Alternative content

06:13 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ünsiyyət vasitəsidir
Mədəniyyət xalqları bir-birinə yaxınlaşdıran ünsiyyət vasitəsidir
ANA SƏHİFƏ / Mədəniyyət
12:04 15.04.2018

 

Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu Azərbaycanın humanitar sahədəki təcrübəsi son dövrlər dünya xalqlarının marağına səbəb olub. Mədəni dəyərlərin öyrənilməsi və onlardan istifadə edilməsinə daha çox diqqət ayrılmasının səbəbləri az deyil. Mədəniyyət xalqları daha çox yaxınlaşdırır. 

Bu baxımdan Beynəlxalq Mədəniyyət Gününün hər il qeyd edilməsi heç də təsadüfi deyil. Xatırladaq ki, 1935-ci il aprelin 15-də Vaşinqtonda “Bədii, elmi müəssisə və tarixi abidələrin mühafizəsi və qorunması haqqında” imzalanmış müqavilə ilə əlaqədar Beynəlxalq Mədəniyyət Günü təsis olunub.
Son illər ölkəmiz həm Qərb, həm də Şərqin mədəniyyət məsələlərinin aparıcı rol oynadığı beynəlxalq qurumlarda fəal iştirak edir. Azərbaycan bu sahədə demək olar ki, hər il beynəlxalq mədəni konvensiyaya, sənədə, təşəbbüsə qoşulur, onun icrasına dəstək verir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət sahəsindəki xidmətləri əvəzsizdir.
Azərbaycan dövləti daxil olduğu beynəlxalq qurumlarda yalnız öz mədəniyyətini təbliğ etmir. Yaxud ancaq dünya mədəniyyətinin Azərbaycanda təbliği ilə məşğul olmur. Eyni zamanda dünya mədəniyyətinə öz töhfələrini verir.
Son zamanlar həm maddi, həm də qeyri-maddi mədəni irsin dünyaya təqdim olunmasında böyük hadisələr baş verdiyinin şahidiyik. Qobustandakı qayaüstü rəsmlərin, İçərişəhər Dövlət Qoruğunun dünyanın böyük mədəni irsinin nümunələri siyahısına daxil edilməsi heç də təsadüfi deyil. Eləcə də xalqımıza məxsus muğam, aşıq, xalça sənətlərinin dünya mədəni irs siyahısına salınması, milli bayramımız Novruzun xalqımızın mənəvi-mədəni sərvəti kimi dünyaya təqdimi, onun BMT-nin qeyri-maddi irs siyahısına əlavə edilib beynəlxalq status qazanması mənəvi sərvətlərimizin dünyaya tanıdılmasının bariz nümunəsidir.
Bütün bunlar mədəni sərvətlərimizin qorunub saxlanması, inkişafı, daha uğurlu şəkildə, müasir texnologiyalara uyğun formada dünyaya təqdimatı sahəsində yürüdülən dövlət siyasətinin prioritetlərindəndir.
Azərbaycan son illər bir çox beynəlxalq mədəniyyət tədbirlərinə evsahibliyi edib. Bu gün nəinki Avropa məkanında, dünyanın mədəniyyət mərkəzlərindən biri sayılan Bakıda, eləcə də respublikamızın regionlarında beynəlxalq mədəniyyət və idman tədbirləri təşkil olunur. Azərbaycan gənclərinin 2011-ci ildə “Eurovision” beynəlxalq mahnı müsabiqəsində qalib gəlmələri yalnız xalqımızın istedadının üzə çıxması deyildi, ölkəmizin belə mötəbər tədbirlərə artıq təşkilatçılıq etmək kimi məsuliyyətli vəzifəni öz öhdəsinə götürmək bacarığı və imkanlarının təsdiqi, eyni zamanda, musiqi mədəniyyətimizin gələcəyinə təminat verməsi demək idi. Son 20 ildə ölkəmizdə, xüsusən də paytaxt Bakıda keçirilən beynəlxalq tədbirlərin sırasına nəzər salsaq, yüzlərlə toplantının adını çəkə bilərik.
Ümummilli lider Heydər Əliyev tərəfindən hazırlanan Azərbaycan dövlətinin mədəniyyət siyasəti çox uğurlu bir istiqamətdir. Bura ilk növbədə, xalqımızın tarix boyu yaratdığı klassik mədəniyyətin mənimsənilməsi daxildir. 2000-ci ildə “Kitabi-Dədə Qorqud” eposunun 1300 illik yubileyinin keçirilməsi böyük hadisə oldu.
Prezident İlham Əliyevin15 fevral 2013-cü ildə imzaladığı “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli Qanununun tətbiqi barədə fərmanı isə bu sahənin inkişafı istiqamətində dövlət tərəfindən atılan ən mühüm addımlardan biridir.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü ildən Qəbələdə keçirilən Üzeyir bəy Hacıbəyli Beynəlxalq Musiqi festivalları nəinki Azərbaycanın, iştirakçı ölkələrin də mədəniyyət tarixinə yazılır. Festivalın açılışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın beynəlxalq musiqi bayramı iştirakçılarına təbrik məktubunda deyilirdi: “Beynəlxalq mədəni əlaqələr, qarşılıqlı mədəni inteqrasiya bu gün də Azərbaycanın dövlətlərarası siyasətinin əsas prioritetlərindən biridir. Xalqlararası mədəni-mənəvi inteqrasiyanın səmərəliliyini artıran layihələr bizim üçün çox dəyərlidir. Biz bu festivalı müxtəlif millətlərin musiqi mədəniyyətinin qarşılıqlı zənginləşməsinə, xalqlararası dostluq münasibətlərinin daha da möhkəmlənməsinə verilən böyük bir töhfə kimi dəyərləndiririk”.
Azərbaycan təbii ki, bu gün dünyadakı mədəni inkişaf prosesindən kənarda deyil. Milli mədəniyyətini bəşəriyyətə layiqincə təqdim edən xalqımız eyni zamanda, tolerantlığı və multikulturalizmi dövlət səviyyəsində qoruyub saxlayır ki, bu da özünəməxsus xüsusiyyətlərindən biridir.
Azərbaycan mədəniyyətinin təbiəti elədir ki, o, həmişə bəşəriyyətə açıq olub. Çünki o, bir tərəfdən Şərq mədəniyyəti ilə çox bağlıdırsa, digər tərəfdən Qərb mədəni dəyərlərini özündə ehtiva edir. Azərbaycanın dünya mədəniyyətinə inteqrasiyasında kifayət qədər güclü tarixi təcrübəsi var. Lakin respublikamızın dövlət müstəqilliyinin bərpasından sonrakı illərdə bu məsələlər həm elmi-nəzəri baxımdan təhlil olunur, həm də dövlət siyasətində xüsusi yer tutur. Milli mədəniyyətimizin dünya xalqlarının mədəniyyəti ilə sıx əlaqəsi, sadəcə, deklorativ bir müddəa şəklində bəyan edilmir. Bu, beynəlxalq təşkilatlarla - UNESCO, Avropa İttifaqı, Avropa Şurası ilə əməkdaşlıq şəraitində həyata keçirilən, evsahibliyi etdiyimiz beynəlxalq layihələrlə, tədbirlərlə də sübut olunur.

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”