdi.
Respublikada elmin inkişafına və elmi kadrların hazırlanmasındakı xidmətlərinə görə 1956-cı ildə Azərbaycan SSR əməkdar elm xadimi adına layiq görüldü. Kimya elminin, neft kimyası və texnologiyasının inkişafına verdiyi töhfələr isə Sosialist Əməyi Qəhrəmanı adı, “Oraq çəkic” qızıl medalı və Lenin ordeni ilə mükafatlandırıldı. Azərbaycan SSR Ali Sovetinin Fəxri fərmanı ilə təltif edildi. Görkəmli ictimai xadim kimi Azərbaycan SSR Ali Sovetinin 4, 5, 6-cı çağırışlarının deputatı oldu.
Akademikin əsas elmi işləri neft kimyası və texnologiyasına, kimyəvi reaksiyaların kinetika və termodinamikasına həsr edildi. Onun adı ilə yeni bir elm sahəsi - kimya texnologiyasının nəzəriyyəsi yarandı, inkişaf edərək müstəqil bir elm səviyyəsinə çatdı. Murtuza Nağıyev fizika, kimya, kibernetika, riyaziyyat və iqtisadiyyat kimi elmləri özündə birləşdirən resirkulyasiya proseslərinin nəzəriyyəsini yaratdı. Onun çoxillik elmi tədqiqatları nəticəsində kimya texnologiyasının bir sıra nəzəri məsələləri öz həllini tapdı. Murtuza Nağıyev 320 elmi işin, ikisi xaricdə ingilis və çin dilində nəşr olunmuş 30 monoqrafiyanın, 12 müəlliflik şəhadətnaməsinin, ömrünün sonunda, ağır xəstə olduğu vaxtlarda yazdığı və sağlığında nəşr olunmamış iki əsərin müəllifidir.
Murtuza Nağıyev mükəmməl və dəqiq tərcüməçi, gözəl redaktor idi. O, kimya texnologiyasının problemlərinə dair doqquz elmi kitabı tərcümə, on beş əsəri redaktə etdi.
Biliyini, təcrübəsini həm də elmi və mühəndis-texniki kadrların hazırlanmasına sərf edən, respublikanın ali məktəblərində mühazirələr oxuyan Murtuza Nağıyevin rəhbərliyi ilə çoxsaylı doktorluq və namizədlik dissertasiyası da müdafiə olundu. Böyük alimin adı həm də elm məktəbini keçən 5 akademikin adı ilə bağlıdır və onlardan biri də oğlu akademik Tofiq Nağıyevdir.
1968-ci ildə ABŞ-ın Çikaqo şəhərində çap olunan “Elmdə kim kimdir” (“World Who,s Who in Science”) adlı geniş arayış kitabında Murtuza Nağıyev haqqında da məlumat verildi. Azərbaycanlı alim iri kimya komplekslərinin optimizasiyasının əsasını təşkil edən resirkulyasiya proseslərinin yaradıcısı, neft kimyası və texnologiyası üzrə çoxsaylı dəyərli əsərlərin müəllifi kimi təqdim olundu. Moskvada 1991-ci ildə “Vısşaya şkola” nəşriyyatnın buraxdığı “Dünyanın görkəmli kimyaçıları” kitabına Murtuza Nağıyevin adı da daxil edildi.
O, uzun sürən xəstəlikdən sonra, 1975-ci il yanvarın 28-də vəfat etdi. Akademik Murtuza Nağıyevin adını əbədiləşdirmək məqsədilə yaratdığı və rəhbərlik etdiyi AMEA-nın Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutuna 1991-ci ildə onun adı verildi.
Azərbaycanı müxtəlif sahələrdə təmsil edən şəxsiyyətlər heç zaman unudulmur. Onların xatirəsi əziz tutulur. Bu ehtiramın bir nümunəsi də Prezident İlham Əliyevin akademik Murtuza Nağıyevin 110 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamdır. Alimin Azərbaycanda kimya elminin, neft kimyası və texnologiyasının inkişaf etdirilməsi, həmçinin yüksək ixtisaslı kimyaçı kadrların hazırlanması sahəsində mühüm xidmətlərini nəzərə alaraq verilən sərəncamda bildirilir: “Murtuza Nağıyev zəngin fəaliyyəti sayəsində Azərbaycan elminə dəyərli töhfələr vermiş və kimya üzrə yeni istiqamətin yaradıcısı kimi yüksək nailiyyətlər qazanmış alimlərdəndir. O, kimya texnologiyası ilə əlaqədar komplekslərin riyazi modelləşdirilməsinin bünövrəsində dayanan nəzəriyyənin əsas prinsiplərini işləyib hazırlamış, kimyəvi proseslərin tədqiqində klassik ənənələrdən fərqlənən yeni yanaşma üsulu müəyyən edib”.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video