Alternative content

20:24 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Heydər Əliyev Mərkəzində Çin rəssamı Vanq Yuyanqın sərgisi açılıb
Heydər Əliyev Mərkəzində Çin rəssamı Vanq Yuyanqın sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 18.04.2018

Aprelin 17-də Heydər Əliyev Mərkəzində müasir Çin incəsənətinin tanınmış nümayəndəsi, rəssam Vanq Yuyanqın (Wang Yuyang) "Unikallıq" adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Çinin Azərbaycandakı səfiri Vey Cinhua, rəssam Vanq Yuyanq və kolleksiyaçı Con Dodeland çıxış ediblər.

Son dövrlər Çin müasir incəsənətinin çox inkişaf etdiyini bildirən Anar Ələkbərov bu incəsənətin nümunələrinin Azərbaycanda təqdim edilməsi üçün Heydər Əliyev Mərkəzi tərəfindən bir sıra qalereyalar, mədəniyyət mərkəzləri ilə əməkdaşlıq edildiyini bildirib. “2017-ci ildə Heydər Əliyev Mərkəzində təqdim edilən “Ulduzlar toplusu” adlı Çin müasir incəsənət sərgisində 20 rəssamın 40-dək əsəri nümayiş olunub. Bu gün həmin layihəni davam etdiririk”, - deyən Anar Ələkbərov sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

 

Eksperimental incəsənətin heyrətamizliyini nümayiş etdirən əsərlər

 

Çin və Azərbaycan arasında əlaqələrin inkişafından söz açan səfir Vey Cinhua Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə Çinə dövlət səfərindən sonra bu əlaqələrin daha da genişləndiyini, Heydər Əliyev Fondunun bu əlaqələrə öz töhfəsini verdiyini vurğulayıb. Sərginin açılışında iştirak etməkdən məmnunluğunu qeyd edən diplomat Heydər Əliyev Fonduna və Heydər Əliyev Mərkəzinə layihənin reallaşdırılmasına görə təşəkkürünü bildirib. “Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında qarşılıqlı anlaşmaları və dostluğu möhkəmləndirmək üçün elm, təhsil, mədəniyyət və idman sahələri üzrə beynəlxalq əməkdaşlığı gücləndirmək məqsədilə iş aparır”, - deyən səfir Heydər Əliyev Fondunun Azərbaycanda Çin mədəniyyətini və incəsənətini də fəal təbliğ etdiyini vurğulayıb.

Rəssamın Çinin məşhur Mərkəzi İncəsənət Akademiyasının gənc müəllimi olduğunu diqqətə çatdıran səfir deyib: “Onun əsərlərində elm, texnologiya və incəsənət bir nöqtədə birləşir. Bu, eksperimental incəsənətin heyrətamizliyini nümayiş etdirir”.

Kolleksiyaçı Con Dodeland çıxışında vurğulayıb ki, Vanq Yuyanqın əsərlərinin unikallığı onun incəsənət və elmi bir araya gətirməsindədir. “Vanq Yuyanqın əsərlərində elm hər bir yerdədir. Lakin bu, həmin əsərlərin qavranılmasını əsla çətinləşdirmir. Onun əsərlərində elm, incəsənət və poeziya öz əksini tapıb”, - deyən kolleksiyaçı rəssamın yaradıcılığında Ay planetinin nəinki elmi, mifoloji, həm də estetik bir işarəyə çevrildiyini bildirib.

Con Dodeland deyib ki, Heydər Əliyev Mərkəzinin xüsusi memarlıq üslubu ilə Vanq Yuyanqın əsərləri harmoniya təşkil edir.

Sərginin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirən rəssam Vanq Yuyanq Mərkəzin foyesində nümayiş olunan məşhur “Unikallıq” əsəri haqqında məlumat verib. Qeyd edib ki, bu əsərdə müəllifin həm Ay, həm də dünya barədə fikirləri əksini tapıb. Əsərdə dinamikanın çoxluğu, onu unikal edir.

Sərgidə təqdim edilən əsas eksponatın – "Unikallıq" (Singularity) əsərinin diametri 4 metrdir. Konstruksiya 300 addım mühərriki və 3000 LED lampadan ibarətdir. Əsərin kürə forması müxtəlif radiuslu 11 halqa vasitəsilə yaradılıb. "Təkərli" addım mühərrikləri fərqli sürətlərdə fərqli istiqamətlərə dönərkən LED lampalar müxtəlif vizual effektlər ortaya çıxarır.

Daha sonra “Unikallıq” əsərinin işıqları yandırılıb və tamaşaçılar tərəfindən maraqla izlənilib.

Tədbir iştirakçıları rəssamın digər əsərləri ilə də tanış olublar.

Sərgidə, həmçinin rəssamın "Elektrik", "Adsız-1" silsiləsindən heykəltəraşlıq nümunələri yer alır. Ekspozisiyada Vanq Yuyanqın "Ay" silsiləsindən rəsm əsərləri də nümayiş olunur.

Vanq Yuyanq 1979-cu ildə Çində anadan olub. O, Çinin Mərkəzi İncəsənət Akademiyası və Mərkəzi Dram Akademiyasında təhsil alıb. Hazırda Pekində Mərkəzi İncəsənət Akademiyasının Eksperimental İncəsənət Məktəbində dərs deyir.

Çinli rəssam əsərlərini yeni informasiya-kommunikasiya vasitələri ilə yaradır. Onun əsərləri Çin, Böyük Britaniya, Cənubi Koreya, Tailand, Avstriya, Avstraliya, İtaliya və ABŞ-da fərdi və birgə sərgilərdə nümayiş olunub.

"Unikallıq" sərgisi Heydər Əliyev Mərkəzində avqustun 31-dək davam edəcək.