27 Aprel 2018 01:04
420
Mədəniyyət
A- A+

Böyük şəxsiyyətlər az-az yaranır

 

“Bir yandan boşalıb, bir yandan dolan” (S.Vurgun), “Ömrümüzdən bir an kimi keçən dünya”nın (Ö.Xəyyam) əzab-əziyyətləri, giley-güzarları, qara günləri, sonsuz nisgilləri olsa da, işıqlı səhifələri, fərəhli məqamları, arzu-istəklərlə dolu “ağ günləri” də çox olub. Hamı, bu canlı və cansız varlıqlar məkanından gəlib keçir. Elə insanlar olub ki, var və yenə də olacaq, dünyaya adi, sadə bir fərd kimi gəlsələr də, sonradan Tanrının onlara verdiyi ömrü elə şərəf və ləyaqətlə yaşayıblar ki, minnətsiz və təmənnasız olaraq, ulu tarixin nurlu səhifələrində fəxri yerlərə layiq görülüblər, etibarlı yaddaş kitabına, tarixləşən xatirələr aləminə, əsrlərə və nəsillərə nümunə olan əziz, unudulmaz insanlar kimi düşüblər... Mir Cəlal müəllim kimi...

Son dərəcə qayğıkeş, işıqlı insan olan Mir Cəlal müəllimi yaxından görmək, dinləmək arzusu məndə hələ orta məktəbdə ikən baş qaldırmışdı. Tale elə gətirdi ki, mən 1950-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olundum. Düz 28 il (böyük ustadın vəfatına qədər) demək olar ki, hər gün Mir Cəlal müəllimi yaxından gördüm, səsini eşitdim, duzlu-məzəli söz-söhbətinin canlı şahidi oldum.
Mir Cəlal müəllim kafedramızın müdiri idi, həm də “Ədəbiyyatşünaslığın əsasları” fənnindən dərs deyirdi. 1950-ci illərin gəncləri, xüsusilə filoloq tələbələr yaxşı xatırlayırlar ki, Mir Cəlal müəllim o dövrün alim ziyalılarından, ali məktəb müəllimlərindən, eləcə də Azərbaycan yazıçılarından bir çox cəhətlərinə görə fərqlənirdi. Sürətli, iti danışığı, ciddi hərəkətləri yox idi. Sakit, həlim səsi vardı. Aramla, səbir və təmkinlə danışardı. Mühazirələrini də sadə, aydın bir üslubda deyərdi, ibarəli cümlələrdən, terminçilikdən xoşu gəlmirdi. Konkret, birbaşa mətləbə keçməyi xoşlardı. Uzunçuluğu qəti qəbul etməzdi. Həmişə deyərdi ki, düşüncə, fikir, təfəkkür aydın, sadə olduğu kimi, yazı da, danışıq da mühakimə də sadə, aydın və təsirli olmalıdır, fikri aydın, məntiqli, məzmunlu ifadə etmək, güclü yaddaş, aydın düşüncə təfəkkürlə bağlıdır”. Güclü məntiqi, zəngin təcrübəsi, dərin yaddaşı, iti müşahidəsi vardı. Savadlı, təşkilatçı tələbələri, ziyalıları çox sevərdi. Elmə, sənətə, eləcə də gəncliyə böyük qayğıdan, dərin hörmət və məhəbbətdən irəli gələn güclü prinsipiallığı, ardıcıl tələbkarlığı vardı. Hamı onu çox sevdiyi, hörmət etdiyi üçün mühazirələrinə böyük həvəslə gəlirdi. Sadə, təmkinli, ağayana olduğu qədər də dərin, tələbkar bir insan idi. İncə, zərif, son dərəcə məzmunlu və təsirli yumoru ilə hamını heyran edirdi. Bəzən əsəbi, gərgin anları olsa da, narahatçılığını büruzə vermirdi. Dərin, düşünülmüş eyhamları ilə mətləbi çatdırmaqda, obyektə yönəltməkdə, özü də güclü satira və yumor ilə yerinə ünvanlamaqda məharət sahibi idi. İnsanı həmişə yaxşı tərəfdən görməyə çalışırdı. Təbiətən pak, humanist olduğu üçün hamını özü kimi görmək istəyirdi. Ünsiyyətdə olduğum iyirimi səkkiz ildə mən Mir Cəlal müəllimin dilindən bir kəlmə də ağır söz eşitmədim. Onun mənalı baxışı, duruşu, ağayana hərəkəti, bütövlükdə sadə, müdrik insan, böyük alim, kamil yazıçı kimi mədəniyyəti, həm hər şey və həm də çox şey demək idi.
