Alternative content

18:31 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “UPBA Bakı-2018” konfransı başa çatıb
“UPBA Bakı-2018” konfransı başa çatıb
ANA SƏHİFƏ / Elm və texnika
09:04 20.04.2018

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) ev sahibliyi ilə keçirilən, Universitet Prezidentləri Beynəlxalq Assosiasiyasının (UPBA) “Qloballaşma və ali təhsildə yeni meyarlar” mövzusunda ikigünlük konfrans aprelin 20-də işini panel müzakirələrlə davam etdirib.

ADNSU-dan AZƏRTAC-a bildirilib ki, “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadənin moderatorluğu ilə “Sosial məsuliyyət və bilik transferi: Universitet və sənaye əməkdaşlığı” mövzusunda keçirilən ilk paneldə “BP Azerbaijan” şirkətinin xarici əlaqələr və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli təmsil etdiyi qurum və onun yerli universitetlərlə əməkdaşlığı haqqında məlumat verib. Elmin və texnologiyanın intensiv inkişaf etdiyini vurğulayan vitse-prezident tələbələrin dördillik ali təhsillə kifayətlənməyib özlərini inkişaf etdirə bilmələri üçün təhsil sisteminin geniş imkanlar yaratmalı olduğunu deyib.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev fondun elmə töhfə verə biləcək bütün yeni fikirlərə açıq olduqlarını qeyd edib. Təcrübə mübadiləsinin önəmindən danışan E.Babayev Stenford, ODTU kimi ali məktəblərin təcrübələrinin nümunə kimi universitetlərimizdə tətbiq edilməli olduğunu vurğulayıb.

“Microsoft Azerbaijan” şirkətinin nümayəndəsi Qaçay Mirzəyev təmsil etdiyi şirkətin müasir biliyin, texnologiyanın Azərbaycana gətirilməsində və eyni zamanda, istedadlı və maraqlı fikirləri olan gənclərin ölkə xaricində təhsil almasında dəstək göstərdiyini deyib.

“Azərbaycan Gənclərinin Nailiyyəti” təşkilatının icraçı direktoru Sevinc Əmirova–Məmmədovanın moderatorluğu ilə “Ali təhsildə bərabərlik: təkliflər və imkanlar” mövzusunda keçirilən növbəti paneldə BMT-nin İctimaiyyətlə Əlaqələr Departamenti direktorunun müavini Ramu Damodaran təhsildə qadınların rolundan və nailiyyətlərindən bəhs edib.

Azərbaycan Respublikası Təhsil İnstitutunun Ali Təhsildə İnkişaf Departamentinin direktoru Anar Nağıyev sovet dövründən sonra ölkənin təhsil sistemində baş verən dəyişikliklər və yeniliklər haqqında geniş məlumat verib.

DAAD mübadilə proqramı haqqında məlumat verən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakı Məlumat Mərkəzinin rəhbəri Ştefani Düfo əsas məqsədlərinin tələbələrə Almaniyada keyfiyyətli təhsil və tədqiqat imkanları yaratmaq olduğunu vurğulayıb.

ABŞ-ın Lihay Universitetinin dosenti, professor Cill Sperandio belə dialoqların elmin inkişafında böyük rol oynadığını və müsbət nəticələrin əldə edilməsində faydalı olduğunu bildirib.

Sonda çıxış edən UPBA-nın prezidenti Kaxa Şengeliya ADNSU-nun rektoru, professor Mustafa Babanlıya və tədbirin təşkilatçılarına təşəkkürünü çatdırıb.

Qeyd edək ki, konfransda 20-dək ölkədən, o cümlədən Azərbaycan, Rusiya, ABŞ, İran, Gürcüstan, Hindistan, Polşa, Çin, Fransa, Meksika, Avstriya, Danimarka və Ukraynadan olan 60-dək rektor, digər mötəbər qonaqlar iştirak ediblər.