Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez

Alternative content

22:59 12 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daş xəzinə
Daş xəzinə
ANA SƏHİFƏ / Mədəniyyət
02:04 18.04.2018

 

Şirvanşahlar sarayı tarixlə müasirlik arasında körpüdür

 

Hər dəfə burada olanda sanki qədim dövrə səyahət edirsən, ölkəmizin əvəzsiz tarixi, keçmiş qüdrəti və insanları haqqında canlı məlumat alırsan. Sarayın quruluşu, divarları, daşları, buradakı maddi-mədəniyyət nümunələri elə bil dil açıb danışır... Söhbət Şirvanşahlar sarayından gedir.
Əslində Şirvanşahlar dövləti, onun hökmdarları, həmçinin Şirvanşahlar sarayı haqqında tarix dərsliklərində geniş məlumat var. İnternet resurslarında da bir neçə dildə Şirvanşahlar dövləti, onun hökmdarları, elə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən Şirvanşahlar sarayı haqqında ətraflı məlumatlara rast gəlmək olar. Amma bir dəfə muzeyə gedib eksponatlara diqqət etməklə qərinələrə, əsrlərə sığmayan bilgilərə sahib olmaq mümkündür. Çünki dövlətlər, xalqlar, onların həyat tərzi, idarə olunması və s. haqqında qısa zamanda ən müfəssəl məlumatı eksponatların dili ilə ancaq muzeylərdə almaq olar. Bu mənada orta əsr Azərbaycan tarixi haqqında məlumat verən ideal məkan - “İçərişəhər” Dövlət Qoruğunun ən uca yerində qərar tutan Şirvanşahlar Saray Kompleksi əvəzsiz xəzinədir...
Saraydan reportaj hazırlayarkən bir daha bunun şahidi olduq. Tariximizi yenidən təkrarlamaqla yanaşı, həm yerli, həm də əcnəbi turistlərin bununla necə həvəslə maraqlandıqlarının şahidi olduq. Bir daha əmin olduq ki, orta əsr Şərq memarlığının nadir incilərindən olan Şirvanşahlar Saray Kompleksi yerli sakinlərin və şəhərimizin qonaqlarının ən çox görmək istədiyi məkanlardandır. Saraya daxil olanda adamı qəribə hiss bürüyür, ecazkar, bir az da həyəcanlı təsir bağışlayan tarixi məkan adamı az qala üşüdür. Xüsusi zövqlə qurulmuş divarlar, Şirvanşahların taxt proyeksiyası, xəncərlər, müxtəlif eksponatlar hərəsi bir tarixdən, bir hökmdardan xəbər verir. Şirvan hökmdarlarının iqamətgahı olan saray binasına daxil olanda az qala özünü hansısa Şirvanşahın qəbuluna gəlmiş kimi hiss edirsən. Ozamankı şahların, sərkərdələrin - ulu babalarımızın zəhmi elə bil divarlara hopub. Adam sarayın içində, qalın divarlar arasında qeyri-ixtiyari olaraq addımlarını da ehtiyatla atır, hətta başından da çox-çox hündür olan tağ-tavanların altından əyilib keçmək istəyir.

 

0,67 hektarlıq abidəyə sığan qədim möhtəşəmlik

 