Maraqlı və məzmunlu kafedra iclasları aparmağı vardı. Əvvələn kafedra üzvlərini bir-bir dindirər, vəziyyətləri, güzəranları ilə maraqlanar, sonra yekun sözünü deyərdi. Bir dəfə əziz dostumuz, unudulmaz Firidun Hüseynovdan soruşdu: “Firidun, harada yaşayırsan? Evin haradadır?” Firidun müəllim cavab verdi: - “Mir Cəlal müəllim, yeddinci mikrorayonda yaşayıram, bu evi də çox çətinliklə almışam”. Mir Cəlal müəllim özünəməxsus bir tərzdə, “Qardaş, çox uzağa gedib çıxmısan. Get mənim adımdan, kimdi o mənzil verən, ona de ki, sənə universitetin yaxınlığında, bu aralarda ev versin”. Əslində, Mir Cəlal müəllim haqlı idi. Günlərin bir günü Mir Cəlal müəllimi qəbul imtahanlarına saxladılar. Bir abituriyentin cavabından Mir Cəlal müəllimin xoşu gələr. İmtahanın gedişi zamanı hal-əhval tutduqdan sonra abituriyentə deyər ki, “Sağ ol, yaxşı danışdın. Səni filfaka qəbul elədim”. Hamı yaxşı bilirdi ki, ali məktəblərə Mir Cəlal müəllimin dediyi kimi qəbul etmirdilər. Amma Mir Cəlal müəllim bir cəhətdən haqlı idi. O, filologiya fakültəsinə layiq, ədəbiyyatı bilən, sevən tələbə qəbul edirdi. Onun üçün qəbul qaydalarından irəli, həqiqi istedad, yaxşı filoloq axtarmaq və tapmaq əsas idi, sabahın ədəbiyyatını düşünürdü. İstedadlı aspirant və dissertantlarına həmişə sözü o olardı ki, qardaş, gecikdirmə, yaz gətir, yeridək getsin.
Mir Cəlal müəllim gənclərin arasında olmağı çox sevirdi. Xoşbəxtlikdən də kafedra üzvlərinin çoxu gənclər idi. Hamıya mövzu vermişdi. Əksəriyyətinin də elmi rəhbəri özü olardı. Kafedra müdiri işlədiyi müddətdə Mir Cəlal müəllim, demək olar ki, bütün XX əsr sənətkarlarını tədqiqata cəlb etmişdi. Aspiranturada əyani oxuyurdum. Mir Cəlal müəllimin kafedrasının aspirantı idim. Bir gün Mir Cəlal müəllimə dedim: “Mir Cəlal müəllim, aspirantlığımın ikinci ayı tamam olur. Hələ də mövzum yoxdur”. “Niyə mövzu götürməmisən? - dedi: “Qardaş, çox gecikmisən”. Sonra Firidun müəllimə müraciətlə, “Niyə bu vaxta qədər mövzu verməmisən?” Mən əlavə etdim ki, Mir Cəlal müəllim, axı, mövzu əvvəlcə kafedrada, sonra isə fakültə elmi şurasında təsdiq olunmalıdır. O saat Mir Cəlal müəllim dedi: “Yaz “Kommunist” qəzetində ədəbiyyat məsələləri”. Firidun müəllim mənə, mən də Firidun müəllimə baxdım. Mir Cəlal müəllim hiss etmişdi. Kafedradan çıxıb onu yola salırdıq. Yolda Mir Cəlal müəllim söhbətə başladı. “Hə... qardaş, çoxları bilmir. 20-ci illərdə “Kommunist” qəzetində “Xalq ədəbiyyatı həyatdan doğar” adlı ayrıca səhifə olub. Təxminən 26 nömrədən artıq (hərəsi iki, bəzən dörd səhifə olmaqla) müxtəlif adlar, başlıqlarla “Kommunist”in içərisində çıxıb. Bu səhifələr “Ədəbiyyat və incəsənət” qəzeti nəşrə başladıqdan sonra yığışdırıldı. 1920-ci illərdə bu səhiflərdə güclü ədəbiyyat olub. İndiyə qədər onları tədqiq edən, araşdıran olmayıb. Ağır, zəhmətli işdir, çox çətindir, amma səbir, həvəs və maraq lazımdır, əsl tədqiqat işidir. Sən bacararsan?”
Mövzunu işlədikcə Mir Cəlal müəllimin nə qədər böyük vətəndaş, ziyalı, sənəti, ədəbiyyatı qəlbən sevən böyük alim olduğunun bir daha şahidi oldum. Mir Cəlal müəllimin bütün söz-söhbəti elmlə, ədəbiyyatla bağlı olardı. İstər kafedrada, istərsədə də kafedradan kənarda söhbət həmişə ədəbiyyat və sənətdən düşərdi.
