Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

03:33 13 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sənəti ucaldan sevgidir
Sənəti ucaldan sevgidir
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 29.04.2018

 

Sabah Beynəlxalq Caz Günüdür. UNESCO-nun Baş konfransı tərəfindən cazın universal azadlıq və yaradıcılıq dili kimi xüsusi rolunun tanınması məqsədi ilə elan edilən Beynəlxalq Caz Günü 2011-ci il aprelin 30-dan hər il bütün dünyada qeyd olunur.

Afrika ənənələrindən köklənən, Amerika Birləşmiş Ştatlarda yaranan və zamanla yeni formalar kəsb edərək əksər xalqların musiqi xəzinəsini dəyərli əsərlərlə zənginləşdirən cazın dünya mədəniyyətində məxsusi yeri var.
Caz musiqisi 1920-ci illərdə artıq nəinki yarandığı ölkədə öz varlığını təsdiq etdi, sərhədləri aşaraq dünyanı dolaşmağa başladı. Böyük bir ərazini öz hökmündə saxlayan SSRİ (Sovet Sosialist Respublikalar İttifaqı) dünyada baş verən dəyişikliklərə, yeniliklərə açıq olmasa da, bu musiqi sənəti onun da möhkəm bağladığı qapılarını açmağa müvəffəq oldu. İttifaqın tərkibində olan Azərbaycanda da caz musiqisi tanınmağa başladı. Amma burada da onun yolu asan olmadı...
Azərbaycan cazının bünövrəsi 30-cu illərin sonunda qoyuldu. Bakıda Niyazi və Tofiq Quliyev “Dövlət Cazı” adı ilə tanınan Dövlət Estrada Orkestrini yaratdılar. Orkestrin ilk konsert proqramına klassik cazla eyni səviyyədə Niyazinin və Tofiq Quliyevin əsərləri də daxil edildi. “Dövlət Cazı” 1930-cu illərdə böyük populyarlıq qazandı.
1940-cı illərin ikinci yarısında, Böyük Vətən müharibəsindən sonra “Dövlət Cazı”nın rəhbəri Rauf Hacıyev oldu. Orkestr əvvəlki şöhrətini qoruyub saxladı.
1950-ci illərədək Azərbaycan caz ifaçılığında saksafonçu, cazmen Pərviz Rüstəmbəyov önəmli yer tutdu. “Sovet Benni Qudmeni” adlandırılan Pərviz Rüstəmbəyov əvvəl “Krasnıy Vostok” (sonralar “Azərbaycan” adlandırıldı) kinoteatrında, ardınca “Nizami” kinoteatrında öz caz orkestrini yaratdı.
1950-1960-cı illərdə SSRİ-də Qərb əleyhinə təbliğatdan caz musiqisi də qurtula bilmədi. Amma qadağalar bu musiqinin pərəstişkarlarının sayını azalda bilmədi. Əksinə, caza sevgi gündən-günə böyüdü. Həmin dövrdə caz musiqisini estrada adı ilə pərdələyərək konsert və teatr salonlarında təqdim edənlərdən biri də Tofiq Əhmədov idi. O, axşamlar klub orkestrində çalışırdı, alt-saksafonda ifa etdiyi musiqilər dinləyicilər tərəfindən hərarətlə qarşılanırdı. Tofiq Əhmədov həm xalq mahnılarını caz üslubunda aranjiman edir, onların üzərində işləyərək orkestr üçün fantaziyalar yaradırdı, həm də instrumental musiqilər bəstələyir və həmin əsərlərin solo hissələrini özü ifa edirdi.

 

Ruha doğma yad musiqi...

 

Müsahibimiz tanınmış müğənni Cavan Zeynallı 1960-cı illəri belə xatırlayır: “Radioda verilən caz əsərlərindən ibarət konserti həsrətlə gözləyirdik. Cazı sevənlər çox olsa da, onların arasında gənclər üstünlük təşkil edirdi. O zaman Azəbaycan caz sənəti yeni bir adla, böyük istedadla - Vaqif Mustafazadə ilə tanınmağa başlamışdı. Onun ifa etdiyi musiqi cazsevərlər tərəfindən böyük coşğu ilə qarşılanırdı. Xarici caz əsərlərindən, məşhur caz ifaçılarından da xəbərsiz deyildik. Sovet hakimiyyətinin qadağalarının hüdudu olmayan illər idi. Radioda Qərb kanallarını çox çətinliklə tuturduq. Səs xırıltılı gəlirdi. Ancaq caz musiqisini dinləməyimizin, onu sevməyimizin qarşısını almaq mümkün deyildi. Çox vaxt gənclər bir yerə toplaşır, birlikdə radioda səslənən caz əsərlərini dinləyirdik”.

