Alternative content

03:25 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İkiotaqlı mənzildəki CAVİD ömrü
İkiotaqlı mənzildəki CAVİD ömrü
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 15.04.2018

 

 

Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur Yer üzünü.

Ədəbiyyatla maraqlanmayanlar belə onu bu misra ilə tanıyırlar. Onun zəngin yaradıcılığı, nakam taleyi həmişə böyük marağa səbəb olub. Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifi olan Hüseyn Cavid milli şüurun oyanmasında mühüm rol oynayıb. Onu əbəs yerə Azərbaycan ədəbiyyatının Şekspiri adlandırmayıblar.

 

Yaşadığı mənzil ölümündən 61 il sonra muzeyə çevrilib

 

1882-ci ildə Naxçıvan şəhərində Molla Abdullanın ailəsində dünyaya göz açan Hüseyn Cavid 33 yaşında Bakıya köçüb. 1937-ci il iyunun 4-nə kimi, yəni həbs olunan günə qədər ailəsi ilə birgə paytaxtda ikiotaqlı kiçik mənzildə yaşayıb-yaradan ədib burada cəmi 17 il ömür sürüb. Bəlkə də dahi şair yaradıcılığının ən gözəl dövrünü, ömrünün ən xoş çağlarını keçirdiyi bu mənzilin nə zamansa ev-muzeyinə çevriləcəyini düşünməyib. Ölümündən sonra Bakıda və Naxçıvan Muxtar Respublikasında şairin xatirə muzeyləri yaradılıb. Ulu öndər Heydər Əliyevin şəxsi təşəbbüsü və himayəsi ilə Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb.
Heydər Əliyevin şəxsi göstərişi ilə şairin ölümündən 61 il sonra, 24 oktyabr 2002-ci ildə yaşadığı ikiotaqlı mənzil onun ev-muzeyinə çevrilib. Şairin 120 illik yubileyinə təsadüf edən bu mərasimdə ulu öndər şəxsən iştirak edib, muzey ekspozisiyası ilə tanış olub, rəy kitabına ürək sözlərini yazıb. Bundan sonra muzeyin ekspozisiyası geniş tamaşaçı auditoriyasının ixtiyarına verilib. Biz də bir gün o tamaşaçılardan biri olduq.

 

13 minə qədər eksponat

 

Muzeyin kandarında sanki Cavid dünyasına qatılırsan... Muzeyin elmi-ekspozisiya şöbəsinin müdiri Lalə Əliyeva öncə bizə binanın tarixi barədə məlumat verir.
Hacı Zeynalabdin Tağıyevin himayəsi ilə tikilmiş bina Qızlar Gimnaziyası üçün nəzərdə tutulub və bir müddət belə fəaliyyət göstərdikdən sonra parlament binası olub. 1920-ci ildə isə binanın birinci və ikinci mərtəbələrində Darülmüəllim məktəbi yerləşib. Binanın yuxarı mərtəbəsində isə burada dərs deyən müəllimlər yaşayıblar. Bu müəllimlərdən biri də şair və dramaturq Hüseyn Cavid olub.
Muzeydə ümumilikdə 13 minə yaxın eksponat var ki, onun 860-ı sərgilənir. Bu eksponatlar içərisində ailəyə məxsus məişət və geyim əşyaları, Hüseyn Cavidin müxtəlif illərdə çap olunmuş əsərləri, şəxsi kitabları, ailəvi fotolar, dram əsərlərinin tamaşalarından proqram, afişa və fotolar, oğlu Ərtoğrol Cavidin istifadə etdiyi kitablar, bəstələdiyi musiqi əsərlərinin notları, bunlardan dahi Üzeyir Hacıbəyova həsr etdiyi fortepiano üçün “9 variasiya”, “Eşq olsun”, “Skripka ilə fortepiano üçün poema” və s. əsərləri, vallar, müxtəlif sənədlər, məktublar var. Həmçinin şairin qızı Turan Cavidin fəaliyyəti ilə bağlı materiallar da nümayiş etdirilir. Muzeydə Hüseyn Cavidin yazı masası, həyat yoldaşı Mişkinaz xanıma məxsus tikiş maşını, radioqəbuledici, yemək masası və bir çox eksponatlar əsas yer tutur. Eksponatların sayı isə ildən-ilə artmaqda davam edir. Çünki bu məkanı ziyarət edən qonaqların bəziləri muzeyə eksponatlar hədiyyə verirlər.

 

Bir ovuc torpaq, “Azər” poeması, dayanmış saat...

Muzeydə Cavidin iş otağı məxsusi olaraq repressiya otağı kimi ayrılıb. Burada Oqtay Sadıqzadənin işlədiyi “1937-ci ilin repressiya qurbanları” əsəri repressiya qurbanlarının xatirəsinə rekviyem kimi qəbul olunur.

1982-ci il oktyabrın 21-də Hüseyn Cavidin İrkutsk vilayəti Tayşet rayonunun Şevçenko kəndindəki dustaq məzarından götürülmüş bir ovuc torpaq da iş otağında eksponat kimi saxlanılır. Otağın divarından asılmış saat isə Hüseyn Cavid həbs olunduğu gün Mişkinaz xanım tərəfindən dayandırılıb. Saatın əqrəbləri 11.19-u göstərir...
Şairin üzərində daşıdığı şəxsi əşyaların yerləşdiyi yazı masasında isə yarımçıq qalmış “Azər” poemasından bir hissə diqqətimizi çəkir. Öyrənirik ki, bu hissə “Azər” poemasının surətidir, əsli isə arxivdə saxlanılır. Onun istifadə etdiyi mürəkkəbqabları, qələmi, əl əsası, müştük də həmin yazı masasının üzərində nümayiş olunur.

Möcüzəli masa, Hüseyn Cavid planeti...

 

Hər kəsin maraq dairəsində olan bu masanın xüsusi özəlliyi var. Belə ki, 1937-ci ildə Hüseyn Cavidi həbs etmək üçün gələnlər axtarış apardıqları zaman onun bəzi əsərlərini tapa bilməyiblər. Onlar düşünməyiblər ki, şair əsərlərini masanın gizli siyirmələrində gizlədə bilər. Həmin çəkməcələr sayəsində şairin bir çox şeirləri və “Azər” poemasından bir hissə belə xilas olur. Cavidin “Şəhla”, “Telli saz”, “Atilla”, “Çingizxan” kimi əsərləri yandırıldığı üçün məzmunları barədə məlumat olmasa da, həmin əlyazmaların adları masanın siyirmələrindən tapılıb.

Maraqlı faktlardan biri də Hüseyn Cavid adına planetin olmasıdır. Belə ki, 1997-ci il iyunun 20-də Beynəlxalq Astronomiya İttifaqı Ukrayna alimi Nikolay Çernıxın kəşf etdiyi 6262 nömrəli kiçik planetə Hüseyn Cavidin adını verib.

 

24 yaşında dünyasını dəyişən Ərtoğrolun maraqlı masası

 

Hüseyn Cavid xalq düşməni kimi həbs olunub və Sibirə sürgün edilərək orada vəfat edib. Oğlu Ərtoğrol isə 24 yaşında vərəmdən dünyasını dəyişib. Ərtoğrol qısa bir ömür yaşasa da, ömrünə ədəbiyyatşünas, bəstəkar, musiqişünas və rəssamlıq fəaliyyətini sığışdıra bilib. Atası kimi istedadlı olan Ərtoğrol məktəbi bitirdikdən sonra konservatoriyaya daxil olub görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovdan dərs alıb.
Ərtoğrola aid yazı masasında şəxsi əşyaları eksponat kimi ziyarətçilərdə maraq doğurur. Burada onun şahmat taxtasını, qeyd dəftərlərini, rəsm çəkmək üçün boyalarını, təqvimini, eləcə də bacısı Turanın ona hədiyyə etdiyi portfeli görmək olar.
Mişkinaz xanımın istifadə etdiyi misdən və gümüşdən olan qablar, Turan xanımdan qalan məişət əşyaları da muzeydə eksponat kimi nümayiş olunur. Hüseyn Cavidin sevimli əşyalarından biri olan nərdtaxta da muzeydə saxlanılır.
Böyük şəxsiyyətin mənalı ömrünün kiçik otaqlara sığan təəssüratları ziyarətçilərdə xoş duyğular yaradır, Cavid ailəsi barədə dolğun informasiya verir...

Səbinə MƏMMƏDOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”