26 Aprel 2018 03:04
503
Elm və texnika
A- A+

“XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb

Aprelin 26-da Qusar şəhərində “XX əsrdə türk-müsəlman xalqlarına qarşı soyqırımları” mövzusunda V Beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına uyğun olaraq keçirilən beynəlxalq konfrans Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyəti, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Respublikası Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət, Dil və Tarix İdarəsi Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Qusar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.

Konfransda Azərbaycanla yanaşı, Türkiyə, Rusiya Federasiyası və onun müxtəlif subyektlərindən, Polşa, Albaniya, Özbəkistan, Qazaxıstan, Pakistan, Hindistan və İraqdan görkəmli tarixçilər iştirak edirlər.

Beynəlxalq elmi konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Qusar şəhərində ucaldılmış abidəsini ziyarət edib, qarşısına gül dəstələri düzüblər. 1918-ci ildə Qanlı dərədə qələbə qazanmış Qusar və Quba qəhrəmanlarının şərəfinə ucaldılmış abidə də ziyarət edilib.

Sonra Qusar Mədəniyyət Mərkəzində türk-müsəlman xalqlarına qarşı soyqırımları haqqında tarixi faktları özündə əks etdirən kitablar və digər nəşrlərdən ibarət sərgi ilə tanışlıq olub.

Konfransın əvvəlində Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciətini oxuyub.

Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov çıxış edərək, son iki yüz ildə Azərbaycan xalqının başına gətirilən müsibətlərdən danışıblar. Çıxışlarda beynəlxalq elmi konfransın dövlətimizin başçısının “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamına əsasən təşkil olunduğu diqqətə çatdırılıb.

Beynəlxalq konfrans işini digər çıxışlarla davam etdirir.

Üç gün davam edəcək beynəlxalq konfrans 3 bölmə üzrə aparılacaq. Birinci bölmədə “1905-1906-cı illərdə Azərbaycan xalqına qarşı kütləvi qırğınlar”, “1917-1920-ci illərdə Azərbaycan xalqına qarşı soyqırımları”, “1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan SSR-in ərazisindən deportasiyası”, “1988-1991-ci illərdə azərbaycanlıların öz tarixi torpaqlarından – Ermənistan Respublikasının ərazisindən deportasiyasının başa çatdırılması”, “1991-1994-cü illərdə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, azərbaycanlılara qarşı soyqırımları və etnik təmizləmələr” istiqamətlərində məruzələr dinləniləcək.

Növbəti iki bölmədə isə məruzələr “1914-1920-ci illərdə Şərqi Anadolu, Urmiya, Salmas, Xoy bölgələrində türk-müsəlman əhaliyə qarşı soyqırımları”, “XX əsrdə Qafqaz, Volqaboyu və Mərkəzi Asiya xalqlarına qarşı soyqırımları və deportasiyalar mövzularında olacaq.

Beynəlxalq elmi konfransa aprelin 27-də yekun vurulacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video