Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İstiqlalın böyük cəfakeşi
İstiqlalın böyük cəfakeşi
ANA SƏHİFƏ / Mədəniyyət
12:05 04.05.2018

 

Bütün zamanlarda ömrünü xalqına, onun azadlığına və hərtərəfli inkişafına həsr edən insanlar olub. Qəlbində daim vətən eşqi yaşadan, xalqına canı-qanı ilə bağlı olan belələrinə bəzən quruluş, dövrün dəyişkən ab-havası, nizamsız proseslər maneçilik etsə də, məhdudiyyətlər qoysa da, onlar yollarından dönməyib, öz məqsədlərinə doğru gediblər. XIX əsrin sonu və XX əsrin əvvəllərinə nəzər salanda bu dövrdə öz əbədi izini qoymuş şəxsiyyətlər sırasında Əlimərdan bəy Topçubaşovu da görürük. O, görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən və Rusiyanın müsəlman-türk xalqlarının milli-azadlıq hərəkatının liderlərindən idi. 1918-ci il dekabrın 7-dən 1920-ci il aprelin 28-dək Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri olmuşdur.

Bütün bunlarla bərabər, Ə.Topçubaşov dövrün yüksək təhsil almış hüquqşünası, görkəmli publisist, ictimai-siyasi xadim, milli ruhlu naşir idi. O, cümhuriyyətin mövcud olduğu bütün dövr ərzində özünü bacarıqlı diplomat kimi göstərmişdir. Ə.Topçubaşovun diplomatiyasında azərbaycançılıq məfkurəsi müəyyənedici amil olmuşdur. Fəaliyyətində əsas məqsəd millətin oyanışında, milli azadlıq hərəkatının düzgün istiqamətləndirilməsində ziyalı kimi iştirak etmək idi. Topçubaşov qarşısına qoyduğu məqsəd və məramların, qəbul etdiyi fəaliyyət proqramının hər bir mərhələsində çətinliklərlə qarşılaşsa da, son anda nailiyyətlər qazanmışdır. O, dünyanın dəyişən şərtləri altında bütün vəziyyətlərdə Azərbaycanın mənafeyinə xidmət edən addımlar atmış və əksər hallarda istəyinə nail olmuşdur.
Ə.Topçubaşov 1884-cü ildə Birinci Tiflis Gimnaziyasını, 1888-ci ildə isə Peterburq Universitetinin Hüquq fakültəsini bitirir. Təhsilini başa çatdırdıqdan sonra bir neçə il Rusiyada işləyir, 1894-cü ildə Bakıya gəlir və hüquqşünas kimi fəaliyyətə başlayır. Bir sıra hüquq mühafizə orqanlarında çalışır, müstəqil vəkil kimi fəaliyyət göstərir, mürəkkəb məhkəmə proseslərini udması ona şəhər əhalisi arasında böyük nüfuz və hörmət qazandırır.
Öz ixtisasının dərin bilicisi olan Topçubaşov doğma Azərbaycan dilindən başqa rus, fransız, ingilis, fars və gürcü dillərində də sərbəst danışır və yazırdı. Onun qabiliyyət və bacarığı tezliklə mesenat Hacı Zeynalabdin Tağıyevin diqqətini çəkir. 1897-ci ildə H.Z.Tağıyev “Kaspi”ni alaraq qəzetin redaktorluğunu Əlimərdan bəyə tapşırır. O, 1917-ci ilin axırlarına kimi qəzetə rəhbərlik edir. Həmin illərdə onun yüzlərlə məqaləsi dərc olunur. Əlimərdan bəy Azərbaycanın bir çox yazıçı, şair, dramaturq, görkəmli ziyalıları və şəxsiyyətləri haqqında elmi əhəmiyyətli məqalələr, Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətinə qarşı publisistik yazılarla çıxış edir. Ə.Topçubaşov naşirliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olur, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında gedir və onun başçılarından birinə çevrilir.
1890-cı ildən etibarən “Kaspi”nin səhifələrində milli məfkurə məsələləri geniş yer alır. Qəzet Ə.Topçubaşovun redaktorluğu dövründə rusdilli, milli düşüncəli mətbuat orqanına, milli ideyaların başlıca müzakirə mərkəzlərindən birinə çevrilir. Sonrakı onillikdə onun mövzu dairəsi xeyli genişlənir. Ətrafına daimi yazan publisistlər toplaşır, həyat hadisələrinə real münasibət bəsləyən bir sıra jurnalistlər qəzet səhifələrinə həqiqətləri çıxarırlar. Mütərəqqi, demokratik ruhlu Azərbaycan ziyalılarının görkəmli nümayəndələri - H.Zərdabi, F.Köçərli, M.Mahmudbəyov, Ə.Ağayev, M.Şahtaxtinski, C.Məmmədquluzadə və başqaları dövrün ağrı-acılarını, millətin taleyüklü məsələlərini əks etdirən məqalələrlə çıxış edirlər. Xüsusilə milli-mədəni maarifçilik mübarizəsində qayınatası Həsən bəy Zərdabinin məsləhətləri ona uğurlar gətirir. O zaman H.Zərdabi bir çox ziyalıların həm məsləhət yeri, həm də istinad nöqtəsi idi. Gələcək hədəflər bu görkəmli xadimlərin fəaliyyətində dəqiqliklə həyata keçirilirdi. Bakının ictimai-siyasi həyatında fəal iştirak edən Topçubaşov 1901-ci ildə şəhər dumasına üzv seçilir, bir müddət onun sədri olur.

