Alternative content

08:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qazaxda xalq şairi Məmməd Arazın poeziya günü keçirilib
Qazaxda xalq şairi Məmməd Arazın poeziya günü keçirilib
ANA SƏHİFƏ / Mədəniyyət
01:04 22.04.2018

 

Özünün fəlsəfi düşüncələri ilə bu dünyanın heç kimə məxsus olmadığını poeziyanın dili ilə deyən və buna görə insanları düzgün əməl sahibi olmağa çağıran xalq şairi Məmməd Araz poeziyası bütün dönəmlərdə aktual olub. Onun qələmindən çıxan hər kəlmə söz qədirbilən xalqın ürəyindən xəbər verib. O xalqın ki, şairin xatirəsinə həmişə ehtiram göstərib, onun adını uca tutur.

Üç ildir ki, şairin doğum günü ərəfəsində poeziya günləri keçirilir. Bu il poeziya günləri şairlər vətəni Qazaxdan start götürdü. Aprelin 20-də rayonda əsl təntənə yaşandı. Tanınmış şairlər, alimlər, eləcə də poeziya həvəskarlarının iştirakı ilə keçirilən tədbir ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda ulu öndərin abidəsinin ziyarəti ilə başladı. Abidə önünə gül dəstələri qoyuldu, dahi rəhbərə ehtiram nümayiş etdirildi. Sonra tədbir Gənclər Mərkəzində xalq şairinin öz ifasında səslənən şeirlə davam etdirildi.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Azərbaycan Yazıçılar Birliyinin dəstəyi ilə keçirilən poeziya gününü Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açaraq Məmməd Arazın Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə, sənətkarlıq qüdrətinə görə özünəməxsus yeri və mövqeyi olan görkəmli söz ustadı olmasından danışdı. Qeyd etdi ki, dərin məzmunlu, oxunaqlı şeirlərilə Məmməd Araz vətəndaş qeyrətli ədəbiyyat nəhəngidir. O, həm də milli azadlıq ideyalı əsərlərilə istiqlal şairi olaraq əbədi şöhrət qazanıb. “Məni şeirimdə gəz bir insan kimi, Qəlbimdə nə varsa onu demişəm. Anadan-bacıdan gizlətdiyimi Kağızdan, qələmdən gizlətməmişəm” deyən şair səmimi və zəngin  yaradıcılığa malik olub. Onun sənət dünyasında vətən müqəddəsliyi, xalq və el məhəbbəti bədii yaradıcılığının mərkəzində dayanıb.

Rəcəb Babaşov onu da diqqətə çatdırdı ki, xalq şairi Məmməd Araz hələ sağlığında ulu öndər Heydər Əliyevin qayğısı ilə Azərbaycanın əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi, xalq şairi fəxri adlarına layiq görülmüş, Dövlət mükafatı almış, “İstiqlal” ordeni ilə təltif olunmuşdur.

Sonra Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal Məmməd Araz yaradıcılığının və şeirlərinin Azərbaycan ədəbiyyatındakı rolundan, eləcə də şairin yaradıcılığında vətən sevgisindən, vətənpərvərlik mövzularında yazdığı əsərlərdən söz açmışdır. 

Azərbaycan Yazıçılar Birliyinin üzvü Qardaşxan Əzizxanlı çıxış edərək Azərbaycan ədəbiyyatında çoxcəhətli və zəngin ədəbi irsinə görə özünəməxsus yeri və mövqeyi olan Məmməd Arazın həyat və yaradıcılığından danışmış və qeyd edilmişdir ki, onun şeirlərinin hər sətrində, hər misrasında vətənə məhəbbət ifadə edilir. Onun fəlsəfi düşüncələrini əks etdirən bütün şeirləri vətənlə başlayıb, vətənlə bitir.       

Sonra xalq şairi Məmməd Arazın anadan olmasının 85 illiyi ilə əlaqədar Qazax rayonunun Daş Salahlı, Orta Salahlı, Aşağı Salahlı, Sarıvəlli, Birinci Şıxlı, İkinci Şıxlı, Kommuna, Çaylı, Qazaxbəyli kənd, həmçinin şəhər orta məktəblərinin şagirdləri arasında keçirilən müsabiqənin qalibləri elan edilmişdir. Şagirdlər şairin yaradıcılığından nümunələr səsləndirdikdən sonra qaliblərə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təsis etdiyi diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur. 

Əməkdar artitslər Nuriyyə Hüseynova və İlkin Əhmədovun, eləcə də qazaxlı aşıqların ifasinda səslənən musiqi nömrələri tədbirə xoş ovqat qatmışdır.

 

Sabir ƏLİYEV,

 “Azərbaycan”