Alternative content

10:38 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kvant fizikası, yaxud Nəsimini niyə soydular
Kvant fizikası, yaxud Nəsimini niyə soydular
ANA SƏHİFƏ / Elm və texnika
12:04 21.04.2018

 

Bir qədər göylərə, səmanın dərinliklərinə yüksəlib yaz xonçası kimi baharla çiçəkləyən dünyanı seyr edəndə ağlına qəribə sual gəlir ki, Nəsimi nə böyüklükdə idi ki, iki belə cahana sığmadığını kədərli bir misra ilə hayqırdı, “həqq mənəm” - dedi, edam ediləcəyini, dərisinin soyulacağını bilə-bilə inadından dönmədi. 

Amma Nəsimi istisna deyildi. Ümumiyyətlə, bəşəriyyət yaranışından dünyanı və kainatda öz missiyasını anlamağa məhkum edilib. Məhz bu iki əsas dəyər üstündə müxtəlif sivilizasiyalar minilliklərdir ki, elmin və fəlsəfənin insan missiyasına dair vacib suallarına cavab axtarır, kəşflər edir. Əməllərinin çəkisinə görə qövmlər qeyb olur, sivilizasiyalar Yer üzündən silinir və yeniləri ilə əvəz edilir. Hətta Yaradanın özü belə, elçilərini insanlara göndərir, Dərgahından düz yol göstərən səmavi kitabları nazil edir.
Sonuncu sivilizasiya antik dövrdən üzü bəri fəlsəfənin və elmin müxtəlif istiqamətlərini yenidən öyrənir, insanın öz daxili aləmi, ətrafı və kainatla əlaqələrini araşdırır, müəyyən qənaətlərə gələrək, suallara cavab tapır, təkərdən topa kimi çoxsaylı ixtiralar edir.
Sonuncu yüzillik isə bəşər tarixinə ağlasığmaz və dahiyanə kəşflərin uzun siyahısı ilə həkk olunaraq min illiklərin tapıntılarını dəyərdən salır. Nə baş verir? Niyə uzun əsrlər boyu bəşər övladının üzünə xəsis baxan kəşflərin qapısı qəfildən taybatay açılır?
Əsrlər boyu əlimizdən tutan mövcud Nyuton fizikasının əsasən Yer kürəsi ilə bağlı olduğundan fəzavi sirlərin əksəriyyətinə cavab tapmaqda acizlik çəkir. Təşəbbüs yeni fizikanın əlinə keçir. Ötən əsrin əvvəlindən müxtəlif ölkələrdə alimlər kvant fizikasını kəşf edir, mikroaləmlə makroaləm arasında uyğunluqlara söykənən kvant mexanikasını, sahənin kvant nəzəriyyəsini üzə çıxarırlar. Beləliklə, kvant mexanikası, sahənin kvant nəzəriyyəsinin nüvə fizikası, elementar hissəciklərin fizikası, yüksək enerjilərin fizikası, statistik kvant fizikası, bərk cisimlərin kvant fizikası, kvant optikası kimi yeni elmlər inkişaf edir. Maks Plank, Albert Eynşteyn, Ervin Şreydinqer, Lui de Broyl, Pol Dirak, Nils Bor, Maks Born və onlarca digər alim bu elmin müxtəlif sahələrinə ciddi töhfələr verib, kainatın təsəvvür edilməsi mümkün olmayan sirlərini açıblar.
Yalnız 2016-cı ildə edilən bir neçə kəşfi nəzərdən keçirək. Zamanla məkanda cazibə dalğaları tapılır (bunun üzərində dünyanın 80-dən artıq elmi-tədqiqat institutu çalışır); yaxın ulduz sistemində Yerə bənzər səthində su olan ekzoplanet kəşf edilir; kvantomexaniki dolaşıqlıq; yeni optik qurğuların yaradılmasında inqilab edən möcüzəvi material və atom saatları kəşf edilir; Avstraliya alimləri kvant kompüterlərini, almanlar cəmi bir atomdan ibarət istilik mühərrikinin prototipini yaradırlar. Nəsə anladınızmı? Axı, necə ola bilər ki, cəmi bircə atom istilik mühərriki kimi işləyə bilsin? Belə mühərrikin gövdəsi, porşenləri, dirsəkli valını bircə atoma sığışdırmağa təxəyyülünüzün gücü çatarmı?