Burada olduğumuz müddətdə Şirvanşahlar Saray Kompleksi Dövlət Tarix Memarlıq Qoruq Muzeyinin Elmi Tədqiqatlar və Ekspozisiya şöbəsinin müdiri Səadət Ələkbərova muzey və onun ayrı-ayrı abidələri haqqında ətraflı məlumat verdi. Bildirdi ki, kompleks ərazisindəki abidələr XII-XVI əsrlərdə inşa edilib. Saray kompleksi yuxarı, orta və aşağı olmaqla 3 həyətdən ibarətdir və ümumilikdə ərazisində 8 abidə var. “İçərişəhər” Dövlət Qoruğunun 22 hektarlıq qaladaxili ərazisinin ən yüksək zirvəsindəki 0,67 hektarlıq hissəsini Şirvanşahlar Saray Kompleksi əhatə edir. İkimərtəbəli olan sarayda ilk vaxtlar 52 otaq varmış, onlardan 27-si birinci, 25-ci isə ikinci mərtəbədə yerləşirmiş. Hazırda ikinci mərtəbədə 15 otaq qorunub saxlanılır. Sarayın birinci mərtəbəsində yardımçı təsərrüfat otaqları: saray kitabxanasına xidmət edən dəftərxana, cildçilərin, xəttat və rəssamların otaqları, mətbəx, xidmətçi otaqlar və s. yerləşirdi.
Divanxana və sarayın yaşayış binası yuxarı həyətdədir. Burada rəsmi qəbul və divan işləri aparılıb. İkinci mərtəbədəki gözləmə zalı XV əsrdə inşa olunduğu kimi dövrümüzə qədər gəlib çatan yeganə otaqdır. Qədim dövrlərdə hökmdarın oturduğu əsas zal olan sarayın taxt-tac zalının tərtibatı, eksponatlar və videotəqdimatlar Şirvanşahlar dövrünün ab-havasını və interyer elementlərini təsəvvür etməyə imkan yaradır. Eyni zamanda ekspozisiyada şahlıq dövrünə aid əşyalar, qədim musiqi alətləri də sərgilənir.
Saray yaşayış binasının ayrı-ayrı otaqlarında quraşdırılmış monitorlarda miniatür və xəttatlıq sənətinin sirlərinə dair maraqlı nümunələr nümayiş olunur. Otaqların ekspozisiyalarında bəzək əşyaları, arxeoloji qazıntılardan aşkar olunmuş saxsı qablar, rəssamlarımızın Şirvan-Abşeron memarlıq qrupu abidələrini əks etdirən əsərləri, əsatiri təsvirlər, etnoqrafik, XVIII-XX əsrlərə aid əşyalar, milli geyim nümunələri yer alıb.
Yarım əsrdən çoxdur ki, muzey kimi fəaliyyətə başlamış Şirvanşahlar Saray Qoruq Muzeyinin zəngin fondunda 40 mindən artıq maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır ki, onlardan da 450-dən çox eksponat ziyarətçilərə nümayiş etdirilmək üçün zallara yerləşdirilib.
Yaşayış binasının ziyafət salonunda “İçərişəhər”in maketi nümayiş olunur. Maketdəki tarixi memarlıq abidələrindən 4-ü dünya, 28-i ölkə, digərləri isə yerli əhəmiyyətli abidələrdir.
Burada həmçinin Bayıl qəsrinin daş kitabələrindən ibarət ekspozisiyada 1306-cı ildə zəlzələ nəticəsində Xəzər dənizinin sularına qərq olmuş bu qəsr haqqında dolğun məlumat var.
Şirvanşahlar Saray Kompleksinin orta həyətində Seyid Yəhya Bakuvinin türbəsi yerləşir. Bu, eyni zamanda “Dərviş türbəsi” də adlanır. Qalanın şərq tərəfindəki “Şərq qapısı” deyilənə görə, Osmanlı sultanı III Muradın Bakıya gəlişi ilə əlaqədar onun şərəfinə inşa edilib. Sarayın aşağı həyətində Şah məscidi, Şirvanşahların ailəvi türbəsi, saray hamamı və ovdan yerləşir.
Dəfələrlə yadellilərin basqınlarına məruz qalan və talan edilən sarayda hər abidə bir dövrdən xəbər verir. Buradakı nümunələrə diqqət etməklə Azərbaycan tarixinin müxtəlif dövrləri haqqında real təsəvvür yaranır.

