02 May 2018 04:05
630
PARLAMENT
A- A+

İnsan alverinə qarşı mübarizə tədbirləri gücləndirilib

 

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İnsan hüquqları komitəsinin birgə iclası keçirildi.

Milli Məclisin Sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, iclasda insan alverinə qarşı mübarizə üzrə illik hesabat dinləniləcək və mövzu ətrafında müzakirələr aparacaqlar. Bu da aidiyyəti sahədə işin keyfiyyətini daha da artırmağa, effektli və birgə işin qurulmasına böyük fayda verəcək. Vitse-spiker insan alverinə qarşı mübarizənin çox vacib bir sahə olduğunu qeyd edərək bildirdi ki, insana qarşı törədilən cinayətlər içərisində onun həyatını, sağlamlığını təhlükə altına alan hadisələrdən fərqli olaraq, insan alveri fərdin ləyaqətinə, mənəviyyatına yönəlmiş bir əməl olaraq çox ağır cinayətdir. Odur ki, bütün dünyada, o cümlədən Azərbaycanda bu cinayətin qarşısının alınması, cinayətkarların cəzalandırılması və qurbanların psixikasına, mənəviyyatına dəymiş ziyanın aradan qaldırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi çox vacibdir və bu qanunvericiliklə tənzimlənir.

Sonra  Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi, polis polkovniki Heydər Heydərov mövzu ətrafında geniş məruzə ilə çıxış etdi. Bildirildi ki, XXI əsrin təhdid və çağırışlarından hesab edilən insan alverinin həm də transmilli mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olması, fundamental insan hüquq və azadlıqlarının pozulması baxımından ötən il dünyada bu qlobal problemlə mübarizədə səylər daha da gücləndirilib. O cümlədən Azərbaycanda insan alverinə qarşı mübarizədə 2017-ci il üçün planlaşdırılan bütün tədbirlər yerinə yetirilib. Müvafiq fəaliyyət çərçivəsində əsas diqqət cinayət təqibinin və profilaktik işin gücləndirilməsinə, maarifləndirmə tədbirlərinin əhatəsinin, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrin genişləndirilməsinə və dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin daha da artırılmasına yönəldilib.

Qeyd olundu ki, əvvəlki illərdə olduğu kimi, 2017-ci ildə də insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məhkəmə məsuliyyətinə verilməsi sahəsində tədbirlər məqsədyönlü xarakter daşıyır.  Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 142 insan alveri, 6 məcburi əmək cinayəti, habelə insan alveri məqsədi ilə qanunsuz hərəkətlərlə əlaqədar 26 fakt aşkarlanmış, 17 nəfərdən ibarət 8 cinayətkar qrup zərərsizləşdirilmiş, həmin cinayətlərin qurbanı olan 71 nəfər, o cümlədən 66 qadın və 5 kişi müəyyən edilmişdir.  

H.Heydərov məruzəsində vurğuladı ki, insan alverinin və məcburi əmək probleminin günümüzün reallığına çevrildiyi müasir dünyada hər bir ölkə kimi, Azərbaycan da öz potensialından maksimum istifadə edərək həmin təhlükələri qabaqlamaq, onlara adekvat reaksiya vermək üçün davamlı tədbirlər görür. Azərbaycan BMT-nin “Transmilli cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan protokola qoşulması ilə insan alverinə qarşı mübarizənin hüquqi müstəvidə aparıldığı son 15 ildə müvafiq hüquqazidd əməllərin qarşısının alınması, cinayət təqibinin yüksək səviyyədə həyata keçirilməsi, qurbanların müdafiəsi, ölkədaxili və beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində böyük bir fəaliyyət ortaya qoyub.

Eyni zamanda bildirildi ki, milli qanunvericilik aktları və konsepsiyalar rəhbər tutularaq beynəlxalq cinayətkar şəbəkələrin ölkəmizdə fəaliyyət göstərməsinin qarşısı alınmış, sözügedən cinayətlərin təşkilatçılarının və icraçılarının, onlarla əlaqəli şəxslərin müəyyənləşdirilməsi üçün bütün lazımi tədbirlər görülüb. Hazırda insan alverinə qarşı mübarizədə əldə olunmuş müsbət nəticələrin qorunub saxlanılması və inkişaf etdirilməsi, bu sahədə maarifləndirmə işinin daha da məqsədyönlü aparılması, hüquqi müxanizmlərin təkmilləşdirilməsi və digər aidiyyəti məsələlər qanunvericiliyə uyğun olaraq davam etdirilir.

Məlumat dinlənildikdən sonra mövzu ilə bağlı deputatlar fikir mübadiləsi apardılar. Onlar təkliflərlə çıxış edərək bu tipli cinayətlərin qarşısının alınmasının daha da gücləndirilməsinin, hüquq mühafizə orqanları ilə digər dövlət qurumlarının, eyni zamanda QHT-nin birgə mübarizə tədbirlərinin genişləndirilməsinin mübarizə metodu kimi, bu istiqamətdə müsbət nəticə verəcəyini bildirdilər.

Sonda Milli Koordinatorun illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Elnur HADIYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video