Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

17:20 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Mən bir nağıl ömrü yaşamışam”...
“Mən bir nağıl ömrü yaşamışam”...
ANA SƏHİFƏ / Mədəniyyət
02:04 18.04.2018

 

Özü belə deyirdi. O anlarda ömrünün zirvəsindən ötənlərə baxdıqca simasını bürüyən fərəh, qürur yəqin ki şöhrətli müğənninin özünün özünə ən böyük, təşəkkürü, misilsiz mükafatı idi. İllərini hədər etməmişdi. Onları unudulmaz xatirələrə çevirə bilmişdi. Azərbaycan musiqi sənətində dəst-xəttini qoymuş, yeni bir yol açmışdı. 

Hərəsi bir nümunə olan çox sənətkarla səhnədə tərəf müqabili, həyatda dost, yoldaş olmuşdu. Bütün bunlara görə danışmağa sözü çox idi. Ahıl çağlarında da səhnəyə çıxmaq, onu sevdirən ariyaları, mahnıları yenidən ifa etmək eşqi ilə yaşayırdı. Ecazkar səsi də sənət arzuları kimi Lütfiyar İmanovu tərk etməmişdi...
O, 1928-ci il aprelin 17-də Sabirabad rayonunda dünyaya gəldi. Uşaqlıqdan istedadı ilə diqqəti cəlb etdi. Rəssamlıq qabiliyyətini görənlər rəssam olacağını düşünürdülər. İkinci sinifdə oxuyanda “Pioner” qəzetində elan olunan rəsm müsabiqəsində çəkdiyi gül buketi ilə iştirak edərək ikinci yeri də tutdu. Sinif, məktəb qəzetlərinin redaktoru oldu. Atasını itirdikdən sonra ailələrini dolandırmaq üçün “Araz” və “Vətən” kinoteatrlarında işlədi, onların afişalarını hazırladı.
Bir də musiqini çox sevirdi. Evlərində qrammofonları var idi. Bir valı dönə-dönə qoyar, dinləməkdən doymazdı. Orada məşhur müğənni Bülbül “Səni gördüm aşiq oldum” mahnısını oxuyurdu. Mahnı sanki onu başqa bir aləmə aparırdı.
İlk rolunu 1943-cü ildə, on dörd yaşında Sabirabad Dövlət Musiqi Teatrının səhnəsində “Beş manatlıq gəlin” tamaşasında ifa etdi. On səkkiz yaşında ilk dram dərnəyini yaratdı.
Musiqiyə olan həvəs onu A.Zeynallı adına Bakı Musiqi Məktəbinin vokal şöbəsinə gətirdi. 1957-ci ildə A.Milovanovun sinfində musiqi təhsilini başa vurdu. Zəhmətə tez alışmışdı. Yeniyetmə çağlarından Sabirabadda şəhər mədəniyyət evində çalışmış, rayon Dövlət Dram Teatrında aktyorluq etmişdi. Musiqi məktəbində oxuduğu illərdə isə Azərbaycan Televiziyası və Radiosu xorunun, Dövlət Estrada Orkestrinin solisti oldu. Musiqi məktəbini bitirdikdən sonra bir müddət Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işlədi. Səhnələşdirilmiş komediyalarda, operettalarda müxtəlif rollar oynayan gənc aktyor ifaçılıq məharəti ilə seçilməyə başladı.
...1958-ci ilin bir yaz gününün fərəhi qalırdı qocaman müğənninin xatirələrində. Musiqili Dram Teatrında onun ifasını görüb bəyənən SSRİ xalq artisti, bəstəkar Niyazi həmin gün onu Azərbaycan Dövlət Opera və Balet Teatrına dəvət etdi. Ömrünün sonunadək bu teatrın solisti oldu.
Həyatında yeni bir səhifə açılmışdı... Müxtəlif opera tamaşalarında bənzərsiz rollarda çıxış edən gənc aktyor-müğənni öz ifası ilə diqqətləri cəlb etməyə başladı, səsi-sədası dillərə düşdü. Dövri mətbuatda da barəsində yazıldı. 1959-cu ildə Bülbül “Molodyoj Azerbaydjana” qəzetində Lütfiyar İmanovun səsindəki ecazkarlıqdan söz açaraq onun gələcəyi haqqında yüksək fikirdə olduğunu söylədi.