 

1998-ci ildə Azərbaycanın tarixində yeni səhifə açıldı

 

Uzun müddət diqqətdən kənarda qalan abidənin qapıları 1983-cü ildən müstəqilliyin ilk illərinə qədər ziyarətçilərin üzünə bağlı olub. 1998-ci ildə ulu öndər Heydər Əliyevin kompleksə gəlişi ilə, necə deyərlər, Azərbaycanın canlı tarixinə yeni nəfəs verilir. Ulu öndər Heydər Əliyevin göstərişi ilə burada əsaslı bərpa işləri aparılır və sarayın qapıları ziyarətçilərin üzünə açılır.
Saray kompleksi 2000-ci ildə UNESCO-nun Qeyri- Maddi Mədəni İrs Siyahısına daxil edilib. Prezident İlham Əliyev və Birinci vitse-prezident, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva milli-mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına xüsusi diqqət ayırırlar. 2014-cü ildə kompleksin tam bərpa olunmuş yeni ekspozisiyası ictimaiyyətə təqdim olunub. Saray bu gün əvvəlki cah-calalını qoruyub saxlaya bilməsə də, şah möhtəşəmliyi, qeyri-adi əzəməti və Azərbaycan tarixinin nümunəsi kimi hər kəsi valeh etməkdədir.

 

Hər turist növbəti dəfə özü ilə başqa birisini gətirir ki, bu tarixə şahidlik etsin

 

Söhbət zamanı S.Ələkbərova onu da qeyd etdi ki, ilin bütün fəsillərində saray yerli və xarici turistlərlə dolu olur. Həftə ərzində təxminən 2-3 min insan Şirvanşahlar sarayını ziyarətə gəlir. Son illər Bakıda keçirilən beynəlxalq tədbirlər, xüsusilə I Avropa Oyunları və “Formula-1” kimi dünya səviyyəli idman yarışları turistlərin sayına ciddi təsir edib. İstirahət və bayram günləri də qapısı ziyarətçilərin üzünə açıq olan saray kompleksi dünya şöhrətli idmançıların da ziyarət etdiyi məkandır. Bələdçilərin dediyinə görə, birinci dəfə Bakıda “Formula-1” yarışması başlananda ilk olaraq yürüşün rəhbəri bura gəlib internetdə haqqında oxuduğu Şirvanşahlar sarayını çox təəccüblə izləmişdi. Eyni zamanda yarış müddətində pilotlar, onların azarkeşləri və digər əcnəbi qonaqlar abidəni həvəslə ziyarət edirlər. Saraya gələn turist növbəti dəfə özü ilə ikinci bir ziyarətçini də gətirir ki, Azərbaycandakı bu tarixə şahidlik etsin.
Paytaxtda növbəti “Formula-1” yarışmasının başlanmasına sayılı günlər qalıb. Belə günlərdə nəinki muzeylərimiz, bütün istirahət mərkəzlərimiz qonaq-qaralı olur. Onu da qeyd edək ki, muzeydə turistlərə rus, ingilis, türk və digər əcnəbi dilləri bilən savadlı gənclər, elmi işçilər bələdçilik edir və tarixi abidələrimiz haqqında məlumat verirlər.
Yerli turistlər arasında tələbələr, məktəblilər həmişə üstünlük təşkil edir. Hətta burada məktəblilərə “Vətən” dərsi də keçirilir. Dərsləri universitetlərdən gələn elmi işçilər, tarixçilər təmənnasız keçirlər. Məktəblilər muzeyləri gəzir, məlumatlar alır, Azərbaycanın tarixi ilə yaxından tanış olurlar. Yaxşı haldır ki, buna maraq göstərən gənclərin sayı daim artır.
Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir. Təkcə təqvim günlərində yox, ilin bütün günlərində abidələrimizi, tariximizi qorumalı, onlar haqqında gəncləri vaxtında maarifləndirməliyik. Şirvanşahlar Saray Kompleksində bu istiqamətdə çoxsaylı tədbirlərin keçirilməsi, yerli qonaqlarla bərabər, turistlərin də sayını çoxaldıb ki, bu da Azərbaycanın, onun tarixi qüdrətinin dünyada tanıdılmasında böyük rol oynayır.

Elnur HADIYEV,
Fərman BAĞIROV (foto),
“Azərbaycan”

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM