Alternative content

10:37 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Naxçıvanda 1200-dən çox tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb, 60-dan çoxu bərpa olunub
Naxçıvanda 1200-dən çox tarixi abidə qeydə alınaraq pasportlaşdırılıb, 60-dan çoxu bərpa olunub
ANA SƏHİFƏ / Mədəniyyət
02:04 18.04.2018

Hər il aprelin 18-i Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur.

Naxçıvan xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir. Qayaüstü təsvirlərin qeydə alındığı Gəmiqaya abidəsi Naxçıvanın ən qədim dövr incəsənətinin, mənəvi və maddi mədəniyyətinin canlı ensiklopediyasıdır. Gəmiqayanın 1500-ə qədər qayaüstü rəsmləri, müxtəlif kompozisiyalı təsvirlərlə birlikdə həndəsi işarələri, piktoqrafik yazıları insan təfəkkürünün, estetik baxışlarının, dünyagörüşünün, təsəvvürlərinin bu günə çatdırılması baxımından əvəzsiz mənbədir.

Naxçıvan ərazisində mövcud olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi, Qazma mağarası, Kilit mağarası, I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Gəmiqaya, Xaraba Gilan, Quyulu dağ, Möminə xatın, Qarabağlar, Yusif Küseyir oğlu, Gülüstan türbələri, Əlincə qalası, Ovçular təpəsi, Oğlanqala, Xələc, Fərhad evi, Naxçıvanqala, tarixi təbiət abidələrindən – Haçadağ, Batabat, Duzdağ, Babək qalası, Dəvəboynu və başqa yüzlərlə abidə keçmişimizi bu günə daşıyan, maddi və mənəvi həyatımızın güzgüsü rolunu oynayan sənət və təbiət inciləridir. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanın siyasi, iqtisadi, mədəni və elmi həyatında özünəməxsus rol oynayan Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Bu gün dünyanın ən qədim insan məskənlərindən biri olan Naxçıvan Muxtar Respublikasında tarix və mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 2001-ci il 26 aprel tarixli Sərəncamına uyğun olaraq Gəmiqaya rəsmləri elmi əsaslarla öyrənilmiş, bu mövzuda onlarla elmi məqalə və kitab yazılıb. 2005-ci ildə Gəmiqaya abidəsinə beynəlxalq ekspedisiya təşkil edilib, Gəmiqaya ətrafındakı arxeoloji abidələrdə tədqiqatlar aparılaraq etnoqrafik, folklor və onomastik materiallar toplanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması işinin təşkili haqqında” 2005-ci il 6 dekabr tarixli Sərəncamı muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin tədqiqinə stimul verib, bu dövrdə 1200-dən çox abidə qeydə alınaraq pasportlaşdırılıb.

Abidələr təkcə tarixin yaddaşı və yadigarları deyil, eyni zamanda, maddi-mədəniyyət nümunələridir. Ona görə də onların qorunması və gələcək nəsillərə çatdırılması olduqca vacibdir. Son illər qədim diyarımızda 60-dan çox abidəyə ikinci həyat verilib, Möminə xatın türbəsi konservasiya edilib, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində əsaslı təmir işləri aparılıb, Yusif Küseyir oğlu türbəsi və Nuh Peyğəmbərin məzarüstü türbəsi, imamzadələr, muxtar respublika ərazisindəki qədim hamamlar və buzxanalar, “Came” məscidi, Zaviyə mədrəsəsi, Xan sarayı, Aza körpüsü, Qeysəriyyə, Naxçıvanqala və digər tarixi abidələr əsaslı bərpa olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə “Nuh peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü türbəsinin bərpa edilməsi haqqında”, 2010-cu ildə “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin yaradılması haqqında”, 2013-cü ildə “Naxçıvanqala” Tarix¬-Memarlıq Muzey Kompleksinin yaradılması haqqında”, 2014-cü ildə “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında”, 2015-ci ildə “Gülüstan türbəsinin bərpası və tədqiq olunması haqqında”, 2016-cı ildə “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” imzaladığı sərəncamlar da tariximizin və mədəni irsimizin öyrənilməsi, təbliği baxımından mühüm əhəmiyyətə malik dövlət sənədləridir.

