04 May 2018 12:05
597
Səfərlər
A- A+

Prezident İlham Əliyev “Azərxalça” ASC-nin Xaçmaz filialının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müəssisənin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu tunc dövründə, yəni, 5 min il bundan əvvəl meydana gəlib. Azərbaycan xalçası boyalarının tükənməz zənginliyi, naxışlarının təkraredilməz qovuşuğu, yaradıcılıq təxəyyülünün gücü və yüksək sənətkarlığı ilə fərqlənir.

Xalçalarımız dünyanın ən məşhur muzeylərini bəzəyir. Xalçaçılıq böyük mədəniyyətə və qədim tarixi ənənələrə malik xalqlara məxsus sənətdir. Quba-Şirvan, Gəncə-Qazax, Qarabağ, Təbriz xalçaçılıq məktəbləri bütün dünyada məşhurdur. Bu zonalarda toxunan xalçalar ilmələrinin sıxlığına, rəng çalarlarına, üz ipliyinin xovuna, toxunuşuna və ornamentlərinə görə seçilir. Hazırda Azərbaycan xalça sənəti özünün əsl dirçəliş dövrünü yaşayır.

Prezident İlham Əliyevin həmin sahənin inkişafı ilə bağlı qəbul etdiyi qərarlar bu baxımdan xüsusilə əhəmiyyətlidir. Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması dövlət tərəfindən bu istiqamətdə görülən işlərin məntiqi davamıdır. İlkin mərhələdə “Azərxalça” ASC-nin Füzuli, Ağdam, Tovuz, Ağstafa, Qazax, Şəmkir, Quba, İsmayıllı və Qəbələ rayonlarında filiallarının yaradılması nəzərdə tutulmuşdu. 2016-2017-ci illərdə adı çəkilən bu rayonlarda binaların tikintisi başa çatdırılıb, filiallar fəaliyyətə başlayıb, Sumqayıt Kimya Sənaye Parkında yunəyrici-boyaq fabrikinin təməli qoyulub. Dövlətimizin başçısının sərəncamlarına uyğun olaraq Bakı və Naxçıvan şəhərlərində, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan və Şabran rayonlarında xalça istehsalı emalatxanalarının yaradılması davam edir. Növbəti filial Xaçmazda istifadəyə verilib.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, ümumi sahəsi 1252,9 kvadratmetr olan filialın binası 0,37 hektar sahədə yerləşir. Burada 150 nəfər toxucu, 12 nəfər inzibati-təsərrüfat işçisi fəaliyyət göstərəcək. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və sair bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində toxunan tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb.

Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Toxucular Xaçmaz rayonunun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursların məzunları “Azərxalça” ASC-nin sertifikatını alacaqlar. Xalça-satış salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı həyata keçiriləcək.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

 

Prezident İlham Əliyevin
çıxışı

 


- Bu gün Xaçmaz rayonunda çox əlamətdar bir gündür, xalça fabriki açılır. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Çox gözəl hadisədir. Son iki il ərzində artıq dördüncü xalça fabriki açılır və bu proses davam etdiriləcək. Biz xalçaçılıq sənətini yaşatmalıyıq, yaşadacağıq və belə fabriklərin açılması ölkəmizin ümumi inkişafını göstərir. Burada 100-dən çox iş yeri açılıbdır, gələcəkdə 150 iş yeri yaradılacaq, bunun üçün hər cür şərait vardır. Çox şadam ki, qadınlar üçün iş yerləri yaradılır. Ümumiyyətlə, Azərbaycanda iş yerlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Amma çox sevindirici hal ondan ibarətdir ki, qadınlar da fəal işə cəlb olunurlar. Xalçaçılıq elə sənətdir ki, bunu qadınlar yaşadırlar.

İki il əvvəl mənim sərəncamımla “Azərxalça” Səhmdar Cəmiyyəti yaradılmışdır və qarşıya vəzifə qoyulmuşdu ki, bu təşkilat xalçaçılıq sənətini yaşatsın, inkişaf etdirsin və ölkəmizin müxtəlif yerlərində 30 xalça fabriki açılsın. Bu fabrik sayca dördüncüdür və gələn ilin sonuna qədər artıq 30 fabrik işə düşəcək, minlərlə iş yeri yaradılacaqdır.

Xalçaçılıq bizim milli sənətimizdir, milli sərvətimizdir. Azərbaycan xalqı bu sənəti əsrlər boyu yaşadır. Bizim xalçalarımız dünyanın aparıcı muzeylərində sərgilənir. Bakıda gözəl Xalça Muzeyi tikilib istifadəyə verilmişdir. Yəni, biz xalçaçılığı yaşatmaqla Azərbaycan xalqının nə qədər istedadlı olmasını dünyaya bir daha göstəririk. Eyni zamanda, gənc nəsil də, qızlar da bu sənətə cəlb olunurlar. Beləliklə, tam əminlik var ki, Azərbaycan dünyada xalçaçılığın inkişafında öz sözünü gələcəkdə də deyəcəkdir. İş yerlərinin yaradılması çox önəmli məsələdir. Qeyd etdiyim kimi, bu fabriklərin fəaliyyətə başlaması nəticəsində minlərlə iş yeri yaradılacaq.

“Azərxalça”nın qarşısında bir vəzifə də qoyulub ki, xalçanın istehsalında istifadə edilən bütün xammal yerli xammal olsun. Bu məqsədlə indi ölkəmizin müxtəlif yerlərində yun tədarükü mərkəzləri yaradılır. Baramaçılıq sürətlə inkişaf etdirilir ki, ipək xalçalar da toxunsun. Sumqayıt şəhərində yunəyirici-boyaq fabriki inşa edilir. Yəqin ki, gələn il istifadəyə veriləcəkdir. Beləliklə, bundan sonra xaricdən xammalın gətirilməsinə heç bir ehtiyac qalmayacaq. Yüz faiz yerli məhsul olaraq Azərbaycan xalçası dünyaya təqdim ediləcək.

Digər mühüm məsələ ondan ibarətdir ki, Azərbaycan xalçası çox yüksək keyfiyyətə malikdir və onun satış qiyməti də yüksəkdir. Beləliklə, həm ölkə daxilində, həm də xaricdə satılan xalçalar Azərbaycan iqtisadiyyatına töhfə verəcək, ölkəmizə valyuta gələcək və qeyri-neft sektorumuz da inkişaf edəcək.

Bax görürsünüz, xalçaçılıq sənətinin inkişafı və “Azərxalça”nın uğurlu fəaliyyəti nəticəsində biz bir neçə məqsədə çatmış oluruq. İş yerləri, yerli istehsal, xammalın təşkili və ölkəmizin dünyada təbliği baxımından xalçaçılığın çox böyük önəmi var. Təsadüfi deyil ki, müxtəlif ölkələrdə keçirilən sərgilərdə, təqdimatlarda mütləq Azərbaycan xalçası təqdim edilir.

Şadam ki, bu gözəl müəssisə Xaçmaz şəhərində yaradılır. Xaçmazın inkişafına böyük diqqət göstərilir. Bu gün biz Xaçmaz şəhərində içməli su layihəsinin açılışını qeyd edəcəyik. Bu da çox böyük sosial layihədir. Digər sosial məsələlər də öz həllini tapır. Son illər ərzində 40-a yaxın məktəb tikilib və ya təmir edilmişdir, mərkəzi rayon xəstəxanası əsaslı təmir olunmuşdur. Mən onun açılışında iştirak etmişəm. Olimpiya İdman Kompleksinin açılışında da iştirak etmişəm. Ümumiyyətlə, bu səfər mənim Prezident kimi Xaçmaza sayca 8-ci səfərimdir və bütün səfərlər zamanı gözəl müəssisələrin, obyektlərin açılışları olmuşdur.

Onu da qeyd etməliyəm ki, Xaçmazda digər infrastruktur layihələri icra edilir, qazlaşdırma artıq 80 faizdən çoxdur, yeni yollar salınır. Bu gün həm kənd yolu, həm də Xaçmaz-Xudat yolu açılacaqdır. Mənə verilən məlumata görə, son illərdə 7 yol layihəsi icra edilib və əhalinin 70 faizi artıq yeni yollarla əhatə olunub. Bu proses gələn illərdə də davam etdiriləcəkdir. Elektrik enerjisi ilə heç bir problem yoxdur və Xaçmaz rayonunda qazlaşdırma 100 faizə çatmalıdır. Qarşıya belə vəzifə qoyulub, yaxın gələcəkdə biz buna da nail olacağıq.

Bildiyiniz kimi, ölkəmizdə kənd təsərrüfatına böyük diqqət göstərilir, 40-dan çox aqropark yaradılır. Birinci aqropark mənim iştirakımla Xaçmaz rayonunda açılmışdır. Yalama aqroparkı indi uğurla fəaliyyət göstərir. Orada da çoxlu iş yerləri yaradılır. Əlbəttə ki, Xaçmaz rayonunun turizm potensialı çox böyükdür və zəngindir. Buraya həm ölkəmizin müxtəlif yerlərindən, həm də xarici ölkələrdən gələn turistlərin sayı artır, bir çox istirahət mərkəzləri vardır. Onların sayı da artmalıdır ki, Xaçmaz rayonunun inkişafı daha da sürətlə getsin.

Beləliklə, sənaye istehsalının, kənd təsərrüfatının, turizmin inkişafı və əlbəttə ki, Xaçmaz şəhərinin abadlaşdırılması çox sevindirici hallardır. Xaçmaz indi muzeylər, parklar şəhəridir. Burada gözəl abadlıq işləri görülür ki, vətəndaşlar daha da yaxşı yaşasınlar, inkişaf daha da sürətlə getsin və ölkəmiz həmişə ən yüksək zirvədə olsun. Əlbəttə, bu işlərdə sizin əməyiniz də çox önəmlidir. Sizi bir daha ürəkdən təbrik edirəm.

 

X X X

 

Müəssisənin işçisi Zahirə BEYDULLAYEVA dedi:

- Cənab Prezidentimiz, Sizə “xoş gəlmisiniz” deyirəm. Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edirik. Allah Sizə cansağlığı versin, ömrünüz uzun olsun. Siz bizim ömürlük Prezidentimizsiniz.

 

X X X

 

Filialın direktoru Sevda XƏLİLOVA dedi:

-Cənab Prezident, xoş gəlmisiniz, Sizi xaçmazlılar adından salamlayıram. Yeni açılmış müəssisəmizə, bizim üçün yaradılan iş yerlərinə görə Sizə bütün xalçaçılarımız adından dərin minnətdarlığımı bildirirəm. Sizin yüksək diqqət və qayğınız sayəsində hazırda müəssisəmizdə 100-dən çox qadın çalışır. Rayonumuz da Sizin sayənizdə çox gözəlləşir, abadlaşır. Çox sağ olun, cənab Prezident, Sizə təşəkkür edirik, minnətdarlığımızı bildiririk.

 

X X X

 

Dövlətimizin başçısı burada toxunan Quba qrupuna aid ilk hazır xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video