Azərbaycanda caz sevgisi...

 

1960-cı illərdə Qara Qarayev, Niyazi, Tofiq Quliyev və Rauf Hacıyevin dəstəyi və rəhbərliyi ilə Azərbaycanda estrada və caz musiqisinin yeni mərhələsi başladı. “Qaya”, Rafiq Babayevin kvarteti yarandı. Vaqif Mustafazadə sənəti isə artıq Azərbaycan cazını dünyada tanıdırdı. Dünyada lirik cazın banisi sayılan Vaqif Mustafazadə ilk dəfə Gürcüstanda - Tbilisi Dövlət Filarmoniyasında “Qafqaz” caz-triosunu yaratdı. O, ilk “Leyli” qadın kvartetini təşkil edərək, “Sevil” vokal-instrumental ansamblı və “Muğam” instrumental ansamblının rəhbəri oldu.
Vaqif Mustafazadə 1960-cı illərin əvvəllərində Azərbaycan muğamlarını ənənəvi caz texnikası ilə birləşdirərək muğam ilə cazın sintezini yaratdı. Bununla gənc ifaçı həm Şərq muğamını Qərb dinləyicisinə öz dilində - caz dilində, həm də soydaşlarına cazı duya, anlaya biləcəkləri muğam dilində təqdim etdi. Məşhur caz tənqidçisi Velis Konover deyirdi: “Vaqif Mustafazadə ekstra ifaçıdır. O, dinlədiyin lirik caz ifaçıları arasında ən gözəl ifaçıdır”.
...Aradan uzun illər ötəndən sonra Cavan Zeynallı Azərbaycanda caz sənətinin çətin də olsa, yüksəldiyi o çağları yada salır. “Asəf Zeynallı adına musiqi məktəbində oxuyurdum. İfası məni heyran edən Vaqif Mustafazadə ilə tanış olmaq istəyirdim. Ancaq nə qədər çalışsam da, buna imkan tapmırdım. O vaxtlar “Baku” qəzetində işləyən dostum Hacı Babayevə Vaqif Mustafazadə ilə tanış olmağı çox arzuladığımı söylədim. Bir az fikirləşəndən sonra mənə dedi: “Gəl səni Vaqifdən qəzet üçün müsahibə almağa göndərim”. Ağlabatan fikir idi. İçərişəhərə, Vaqifgilin evlərinə yollandım. Qapıda məni çox mehriban, nəzakətli bir qadın qarşıladı. Vaqifin anası Zivər xanım idi. Vaqif Mustafazadədən “Baku” qəzeti üçün müsahibə almağa gəldiyimi biləndə məni evə dəvət etdi. Həyəcandan əllərim əsirdi. Bu qədər pərəstiş bəslədiyim ifaçı ilə söhbət edəcəkdim... Müsahibə baş tutdu və “Baku” qəzetində dərc edildi. Sonralar biz Vaqiflə həm dost olduq, həm də birgə işləməyə başladıq”.
Sonra Cavan Zeynallı Rəşid Behbudovun mahnı teatrında solist kimi fəaliyyət göstərdi. Bu kollektivlə birlikdə dünyanın bir sıra ölkələrində qastrol səfərlərində oldu, dinləyicilərin sevgisini qazandı.

 

“Qaya” əfsanəsi

 

O illərin şöhrətli “Qaya” ansamblının üzvlərindən biri - Lev Yelisavetski ölkədən köçüb getdikdən sonra onu əvəz edəcək ifaçı tapmaq asan olmadı. Ansamblın rəhbəri Teymur Mirzəyev uzun axtarışlardan sonra Cavan Zeynallını seçdi. Müsahimiz bu əfsanəvi heyətə dəvət olunmağın, iyirmi il işləməyin böyük xoşbəxtlik olduğunu deyir. Həmin illərdə qazandığı təcrübəni, tamaşaçı rəğbətini heç nə ilə əvəz etmək olmaz. Cavan Zeynallı indi də o illəri nisgillə yada salır: “Mən həmişə caza vurğun olmuşam, istedadlı ifaçıların çıxışlarını böyük maraqla dinləmişəm və onlar kimi oxumağa çalışmışam. “Qaya” ansamblına gəlincə, o, bir əfsanə idi. Oleq Lundstremin biq-bendi ilə kruiz çıxışlarımızı, Qara dəniz sahillərində on altı konsert verməyimiz, İrina Otiyeva, Larisa Dolina ilə birlikdə ifalarımız unudulmazdır”.
“Qaya” kollektivi dağılandan sonra Cavan Zeynallı yenidən solo fəaliyyətinə qayıtdı. Azərbaycanda caz sənəti məhv olmaq həddinə çatmışdı. Vəziyyət gündən-günə mürəkkəbləşirdi. Musiqiçilərin çoxu Bakını tərk edirdilər. O zaman təkcə Cavan Zeynallı deyil, bütün cazsevərlər cazın çox da uzaq olmayan illərdəki qızıl dövrünü həsrtələ xatırlayırdılar. Həmin dövrdə Azərbaycan cazı sürətlə inkişaf edirdi. 1967-ci ilin iyununda Bakıda Yaşıl Teatrda ilk caz festivalı keçirildi. Bir il sonra növbəti festival Əl Oyunları Sarayında təşkil edildi.
1969-cu ildə Bakıda daha genişmiqyaslı caz festivalı düzənləndi. Festivala Rusiyadan, Gürcüstandan, Estoniyadan musiqiçilər gəldi. Bundan sonra azərbaycanlı caz musiqiçilərini SSRİ-nin başqa şəhərlərində keçirilən festivallara tez-tez dəvət etməyə başladılar.
1970-ci illər Azərbaycan cazının əsl tərəqqi dövrü idi. Yeni caz ifaçıları yetişirdi. 1970-ci illərdə və 1980-ci illərin əvvəllərində “Qızıl payız” festivalları, Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş “Bakı-83” festivalı və digər tədbirlər keçirildi. 1987-ci ildə olan “Bakı-1987” Ümumittifaq caz festivalında Sovet İttifiqanın ən populyar caz qrupları çıxış etdilər.
1980-ci illərin sonlarında baş verən ictimai-siyasi hadisələr nəticəsində Azərbaycanda cazın inkişafında da ciddi geriləmə oldu. Bir çox musiqiçi ölkəni tərk etdi, bəzilərinin ağır maddi vəziyyətləri bu sənətdən uzaqlaşmalarına səbəb oldu. Azərbaycan cazında boşluq yarandı.
Belə ziddiyyətli vaxtda - 1991-ci ildə Rafiq Babayev “Cəngi” folklor-caz kollektivini təşkil etdi və musiqi layihələrinin həyata keçirilməsinə kömək edən səsyazma studiyası yaratdı.
1994-cü ildə acı xəbər yayıldı. Bakı Metropolitenində baş verən terror aktı nəticəsində həlak olanların arasında Rafiq Babayev də var idi.
Yeni əsrin birinci onilliyində caz festivalları Azərbaycanda cazın inkişafında müsbət dönüş yaratdı. 2000-ci ilin 21 mayında Azərbaycanda caz mədəniyyətinin inkişafı və dəstəklənməsi məqsədi ilə “Bakı Caz Mərkəzi” yaradıldı. 2005-ci ildə Bakıda cəmi iki caz orkestri - Bakı Dövlət Sirkinin “Arena” orkestri və Azərbaycan Dövlət Teleradio Şirkətinin estrada-simfonik orkestri var idi. 2007-ci ildən Bakı Beynəlxalq Caz Festivalı dövlət dəstəyi qazanaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən keçirilməyə başlandı. 2009-cu ildən Azərbaycanda keçirilən “Bakı Caz Festival”ı ölkəmizdə cazın inkişafına töhfəsini verir. Bu gün Cəmil Əmirov, Salman Qəmbərov, Emil Əfrasiyab, Əfqan Rəsul, Elçin Şirinov, İsfar Sarabski, Nicat Aslanov və başqaları Azərbaycanın müasir caz ifaçılığı sənətini xarici ölkələrdə tanıdırlar. Böyuk təməllər üzərində qurulan Azərbaycan cazını gənc ifaçılarmız davam etdirirlər. Onlardan biri - Nicat Aslanov bildirir ki, son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi caz sənətinin inkişafına da dövlət qayğısı yüksəkdir: “Azərbaycanda çox istedadlı caz ifaçıları olub. Onlar bu sənəti yüksəkliklərə qaldırıblar. Bu gün də Azərbaycan caz ənənəsini yaşadan və inkişaf etdirən ifaçılarımız az deyil. Onlar həm Şərq, həm də müasir Qərb mədəniyyətinə xas formalar axtarır, böyük işlər görürlər. Azərbaycanda caz tərəqqi edir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ayrı-ayrı şəxslər musiqiçilərə kömək edirlər. Bakıda keçirilən müxtəlif caz festivalları və konsertləri, regionlarda təşkil edilən caz tədbirləri böyük maraqla qarşılanır. Sənəti ucaldan sevgidir. Və bu gün Azərbaycanda caz sənətinə böyük sevgi var”.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM