28 Aprel 2018 01:04
423
Mədəniyyət
A- A+

Nur heykəli

 

Hələ neçə əsr əvvəl Yunanıstan filosofu Homerin qəhrəmanı Axilles öz anası ilə məsləhət edir ki, müharibəyə getsin, ya getməsin? Anası cavab verir ki, müharibəyə getsən tezliklə həlak olacaqsan, amma Yunanıstan tarixində qəhrəman kimi əbədi yaşayacaqsan! Getməsən, adi insan ömrü sürüb vəfat edəcəksən. Hansını daha şərəfli hesab edirsənsə, onu seç!

Axillesin adı bu gün də Yunanıstanın şərəfli tarixini yaratmış qəhrəman kimi bütün dünyada məşhurdur!
Torpaqlarımızı işğaldan azad edə biləcək yeganə şəxsiyyət ümumxalq məhəbbəti qazanmış, xalqın mərd oğlu, sərkərdəsi, lideri, Ali Baş Komandanı, Prezident İlham Əliyevin müdrik siyasəti dünyamızı intibaha yönəltdi,Vətənimizə yeni sima, yeni ucalıq, hörmət, ehtiram gətirdi, bütöv bir xalqı bəxtiyar, xoşbəxt həyata qovuşdurdu. Bütün dünya ermənilərinin dəstəklədiyi, öz xalqına acınacaqlı bir tale yaşadan Serj Sarkisyanı “öz müdrik” siyasəti ilə süquta, məhvə düçar etdi. Bir inkaredilməz həqiqət aydın olur ki, bütün qəhrəmanların taleyində ana ucalığı, ana tərbiyəsi əvəzedilməz rol oynayır. “Bir bacarıqlı həkimin həyatı çox adamın həyatına əvəzdir”. Zərifə xanım Əliyeva haqqında düşüncələrimi qələmə almağa başlayarkən ən çox bu məsələləri xatırlayıram. Onun şəxsiyyəti əzəmətilə gözlərim önündə canlanır. Bu nurlu simada, işıqda gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim ucalıqlarını bir araya gətirən insanın obrazı görünür. Prezident İlham Əliyev kimi bir qəhrəman oğul tərbiyə edib boya-başa çatdıran ana obrazı görünür.
Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca bir daha fərqində oluruq ki, ulu Tanrının yüksək mənəvi xüsusiyyətlər əta etdiyi bu şəxsiyyət təkcə həkim kimi insanların gözlərinə nur gətirməyib. Nəcib əməlləri, örnək davranışları ilə könüllərdə işıq yandırıb, Azərbaycana, xalqımıza İlham Əliyev kimi qəhrəman oğul yetişdirib, dünyamızı nura qərq edib.
Akademik Zərifə Əliyeva xeyirin, həqiqətin, bərabərliyin, düzgünlüyün xidmətində dayanmağı özünə bir ömürlük missiya kimi müəyyənləşdirmişdi. Bütün ömrünü belə bir niyyətlə yaşamışdı. Həyatını insanlara şəfa bəxş etməklə, dünyamıza düşən işığın haləsini genişləndirməklə, hər bir kəsi gələcəyə ümidləndirməklə, sülh naminə çalışmaqla keçirmişdi. Ona görə də Zərifə xanım Əliyeva bir meyardır. Qismətinə düşən ömür payına sadəcə, bir-birini əvəz edən günlər, həftələr, aylar, illər kimi yox, bütöv bir tarix kimi yanaşan və bu ömrü tarix kimi yaşayan bütün böyük şəxsiyyətlər kimi.
***
Akademik Zərifə Əliyeva bir çox mənəvi keyfiyyətlərini onu dünyaya gətirmiş ANA-dan, Leyla xanımdan əxz etmişdi.
Atası - XX əsr tariximizdə özünəməxsus yeri olan görkəmli ictimai-siyasi xadim Əziz Əliyev nüfuzlu bir insan idi. Onun ömrü təkcə öz ailəsinə, nəslinə, evinin divarları arasına aid ömür deyildi. Bu ömür müxtəlif məkanlarda çətin mübarizələrdə, ağır sınaqlarda, sadə insanlara xidmətdə və bu ömürdən pay alanların sevincindən yaranan xoş məmnuniyyət duyğularında yaşanmışdı.
Əziz Əliyev ocağında böyüyən uşaqların, o cümlədən Zərifə xanımın tərbiyəsi, təlimi ilə əsasən, Leyla xanım məşğul olurdu. O, ana dilimizin, folklorumuzun, Azərbaycan milli düşüncə xəzinəsinin canlı daşıyıcısı idi. Dünyaya gətirdiyi övladlar bu nəcib qadından həm də kübarlıq, xeyirxahlıq, sadəlik, adət-ənənələrə hörmət dərsi alırdılar. Şəxsiyyət kimi formalaşmalarında Əziz Əliyevdən mənimsənilmiş dəyərlərin, bu böyük ictimai-siyasi xadimin övladı olmağın məsuliyyətinin də mühüm rolu vardı.
Deyirlər ki, insanın uşaqlıqdan əhatə olunduğu sevgi onu ömürlük xoşbəxt edir. Zərifə xanım da körpəliyindən doğmalarının sevgisi ilə əhatə olunmuşdu. Azərbaycan xalqının tarixində mühüm iz qoymuş bu ailə sovet dövrü Azərbaycan elitasının tipik nümunəsi idi. Bu ailənin yolu Azərbaycanın ucqarından - Naxçıvanın Şahtaxtı kəndindən başlamışdı. Zərifə xanımın atası da öz həkimlik fəaliyyətinə burada başlamışdı. İlk övladı bu məkanda dünyaya gəlmişdi. Tibb elmi bu ailə üçün dəyərli bir seçim idi. Əziz Əliyev 1935-ci ildə Azərbaycan Tibb İnstitutunun rektoru təyin olunanda Zərifənin on üç yaşı vardı. Amma o, gözünü açandan evlərində insan sağlamlığı, həkimin xalqa xidməti barədə söhbətlər eşitmişdi. Görünür, tale özü Zərifə xanımı bu minvalla həkim olmağa hazırlayırmış.
1939-cu ildə Əziz Əliyev Azərbaycanın səhiyyə komissarı təyin olundu. Atalarının həkim və böyük səhiyyə təşkilatçısı olması, ailədəki nüfuzu övladlarının peşə seçimində də mühüm rol oynamışdı. Onlardan yalnız Dilbər xanımla Gülarə xanım fərqli sahə seçdilər. Dilbər xanım Azərbaycanın görkəmli mühəndis-rabitəçilərindən oldu. Gülarə xanım korifey musiqiçilərimizdən biri kimi tanındı. Konservatoriyanı bitirdikdən sonra 1966-cı ildə “Dan ulduzu” instrumental ansamblını yaratdı, “Əməkdar incəsənət xadimi” adına layiq görüldü. Musiqi nəzəriyyəsi kafedrasının müdiri oldu. Ansambl xalq musiqisinin inkişafında və təbliğində mühüm rol oynadı.
Zərifə xanımla birgə, böyük bacısı Ləzifə Əliyeva, qardaşları Tamerlan və Cəmil isə atalarının yolunu davam etdirdilər. Zərifə xanımın böyük qardaşı Tamerlan Əliyev (1921-1997) respublikamızın ən yaxşı endokrinoloqlarından biri idi. O, əməkdar elm xadimi, dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor kimi yüksək adlar aldı. Görkəmli alim 250-dən çox elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi idi.
Zərifə xanımın kiçik qardaşı Cəmil Əliyev isə tibbin ən çətin sahəsini - onkologiyanı seçdi. Bu sahədə elmi avtoritetə çevrildi. O, tibb elmləri doktoru, professordur. 2001-ci ildən Milli Elmlər Akademiyasının həqiqi üzvüdür. Cəmil Əliyev həmçinin Nyu York Elmlər Akademiyasının üzvü, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, İngiltərə Nammersmit Kral Universitetinin professoru, Anderson adına xərçəng əleyhinə Mərkəzin professorudur. Görkəmli alimin 230-dan çox elmi əsəri çapdan çıxıb. 80-nə yaxın elmi əsəri xaricdə çap olunub. Uzun illərdir respublika Milli Onkologiya Mərkəzinə rəhbərlik edir.
***
O zamanlar da təhsilin, məktəbin, müəllimin nüfuzu çox yüksək idi. Yaxşı oxumaq, savada, biliyə can atmaq gənc yaşlarından insanların sosial statusunu, şəxsi nüfuzunu müəyyənləşdirirdi.
Onda bahalı geyimlə, ya maşınla fərqlənmək imkanı və arzusu yox idi. Qürurlu və çalışqan bir qız olan Zərifə Əliyeva təhsildə atasının adından, şəxsi nüfuzundan istifadə etməyi qətiyyən istəmirdi. Böyük səylə oxuyur, kitabı əlindən yerə qoymurdu. O, bacısı Gülarə kimi paralel olaraq fortepiano dərslərinə də gedirdi. Musiqi istedadını təkmilləşdirirdi. Musiqiyə maraq onlara atalarından keçmişdi. Ədəbiyyat və musiqi sənətinin görkəmli simaları tez-tez onların evlərində qonaq olurdular. Zərifə xanım gözünü açıb evlərində Üzeyir bəy Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Səməd Vurğun, Bülbül kimi böyük şəxsiyyətləri görmüşdü. Onların sözü, söhbəti daim yaddaşında idi. Belə ünsiyyət heç bir hafizədə izsiz qala bilməzdi və qalmadı. Bütün bunlar Zərifə Əliyevada şəxsiyyət olmaq, xalqın ümumi işi üçün nə isə etmək istəkləri yaratdı, onu maarifə və elmə bağladı.
Zərifə xanım orta məktəbi bitirəndə 1942-ci il idi. Sovet-alman cəbhəsində vəziyyət getdikcə gərginləşirdi. Atası da daim əsgər şinelində idi, evdə üzünü az-az görürdülər. Dövlətin onun qarşısında qoyduğu vəzifələri yerinə yetirmək üçün çətinliklərin üzərinə gedir, ən çətin bölgələrdə - İranda, daha sonra isə Dağıstanda siyasi iş aparırdı. Müharibə ağır bir sınaq idi. Bunların hamısına dözmək tələb olunurdu. Belə şəraitdə büdrəmək, gileylənmək olmazdı. Başqalarına nümunə göstərmək lazım idi. Zərifə xanım da buna çalışırdı. O zaman Bakıdakı bir çox binaları hospitala çevirmişdilər. Bu binalar cəbhədən aramsız göndərilən yaralılarla dolurdu. Onların müalicəsi, yaralılara tibbi qulluq üçün bəzən həkim personalı kifayət etmirdi. Məktəbdə keçirilən dərslər, gərgin imtahan hazırlıqları ilə yanaşı, Zərifə rəfiqələri ilə birgə tez-tez hospitallara gedir, yaralıların müalicəsində, onlara sanitar xidmətdə tibb heyətinə kömək göstərir, əli qələm tutmayan yaralıların adından onların ailələrinə məktublar yazır, bir sözlə, bacardığı qədər gərəkli olmağa çalışırdı.
O, ağır və mürəkkəb bir dövrdə orta məktəbi uğurla başa vurub, 1942-ci ilin yayında qəbul imtahanlarını müvəffəqiyyətlə verdi. Artıq Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə fakültəsinin tələbəsi idi. Hələ tələbəlik illərində görkəmli həkim, institutun müəllimi Umnisə Musabəyova çalışqanlığını görüb, ona göz xəstəlikləri üzrə ixtisaslaşmağı məsləhət bilmişdi. Həyat göstərdi ki, müdrik müəllimə öz tövsiyəsində yanılmayıb. Zərifə xanım bütün ömrü boyu bu seçimə sadiq qaldı. Minlərlə insanın gözünün şəfasına çevrildi. Praktik həkimlik fəaliyyəti ilə yanaşı, fundamental əsərləri ilə oftalmologiya elmini zənginləşdirdi, gözlərə nur, qəlblərə sevinc bəxş etdi.
***
1947-ci ildə ali məktəbi əla qiymətlərlə bitirən Zərifə Əliyeva daha çox praktik biliklərə yiyələnməkdən ötrü Moskvaya Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutuna getdi. Bu gedişin daha bir məqsədi vardı: Azərbaycanı bürümüş traxoma epidemiyasına qarşı mübarizə arzusu! Ölkədə məhz bu yöndə ixtisaslı həkimlərə çox böyük ehtiyac duyulurdu. Zərifə xanım isə ümumi müalicə fakültəsini bitirmişdi. Göz xəstəlikləri üzrə ixtisaslaşmaq üçün mütləq əlavə təhsil zəruri idi. Həm də göz viruslarının regional fərdiliyi də vardı və infeksiya ilə mübarizə həm də bu fərdiliyi fundamental şəkildə öyrənməyi tələb edirdi. Zərifə xanım məhz bunu qarşıya məqsəd qoydu. Onun ezam olunduğu Helmqolts adına Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu bu sahədə SSRİ-nin aparıcı elmi müəssisəsi sayılırdı. Orada keçmiş İttifaqın ən nüfuzlu göz həkimləri çalışırdılar. Gələcək elmi fəaliyyət üçün buradakı elmi mühit çox münasib idi. Heç bir elmi avtoritetin bütləşdirilmədiyi, hər kəsin elmi tənqidlərə açıq olduğu və beləliklə, ənənələr üzərində yeniliklərin inkişaf etdiyi bu mühitdə Zərifə xanımın gəldiyi əsas qənaət ondan ibarət oldu ki, elmdə öz yolunu tapmaq üçün ancaq oxumaq, öyrənmək, təcrübəli alimlərdən görüb-götürmək lazımdır.
O illərin Moskvası da gənc həkim üçün böyük bir həyat məktəbinə çevrilmişdi. Bu mühit mənəvi cəhətdən onun şəxsiyyət kimi inkişafında böyük rol oynadı. 24 yaşına qədər ailə mühitində, doğmalarının əhatəsində yaşayan gənc azərbaycanlı qız evdən-ocaqdan uzaqlarda müstəqil həyata qədəm qoydu. Burada onun üçün yeni bir aləm açıldı. Ətrafda müharibədən qalmış məhrumiyyətlər, qıtlıq, kasıblıq hökm sürsə də, insanların gözləri gələcəyə ümidlə dolu idi. Yoxsulluq, ağır həyat şərtləri heç kimdə bədbinlik yaratmırdı. Çünki ölkə faşizmə qarşı müharibədən qələbə ilə çıxmışdı. Bu qələbə ruhu hamını gələcəyə aparırdı. Müharibədən sonra adamlarda daha böyük həyat eşqi vardı. Hər yanda tikinti-quruculuq işləri gedirdi. Moskva Zərifə xanım kimi təhsil ardınca gəlmiş gənclərlə dolu idi. Faşizmi böyük qanlar və qırğınlar bahasına əzmiş bu nəsil gələcəyə, çətinliklərin aradan qalxacağına, insanların əmin-amanlıqla dolu bir dünyada xoşbəxt yaşayacaqlarına inanırdı.
Müharibə tibbin cərrahiyyə sahəsinə də böyük təkan vermişdi. Ağlasığmaz əməliyyatlar həyata keçirilirdi. Moskvada Zərifə xanım o dövrün məşhur tibb alimləri ilə tanış oldu. Göz xəstəliklərinin müalicəsində, göz cərrahiyyəsində tətbiq olunan yenilikləri tez bir zamanda mənimsədi. Bu şəhərin elmi mühitində özünə çoxlu dostlar tapdı, onlara bağlandı, bəziləri ilə sonralar müştərək tədqiqatlar apardı, kitablar çap etdirdi. Belə dostların əksəriyyəti sonralar onun elmi işlərinin rəyçiləri və opponentləri oldular.
***
1949-cu ildə Bakıya qayıdandan sonra Zərifə Əliyeva yüksək ixtisaslı göz həkimi kimi Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda işə başladı. Azərbaycanda geniş yayılmış traxoma virusunun qarşısını almaq onun elmi tədqiqatlarının və praktik fəaliyyətinin əsasını təşkil edirdi. 1950-ci ildə əla qiymətlərlə aspiranturaya daxil olduqdan sonra da namizədlik dissertasiyasının mövzusu kimi məhz bu istiqaməti seçmişdi.
Hələ inqilabdan əvvəl Azərbaycanın şoran ərazilərində, Kürqırağı məntəqələrdə, küləyin güclü olduğu yerlərdə göz xəstəlikləri kütləvi hal almışdı. İkinci Dünya müharibəsinin sıxıntılarından sonra bu bəla 50-ci illərdə daha da güclənmişdi. Bu xəstəlik epidemiyaya yoluxan kütləvi sayda insanın simasını eybəcərləşdirir, bəzən eyni ailənin bir neçə üzvünü dünya işığına həsrət qoyurdu. Bu bəlanın qarşısını almaqdan ötrü həkim briqadaları Azərbaycanın müxtəlif rayonlarına elmi ekspedisiyalara çıxırdı. Bu ekspedisiyaların ən fəal könüllülərindən biri də məhz Zərifə xanım Əliyeva idi. Onlar infeksiyanın ən kütləvi xarakter aldığı yerlərə gedir, öz sağlamlıqlarını riskə qoyaraq insanları traxoma bəlasından xilas etməyə çalışırdılar. Ağır xəstələri müalicə edir, elmi mühazirələr oxuyur, evlərə gedib maarifləndirmə işləri aparırdılar. Bununla da xəstəliyin yaranma səbəblərini araşdırır, xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirlər həyata keçirirdilər. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısının alınması üçün xüsusilə böyük səy göstərirdi. Bu sahədə uğurlu tədqiqatların nəticələri Zərifə xanımın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edəcəkdi. Onun irəli sürdüyü müalicə metodu tezliklə bütün respublikada tətbiq olunacaq və ölkə əhalisi bu xəstəlikdən qurtulacaq, beləliklə, Zərifə xanım Azərbaycanda traxoma bəlasının ləğvinə müyəssər olmuş alim kimi adını tarixə yazacaqdı. Bütün bunlar bir neçə il sonra baş verəcəkdi.
Hələliksə, 1947-ci il idi və Moskvada təcrübə keçən Zərifə xanımı gələcək taleyini müəyyənləşdirəcək maraqlı bir təsadüf gözləyirdi.
***
Ulu öndər Heydər Əliyevin böyük qardaşı Həsən Əliyev Əziz Əliyevlə ailəvi dost idi. Heydər Əliyevlə Zərifə Əliyevanın tanışlığına da bu münasibət vəsilə olmuşdu. Onlar ilk dəfə 1947-ci ildə Kislovodskda rastlaşmışdılar. Ulu öndər o günü belə xatırlayırdı: “Böyük qardaşım akademik Həsən Əliyev Kislovodska dincəlməyə gedəndə məni də dəvət etdi... Orada heç kimi tanımırdım, qardaşımınsa çoxlu tanış-bilişi vardı. Gözümə bir qız dəydi, sonra tanış olduq. Məlum oldu ki, böyük qardaşım onun ailəsini, atasını yaxşı tanıyırmış. Mənim tanışlığım qısa olsa da, bu qız nədənsə ürəyimi tərpətdi...”
Onda Heydər Əliyev baş leytenant idi. Bu tanışlıqdan az sonra onu perspektivli zabit kimi Leninqrada, SSRİ DTN-nin rəhbər kadrlarının hazırlanması üzrə məktəbə göndərdilər. Hazırlıq kursunu başa vurub Bakıya qayıtdıqdan sonra tale onları yenidən rastlaşdırdı. Göygözlü, ucaboylu, hərbi mundirli, yaraşıqlı zabit gənc qızın xəyallarına uyğun idi. Onlar həyat yollarını birləşdirməyə qərar verdilər.
Lakin hələ Stalin sağ, Mir Cəfər Bağırov isə öz taxtında idi. Gənclərin romantik münasibətləri sınaqlardan keçməli oldu. Repressiya dalğası Əziz Əliyevdən də yan ötməmişdi. Əziz Əliyevə ictimai ehtiramı gözü götürməyən Mir Cəfər Bağırov bu böyük şəxsiyyətin timsalında özünün rəqibini görürdü. Çünki müharibə illərində siyasi rəhbər kimi İranda gördüyü işlər, daha sonra Dağıstan Vilayət Partiya Komitəsi rəhbərliyində ona tapşırılmış vəzifələri uğurla yerinə yetirməsi Əziz Əliyevə Kremldə də yüksək etimad yaratmışdı. Bunun fərqində olan Mir Cəfər Bağırov isə onu müxtəlif repressiv metodlarla sıradan çıxarmağa, karyera yollarını bağlamağa çalışırdı. O, bundan ötrü ən hiyləgər metodlardan istifadə edirdi. Əvvəlcə Moskvaya dalbadal məktublar yazıb Əziz Əliyevi baş nazirin müavini vəzifəsinə gətirməyə nail oldu. Lakin vəzifəyə təyin olunan kimi DTK-da ona qarşı iş açdırdı: Əziz Əliyevi “millətçi”likdə və sosial mənşəyini gizlətməkdə ittiham etdilər. Tezliklə partiya töhməti verib ən kiçik bir vəzifəyə keçirdilər. Heydər Əliyevlə Zərifə xanımın tanışlığının ilk illərində Əziz Əliyev ailəsinin hətta Qazaxıstana sürgün olunmaq təhlükəsi vardı. Ailənin hər bir üzvü nəzarətdə saxlanırdı. Həmişə qonaq-qaralı olan bu ocaqdan çoxları repressiya qorxusundan ayağını üzmüşdü. Belə bir vaxtda təhlükəsizlik xidməti zabitinin şəxsi həyatı ilə bağlı göstərdiyi yüksək cəsarət yuxarılara xoş gələ bilməzdi.
O çətin günlər barədə 1997-ci ildə, Əziz Əliyevin 100 illik yubileyinə həsr olunmuş mərasimdə ulu öndər Heydər Əliyev özü danışdı. 1952-ci ildə o zaman Dövlət Təhlükəsizliyi Komitəsinin sədri olan Yemelyanov onu iki dəfə kabinetinə çağırır. Tələb qısa idi: yuxarıların gözündən düşmüş Əziz Əliyevin evinə gedib-gəlmək, onun qızı ilə görüşmək məsul işdə çalışan zabit üçün arzuolunmazdır, işini itirə bilər. Gənc zabit çətin vəziyyətdə qalmışdı. Amma o, asan təslim olanlardan deyildi. Zərifəni sevirdi və ondan ayrılmağı təsəvvürünə də gətirmirdi. Bu mülahizələri o, açıq şəkildə nazir Yemelyanova dedi. O isə eyham vurdu ki, Mir Cəfərin tapşırığını icra edir, qəti qərar qəbul etməksə cavan zabitin öz işidir.
Sonralar Heydər Əliyev o illərin düşüncələrini etiraf kimi dilə gətirəcəkdi:
“Bilirsiniz necə fikirləşirdim? Mən DTK-da işləyirdim və bilirdim ki, onun atasının ətrafında nələr baş verir, onu necə izləyirlər. Və mən bilirdim, eşitmişdim ki, onların ailəliklə Qazaxıstana sürgün edilməsi planı var. Mən fikirləşirdim ki, əgər onları sürgün eləsələr, mən Zərifənin ardınca Qazaxıstana gedəcəyəm, ola bilsin orada mənə iş tapmaq buradan daha asan oldu”. Amma ulduzlar sevgililərin tərəfində idi... Yemelyanovla Heydər Əliyevin söhbətindən yarım il sonra - 1953-cü il martın 1-də Stalin Moskvadakı bağ evində huşunu itirdi. Martın 5-də isə onun vəfatı xəbəri bütün dünyaya elan olundu. Bu, Mir Cəfər Bağırov hakimiyyətinin də sonu demək idi. Tezliklə Azərbaycan xalqına qarşı repressiya cinayətləri törətmiş bir çoxları kimi o da, Yemelyanov da ədalət mühakiməsi qarşısında dayanaraq layiq olduqları cəzaya çatdılar. Bu, ədalətin təntənəsi idi. Xeyir şər üzərində zəfər çaldı. Heydər Əliyevlə Zərifə xanım Əliyevanın məhəbbəti qismətlərinə düşən sınaqlardan açıq çıxaraq öz ziyası ilə onların ailə ocağını nurlandırdı. 1954-cü ilin noyabrında onlar kəbin kəsdirdilər. Dövlətin bir müddət əvvəl Heydər Əliyevə verdiyi mənzildə sadə bir toy mərasimləri oldu.
...Bu, yığcam, rəsmi tələblərə uyğun musiqisiz bir məclis idi. Toyda Əziz Əliyev, Həsən Əliyev, akademik Murtuza Nağıyev, bəylə gəlinin anaları və yaxın qohumları iştirak edirdilər. Qarşılıqlı məhəbbət üzərində qurulan ailə xoşbəxt idi. Onlar bir-birinin timsalında sevgilərinə qovuşmuş, mənəvi dayaq tapmışdılar.
***
Heydər Əliyevin məşğul olduğu iş ondan böyük zaman tələb edirdi. O, öz işini sevir, çalışmaqdan yorulmurdu. Zərifə xanımın da işi az deyildi. Xəstələrin müayinə və müalicəsi, ekspedisiyalar, elmi axtarışlar, dissertasiya üzərində iş... Amma əsl Azərbaycan qadını kimi onun üçün də ailə qayğıları, həyat yoldaşına kömək hər şeydən öndə gəlirdi. Atasının taleyindən bilirdi ki, dövlət adamlarının əsas dayağı ailədəki sabitlikdir. Dövlət işində tez-tez baş verən fırtınalar qarşısında davam gətirmək üçün böyük liderlər ən çox ailənin rahat, hərarətli mühitinə, doğmalarının sevgisinə ehtiyac duyurlar. 1955-ci ildə ilk övladları Sevil dünyaya gəldi. Gənc ailənin sevincinin həddi-hüdudu yox idi. Evdə eşidilən körpə səsi onların dünyasını fərəhlə doldurmuşdu. 1961-ci ilin dekabrında isə tale bu ailəyə ikinci övladları İlhamı bəxş etdi. Zərifə xanım övladlarının qayğıları və tərbiyəsi ilə özü məşğul olurdu. O, bundan böyük zövq alırdı.
İlhamın yeddi yaşı olanda Heydər Əliyev respublikanın birinci şəxsi seçildi. Bu, gənc ailəyə doğma olan bütün insanlar üçün böyük sevinc və təntənə idi. Zərifə xanım isə bu nailiyyətin böyük məsuliyyət hissini də yaxşı dərk edirdi. Çünki ətrafda yüksək vəzifəni başqalarından seçilmək, müxtəlif sosial imtiyazlar qazanmaq, kənara təkəbbür göstərmək, harınlıq kimi başa düşənlər o zaman da kifayət qədər idi. Zərifə xanım isə anlayırdı ki, ailə başçısının yüksək ictimai statusuna baxmayaraq, sadəlikdə, səmimiyyətdə, insanlara xoş münasibətdə, davranışda başqalarına nümunə olmaq, xüsusilə övladları heç bir güzəşt və üzgörənlik olmadan tərbiyə etmək, onlara ən yüksək təhsil vermək gərəkdir. Birinci növbədə isə zəhməti, məktəbi, təhsili sevməyi öyrətmək, sadəliyi və xeyirxahlığı tərbiyə etmək lazım idi. Bu ana borcu idi və Zərifə xanım öz borcunu ləyaqətlə yerinə yetirirdi.
***
Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq Zərifə xanımın üzərinə böyük ictimai vəzifələr qoyurdu. Onu diqqət mərkəzinə gətirirdi. Amma o, bütün ömrü boyu özünə də, başqalarına da təlqin etdiyi həyat prinsiplərini əsla dəyişmədi. İctimai yerlərdə, dövlət tədbirlərində diqqəti cəlb etməməyə, sadə həyat tərzini davam etdirməyə çalışdı. Dəyişən isə yalnız Zərifə xanımın insanlara daha çox kömək etmək imkanına sahib olması idi. O, iş yoldaşlarının, kömək üçün müraciət edən şəxslərin müəyyən məişət problemlərinin həlli üçün imkanı daxilində müxtəlif orqanlara müraciətlər göndərirdi. İnsanlara kömək etməkdən zövq alırdı.
Zərifə xanım illərdən bəri üzərində çalışdığı namizədlik dissertasiyasını hələ 1960-cı ildə uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi qazanmışdı. Sonra isə oftalmologiya elmi üçün vacib olan digər bir istiqamətə - qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı tədqiqatlara başlamışdı.
1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı verdi. 1967-ci ildə isə o, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olundu. Bu institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin - Zərifə xanımın atasının adını daşıyırdı.
1968-ci ildən Zərifə xanım Əliyeva görmə orqanının patologiyası ilə məşğul olmağa başladı. Zərifə xanım bu problemi tədqiq edərkən çox vaxt bilavasitə sənaye müəssisələrində olur, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Eyni zamanda, Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi.
1977-ci ildə Zərifə Əliyeva Moskvada Helmqolts adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda “Azərbaycan kimya sənayesinin bəzi müəssisə işçilərinin görmə orqanlarının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək tibb elmlər doktoru elmi dərəcəsi aldı. Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında əvvəl professor, sonra isə kafedra müdiri seçildi.1979-cu ildə isə görkəmli oftalmoloqun təşəbbüsü ilə daha bir əlamətdar hadisə baş verdi. Azərbaycan Elmlər Akademiyasının Ə.Qarayev adına Fiziologiya İnstitutunda Azərbaycanda ilk dəfə professional göz xəstəliklərini öyrənən laboratoriya açıldı. Zərifə xanım həmin laboratoriyanın rəhbəri oldu. Əslində, bu, dünya şöhrətli alimin elmi məktəbi idi. Bu dövrdə onun şin və yod istehsalında göz patologiyasına həsr olunmuş iki monoqrafiyası çıxdı və yüksək qiymətlər aldı. Alim virus mənşəli göz xəstəlikləri barədə də qiymətli əsərlər qələmə almışdı. Həmçinin göz cərrahiyyəsi, həkim etikası, gənc kadrların hazırlığı ilə bağlı problemlər onu ömrü boyu narahat edirdi. Bu mövzularda dəyərli əsərləri indi də aktuallığını qoruyur.
***
Ulu öndər Heydər Əliyevin də, akademik Zərifə xanım Əliyevanın da əldə etdikləri uğurların təməlində onların bir-birinə qarşılıqlı dəstəyi dururdu. Azərbaycan qadınının cəmiyyət həyatındakı yerini və rolunu daha yüksəklərdə görmək istəyən Heydər Əliyev ailə başçısı kimi də belə bir yanaşma sahibi idi. Ailə həyatının ilk günlərindən o, həyat yoldaşını məişət qayğılarını mümkün qədər məhdudlaşdırıb elmi fəaliyyətini gücləndirməyə həvəsləndirirdi. Ona mənəvi köməyini əsirgəmirdi. Həyat yoldaşının dəstəyi, özünün əzmkarlığı sayəsində Zərifə xanım gənc vaxtlarından alim kimi axtardığı yolunu, elmin böyük yolunu nəhayət, tapmışdı. Onun oftolmologiya sahəsində qazandığı uğurlar Azərbaycan tibb elminin böyük nailiyyəti idi. Bütün bunlar 1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi ilə elmi etirafını tapdı. Onun alim şöhrəti artıq Azərbaycanın sərhədlərini çoxdan aşmışdı.
1982-ci ildə ulu öndər Heydər Əliyev Siyasi Büronun üzvü seçildi və Moskvada SSRİ hökuməti sədrinin birinci müavini təyin olundu. Zərifə xanım uşaqlarla birgə Moskvaya köçdü. Onlar bu böyük şəhərdə yeni bir həyata başlamışdılar. Zərifə xanımın böyük arzu və ümidləri, yeni elmi layihələri vardı. Əfsus ki, tale aman vermədi. Çarəsiz xəstəlik 1985-ci ildə onun ömrünə son qoydu. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva bu itkinin acısını müsahibələrinin birində belə dilə gətirəcəkdi: “Təəssüf ki, mənim Zərifə xanımla ünsiyyətim qısa oldu. Biz 1983-cü ildə tanış olduq, 1985-ci ildə Zərifə Əliyeva həyatdan getdi. Bu istedadlı və gözəl qadınla bağlı xatirələr hələ də mənim qəlbimdə yaşayır.” Təbiətin amansız hökmləri var. O, vəfat edərkən sevimli İlhamının hələ iyirmi dörd yaşı vardı. Həyatda o, ən çox övladları ilə fəxr etmək istəyirdi. Gözünün nuru olan əziz İlhamının uzun illər təhsilinə, tərbiyəsinə, kamil insan kimi yetişməsinə ana kimi özünü həsr edən Zərifə xanıma bu gün övladının Prezident kimi ümumxalq məhəbbətini qazanaraq bu yüksək zirvəyə ucalmasını görmək qismət olmadı. Bu fərəhi bu gün bütün Azərbaycan yaşayır. Bu, Zərifə xanımın tərbiyəsinin təntənəsidir! Onun şəfqətinin, məhəbbətinin yaratdığı xarüqələrdir.
Bu gün Zərifə xanımın övladı ilə bütün Vətən fəxr edir. Bu fərəhdə və iftixarda ömrünü övladlarına həsr etmiş bir ləyaqətli anaya millətin məhəbbəti böyükdür! Bu gün bu məhəbbət nur heykəlinə çevrilərək xalqın yollarına işıq saçır, xoşbəxt gələcəyə körpü salır...

Nurlana ƏLİYEVA,
YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru, professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video