Mir Cəlal müəllimin məqsədi kafedra üzvlərində, ətrafına yığışan gənclərdə ədəbiyyata, təhsilə, elmə güclü maraq oyatmaq, onları həvəsləndirmək, kafedranın nüfuzunu artırmaq idi. Kafedra üzvləri artıq bilirdilər ki, Mir Cəlal müəllimin nədən xoşu gəlir, nəyi qəbul etmir. Tənbəl, özünü işə verməyən, aradan çıxmaq istəyən adamla arası yox idi. Belə adamları nəzərdə tutub, özü yaxşı tanıdığı halda, yarıciddi, yarızarafat deyərdi: “Bunu tanıyırsan? Harada işləyir? Nəçidir?” onun sözləri bizim üçün zərbi-məsələyə çevrilmişdi. Xoşu gəlməyən, elmdə, savadda o qədər də əli gətirməyən, hay-küyçü, müxtəlif vasitələrlə özünü gözə soxmağa çalışan bəzi adamları nəzərdə tutub deyərdi: - “Qardaş, Əzrayıl işə qarışmasa işimiz çətin olacaq”. Bəzən də sözünü kiməsə müraciət formasında deyərdi: - A Firidun! Bunun başına bir ağıl qoy!
Mir Cəlal ədəbiyyatşünaslıqda indiyə qədər mövcud olan, qəbul edilən və məqbul sayılan rəsmi, elmi, publisist və şifahi üslubların hamısından məharətlə istifadə edən, qələmə aldığı mövzuların təbiətinə, xarakterinə uyğun kamil bədii həyat materialı seçən, onlara uyğun tipik-bədii forma tapan, həyat materiallarından yerli-yerində istifadə edən və gözəl bədii, elmi, publisist əsərlər yaradan yazıçı-alim idi.
Azərbaycan ədəbiyyatşünaslığında Füzuli ilə bağlı bir sıra tədqiqat işləri olmuş, araşdırmalar aparılmışdır. Onu da qeyd edək ki, bunların əksəriyyəti, daha kamilləri Mir Cəlalın Füzuli tədqiqatından sonra yaranmışdı. O zaman da, indinin özündə də Mir Cəlalın “Füzulinin poetikası” əsəri füzulişünaslıqda ilk kamil mənbə, istinadgah, arxalanmaq obyekti, tədqiqatçılıq məktəbidir. 1934-cü ildən sonra Füzuliyə müraciət edənlər, tədqiqatçılıqda Mir Cəlal yolunu tutmağa çalışmış, böyük Füzulinin ədəbi irsi ilə yanaşı, Mir Cəlal elminin qüdrətinə, dərinliyinə xüsusi məhəbbət, diqqət, qayğı bəsləmiş, məsuliyyətlə yanaşmışlar. “Füzulinin poetikası”nı əbədiləşdirən, təzə, təravətli saxlayan nə idi? İlk növbədə, çoxları üçün əlçatmaz görünən Füzulinin əzəmətli sənət məkanına, sirlər dünyasına Mir Cəlalın öz elminin qüdrətilə daxil ola bilməsi, şairin hiss, duyğu və düşüncələrinə əsasən bələd olması, Füzuli kimi düşünə bilməsi, ustadına olan böyük məhəbbəti, onda olan milli ruhu, milli zövqü, türkçülüyü, azərbaycançılığı aydın görə bilməsi, onunla fəxr etməsi idi. Odur ki, “Füzulinin poetikası”nda şairə, eləcə də bütün klassik irsə məhəbbət birinci yerdə dayanır.
Elminin qüdrətinə bax ki, Mir Cəlal ilk cümlələrdən Füzulinin şair portretini yaratmağa müvəffəq olur. Şairin “Məndən, Füzuli, istəmə əşarü-mədhu-zəm, mən aşiqəm, həmişə sözüm aşiqanədir” deyərək özünün şeirlə yaratdığı lirik portretini Mir Cəlal, elminin qüdrətilə şairə layiq nəzəri sözlərlə yaradır. “Füzuli lirikdir, qəlb şairidir. O, sadəcə olaraq oxumaq üçün yox, duymaq, düşünmək, könülləri fəth etmək, nəticə çıxarmaq üçündür...” kimi əsaslı, dərin və köklü ümumiləşdirmələrdən sonra cəsarətlə deməsi ki, “Füzulinin “təkəllüm” etdiyi yerdə nəinki daş-divar, şəkillər, surətlər dilə gəlir, ən mahir və qadir natiqlər də susmalı olur. Bəşər tarixi insan mənəviyyatının, qəlbin mürəkkəb, zəngin, əngin və rəngin həyatının bu dərəcədə əyani, dürüst, zərif və tam bir şəkildə ifadəsini verən tək-tək sənətkarlar tanıyır ki, Füzuli bunların birincilərindəndir”.
