01 May 2018 01:05
447
Elm və texnika
A- A+

Heydər Əliyev Fondu maarifçilik missiyasını uğurla davam etdirir

 

Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyətində milli mənafelərə əsaslanan maarifçilik xəttini uğurla davam etdirir. Görülən işlər ümumbəşəri və milli ideyaların cəmiyyətdə daha da möhkəmlənməsinə, xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin əxz edilməsinə yönəlmişdir. 

Dünya standartlarına uyğun müasir məktəblərin inşasının, tədris prosesi üçün normal şəraitin yaradılmasının zəruriliyini daim diqqətdə saxlayan qurum uğurlu nəticələrə nail olmuşdur. Ölkə Prezidentinin dəstəyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə indiyədək ölkəmizdə 4000-dən çox məktəb tikilib, bəziləri isə təmir edilib.
Dünyada elm və təhsilin, mədəniyyətin yüksək hamisi kimi tanınan UNESCO ilə sıx əməkdaşlıq əlaqələri qurmuş Heydər Əliyev Fondu milli mənafelərə əsaslanan irsimizin qorunması və dünyaya təbliği baxımından yüksək bəşəri münasibətə nail olmuşdur. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həmin əlaqələrə əlavə impuls vermiş, strateji əhəmiyyət daşıyan müxtəlif layihələrin müştərək icrasına geniş imkanlar yaratmışdır. Ümumiyyətlə, son illər ölkəmizin beynəlxalq təşkilatlarla humanitar əlaqələri daha da dərinləşmiş, bir neçə istiqamətdə əməkdaşlıq əlaqələri qurulmuşdur. Bu əlaqələr “Təhsil hamı üçün” proqramını, texniki-peşə təhsilinin inkişafı üzrə əməkdaşlıq, ali məktəblərdə UNESCO kafedralarının yaradılması və digər sahələri əhatə etmişdir. Təhsilin məzmunca yeniləşdirilməsi, məktəblərdə informasiya texnologiyalarının geniş tətbiqi və mili maraqlara xidmət edən maarifçiliyin inkişafı ikitərəfli əməkdaşlığa daxil olan əsas məsələlərdəndir. İndiyə qədər UNESCO-nun Baş direktorunun rəhbərliyi ilə bu qurumun məsul işçiləri və ekspertləri Azərbaycanda məcburi köçkün və qaçqın ailələrində yaşayan uşaqların təhsil problemləri ilə bağlı müxtəlif layihələr işləyib hazırlamışlar. UNESCO kimi geniş imkanlara malik nüfuzlu beynəlxalq təşkilatın bəzi pilot layihələrinin sınaqdan keçirilmə məkanı kimi Azərbaycanı seçməsi ölkəmizdə reallaşdırılan təhsil islahatlarının uğurlu nəticələr verəcəyinə olan böyük inamın təzahürüdür.
İndi nəinki gənclər, eləcə də orta və yaşlı nəsil təkcə yazı və oxu bacarığı ilə deyil, həmçinin texniki biliklər və kompüter vərdişləri, səmərəli ünsiyyət, habelə məlumatı anlama, şərh etmə və ötürmə bacarığı, sosial bilgilər, eləcə də bütün bunları praktik həyatda tətbiq etmə vərdişlərinə malik olmalıdırlar. Bu meyarlara cavab verməyən gənclər və ya yaşlılar öz funksiyalarını tam və səmərəli şəkildə yerinə yetirə, tərəqqi edən dünyanın insanlara bəxş etdiyi rifahdan yararlana bilməzlər.
Heydər Əliyev Fondunun milli mənafelərə əsaslanan maarifçilik xətti UNESCO ilə təhsil proqramlarının həyata keçirilməsinədək geniş dairəni əhatə edir. Son illər bu sahədə uğurla gerçəkləşdirilən layihələr cəmiyyətdə rəğbətlə qarşılanmışdır. “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində fond tərəfindən ölkənin müxtəlif bölgələrində dünya standartları səviyyəsində inşa edilmiş yeni məktəblər müasir avadanlıqla təchiz olunmuşdur. Bəzi ərazilərdə modul tipli məktəblərin tikintisi sürətlə aparılır. Hələ on bir il bundan öncə (2007-ci ildə) ölkəmizdə peşə təhsilinin inkişafı ilə bağlı layihənin həyata keçirilməsi haqqında UNESCO, Azərbaycan hökuməti və Heydər Əliyev Fondu arasında saziş imzalanmışdır. Bu uğurlu əməkdaşlığın nəticəsidir ki, son illər istehsalına başlanılan milli kəlağayılar, xalı-xalçalar, misgərlik nümunələri, Şərq ornamentlərilə naxışlanmış suvenirlər və s. Azərbaycan brendi ilə dünyanın müxtəlif xalqlarının mənzilinə yol alır.
Heydər Əliyev Fondunun uğurla davam etdirdiyi milli mənafelərə əsaslanan maarifçilik fəaliyyəti təkcə respublikamızda deyil, bütün dünyada dəstəklənir. Bu xoşməramlı missiya ilk növbədə, Azərbaycanın gələcəyi üçün yüksək səviyyəli, intellektual kadrların hazırlanmasına, millətin nurlu sabahına xidmət edir. Bu sahədə maarifçilik layihələrini reallaşdıran, ictimaiyyətin rəğbətini və dəstəyini qazanan Heydər Əliyev Fondunun Azərbaycan həqiqətlərinin dünya birliyinə çatdırılması, ölkəmizin milli-mənəvi irsinin dünya miqyasında tanıdılması istiqamətindəki ardıcıl və sistemli fəaliyyəti bu baxımdan diqqətəlayiqdir. Fondun ən dəyərli layihələrindən olan “Qarabağ xanəndələri” adlı albom özlüyündə mühüm təbliğati-siyasi məzmuna malikdir. Azərbaycana məxsus muğamların toplandığı alboma “Qarabağ xanəndələri” adının verilməsinin arxasında dayanan incə siyasi məqamı sezməmək mümkün deyildir. Bu layihə bütün dünyaya Qarabağın əzəli və əbədi Azərbaycan torpağı, muğamın isə bu torpağın dünyaya bəxş etdiyi nadir sənət nümunəsi olduğunu nümayiş etdirmək məqsədindən irəli gəlmişdi. Albom ilk dəfə UNESCO-nun qərargahında - xoşməramlı səfirlərin illik toplantısında təqdim olunmuş, böyük diqqət və maraq cəlb etmişdir.
Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə filiallarının fəaliyyətdə olması Azərbaycanın milli mənafelərə əsaslanan maarifçilik xəttini daha da irəli aparmaqdadır. Bu filiallar təhsil alan azərbaycanlı gənclərə qayğı və diqqət göstərilməsində, milli mədəniyyəti təbliğ etməkdə əllərindən gələni edirlər. Fondun Rusiyada, ABŞ-da, Rumıniyada, Türkiyədə, Böyük Britaniyada filialları ardıcıl və sistemli şəkildə iş aparırlar. Bu baxımdan fondun Moskva filialı mütəmadi olaraq xalqımızın milli mənafelərini gündəmdə saxlayan tədbirlər həyata keçirməsi təsadüfi deyildir. Nümayəndəliyin rəhbəri Leyla xanım Əliyevanın İslam Konfransı Təşkilatının Gənclər Təşkilatı ilə birgə “Xocalıya ədalət!” kampaniyası bəşər tarixində ən dəhşətli cinayətlərdən olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri bütün dünya ictimaiyyətinə çatdırır.
Fondun Azərbaycanın zəngin mədəni-mənəvi irsinin dünyaya təbliğinə, muğamların, aşıq musiqisinin bəşəriyyətə tanıdılmasına, eyni zamanda, maarifçiliyə xidmət edən çoxsaylı layihələrinin qayəsində yalnız bir məqsəd dayanır: Azərbaycan xalqının milli mənafeyinin qorunması ilə bağlı həyata keçirilən dövlət siyasətinə dəstək vermək! Fond bu məqsədi müxtəlif beynəlxalq qurumlarla münasibətləri genişləndirməklə, UNESCO və ISESCO kimi mötəbər təşkilatlarla qarşılıqlı faydalı əlaqələr qurmaqla həyata keçirir. Fondun prezidenti, respublikanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin beynəlxalq aləmə çatdırılması üçün bütün mövcud imkanlardan istifadə edir, mədəniyyət, təhsil, səhiyyə və digər sahələrdə həyata keçirilən layihələrin məhz bu məqsədə yönəlməsinə çalışır.

Rəhman SALMANLI,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video