Alternative content

07:49 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dövlət rəmzlərinin hüquqi əsasları təkmilləşdirilir
Dövlət rəmzlərinin hüquqi əsasları təkmilləşdirilir
ANA SƏHİFƏ / PARLAMENT
08:05 01.05.2018

 

Dünən Milli Məclisin növbəti plenar iclası keçirildi. İclasda Milli Məclisin komitələrinə yeni üzvlər seçildi və bir sıra qanun layihələrinə dəyişikliklər edildi.

Parlamentin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 52 məsələ daxil edilsə də, bunlardan yalnız 33-ü mayın 1-də, qalanı isə ayın 4-də müzakirə olunacaq.
Əvvəlcə iclasda Milli Məclis komitələrinin yeni üzvlərinin seçilməsi məsələsinə baxıldı. Parlamentin Daxili Nizamnaməsinin 36-cı maddəsinə uyğun olaraq Azər Badamov və Eldəniz Səlimov Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmov isə Mədəniyyət komitəsinin üzvü seçildilər.
Sonra parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisə bir məktubla daxil olan 3 sənəd - “Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının konstitusiya qanunlarının layihələri barədə məlumat verdi.
Müzakirələr zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov sənəddəki “gerb” sözünün “herb” kimi yazılması barədə təklif irəli sürdü. Komitə sədrinin sözlərinə görə, bununla bağlı müsabiqənin elan olunması, gerbimizin yenidən qəbul olunub, adının düzgün şəkildə təsdiqlənməsinə ehtiyac var. Bildirdi ki, ümumiyyətlə, simvollarımız daha düzgün şəkildə təqdim olunmalıdır.
Hər üç qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edildi.
İclasda “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə layihə də müzakirə olundu.
Sənədə əsasən yubiley medalı ilə cümhuriyyət liderlərinin varisləri və onun irsinin tədqiqində, təbliğində, Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında və inkişafında, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətlərinə görə Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcək.
Müzakirə zamanı deputat Fazil Mustafa bildirdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı yubiley medalıyla təltif edilən şəxslərin siyahısına təkcə cümhuriyyət liderlərinin varisləri salınmamalıdır. Cümhuriyyətin qurulmasında fədakarlıq etmiş şəxslərin varisləri də bu siyahıya əlavə edilməlidir.
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə mətbuatda “istiqlalçı deputatlar”la bağlı səslənən fikirlərə münasibət bildirərək parlamentin də buna reaksiya verməsini təklif etdi: “Tez-tez mətbuatda “istiqlalçı deputatlar”la bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini “istiqlalçı” hesab edirlər, digərləri isə kənarda qalır. Bu məsələyə aydınlıq gətirilməlidir. Bu lüzumsuz müzakirələrə son qoyulmalıdır. Burada insanları bir-birindən ayırmaq olmaz. Məgər o vaxt kommunist olanların ürəyindən Azərbaycanın müstəqil olması keçmirdi?”
Milli Məclisin Sədr müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qeyd etdi ki, Sədr Oqtay Əsədovun tapşırığı ilə yubileyə hazırlıq üzrə xüsusi qrup yaradılıb. Bu qrup artıq bütün istiqamətlər üzrə hazırlıq işlərinə başlayıb.
Deputatlardan Zahid Oruc, Əflatun Amaşov, Aydın Mirzəzadə, Fərəc Quliyev və Araz Əlizadə qanun layihəsi barədə fikir və təkliflərini bildirdilər. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
İclasda “Azərbaycan Respublikasının “Şərəf” və “Dostluq” ordenlərinin təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihəsi də təsdiqləndi.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər müzakirəyə çıxarıldı. Milli Məclis Sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov təklif olunan dəyişikliklər barədə məlumat verdi. Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal sayılır. 2017-ci il 14 fevral tarixdə “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra inzibati xətanın təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir. Məcəllədə təklif olunan dəyişikliklərin əsas məqsədi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqi ilə əlaqədar qanunvericiliyin təkmilləşdirilməsindən ibarətdir. Ziyafət Əsgərov dedi ki, məcəllənin 88-ci maddəsi inzibati qaydada tutma məsələlərini tənzimləyir. Bu maddəyə görə, inzibati xəta haqqında işin düzgün və vaxtında baxılmasının və ya inzibati xəta haqqında iş üzrə qərarın icrasının təmin edilməsi üçün bir sıra səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu maddədə göstərilən hallarda inzibati qaydada tutma hüququna malikdirlər. “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra hərbi vəziyyət rejiminin tələbləri pozulduqda bu səlahiyyətli orqanların siyahısına hərbi idarəetmə orqanlarının vəzifəli şəxsləri də daxil edilmişlər.
Məcəllənin 89.3 və 89.6-cı maddələrində fövqəladə vəziyyət elan olunmuş ərazidə şəxs xüsusi verilmiş icazə vərəqələri olmadan komendant saatı vaxtında küçələrdə və başqa ictimai yerlərdə olduqda saxlanılanın şəxsiyyəti müəyyən edilənədək inzibati qaydada tutula bilər. Həmin maddədə inzibati qaydada tutulan şəxslərin dərhal azad olunması halı da göstərilir. Burada fövqəladə və hərbi vəziyyət elan olunmuş ərazidən əlavə hərbi vəziyyət elan olunmuş ərazi də göstərilir. “Hərbi vəziyyət haqqında” qanunun 26-cı maddəsi qanunun pozulmasına görə məsuliyyət nəzərdə tutur. Qanunun bu tələbini təmin etmək məqsədilə İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni 517-2-ci maddə əlavə olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Deputatlar Cinayət, Əmək və Miqrasiya məcəllələrində, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Siyasi partiyalar haqqında”, “Həmkarlar ittifaqları haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Telekommunikasiya haqqında”, “Xidməti və mülki silah haqqında”, “Üzümçülük və şərabçılıq haqqında”, “Sərbəst toplaşmaq azadlığı haqqında”, “Yol hərəkəti haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” və “Müdafiə haqqında” qanunlara təklif olunan dəyişikliklərə müsbət münasibət bildirdilər.
Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov iclasda bəzi KİV nünayəndələrinə də iradını bildirdi: “Mətbuatda bəzi qanunların, o cümlədən Cinayət və İnzibati Xətalar məcəllələrinin 2017-ci ildə qəbul edilən “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırılmasını yanlış təqdim edirlər. Cərimələrin artırılması, sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Onlar məsələlərə münasibət bildirərkən bunu kontekstdən çıxarırlar, yəni “Hərbi vəziyyət haqqında” qanuna uyğunlaşdırmanı qeyd etmirlər”.
Ziyafət Əsgərovun sözlərinə görə, burada söhbət yalnız ölkədə hərbi vəziyyətin tətbiq olunduğu zamandan gedir: “Hərbi vəziyyət haqqında” qanun nə vaxt tətbiq ediləcəksə, o zaman bu cəzalar tətbiq olunacaq. Bu, bizim beynəlxalq hüquqi öhdəliklərə tam uyğundur. Bu məsələdən yazarkən təhrifə yol verilməməlidir”.
Sonra iclasda Milli Məclisə bir məktubla daxil olan dörd sənədə - İnzibati Xətalar, Cinayət-Prosessual, İnzibati Prosessual və Mülki Prosessual məcəllələrdə dəyişikliklər edilməsi haqqında qanun layihələri səsə qoyularaq qəbul olundu. “Dövlət qulluğu haqqında” qanun layihəsində, Cəzaların İcrası, Cinayət-Prosessual, İnzibati Xətalar məcəllələrində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” və “Narkoloji xidmət və nəzarət haqqında” qanun layihələrində dəyişikliklər edilməsi barədə qanun layihələri də səsə qoyularaq təsdiqləndi.
Gündəliyin sonuncu məsələsi “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” qanun layihəsi idi. Birinci oxunuşda müzakirəyə çıxarılan qanun layihəsini parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Kamran Nəbizadə təqdim etdi.
Bildirildi ki, bu qanun layihəsi təsərrüfat və başqa fəaliyyətin, habelə strateji sənədlərin və ərazi planlaşdırılması sənədlərinin ətraf mühitə təsirinin qiymətləndirilməsi prosesinin hüquqi, iqtisadi, təşkilati əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Yeni qanun layihəsi 5 fəsil 17 maddədən ibarətdir. Qanun layihəsinə əlavə olunmuş sənəddə 33 fəaliyyət növünün siyahısı verilib.
Sənədin əsas məqsədi həmin siyahıda yer almış fəaliyyətlərin həyata keçirilməsi (məsələn, karbohidrogen ehtiyatlarının hasilatı, neft və qaz emalı zavodlarının, metallurgiya zavodlarının, magistral avtomobil yollarının, dəmir yolu xətlərinin, hava limanlarının layihələndirilməsi və s.) zamanı ətraf mühitə mümkün mənfi təsirlərin aşkarlanması, onların məkana, zamana görə miqyasının və intensivliyinin qiymətləndirilməsi, onun aradan qaldırılması və ya azaldılması üçün tədbirlərin həyata keçirilməsidir. Sənəd birinci oxunuşda səsə qoyularaq qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM