Alternative content

01:44 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyasına dair yeni kitab işıq üzü görüb
AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyasına dair yeni kitab işıq üzü görüb
ANA SƏHİFƏ / Elm və texnika
01:04 25.04.2018

AMEA Gəncə Bölməsi, Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, Gəncə Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Həsənbala Sadıqovun “AXC-nin Gəncədə qəbul etdiyi hüquqi aktlar və onun tarixinin izahlı xronologiyası” adlı yeni kitabı çapdan çıxıb.

Kitabın müəllifi AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, yeni tədqiqat işi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə hazırlanıb.

AXC-nin yaranmasını tariximizin ən şərəfli hadisəsi kimi dəyərləndirən Həsənbala Sadıqov deyib: “Transqafqaz dövlətini və Seymini milli ziddiyyətlər dağıtdı. 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Azərbaycan Cümhuriyyətinin liderləri bilirdilər ki, onlar Tiflisdə uzun müddət qala bilməyəcəklər. Onlar ölkəyə sahib çıxmalı, bunun üçün də Bakını bolşevik ermənilərdən azad etməli idilər. Birbaşa Bakıya getmək mümkün deyildi. Ona görə də cümhuriyyət rəhbərləri dünya dövlətlərinə müstəqilliklərini elan edərkən paytaxt olaraq Gəncəni göstərirdilər. Azərbaycan Xalq Cümhuriyyəti 18 gündən sonra Gəncəyə gəldi. Azərbaycan Xalq Cümhuriyyətinin üç ay ərzində Gəncədəki fəaliyyəti tariximizin və dövlətçiliyimizin şanlı səhifələrindən birini təşkil edir”.

Tarix elmləri doktoru Azərbaycan Dövlət Arxivində işləyərkən Xalq Cümhuriyyətinin Gəncə dövrü hökumət dəftəxanasının sənədlərinə rast gəlib və bütün sənədlərin surətini hazırlandığı yerə - Gəncəyə gətirib. Arxiv sənədlərini araşdıran alim həmin sənədlərin təsnifatını və xronologiyasını hazırlayıb. Məlum olub ki, AXC-nin Gəncədə fəaliyyət göstərdiyi 1918-ci ilin 16 iyunundan sentyabrın 16-dək, ümumilikdə, idarəçilik haqqında 210-dək qanun və hüquqi akt qəbul edilib. Onları qruplaşdırdıqda bu sənədlərin həm də dövrünə görə çox mükəmməl qanunvericilik aktları olduğu üzə çıxıb. Bu da onu deməyə əsas verir ki, Xalq Cümhuriyyəti Gəncədə olduğu qısa müddətdə dövlətçilik üçün lazım olan əsas hüquqi aktları işləyib hazırlaya bilib.

Kitabın Xronologiya hissəsində müəllif çox maraqlı məsələlərə toxunub. Bildirilir ki, Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də süqut etməsinə baxmayaraq, cümhuriyyət ideyası uzun illər mübarizəsini davam etdirib. Necə deyərlər, “Cümhuriyyət süqut etdi, yaşasın cümhuriyyət!”.

Elə kitabdakı xronologiyanın da ən mühüm məziyyəti ondan ibarətdir ki, müəllif kitabın bu hissəsində vaxtilə Avropaya və Türkiyəyə mühacirət edən cümhuriyyət xadimlərinin fəaliyyətinə geniş yer ayırıb.

Qeyd edək ki, monoqrafiyada AXC-nin Gəncə şəhərində fəaliyyət göstərdiyi 3 ay müddətində qəbul etdiyi 200-dən artıq hüquqi sənəd sistemləşdirilərək xronoloji ardıcıllıqla oxuculara təqdim olunub. Nəşrdə çoxsaylı arxiv sənədlərinə, yerli və xarici mənbələrə istinad edilib.