21 Aprel 2018 01:04
575
PARLAMENT
A- A+

Hərbi vəziyyətlə bağlı qanunvericilik təkmilləşdirilir

 

Aprelin 20-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi və İctimai birliklər və dini qurumlar komitəsinin birgə iclası keçirildi.

Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov gündəlikdəki 16 məsələnin müzakirəyə çıxarıldığını bildirdi və qanun layihələri haqqında qısa məlumat verdi.
Bildirdi ki, Konstitusiyanın 111-ci məddəsində hərbi vəziyyətin tətbiq olunma əsasları göstərilib, eyni zamanda “Hərbi vəziyyət haqqında” qanunda konkret müddəalar təsbit olunub. Müzakirəyə çıxarılan layihələrdə həmin qanunun tətbiqi, eyni zamanda digər qanunvericilik aktlarına əlavə və dəyişikliklər nəzərdə tutulub. Məqsəd “Hərbi vəziyyət haqqında” qanunvericiliyin təkmilləşdirilməsidir.
Gündəlikdə olan ilk məsələ - “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi idi. İnzibati Xətalar Məcəlləsinin 33.1.6-cı maddəsinə görə, inzibati xətanın təbii fəlakət və ya başqa fövqəladə şəraitdə törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal sayılır. 2017-ci il 14 fevral tarixində “Hərbi vəziyyət haqqında” qanun qəbul edildikdən sonra inzibati xətanın təbii fəlakət və ya başqa fövqəladə şəraitdə törədilməsindən əlavə hərbi vəziyyət dövründə də törədilməsi inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar siyahısına aid edilir. Həmçinin İnzibatı Xətalar Məcəlləsinin 89.3 və 89.6-cı maddələrinə olunmuş dəyişikliyə görə, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş ərazidən əlavə, hərbi vəziyyət elan olunmuş ərazi də göstərilir. Həmçinin “Hərbi vəziyyət haqqında” qanunun 26-cı maddəsinin tələbini təmin etmək məqsədilə İnzibati Xətalar Məcəlləsinə hərbi vəziyyət rejiminin tələblərinin pozulmasına görə məsuliyyət nəzərdə tutan yeni 517-2-ci maddə əlavə olunur.
“Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə” və “Əmək Məcəlləsində dəyişikliklər edilməsi barədə” qanun layihələrinə texniki dəyişikliklər təklif olunur. Əmək Məcəlləsində nəzərdə tutulan dəyişiklik hərbi vəziyyətin tətbiqi ilə bağlı olaraq iş rejiminin dəyişdirilməsi, əmək məzuniyyətindən istifadə və ya məzuniyyətin başqa vaxta keçirilməsi ilə bağlıdır.
Deputatlar qanun layihələrinə təklif olunan əlavə və dəyişiklikləri müsbət qiymətləndirdilər.
Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliyə görə isə “Hərbi vəziyyət haqqında” qanuna uyğun olaraq Azərbaycan vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin ölkəyə gəlməsi və ölkədən getməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna təklif olunan dəyişikliyin mahiyyəti isə müharibə şəraitində abidələrin qorunması və təxliyə olunması ilə bağlıdır.
“Üzümçülük və şərabçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsinə edilən dəyişiklik də hərbi vəziyyətlə bağlı sənədə uyuğunlaşdırma məqsədi daşıyır. Təklif olunan dəyişikliyə əsasən alkoqollu içkilərin satılmasının xüsusi rejimi müəyyən oluna bilər.
“Həmkarlar ittifaqı haqqında”, “Xidməti və mülki silah haqqında” və “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihələrinə də təklif olunan əlavə və dəyişikliklər hərbi vəziyyətlə bağlı idi.
“Kütləvi informasiya vasitələri haqqında”, “Televiziya və radio yayımı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə təklif olunan dəyişikliyə görə isə, hərbi vəziyyətlə bağlı KİV materialları, teleradio verilişləri hərbi senzuradan keçirilə, habelə hərbi vəziyyət tətbiq edilən ərazidə KİV-in xüsusi fəaliyyət rejimi tətbiq edilə bilər.
Müzakirəyə çıxarılan vacib qanun layihələrindən biri də “Müdafiə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanun layihəsi idi. Belə ki, eyni adlı qanunun 5-ci maddəsinin ikinci hissəsinin 12-ci abzasına müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti hərbi vəziyyət haqqında qanuna uyğun olaraq hərbi dövrün dövlət idarəçilik orqanlarını yaradır və ləğv edir.
“Hərbi vəziyyət haqqında” qanunun 17.2-ci maddəsinə müvafiq olaraq cəbhəboyu zonanın (ərazinin) hüdudları və hərbi idarəetmə orqanlarının səlahiyyətləri hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə müəyyən edilir. “Hərbi vəziyyət haqqında” qanunun 6-cı maddəsi hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanının təsdiq edilməsi məsələlərini nəzərdə tutur.
Gündəlikdə olan digər 3 məsələ - “Siyasi partiyalar haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Sərbəst toplaşma azadlığı haqqında” qanunlarda dayişikliklər edilməsi barədə qanun layihələri haqqında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verdi. Komitə sədri vətəndaşların təhlükəsizliyinin bu gün Azərbaycan dövləti qarşısında duran birinci məsələ olduğunu vurğuladı. Bildirdi ki, vətəndaşın təhlükəsizliyinin təminatından sonra onun birləşmə, sərbəst toplaşma və digər hüquqlarını təmin etmək olar. Bu baxımdan hər üç qanun layihəsinə edilən əlavə və dəyişikliklər çox vacib və əhəmiyyətlidir. Layihələrdəki müddəalar fövqəladə və hərbi vəziyyət zamanı vətəndaşların birbaşa təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır.
Qanun layihələrinə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı çıxış edən deputatlar gündəlikdəki məsələlər barədə fikir və təkliflərini səsləndirdilər. Müzakirə olunan bütün məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Elnur HADIYEV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video