 

Əlimərdan bəy müsəlmanları bütün “cəbhə boyu” müdafiə edirdi

 

Ə.Topçubaşovun ixtisasca hüquqşünas olduğu özünü mətbuatdakı bütün çıxış və yazılarında da göstərirdi. 1905-ci il iyunun 10-da onun başçılıq etdiyi müsəlman nümayəndələri tərəfindən ərzi-hal hazırlanmış və Qafqaz canişininə təqdim olunmuşdu. Həmin sənəddə göstərilirdi ki, sabiq canişinin dövründə müsəlmanlar ixtiyarsız idilər, rus təbəəsindən sayılmayıb, sözün hərfi mənasında, “ögey övlad” hesab olunurdular.
Bu şikayət ondan irəli gəlirdi ki, müsəlmanlar əsgəri, mülki, ədliyyə və başqa ali işlərdən uzaq salınır, hətta kiçik dövlət işlərinə də götürülmürdülər. Şəhər dumalarında müsəlman qlasnılarının, şəhər idarələrində müsəlman üzvlərinin sayı ümumi xristian qlasnı və üzvlərinin yarısından çox ola bilməzdi. Topçubaşov bütün bu məsələlərin əleyhinə çıxırdı. Hadisələrin ictimai xadim kimi onun gözləri qarşısında baş verməsi etiraz “notları”nı daha da gücləndirirdi. Başqa cür ola da bilməzdi. Qafqaz müsəlmanları 25 ildən artıq bir müddətdə özlərinin xeyriyyə cəmiyyətlərini yaratmaq üçün icazə belə ala bilmirdilər.
Birinci rus inqilabı (1905-1907) dövründə müsəlman xalqlarının azadlıq mübarizəsinin təşkilində Ə.Topçubaşovun əvəzsiz xidmətləri olmuşdur. İnqilabın gedişində Azərbaycanda da genişlənən petisiya (xahişnamələr, müraciətlər və s.) kampaniyasında o, bütün müraciət və ərizələri özü tərtib və təqdim edirdi. 1905-ci ilin aprel ayında Cənubi Qafqaz müsəlmanları adından Rusiya Nazirlər Kabinetinə təqdim olunan petisiyalar da Topçubaşov tərəfindən hazırlanmışdı. Belə bir fəaliyyət Topçubaşovu ümummüsəlman liderinə çevirirdi. O, Peterburqda ikən qabaqcıl ziyalılarla görüşür və Rusiya müsəlmanlarının qurultaylarını keçirmək qərarına gəlir.

 

Milli istiqlal düşüncəsinin ideoloqu

 

Birinci rus inqilabı Rusiyada yaşayan türk-müsəlman xalqlarının milli şüurunun oyanmasında mühüm rol oynayır. Bu zaman Ə.Topçubaşovun təşəbbüsü, ciddi hazırlığı və rəhbərliyi ilə 1905-ci il avqustun 15-də Ümumrusiya müsəlmanlarının Nijni-Novqorodda birinci qurultayı keçirilir. O, qurultaya sədrlik edir və çıxışı böyük maraqla qarşılanır. Bu çıxışların hərəsi bir publisistik məqalə təsiri bağışlayırdı.
Rusiya müsəlmanlarının sonrakı qurultaylarının keçirilməsində də Topçubaşovun müstəsna əməyi olmuşdur. 1906-cı il yanvarın 12-23-də Rusiya müsəlmanlarının Peterburqda keçirilən II qurultayı onun hazırladığı “İttifaqi-müslimin” nizamnamə və proqram layihələrini bəyənir, təkmilləşdirmək şərti ilə qəbul üçün növbəti qurultaya təqdim olunması tövsiyə edilir. 1906-cı il avqustun 16-21-də Nijni-Novqorodda keçirilən III qurultayda bu təşkilatın proqramı qəbul olunur, Topçubaşov Rusiya Müsəlmanlar İttifaqı partiyasının sədri seçilir. Bu partiya müsəlmanlara ruslarla bərabər hüquqlar verilməsini tələb edirdi.
1906-cı ildə Bakı quberniyasının I Dövlət Dumasına deputat seçilən Ə.Topçubaşovun təşəbbüsü ilə burada müsəlman fraksiyası yaradılır. Həmin ərəfədə o, millət vəkili kimi Qafqaz və Rusiya müsəlmanlarının lideri səviyyəsində onların hüquqlarını müdafiə edirdi. Cəsarətli addımları, fədakarlığı onun Xalq Cümhuriyyəti qurulanadək siyasi xadim kimi yetişməsində müstəsna rol oynayırdı.
Ə.Topçubaşov dumanın buraxılmasına etiraz edən deputatların Vıborq müraciətnaməsini imzaladığına görə üç ay həbs cəzasına məhkum olunur. O, həmçinin dumaya seçilmək hüququndan məhrum edilir, “Kaspi” qəzetinə rəhbərlikdən uzaqlaşdırılır, Bakı Şəhər Duması üzvlüyündən çıxarılır. Buna baxmayaraq, Ə.Topçubaşov II Dövlət Duması müsəlman fraksiyasının əməli işlərində xüsusi fəallıq göstərir. O, dəfələrlə Peterburqa gedir, Ümumrusiya Müsəlman İttifaqı Mərkəzi Komitəsi üzvlərinin dumada müzakirəyə çıxarılan qanun layihələri, həmçinin sorğular üzrə fraksiyanın ümumi mövqeyini işləyib hazırlayan iclaslarına sədrlik edir. Ə.Topçubaşov 1905-1906-cı illərdə erməni-müsəlman qırğınlarının yatırılması sahəsində gərgin iş aparır. O, Əhməd bəy Ağayevlə birgə 1906-cı ilin fevralında Tiflisdə keçirilən sülh konfransında iştirak edir, erməni terrorizminin, “Daşnaksütyun” və “Hnçak” partiyalarının iç üzünü açan yüzlərlə məqalə yazır.

 

İ.Qaspıralı: “Sən xalqa daha çox lazımsan...”

 

Dövlət Dumasının müsəlman deputatları və “İttifaqi-müslimin”in üzvləri Topçubaşovun fəaliyyətini davam etdirməsi üçün Moskvada “Daimi təmsilçilik” bürosu açırlar. “Tərcüman” qəzetinin naşiri və redaktoru İsmayıl bəy Qaspıralı 1908-ci il aprelin 11-də Topçubaşova yazdığı məktubda onun fəaliyyətini yüksək qiymətləndirir: “Əzizim Mərdan! Hər şeydən əvvəl sən Peterburqda qalmalısan... kütbeyinlər və yaramazlar istisna olmaqla, sağlam düşüncəli bütün insanlar sənin Peterburqda olmağının əhəmiyyətini anlayır. Ona görə də sən orada qalmalı və yaşamalısan. Sonra hər hansı hadisə baş versə belə, səni, sənin biliyini, təcrübəni və ürəyini xalqdan heç kim məhrum edə bilməz və bunu sən bilməlisən ki, sən xalqa daha çox lazımsan”.
Lakin 1905-1907-ci illər inqilabının məğlubiyyətindən sonra irticanın yenidən baş qaldırması nəticəsində Ə.Topçubaşov 1910-cu ildə Moskvanı tərk edərək Bakıya dönməli olur. 1914-cü ildə o, Bakıda 45 nəfərdən ibarət “məşvərət məclisi” təşkil edərək müsəlmanların “tələblər paketi”ni hazırlayır, çar hakimiyyəti orqanlarına göndərir. 1916-cı ildə Tiflisdə toplanan Qafqaz millətləri yığıncağında Azərbaycanı təmsil edir.
1917-ci ilin mayında Moskvada keçirilən Ümumrusiya müsəlmanlarının I qurultayına sədrlik edir. Noyabrda Gəncə dairəsindən Rusiya Müəssislər Məclisinə nümayəndə seçilir. Ə.Topçubaşov o zaman həm də Cənubi Qafqaz Seyminin üzvü idi.
Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı elan olunduqdan sonra Topçubaşov yeni yaranmış müstəqil milli dövlətin dünyada tanınması üçün səylə işə başlayır. Fətəli xan Xoyskinin 1918-ci il iyunun 17-də Gəncədə təşkil etdiyi İkinci hökumət kabinetinin tərkibində əvvəlcə portfelsiz nazir, avqustun 20-dən xarici işlər naziri olur, avqustun 23-də isə Azərbaycan Xalq Cümhuriyyətinin fövqəladə elçisi və səlahiyyətli naziri kimi İstanbula göndərilir. İstanbulda qızğın diplomatik fəaliyyət göstərən Topçubaşov 1918-ci il oktyabrın 2-dən 1919-cu il yanvarın 16-dək 36 rəsmi görüş keçirir, danışıqlar aparır. 1919-cu il yanvarın 10-da Sultan VI Mehmetlə, sədrəzəm Tələt paşa və hərbi nazir Ənvər paşa ilə görüşür.
1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinin şərtlərinə görə, türk ordusu Cənubi Qafqazdan çəkilməli, müttəfiqlərin qoşunları Bakını tutmalı idi. Ə.Topçubaşov Azərbaycan nümayəndələrinin iştirakı olmadan Mudros sazişinə Bakının taleyi barədə bəndlərin daxil edilməsinə etiraz əlaməti olaraq hökumət adından Türkiyə Xarici İşlər Nazirliyinə və müttəfiq dövlətlərin hərbi nümayəndələrinə nota təqdim edir. Onun İstanbuldan göndərdiyi məktub əsasında 1918-ci il noyabrın 8-də Milli Şura adından Azərbaycanın müstəqilliyinin tanınması üçün dünya dövlətlərinə müraciət qəbul edilir.

 

Parisə uzanan yolçuluq

 

1918-ci il dekabrın 7-də öz işinə başlayan Azərbaycan Xalq Cümhuriyyəti parlamenti elə ilk iclasında İstanbulda olan Topçubaşovu parlamentin sədri seçir. Dekabrın 28-də Azərbaycan hökumətinin və parlamentin ağsaqqallar şurasının birgə yığıncağında Ə.Topçubaşov Paris Sülh Konfransına (1919-1920) göndərilən Azərbaycan Xalq Cümhuriyyəti nümayəndə heyətinin sədri təyin olunur. O, İstanbuldan birbaşa Parisə yola düşür.
Böyük çətinliklərdən sonra, nəhayət, 1919-cu il mayın birinci ongünlüyündə Parisə gəlib çatan nümayəndə heyətinin apardığı ardıcıl diplomatik görüşlər, danışıqlar nəticəsini verməyə başlayır. ABŞ Prezidenti V.Vilsonun təşəbbüsü ilə İngiltərə, Fransa və İtaliya dövlət başçıları səviyyəsində Azərbaycan məsələsi gündəliyə salınaraq müzakirə olunur. Həmin yığıncaqda bilavasitə prezident Vilsonun Ə.Topçubaşovu Azərbaycan nümayəndə heyətinin başçısı olaraq tanıması və Azərbaycanın Paris Sülh Konfransına qatılması təklifi qəbul edilir. 1919-cu il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının birinci ildönümü günü V.Vilson Ə.Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndələri ilə görüşür.
Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyətinin, xüsusilə onun başçısı Topçubaşovun gərgin fəaliyyəti uğurla nəticələnir. Nümayəndə heyəti müxtəlif partiya və fraksiyaların üzvlərindən ibarət olmasına baxmayaraq, sülh konfransında vahid mövqedən - gənc Azərbaycan Cümhuriyyətinin mənafeyi mövqeyindən çıxış edirdi. Ə.Topçubaşov bu barədə də Bakıya - cümhuriyyət hökumətinin sədrinə xüsusi məktub ünvanlamışdı. Çətin və gərgin əmək bahasına əldə edilmiş qələbə münasibətilə Ə.Topçubaşov Parisdən Nəsib bəy Yusifbəyliyə yazırdı: “Siyasət qədər çox elastik və dəyişkən heç nə yoxdur... bizim də azad və müstəqil yaşamaq ümidlərimizin möhkəmləndiyi bir dövr başlanır. Biz heç vaxt ümidimizi itirmirdik. Ona görə də belə hərəkət edirdik ki, xalqımızın müstəqil yaşaya biləcəyinə, hər hansı yolla olursa-olsun müstəqillik əldə edəcəyimizə inanırdıq... Belə dəyərli xoşbəxtliyin qarşısında biz heç vaxt geri çəkilməmişik və çəkilməyəcəyik də, çünki biz bu səadətə bərabər olan heç nə tanımırıq”.
Lakin tarixin və taleyin hökmü çox ağır oldu. Nümayəndə heyəti öz missiyasını qismən yerinə yetirə bildi. 1920-ci ilin yanvarında Ə.Topçubaşovun səkkiz aylıq gərgin mübarizəsi nəticəsində Azərbaycanın dövlət müstəqilliyi Avropada de-fakto tanındı. Amma həmin ilin 28 aprelində bolşevik Rusiyasının müdaxiləsi ilə baş verən çevriliş min bir əziyyətlə qazanılmış bu nailiyyətin üstündən qalın bir xətt çəkdi. Azərbaycanın müstəqillik arzusunu yenidən əlçatmaz etdi.
1919-cu ildə Paris Sülh Konfransına ezam edilən nümayəndə heyətinin üzvləri bu səfərin bir ömür boyu çəkəcəyini ağıllarına belə gətirmirdilər. Əksəriyyəti Parisdə qalmağa və yaşamağa məhkum oldu.

 

Vətəndən kənarda vətən üçün çalışdı

 

1920-1934-cü illərdə Parisdə qalıb mühacir həyatı yaşamağa məcbur olan Topçubaşov siyasi fəaliyyətini dayandırmadı, sovet nümayəndə heyətinin etirazlarına baxmayaraq, AXC hökumətinin ona verdiyi mandatla 1920-ci ilin noyabrında Millətlər Cəmiyyətinin Cenevrə toplantısında, 1920-ci ildə London və Genuya, 1923-cü ildə isə Lozanna konfranslarında iştirak etdi, Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğal olunduğu və onların törətdikləri cinayətlər haqqında geniş məlumatlar yaymağa başladı.
Ə.Topçubaşov siyasi fəaliyyətini digər Qafqaz respublikaları nümayəndələrinin fəaliyyəti ilə əlaqələndirməyə çalışırdı. Bu məqsədlə onlar 1921-ci il mayın 8-də Parisdə bir araya gələrək Qafqaz Konfederasiyası yaradılması məsələsini müzakirə etmiş, iyunun 10-da isə üç Qafqaz respublikasının səlahiyyətli nümayəndələri Topçubaşovun sədrliyi ilə keçirilən iclasda siyasi və iqtisadi ittifaq yaratmaq haqqında razılığa gəlmişdilər.
Ə.Topçubaşov 1934-cü ildə, ölümündən bir qədər əvvəl Azərbaycan Milli Mərkəzinin divan üzvü kimi M.Ə.Rəsulzadə ilə birlikdə Gürcüstan və Şimali Qafqaz xalqları təmsilçilərinin iştirakı ilə Brüsseldə “Qafqaz Konfederasiyası bəyannaməsi”ni imzalamışdı.
Dövrünün sayılıb-seçilən, güclü və nüfuzlu simalarından olan Əlimərdan bəy mübarizəsini ömrünün sonunadək davam etdirmişdi. Vətəndə də, vətəndən kənarda da yalnız vətən naminə çalışıb-vuruşmuşdu. Təəssüf ki, ruhunun qərar tapması üçün vətən torpağında uyumaq belə ona qismət olmamışdı. Bu illər ərzində qazandığı isə xalqının yeni nəsilləri tərəfindən onun böyük hörmət və ehtiramla yad edilməsi olmuşdur.
2016-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən çəkilmiş “Əbədi ezamiyyət” sənədli filmi tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Layihənin rəhbəri və filmin baş prodüseri Arzu Əliyeva idi. Bundan başqa, “Qərib məzarlar” kitab-albomu da nəfis tərtibatda çapdan çıxmışdır. Həm film, həm də kitab-albom Azərbaycan Xalq Cümhuriyyətinin 1919-cu ilin yanvarında parlament sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Paris Sülh Konfransına ezam etdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edir.

İradə ƏLİYEVA,
“Azərbaycan”