Asan məsələ deyil! Sadəcə, dərk etmək lazımdır ki, artıq bizim sivilizasiya hələ insanların çoxunun dərk etməkdə çətinlik çəkdiyi yeni, kainatın sirlərinin aramsız və böyük sürətlə açıldığı eraya qədəm qoymuşdur. İndinin gəncləri ilə orta yaşlı nəsil arasında artıq 20 illik yox, əsrlərlə ölçülə bilən fərqlər mövcuddur.
Elmi tapıntılar artıq fərqli münasibətlər qurur, fərqli həyat tərzinə yollar açır. Bu kəşflərdən ən vacibini nəzərdən keçirək. İnsan genomunu özündə birləşdirən DNT molekullarında canlı orqanizmlərin böyüməsi, inkişafı və s. haqqında bütün bioloji informasiyalar kod şəklində yerləşir. Fərdin bütün hüceyrələrində (dırnaqdan, tükdən, sümükdən götürülən nümunələrdə) DNT quruluşu eynidir və nəsildən-nəslə ötürülmə qabiliyyətinə malikdir. İnsanın istənilən hüceyrəsində onun keçmişi, kökü, genetik yaddaşı ilə bağlı geniş və səlis məlumatlar mövcuddur. Bu kəşf öz növbəsində daha böyük ixtiralara qol-qanad verdi. Kiçik bir hüceyrədə nəhəng məlumatların yerləşməsinin tapılması böyük binaya sığmayan kitabxanaları bir çipsə yerləşdirməyə imkan verdi. İlk dəfə yaranan və bir neçə otağa sığmayan adi elektron hesablama cihazları ən mürəkkəb hesablamaları aparan kiçik kompüterlərə sığışdırıldı. İntellektual beyin yaradıldı. Yəni, kvant fizikası kainatın min illiklər boyu insanlara bağlı sirlərinin qapısını bəşəriyyətə taybatay açdı!
Artıq daha nələrin kəşf ediləcəyinə biz yaşlılar heyrətləndiyimiz qədər də qorxuruq, ehtiyatlanırıq və vahimələnirik! Amma gənclər ehtiyatlanmaq əvəzinə, cəsarətlə bu kəşflərin dərinliyinə gedir, onların mahiyyətini anlamağa səy göstərir. Mikroaləmlə makroaləmi araşdıran tədqiqatçılar böyük qalaktikalarla kiçik bir hüceyrə arasında oxşar məqamları tapır, kainatla insan varlığı arasında bənzərliklərdən doğan kəşflərə qol-qanad verirlər. Bütün kəşflərin əmması onların Qərbdə elan olunması, orada tətbiq edilməsidir. Amma Çin milyarderi Cek Ma belə sayır ki, Qərb dəqiq elmlərin inkişafında irəli getsə də, Şərq müdrikliyi ilə öndədir və saysız hesabsız ideyaların sahibidir. Cekə görə, Şərq ideyası Qərbin dəqiq elmlərindən daha vacibdir, inkişaf üçün daha zəruridir.
Zahirən Qərb ölkələri elmi araşdırmaların, kəşflərin önündədir, dünyanın ən güclü elm ocaqları, tədqiqat mərkəzləri, böyük elmi laboratoriyalar Qərb ölkələrindədir. Amma elə amerikalı tədqiqatçılar belə hesab edir ki, dünyanın bütün ölkələrindən ağıl və intellektual mülkiyyət sahiblərinin inkişaf etmiş ölkələrə daşınması baş verir. Heç vaxt Şərqdən gedən alimlərin Qərbdə hansı kəşfləri etdiyini tam aydınlaşdıra bilməyəcəyik, çünkü bir çox hallarda bu ixtiralar pulla alınır, bir çox hallarda nəhəng şirkətlərin adına qeydiyyata salınır. Yalnız Azərbaycanın Lütfi Zadəsini yada salaq. Bir də bu yaxınlarda yağışdan enerji alan qubalı qızın ABŞ Prezidentinin qızının qəbul etməsini xatırlayaq. Bu bizdə rəğbət və fəxarət doğurur, lakin ABŞ aparacaq, ona şərait yaradacaq, kəşflərindən milyonlar qazanacaq! Ona görə də Qərb ölkələri mahiyyət etibarı ilə dünyanın intellektual mizan-tərəzisini pozur, digər ölkələrin intellektual bazarını talayır, dilənçi gününə qoyur.
Lakin bütün bunları bir kənara qoyub əsas mövzuya kvant fizikasının kəşflərə verdiyi təkanlara qayıdaq. NATO DNT ilə bağlı maraqlı bir təcrübə aparır. İnsanın DNT nümunəsi özündən 30, 50, 100 metr aralıda yerləşdirilir və adamın gərgin, əsəbi və sakit durumuna bu nümunələrin necə reaksiya verəcəyi yoxlanılır. Nəticələr gözlənilməz olur: nümunələrin hansı məsafədə yerləşməsindən aşılı olmayaraq onlar anındaca, işıq sürəti ilə təcrübədən keçirilən insanın əhvalına uyğun gələn quruluşu alırlar. Yəni, DNT 100 metr aralıda olsa da, onun sahibi ilə əlaqəsi kəsilmir. Yadıma şəkər xəstəliyindən ayağı kəsilən qohumumuzu yoluxmağımız düşür. Haran ağrıyır sualına cavab verəndə ayağı olmayan yeri göstərib gileyləndi ki, kəsilib atılan ayağının dizi və topuğu olan yerdəki ağrılar ona əzab verir, incidir. Belə çıxır ki, insanın hətta kəsilib atılan bədən üzvü ilə də əlaqəsi mövcuddur!
Ana övladının başına gələn faciəni dünyanın harasında olursa-olsun, anındaca hiss edir. Bir-birini həddən ziyadə çox sevənlər də yaxında və uzaqda olmalarından asılı olmayaraq sanki bir bədəndə yaşayırmış kimi eyni əhval-ruhiyyədə olurlar. Onlardan biri dünyasını dəyişəndə o birinin də yaşaması çox çətin olur.
DNT ilə bağlı təcrübələrə NATO xitam versə də, alimlər araşdırmalarını sərbəst davam edir və DNT nümunələrini artıq insandan 350 milədək daha uzaq məsafələrə yerləşdirirlər. Nəticə dəyişmir! Məsafədən asılı olmayaraq insanın əhvalında baş verən istənilən dəyişikliyə uyğun DNT nümunələri işıq sürəti ilə dəyişirlər.
Bunun izahı varmı? Kvant fizikasının dalğa nəzəriyyəsinə görə bütün fiziki cisimlər insandan tutmuş, ağaca, daşa və hətta uzaq ulduzlaradək işıq sürəti ilə enerji dalğalandırır. Eyni zamanda, kainatda mövcud olan bütün cisimlərin insan qarışıq hamısının arasında sıx bir bağlılığın mövcudluğunu da elmin digər sahələri təsdiq edir. Yazının əvvəlində cahana sığmadığından gileylənən Nəsimini xatırlayaq. Kvant fizikası insanın ölçülərinin şüalandırdığı enerjinin çatdığı ünvana qədər böyük ola bildiyini deyir. Bizə sadəcə, Nəsimi dühası qarşısında baş əymək qalır.
Bütün səmavi kitabların və müasir elmlərin gəldiyi qənaət belədir ki, insanın da missiyası müsbət enerjini yaymaq, xeyirxah əməllərin sahibi olmaqdır. Əgər o, bu vəzifəni yerinə yetirmirsə, kainatın harmoniyasının əleyhinə gedirsə, cəzasız qalmır. Bəşər tarixində dünyanın dəfələrlə sulara qərq olması var. Kainatın bizə sirr kimi bağlı qalan qanunları bəşəriyyət yolunu azanda, kütləvi əxlaqsızlıqlar baş alanda, insani münasibətlər heyvani hisslərə, ehtirasa qurban veriləndə sular qəzəblənir, vulkanlar püskürür ləyaqətini itirən şəhərlər, qövmlər, sivilizasiyalar Yer üzündən silinir. Əxlaqsızlığın zirvəyə çatdığı Pompey şəhərini Vezuvi vulkanının necə məhv etməsini, Lut peyğəmbərin qövmünə və bir neçə il bundan əvvəl Hind okeanı sahillərindəki əxlaqsızlıq yuvaları çiçəkləyən yaşayış məskənlərinə okeanın qəzəblə kəsdiyi cəzaları yada salaq.