Mir Cəlalın 1905-1917-ci illəri əhatə edən “Azərbaycanda ədəbi məktəblər” əsəri XX əsrin ədəbi mühitini, həmin illərin ədəbi proses və mərhələlərini öyrənmək, bütövlükdə əsrin inkişaf xətləri və meyillərini təyin etmək baxımından xüsusi əhəmiyyətə malikdir. Ötən əsrin birinci iki onilliyini əhatə edən bu monumental əsərdə Mir Cəlal tədqiqata cəlb etdiyi hər bir sənətkarın, eləcə də əsrin ədəbi-bədii, sosial mühitinin səviyyəsini, mədəni inkişaf prosesinin gedişini şərh etməklə tədricən formalaşan gələcək ədəbi məktəblərin sistemli və ardıcıl şəkildə araşdırılmasının yollarını göstərdi, əsaslarını yaratmış oldu. Mir Cəlal Azərbaycanda ədəbi məktəblər probleminin tədqiqini iki istiqamətdə, ömrünün sonuna qədər yaradıcı şəkildə davam və inkişaf etdirdi. Birincisi, elmi yaradıcılıq istiqamətinin məhsulu və nəticəsi olaraq “Azərbaycanda ədəbi məktəblər” əsərini ortaya qoydu. İkinci istiqamətdə, nəzərdə tutduğu XX əsrin bütün ədəbi-bədii prosesini tədqiqata cəlb etdi: C.Məmmədquluzadə, Ü.Hacıbəyli, M.Ə.Sabir, Ə.Haqverdiyev, M.S.Ordubadi, Ə.Nəzmi, N.Nərimanov, Ə.Qəmküsar, F.Köçərli, A.Divanbəyoğlu, A.Şaiq, S.Məcid və digər ədibləri mərhələ-mərhələ tədqiqata cəlb etməklə onlarla filoloq-alim yetişdirdi.
Kitabın “Romantizm ədəbi məktəbi” hissəsindən alınan təsir də çox güclüdür. Mir Cəlal müəllim realizmlə təxminən eyni vaxtda yaranan romantizm ədəbi məktəbinin nümayəndələrindən bəhs etməzdən əvvəl romantizmin tarixi inkişaf mərhələləri, formalaşma səbəblərindən və imkanlarından bəhs edir. Azərbaycan romantizminin mədəni prosesdə xeyirxah rolunu realizmlə yanaşı, romantik sənətkarların da fəaliyyətini elmi cəhətdən şərh edir. Göstərir ki, “romantiklər də realistlər kimi, M.Ə.Sabir, C.Məmmədquluzadə kimi keçmişə, köhnəliyə düşməndirlər. Bunlarda da köhnəliyə, cəhalətə qarşı nifrət və qəzəb vardır... Bunlar bəzən real ictimai münasibətlərdən kənarda dayansalar belə, vətəndaşlıq hissləri ilə, böyük ümid və arzuları ilə yaşayırdılar... Mütərəqqi romantiklərimizin bütün gözəl ənənələri Azərbaycan şeirinin inkişafına xidmət edən, onu yeni mərhələyə qaldıran bir təcrübə yolu olmuşdur”.
Mir Cəlal müəllimin elmi-nəzəri irsinin genişliyi, dərinliyi haqda yalnız fundamental tədqiqatlar vasitəsilə tam təsəvvür əldə etmək olar. Nəzərə alsaq ki, onun nəsrimizin baniləri, ədəbiyyatımızın gənc ədəbi qüvvələri və ümumən müasir sənət və sənətkarlıq məsələləri barədə çoxsaylı elmi-nəzəri tədqiqatları, klassik və müasir ədəbiyyat məsələləri haqda elmi məqalələri, dərslik, dərs vəsaitləri, ədəbiyyat tarixlərində gedən zəngin araşdırmaları və s. vardır. Onda Mir Cəlal müəllimin elmi fəaliyyətinin böyüklüyünün araşdırılmasının vacibliyi və bu işin ədəbiyyatşünaslığın gələcək inkişafı üçün böyük və xüsusi əhəmiyyət kəsb etməsini heç kəs, xüsusən də müasir tənqid və ədəbiyyatşünaslıq yaddan çıxarmamalıdır.

Abdulla ABASOV,
filologiya üzrə elmlər doktoru, professor

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video