Hazırda Kəngərli rayonunda XII-XIV əsrlərə aid Qarabağlar Türbə Kompleksində, Şərur rayonunun Yengicə kəndində XVIII-XIX əsrlərə aid Şərq hamamının bərpası davam etdirilir. Babək rayonunun Nehrəm kəndində XVIII əsrin yadigarı olan İmamzadənin və Naxçıvan şəhərində XVIII əsrə aid İmamzadə kompleksinin bərpası başa çatdırılıb. Bundan başqa, son illərdə qədim diyarımızda möhtəşəm türk-islam memarlığı abidələri olan məscidlər inşa edilərək istifadəyə verilib.

Muxtar respublikada abidələrimizin tədqiqi və beynəlxalq miqyasda təbliği istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. 1996-cı ildə “Uluslararası qaynaqlarda Naxçıvan”, 2009-cu ildə “Nuh peyğəmbər: dünya tufanı və Naxçıvan”, 2011-ci ildə “Naxçıvan: ilk yaşayış və şəhərsalma yeri kimi”, 2012-ci ildə “Naxçıvan: ilkin şəhər və Duzdağ”, 2016-cı ildə “Naxçıvan qalaları: tarixdə və günümüzdə” mövzularında beynəlxalq simpoziumların və konfransların keçirilməsi bu baxımdan mühüm əhəmiyyət daşıyır. Bu simpoziumlar alimlərimizin xarici ölkə¬lərin aparıcı elmi müəssisə və mütəxəssislərinin iştirakı ilə Naxçıvan tarixinə, arxeologiyasına, etnoqrafiyasına və folkloruna dair tədqiqatlar aparmasına, ekspedisiyaların təşkil olunmasına, müxtəlif mövzularda kitab, monoqrafiya, dərslik və elmi məqalələrin nəşr edilməsinə əsaslı təkan verib, beşminillik tarixi əhatə edən Naxçıvan şəhər mədəniyyəti tədqiqat mövzusuna çevrilib. Muxtar respublikada aparılan arxeoloji ekspedisiyalarda ABŞ, Fransa, Türkiyə, Macarıstan və başqa ölkələrin arxeoloqları iştirak edirlər. Qədim diyarımızda mövcud olan abidələrin öyrənilməsi və təbliği sahəsində də əhəmiyyətli işlər görülür. 2008-ci ildə “Naxçıvan Abidələri Ensiklopediyası”nın nəşr edilməsi təkcə Naxçıvanın deyil, bütövlükdə, Azərbaycanın mədəniyyət tarixində mühüm hadisədir. Ensiklopediya Naxçıvan abidələrinin öyrənilməsi baxımından əvəzolunmaz elmi mənbədir. Son illər nəşr olunan “Naxçıvan tarixi atlası”, “Nuh Peyğəmbər: dünya tufanı və Naxçıvan”, “Naxçıvanda arxeoloji tədqiqatlar”, “Naxçıvan tarixi” çoxcildliyi, “Gülüstan türbəsi”, “Əlincə¬qala”, “Dədə Qorqud yurdu Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlas”, “Naxçıvan - türk-islam mədəniyyəti abidələri” və başqa çoxsaylı kitablar bu sahədə görülən işlərin davamlı olduğunu göstərir.

Naxçıvanın abidələri bu qədim yurdun tarixi keçmişini özündə yaşatmaqla bərabər, həm də müasir dövrdə turizm potensialının artmasında əhəmiyyətli rol oynayır. Bu gün Naxçıvan tarixi abidələr və görməli yerlər baxımından səyahət turizminin ən ideal məkanlarındandır. Muxtar respublikaya səfər edən hər bir turist buradan xoş təəssüratla ayrılır.

Hər bir xalqın qədimliyi onun abidələrində yaşayır. Abidələr xalqı, xalq isə abidələri yaşadır. Tarixi-mədəni irsimizi qorumaq isə hər birimizin borcudur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Hər bir yerin tarixi yalnız kitablarda deyil, onun torpağında, tikililərində, abidələrində yaşayır. Tarixini, Vətənini sevən insanlar abidələri qoruyub gələcək nəsillərə ötürməlidir. Hər birimiz tariximizlə qürur hissi keçirməli, bütün dünyaya göstərməliyik ki, ulu babalarımız, əcdadlarımız belə zəngin tarixə malik olublar” .

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu