Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Məclis ombudsmanın hesabatını qəbul etdi
Milli Məclis ombudsmanın hesabatını qəbul etdi
ANA SƏHİFƏ / PARLAMENT
01:04 24.04.2018

 

Milli Məclisin dünən keçirilən plenar iclasında bir sıra mühüm qanun layihələrinə əlavə və dəyişikliklər edildi və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi dinlənildi. 

Parlamentin Sədri Oqtay Əsədov 20 məsələnin daxil olduğu gündəliyi təqdim etdi.
Əvvəlcə “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası konstitusiya qanunu barədə sənəd səsverməyə çıxarıldı və ikinci səsvermə ilə təsdiqləndi. Sonra Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın illik məruzəsi dinlənildi.
E.Süleymanova bildirdi ki, illik məruzədə müvəkkilin Konstitusiyada və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, yerli özünüidarə orqanları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.
Həmçinin hesabatda sosial şəbəkələrdən istifadə zamanı özgə adlar altında qeydiyyatdan keçib cəzasızlıq mühitindən istifadə edərək başqalarının şərəf və ləyaqətinə xələl gətirən, işgüzar nüfuzunu ləkələyən ifadə, habelə audio və ya videogörüntülərdən istifadə hallarına yol verildiyi öz əksini tapıb. Sənəddə göstərilir ki, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və ya foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula, həmçinin informasiya texnologiyalarından şəxsi həyata, əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların açıqlanması üçün istifadə edilə bilməz.
“Odur ki, vətəndaşların şəxsi həyatına qanunsuz müdaxilələrin qarşısının alınması, onların şərəf və ləyaqətinin müdafiəsi hüququnun daha etibarlı müdafiəsi və pozulması hallarının qarşısının alınması məqsədilə informasiya texnologiyalarından, sosial şəbəkələrdən istifadənin hüquqi tənzimlənməsinə ehtiyac var”, - deyə E.Süleymanova qeyd etdi.
Müzakirələr zamanı çıxış edən deputatlar Tahir Kərimli, Əflatun Amaşov ombudsmanın hesabat məruzəsinin yaxşı hazırlandığını bildirməklə yanaşı, təkliflər də səsləndirdilər.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirdi ki, məruzədə ombudsmanın ümumi fəaliyyəti ilə bağlı dolğun məlumat əksini tapıb: “Müsbət haldır ki, bu dəfə görülən işlər digər illərdəki görülən işlərlə müqayisə edilərək təhlillər aparılıb. Çox təəssüf ki, bu fikirləri məruzənin “informasiya əldə etmək azadlığı” bölməsinə aid hissəsi ilə bağlı söyləyə bilmirəm. Görülən işlərdən söhbət açmaq əvəzinə burada ümumi xarakterli məlumatlar, təkrar tövsiyələr yer alıb. Mən ötən il müvəkkilin hesabatı müzakirə olunarkən bildirmişdim, yenə də həmin fikrimin üstündə qalıram: “Nə qədər ki ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq”.
Deputat dedi ki, söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir. Prezident İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdəki proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda müvəkkilin informasiya əldə etmək haqqında sənəddən irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür.
Müzakirələrdən sonra ombudsmanın hesabatı səsə qoyularaq qəbul olundu.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli “Peşə təhsili haqqında” qanun layihəsini üçüncü oxunuşda müzakirəyə təqdim etdi. Komitə sədri bildirdi ki, iki oxunuşda qeyd olunan təkliflər nəzərə alınıb və sənəd daha da təkmilləşdirilib. Qanunun qəbulunda məqsəd Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən etməkdir. Layihə 5 fəsil 26 maddədən ibarətdir. Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edildi.
“Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə də təsdiq olundu.
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli danışdı. Bildirildi ki, dəyişikliklərə əsasən, MİDA (Mənzil İnşaatı Dövlət Agentliyi) publik hüquqi şəxsin sərəncamına verilmiş torpaq sahəsində bu qurumun icazəsi alınmadan özbaşına tikinti aparmağa görə inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin rayon (şəhər) məhkəmələrinin aidiyyətinə verilməsi təklif edilir. Layihə səsə qoyularaq qəbul olundu.
Deputatlar Cinayət, İnzibati Xətalar və Vergi məcəllələrinə, “Dövlət qulluğu haqqında”, “Əmək pensiyaları haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İcra haqqında”, “Könüllü fəaliyyət haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə layihələrə də müsbət münasibət bildirdilər.
“Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi haqqında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. Bildirdi ki, layihə borclunun ləğv edilməsinə maksimum yol verməmək üçün sağlamlaşdırma tədbirlərinin tətbiqinə imkanlar və mexanizmlər yaratmaq məqsədilə hazırlanıb. Bu da iş yerlərinin saxlanmasına, ödəmə qabiliyyətinin bərpasına və kreditorların tələblərinin daha dolğun ödənilməsinə imkan yaradacaq. Layihə səsə qoyularaq qəbul edildi.
Sonda “Məşğulluq haqqında” yeni qanun layihəsi müzakirə olundu. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli yeni qanun layihəsini şərh edərək bildirdi ki, 5 fəsil 34 maddədən ibarət sənəd məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Layihədə “işsiz” və “işaxtaran” şəxslər anlayışları və yeni yanaşma əsasında hər iki kateqoriyadan olan şəxslərin statusları dəqiq müəyyən olunub. Belə ki, işsiz şəxs - işi və qazancı olmayan, işə başlamağa hazır olub, müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxs, işaxtaran isə müvafiq icra hakimiyyəti orqanına münasib iş üçün müraciət edən və işaxtaran kimi qeydiyyata alınan şəxs hesab edilib. Qüvvədə olan qanuna görə, işsiz statusu almayan şəxs işsiz şəxs deyil, işaxtaran hesab edilir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirdi ki, qanun layihəsi məşğulluq sahəsində ən vacib sənəddir. Əgər yeni qanun layihəsi qəbul olunarsa, işaxtaranlar işlə təminat və sosial məsələlərini həll etmək imkanı əldə edəcəklər.
Yeni qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi və bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Səbinə MƏMMƏDOVA,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”