20 Aprel 2018 01:04
560
Təhsil
A- A+

Azərbaycanın nümayəndə heyəti V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində forumda iştirak edir

 

Rusiya Federasiyasının (RF) paytaxtında V Moskva Beynəlxalq Təhsil  Salonu çərçivəsində forum keçirilir. 

RF-nin Təhsil və Elm Nazirliyi ilə UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu tərəfindən birgə təşkil olunan “Dayanıqlı inkişaf məqsədləri 4: təhsildə İKT tətbiqi məsələlərinə dair qlobal dialoq” mövzusunda keçirilən nazirlərin forumunda təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, foruma RF hökuməti sədrinin müavini  Olqa Qolodets, təhsil və elm naziri Olqa Vasilyeva, təhsil və elm nazirinin müavini Pavel Zenkoviç, UNESCO-nun təhsildə İKT-nin tətbiqi üzrə bölməsinin rəhbəri Fenqçun Miao, bir sıra dövlətlərin və beynəlxalq təşkilatların təhsil üzrə rəhbər şəxsləri, pedaqoqlar və metodistlər qatılıblar.

Tədbirdə çıxış edən F.Qurbanov bildirib ki, salon çərçivəsində təşkil olunan forum təhsil sahəsindəki son nailiyyətlərlə tanışlıq və bu sahədə fikir mübadiləsi aparmaq üçün əlverişli şərait yaradır.

Son illərdə Azərbaycanda təhsil sahəsində əldə olunan uğurlardan danışan F.Qurbanov İKT-nin nailiyyətlərindən geniş istifadənin təhsil sahəsində dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu vurğulayıb. Bildirilib ki, beynəlxalq təcrübədən istifadə edilməklə tədris prosesində müasir informasiya texnologiyalarının sürətləndirilmiş tətbiqi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini  tapıb.

Nazir müavini qeyd edib ki, strategiyanın reallaşdırılmasında xüsusi rol informasiya resursları mərkəzinə ayrılır. Bu məqsədlə nazirlik yanında müasir tələblər  səviyyəsində təchiz edilmiş Data Mərkəz  yaradılıb. Bu qurum nazirliyə tabe olan bütün təhsil müəssisələrini, təşkilatları və strukturları birləşdirən Azərbaycan Təhsil Şəbəkəsini yaratmağa, həmçinin elektron dərsliklərin və digər tədris resurslarının mərkəzləşdirilmiş qaydada yerləşdirilməsinə imkan verib. Hazırda  bütün ölkə şagirdlərinin təxminən 82 faizinin təhsil aldığı və müəllimlərin 72 faizinin dərs dediyi 2.500 təhsil müəssisəsi bu şəbəkəyə qoşulub.

Azərbaycanda informatika fənninin tədrisinə və bu fənn üzrə olimpiadaların keçirilməsinə diqqət yetirildiyini bildirən F.Qurbanov vurğulayıb ki, Azərbaycanın Təhsil  Nazirliyi  Rusiyanın İT sistemlərinin istehsalçısı və şagirdlərə proqramlaşdırma modulunu tədris edən “Alqoritmika” təhsil şirkəti ilə birlikdə Bakının 45 məktəbində  “Rəqəmsal  bacarıqlar” pilot layihəsinə başlayıb. Layihəyə əsasən, informatika fənninin tədrisi məktəblilərə yeni texnologiyalar və rəqəmsal bacarıqları təcrübədə öyrətməyə imkan verən yeni formatda aparılır.

F.Qurbanov Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklər (www.e-derslik.edu.az) portalının fəaliyyətindən, distant təhsil çərçivəsində görülmüş işlərdən danışıb. Qeyd edilib ki, Azərbaycan “Bakı Expo 2025” beynəlxalq sərgisinin ölkəmizdə keçirilməsi üzrə əsas iddiaçılardan biridir. Sərginin üç alt mövzusundan biri  “Gələcəyin təhsili”dir.

Təhsil nazirinin müavini panel müzakirəsi zamanı tədbir iştirakçılarının suallarını cavablandırıb.

Sonra tədbir iştirakçıları salon çərçivəsində sərgi ilə tanış olublar.

F.Qurbanov həmçinin Moskva şəhərində təşkil olunmuş “Rus inqilabı və Azərbaycan Xalq Cümhuriyyətinin tarixi: bir əsrdən sonra baxış” mövzusunda beynəlxalq xarakterli tədbirdə çıxış edib. Nazir müavini iki ölkə arasında təhsil sahəsində əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edib, birgə həyata keçirilən layihələr haqqında məlumat verib.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetində keçirilmiş tədbirə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu da qatılıb.

Ümumilikdə V Moskva  Beynəlxalq Təhsil  Salonu çərçivəsində təxminən min tədbir keçiriləcək. Bu tədbirlərdə mindən çox ekspertin, 400 eksponentin  və 60 mindən çox ziyarətçinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, aprelin 20-də salon çərçivəsində son 13 il ərzində ilk dəfə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin təhsil nazirlərinin görüşü keçiriləcək. Görüşdə F.Qurbanovun çıxışı gözlənilir.

V Moskva Beynəlxalq Təhsil Salonu çərçivəsində tədbirlər aprelin 21-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video