Tanrı insana kainatda ən müqəddəs vəzifəni ayırmışdır. Elm onu da sübut edir ki, insan nəinki öz həyatını yaxşılıqlara dəyişmək, həmçinin bütün kainata təsir etmək gücünə malikdir. Biz insanları dahilərə və sıravilərə bölürük. Amma elm insan beynində ideyalara, onların yaranmasına nəzarət edən ayrıca bir sahənin mövcud olmasını inkar edir. Belə çıxır ki, insanlara nə gəlirsə, nə verilirsə qeybdən gəlir. Yetər ki, sən aramsız olaraq Yaradandan istəməyi və arzun barədə düşünməyi bacarasan. Cəhdlərin mükafatsız qalmayacaq. Yəni, əsas ideyalarla bağlı məlumatlar insana kənardan - dini nöqteyi-nəzərdən izah etsək, Allahın dərgahından göndərilir.
Kvant fizikasının maraqlı bir cəhəti də odur ki, o, sanki elmlə mistika, kəşflərlə əfsanələr arasında bir körpüyə çevrilir. Tanrı bütün yaratdıqlarını “ol” deyərək sıfır boyda nöqtədən - yoxdan yaradıb. Amma o, insan üçün əziyyət çəkib, onu saxsı kimi səs verən palçıqdan yoğurub, öz nəfəsi ilə həyat verərək onu bütün yaratdıqlarından gözəl və mükəmməl yaradıb.
Müqəddəs kitabımızda deyilir ki, Rəbbimiz bizə şah damarımızdan daha yaxındır. Həqiqətən də əgər Yaradan bizə nəfəsiylə həyat bəxş edibsə, vücudumuzda ondan nəsə qalmalıdır, onun ruhundan hopan kiçicik kvant dalğası boyda gözəgörünməz bir şey olmalıdır. Biz bunun nə demək olduğunu anlamalıyıq.
Tanrı kainatı, fəzaları yorulmadan, gileylənmədən təkbaşına idarə edir. O, heç zaman təkliyndən gileylənmir, amma insan təklikdən sıxılır, əzab çəkir. Yaradan təkliyinə güvənir, insan da təkliyinə möhtəşəm bir qüvvə kimi güvənərək işində, ailəsində, vətənində xarüqələr yaratmaq gücünə qadirdir. Biz elə bilirik ki, elə gördüyümüz boyda, gördüyümüz ölçüdəyik. Kvant fizikası isə bizim təbii ölçülərimizin dalğalarımızın yayıldığı sahə qədər olduğunu deyir. Bu nə qədər fantastik görünsə də, insanın fəzaların dərinliyindən güc almasını, dünya düzəninə təsir etməsini təsdiqləyən minlərlə fakt mövcuddur. İmadəddin Nəsimi isə bu gücə, tənhalığa güvənib yaşamağın əzəmətini əsrlər öncə hiss etmişdi. O, yalnız bir “məndə sığar ikən cahan, mən bu cahana sığmazam”, ya da ki, “məndə sığar iki cahan, mən bu cahana sığmazam” misrası ilə insanın intəhasız olmasını XIII əsrdə kəşf etmişdi. Böyük şair və mütəfəkkir “məndədir həqq, ən-əl həqq mənəm” deyəndə Allahı və onun böyüklüyünü inkar etmirdi. Əksinə, o, bununla Yaradanın bəşər övladına bəxş etdiyi qeyri-adi gücü və imkanları anladığını büruzə verirdi. Beləliklə, Yaradanın insanı necə mükəmməl və intəhasız yaratdığını dərk etdi və onu dərk etməyənlərin əlindən ölümü məhəbbətlə qəbul etdi.

Bahadur İMANQULİYEV,
“Azərbaycan”