Onu uşaqlıqdan ifası ilə heyran edən sənətkarın xoş sözləri, sənətinə verdiyi dəyər Lütfiyar İmanovu yeni uğurlara həvəsləndirdi. Bir zaman əlçatmaz görünən arzularının artıq bir addımlığında idi. Ancaq hələ də ilk tamaşasından - 1934-cü ilin 30 aprelindən bəri insanların böyük maraqla baxdıqları “Koroğlu”nun baş qəhrəmanının bir uğurlu ifaçısı var idi. Bülbül 1934-cü ildən 1961-ci ilə, ömrünün sonunadək Koroğlu kimi dörd yüz dəfə səhnəyə çıxdı. Böyük sənətkarın ifasında bu rol sənətin elə bir zirvəsinə çatdı ki, ondan sonra “Koroğlu” olmağa cəsarət gərəkdi...
1959-cu ilin mayı, Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü ərəfəsi idi. Hər ehtimala qarşı altmış dörd yaşlı Bülbülə əvəzedici axtarılırdı. Sınaq yoxlamalarından keçənlərdən biri də Niyazinin dəvət etdiyi Lütfiyar İmanov oldu. Moskvaya göndəriləcək heyətə onun da daxil edilməsinə qərar verildi. Maestro Niyazinin böyük əməyi, vokalçının öz qətiyyəti, əzmi nəticəsində Koroğlu partiyası hazırlandı. Moskvada uğur qazanıldı. Bülbüldən sonra Koroğlunun ən yaxşı və yaddaqalan ifaçısı Lütfiyar İmanov oldu...
Sənət uğurları bir-birinin ardınca gəlirdi. Teatrda Lütfiyar İmanova baş rollar verilirdi. Hər çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanırdı. Həmin illərdə həm də Teatr İnstitutunun (indiki Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti) teatrşünaslıq fakültəsində təhsilini davam etdirdi. 1968-ci ildə institutu bitirdi.
1965-ci ildə keçmiş SSRİ-nin paytaxtı Moskvada Böyük Teatrda, 1975-ci ildə altı ay İtaliyanın Milan şəhərində, La-Skala teatrında təcrübə keçdi.
Lütfiyar İmanovun əməyi dövlət tərəfindən də layiqincə qiymətləndirilirdi. Ona 1959-cu ildə Azərbaycan SSR-nin əməkdar, 1967-ci ildə xalq artisti fəxri adları verildi. 1977-ci ildə isə o dövrdə ittifaq miqyasında ən yüksək mükafatlardan birinə - SSRİ-nin xalq artisti adına layiq görüldü.
Tez-tez Sovet İttifaqının ayrı-ayrı şəhərlərinə qastrol səfərlərində iştirak edirdi. Xaricə ilk qastrol səfəri isə 1960-cı ildə Hindistana oldu. Həmin il hind mahnılarını Azərbaycan dilinə çevirib hər iki dildə Hindistanda ifa etdi. Sonralar Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Macarıstan, Yunanıstan, Rumıniya, Malta və başqa ölkələrdə konsertlər verdi.
Səs diapazonu kimi, yaradıcılıq imkanları da geniş idi. Lütfiyar İmanov həm xalq mahnılarının ifaçısı, həm kamera, ilk növbədə isə opera müğənnisi, həm də bənzərsiz aktyor kimi tanınırdı. O, 30-dan çox operada baş rolun ifaçısı oldu. Böyük bəstəkarlarımızın operalarında - “Sevil”də Balaş, “Azad”da Ayaz, “Vaqif”də Vaqif, “Nərgiz”də Əlyar, “Ölülər”də İsgəndər, “Bahadır və Sona”da Bahadır, klassik dünya operalarında - “Karmen”də Xoze, “Otello”da Otello, “Qaratoxmaq qadın”da German, “Aida”da Radames, “Faust”da Faust, “Hofmanın nağılları”nda Hofman, “Toska”da Kavaradossi və başqa rolları öz təkrarsız ifası ilə tamaşaçılara sevdirə bildi. Lütfiyar İmanov bir sıra opera və operettalarda nəinki baş rolların ifaçısı, həm də quruluşçu rejissor oldu. “Ölülər”, “Söyüdlər ağlamaz”, “Bahadır və Sona”, “Vaqif” operalarını və başqa əsərləri səhnələşdirdi.
O, işgüzar adam idi. Teatrda işlərinin çox olması ictimai həyatda fəallığını məhdudlaşdıra bilmədi. Bir müddət Azərbaycan Teatr Xadimləri İttifaqına sədrlik etdi. 1980-1990-cı illərdə iki dəfə Azərbaycan Ali Sovetinin deputatı oldu.
1988-ci ildə baş verən siyasi hadisələr, erməni millətçilərinin Dağlıq Qarabağı münaqişə ocağına çevirmələri, soydaşlarımıza yaşatdıqları faciələr həyatımızı dəyişdi. Həmin günlərdə Lütfiyar İmanov da Azərbaycanın millətsevər ziyalılarından biri kimi haqq səsini ucaltdı.
Ölkədə başlayan iqtisadi böhran incəsənətin inkişafına da maneələr yaratmışdı. Yeni filmlər çəkilmirdi. Teatrlar, tamaşa-konsert salonları sanki sükuta qərq olmuşdu. Lütfiyar İmanov müvəqqəti Türkiyəyə gedərək yaradıcılığını və pedaqoji fəaliyyətini orada davam etdirdi. 1991-1995-ci illərdə İstanbul və İzmir şəhərlərinin opera teatrlarında vokal dərsləri verdi.
1995-ci ildə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin yubileyi münasibətilə Tehranda keçirilən festivalda, 1996-cı ildə İtaliyada Vivaldinin xatirəsinə həsr edilən konsertdə, Almaniyada “Milleniumun mahnısı” festivalında çıxış etdi. Ən böyük arzularından birinə 2003-cü ildə qovuşdu. Lütfiyar İmanov Təbrizdə konsert verdi. Konsert böyük coşqu ilə keçdi.
Uzun illər pedaqoji fəaliyyətlə məşğul olan Bakı Musiqi Akademiyasının professoru Lütfiyar İmanov opera müğənnilərinin yetişməsində əməyini əsirgəmirdi. Amma səhnədə, ifalarda gördüyü, hiss etdiyi nöqsanları da ən çox o, tənqid edirdi. Bu, sənət qısqanclığı deyil, sənət təəssübkeşliyi idi.
Ona nəsib olan ömrü istəyincə yaşaya bilmişdi. Yalnız sənətdə deyil, ailə həyatında da özünü bəxtigətirən insan sayırdı. Övladlarından, həyat yoldaşından razılıq edirdi. Həyat yoldaşı Nina xanımla evliliklərinin 50 illiyini təmtəraqla qeyd etmişdi.
Qocaman müğənni təkcə səhnənin xiffətini çəkirdi. O, səhnəsiz yaşaya bilmirdi. Ömrünün 60 ilini sənətə həsr etmişdi. Ona görə, “Həmişə səhnəmiz üçün darıxıram”, - deyirdi: “Ömrüm boyu sənətimlə çalışıb yaşamışam. Əgər oxumuramsa, yaşamıram”.
2008-ci ilin 21 yanvarında, ömrünün 80-ci ilində Lütfiyar İmanov həyata vida etdi. Özünəməxsus dəst-xəttlə, hər kəsdən seçilən ifaçılıq məharəti ilə oynadığı rollar, oxuduğu xalq və bəstəkar mahnıları, ariyalar, kinofilmlərdə səsləndirdiyi mahnılar lent yazılarının yaddaşında qaldı. Lütfiyar İmanov Azərbaycan incəsənətində hər zaman yüksək səhnə mədəniyyəti, aktyorluq bacarığı və güclü səsi ilə xatırlanacaq.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM