22 Aprel 2018 01:04
274
Mədəniyyət
A- A+

Sosial epidemiya

 

Müasir dövrün sosial bəlasına çevrilən piratçılıq sərhəd tanımadan hər yerə ayaq açır

 

Zaman-zaman sosial-mədəni problem kimi gündəmə gələn piratçılıq müasir dövrün də sosial bəlasına çevrilib. Dünyanın bir çox ölkələrində əqli mülkiyyət hüquqlarının təminatı istiqamətində sərt qanunlar var, plagiata görə ciddi cəzalar tətbiq olunur. Amma bütün bunlara baxmayaraq, bu bəla sərhəd tanımadan hər yerə ayaq açır və bu gün də “yaşayır”. Bu proses Azərbaycanda da vaxtaşırı gündəmə gələn məsələlərdəndir.

 

XV əsrdə Almaniyada qısa zamanda məşhurlaşan “Gündəlik” kitabı və ilk pirat...

 

Söhbət müəllif hüquqlarından və ya piratçılıqdan gedirsə, öncə bunların nə olduğuna, necə ortaya çıxdığına və hansı əqli mülkiyyət subyektlərinə müəlliflik hüququnun verilməsinə diqqət yetirək. Belə ki, əqli mülkiyyət hüquqları əqli fəaliyyət nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquq sahiblərinə verilən müstəsna hüquqlardır. Müəlliflik hüququ isə əqli mülkiyyət sisteminin zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır.
Müəlliflik hüququ ilə qorunan obyektlər - ədəbi əsərlər, elmi nəşrlər, romanlar, poemalar, pyeslər, məlumat nəşrləri, qəzetlər və jurnallar, kompüter proqramları, məlumat topluları və multimedia məhsulları, filmlər və digər audiovizual əsərlər və s. ola bilər.
Aydın məsələdir ki, hər kəs özünə məxsus olana sahib olmaq, onu qorumaq və ya satmaq üçün hüquqi səlahiyyətə malikdir. Amma bəzən bu hüquq başqası tərəfindən məqsədyönlü şəkildə kobudcasına pozulur. Yəni, sənə məxsus olanı, yaradıcısı olduğun əqli mülkiyyəti kimsə mənimsəyir.
Yeri gəlmişkən qeyd edək ki, piratçılığın yaranma tarixi haqqında faktlar az və mübahisəlidir, amma onun rüşeyimini kitabçılıq ənənələrinin meydana gəlməsindən sonrakı dövrlərdə axtarmaq daha düzgün olar. Belə ki, XV əsrdə Almaniyanın Nürnberq şəhərində yaşayan Hartman Şedel 1493-cü ildə “Gündəlik” kitabını (Liber Chronicarum) çap etdirir. Kitab az bir zamanda məşhurlaşır. Onun belə bəyənildiyini görən Coan Şönsperger adlı bir mətbəəçi üç il sonra kitabın pirat çapını həyata keçirir. Bəzən bu kitaba ilk pirat çap kitabı deyirlər. Ümumiyyətlə, pirat kitabçılıq daha çox kitaba, mütaliəyə tələbatın sürətlə artdığı XX əsrdə geniş vüsət alıb və təəssüf ki, bu gün də ümumi bir bəla kimi özünü göstərməkdədir.

 

Azərbaycanda piratçılıq və ortaya çıxan mübahisəli məqamlar

 

Azərbaycanda isə piratçılıq ötən əsrin sonlarından daha geniş yayılmağa başlayıb. Hazırda gündəlik qəzet, jurnal, elektron mediada belə hallara tez-tez rast gəlinsə də, əsasən bədii ədəbiyyat nümunələrinin, kitab nəşrlərinin çapı zamanı piratçılıqla bağlı mübahisəli məqamlar ortaya çıxır. Piratçılar həqiqi müəlliflə müqavilə bağlanmadan, ümumiyyətlə, heç bir razılaşma olmadan, sadəcə, onun imzasını saxlamaqla (bəzən də imza qoyulmadan) kitabı çap və ya tərcümə edib satışa çıxarırlar. Bu zaman müəllifin hüquqları pozulmaqla yanaşı, ona əməyinə görə qonorar da verilmir. Nəticədə hüquqları pozulmuş müəllifin hesabına başqa bir şəxs rahat yolla həm pul, həm də hörmət qazanır.
Xalq yazıçısı, Azərbaycanda və dünyanın bir neçə ölkəsində dedektiv əsərlər müəllifi kimi sevilən Çingiz Abdullayev dəfələrlə bu halla qarşılaşdığını və onun Azərbaycanda özündən xəbərsiz bir neçə kitabının dərc edildiyini deyir: “Kitabımı çox pis vəziyyətdə məndən icazəsiz tərcümə edib tirajlamışdılar. Mənə xəbər çatandan sonra məsələ ilə bağlı birbaşa aidiyyəti quruma və Daxili İşlər Nazirliyinə müraciət etdim. Pirat nüsxələr yavaş-yavaş satışdan yığışdırıldı”.
Yazıçının sözlərinə görə, 300-500 nüsxə ilə çıxan kitabları yox, daha çox böyük tirajlı kitabları, məsələn, 40-50 min tirajlı nümunələri plagiat edib satırlar ki, böyük pullar qazansınlar. Ancaq hansısa kitabın bir hissəsi və ya bütöv şəkildə başqa şəxs tərəfindən mənimsənilərək öz adından çap olunması çox ağır cinayətdir və bu, böyük ölkələrdə daha çox baş verir. Azərbaycanda əsasən müəllifin imzasını saxlamaqla onun əsərini çap edib satırlar. Yazıçının sözlərinə görə, bu işdə digər aidiyyəti şəxslərlə bərabər, nəşriyyatların üzərinə də böyük məsuliyyət düşür, onlar çap etdiyi kitabların müəlliflərinə qonorar verməli, piratçılığın qarşısını almalı və müəllif hüquqlarının qorunmasını imkanları çərçivəsində nəzarətdə saxlamalıdırlar.

 

Oxucu bazarını pirat kitabçılar nəşriyyatlardan daha yaxşı öyrənirlər

 

Məsələ ilə bağlı bir neçə nəşriyyatla əlaqə saxladıq. “Qanun” nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirdi ki, nəşr etdikləri əqli mülkiyyət sübyektlərində müəllif hüquqlarını maksimum qorumağa çalışırlar. Müəllifin razılığı alınmadan nəşr olunan əsər pirat məhsul hesab olunur və hüquqi məsuliyyət yaradır: “Biz nəşr etdiyimiz kitabların icazəsini alır, sonra onu çap edib satışa çıxarırıq”.
Ş.Xuduoğlu əlavə etdi ki, çox zaman alıcılar piratla orijinalı ayırd edə bilmirlər. Ona görə bu istiqamətdə maarifçilik işlərinin aparılmasına ehtiyac var. Eyni sahədə çalışanların - naşirlərin bir araya gəlib bununla bağlı razılaşması daha optimal ola bilər.
“Mütərcim” nəşriyyatının rəhbəri, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının dosenti Əliş Mirzallının fikirlərinə görə, piratçılıq bir tərəfdən nəşriyyatların öz marketinq fəaliyyətini lazımi səviyyədə qura bilməməsi, digər tərəfdən də oxucuların, yəni, alıcıların bu istiqamətdə az məlumatlı olması ilə bağlıdır. O dedi: “Kitabların nəşriyyat-redaksiya proseslərini və çapını yüksək səviyyədə həyata keçirsələr də, bununla öz işlərini bitmiş hesab edir, kitabın sonrakı taleyi, hərəkətində, satışında elə də maraqlı olmurlar. Naşirlər nə oxucu bazarını öyrənir, nə də əksəri nəşriyyat işi sahəsində yeniliklərə maraq göstərirlər. Yalnız bir neçə nəşriyyat müstəqil nəşr layihələri ilə çıxış edir, öz kitablarının yayımını, ticarətini də özləri həyata keçirir və bilavasitə kitab satışından əldə etdikləri gəlirlə fəaliyyətlərini qururlar. Belə nəşriyyatlar az olduqları üçün də pirat kitabçılıqla lazımi səviyyədə mübarizə apara bilmirlər”.
Ə.Mirzallının qənaətinə görə, oxucu bazarını pirat kitabçılar nəşriyyatlardan daha yaxşı öyrənir, operativ surətdə onların təlabatlarını məhz pirat nəşrlərlə ödəməyə çalışırlar. Həm də bir qayda olaraq, pirat kitablar daha ucuz olduqları üçün oxucular bu kitabları daha çox alırlar.

 

Almaniyada plagiat az qala adam öldürmək qədər ciddi məsuliyyət yaradır

 

Dünya təcrübəsinə diqqət etdikdə əqli mülkiyətin bütün növlərinin, xüsusilə müəllif hüquqlarının qorunması istiqamətində çox ciddi icra mexanizimlərinin şahidi oluruq. Ekspertlərin qənaətinə görə, inkişaf etmiş ölkələrdə müəllif hüquqlarının qorunmasında işlək hüquq normaları ilə yanaşı, maarifçilik güclüdür, istifadəçilər orijinalla oğurluq məhsulu müəyyən edə bilirlər və belə olan halda, təbii ki, orijinala üstünlük verirlər. Ümumilikdə isə əqli mülkiyyətin oğurlanması, müəllifdən icazəsiz istifadə, bir misranı belə çap etmək ciddi məsuliyyət yaradır. Bu, böyük məbləğdə cərimələrdən əlavə, hətta azadlıqdan məhrumetmə ilə nəticələnə bilir. Ona görə bir müəllifin kitabını kimsə götürüb öz adından dərc etmək və ya müəllifin adını saxalamaqla icazəsiz tirajlaması böyük risk hesab olunur. Nümunə kimi Almaniya, Fransa, İngiltərə, Hollandiya, Çexiya, Rumuniya, Rusiya və başqa qabaqcıl ölkələrin adlarını sadalamaq olar. İlk pirat kitabının çap olunduğu Almaniyada bu gün pirat nüsxə çap etmək az qala, adam öldürmək qədər ciddi məsuliyyət yaradır...

 

Ölkəmizdə piratçılıqla necə mübarizə aparılır

 

Bəs, Azərbaycanda piratçılıqla necə mübarizə aparılır və qanun nə deyir?
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsinə əsasən, müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və (qanunda nəzərdə tutulan hallar istisna olmaqla) onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır.
Qəbul olunan dünya praktikasına və Azərbaycan qanunvericiliyinə uyğun olaraq müəlliflik hüququ və əlaqəli hüquqların müdafiəsi Azərbaycan Respublikasının məhkəmə orqanlarının səlahiyyətlərinə aiddir. Hüquqların müdafiəsinə dair müddəalar müəlliflik hüququ qanunu ilə yanaşı, mülki, mülki-prosessual, cinayət məcəllələrində, habelə inzibati hüquq pozuntuları məcəlləsində öz əksini tapıb. Hər hansı bir müəllif piratçılıqla qarşılaşdığı zaman özünün orijinal əsərini və plagiat hesab etdiyi nüsxələri aidiyyəti agentliyə təqdim edə və ya birbaşa məhkəməyə müraciət edə bilər.
Ümumilikdə isə ölkəmizdə bir çox vacib sahələr sırasında əqli mülkiyyət istiqamətində dövlət siyasəti, yaradıcı, əqli əməyə ictimai münasibət mövcuddur. Eyni zamanda, qanunda əksini tapdığı kimi, əqli mülkiyyətin hər hansı istifadə forması sahibi tərəfindən təsdiq olunmalıdır. Əks halda, bu, hüquqların tapdanmasına gətirib çıxarır.

 

Naşirlər və ekspertlər çıxış yolu göstərirlər

 

Piratçılıqla mübarizə metoduna və çıxış yoluna gəldikdə isə beynəlxalq təcrübəyə əsaslanaraq naşirlərın və ekspertlərin gəldikləri qənaət budur ki, pirat məhsulların nəşri ilə mübarizə kompleks şəkildə aparılmalı, hüquq-mühafizə orqanları bu istiqamətdə daha çox diqqət göstərməlidirlər.
Nəzarət işarələri yaratmaq, məsələn, kitabların üzərinə holoqram yapışdırmaq, qanunun sərt tələblərini tətbiq etmək, eyni zamanda, piratın yarana biləcəyi mənbələrə kompleks nəzarəti həyata keçirmək müsbət nəticə verə bilər. İstənilən halda, ən böyük iş yenə də nəşriyyatların, kitab yayıcılarının üzərinə düşür. Nəşriyyatlar pirat kitabçılıqla birliklər, assosiasiyalar səviyyəsində mübarizə aparmalıdırlar. Bundan əlavə, pirat kitablar haqqında məlumat vermək üçün “qaynar xətt”lərin fəaliyyət göstərməsi müsbət nəticə verə bilər.
Bütün bunlarla yanaşı, işin digər ən vacib tərəfi isə maarifləndirmənin gücləndirilməsidir. Məlumdur ki, pirat kitabçılar nüsxələri daha çox və tez satmaq üçün kitab istehsalı tələblərini, hətta sanitar-gigiyena normalarını belə pozurlar. Ona görə oxuculara pirat kitabların bir çox hallarda sağlamlığa zərərli olduğu və s. haqqında müfəssəl məlumat verilməlidir. Qeyd edək ki, müasir dövrdə hər il 23 aprelin Dünya Kitab və Müəllif Hüquqları Günü kimi qeyd olunması da maarifləndirmə tədbirlərindən biri olaraq xüsusi əhəmiyyət kəsb edir.
Bir sözlə, piratçılıq təkcə qanun pozuntusu yox, həm də etika məsələsidir. Hansı sahə olmasından asılı olmayaraq, uğur qazanmaq üçün başqasının əməyini mənimsəmək yox, zəhmət çəkmək, özünə güvənmək lazımdır. Onda nə etik qaydalar tapdanar, nə də qanun pozuntusu olar...

 

Elnur HADIYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video