04 Aprel 2018 12:04
1251
Mədəniyyət
A- A+

Oxucu dünyasına hakim yazıçı

 

Hər yazıçı özlüyündə böyük bir ədəbiyyat tarixidir. Bu tarixi yaradanlar xalqının, onun milli-mənəvi həyatının özünəməxsus səhifələrini qələmə almaqla onu əbədiləşdirirlər. Yaratdıqları orijinal dünya ilə oxucu dünyasına hakim kəsilirlər. Bu mənada ədəbi mühitimizdə nüfuzu, zəngin yaradıcılığı, unikal əsərləri ilə şöhrətlənən yazıçı Anarın ömrünün 80-ci onilliyi tamamlandı. 

Tənqid sözünün hər iki mənasında o, bu sözün hədəfinə ən çox tuş gələn yazıçılarımızdandır. Əvvəllər də belə olub, indi də belədir və bu diləyimiz, nə qədər qəribə görünsə də, arzu edirik ki, hələ uzun illər bundan sonra yenə belə olsun. Çünki ədəbi tənqidin daimi hədəfində olmaq insanın yaradıcı məhsuldarlığından, qələminin ovxarından xəbər verir. Yazıb-yaratdıqları ilə həmişə diqqəti özünə çəkə bildiklərini göstərir. Böyük potensialına bel bağlayaraq tənqidçilərin ondan daha yüksək nəticələr umduqlarına dəlalət edir.
Əli qələmli kəslərin, xüsusilə gənc yazarların müxtəlif mətbu orqanlarda tez-tez əleyhinə yazdıqları cari tənqidlər də Anarın böyüklüyündən, ictimai həyatda diqqət mərkəzində olmasından irəli gəlir. Əgər səni, hətta haqsız da olsa, tənqid edirlərsə, deməli, şəxsiyyət kimi varsan, yüksək mövqeyinlə mövcudsan və sənin varlığınla qürur duyanların sayı, mənasız cızma-qaralarla gözdən salmağa cəhd göstərənlərdən müqayisəyəgəlməz dərəcədə dəfələrlə çoxdur.
Aradan daha 80 il də keçəcək. Onilliklər əsrlərə qovuşacaq. Anarın həyat və yaradıcılığı haqqında yenə çoxlarının deməyə sözü olacaq. Maraqlıdır, görəsən, əsrlər sonranın oxucuları onun əsərləri haqqında necə danışacaqlar? Ədəbiyyat adlı ucsuz-bucaqsız ümmanın “Ağ liman”larından Anarın yerini necə təyin edə biləcəklər? Düşünürük ki, bu sualın cavabını hər kəsdən əvvəl elə o özü yazıb-yaratdıqları, çağdaş ədəbiyyatımızda tutduğu mövqe ilə verib.
Elə yazıçı və şairlər var ki, sadəcə orijinal əsərlər yaradırlar. Öz yaradıcılıqları ilə ədəbiyyatın inkişafında, bu ədəb və mərifət sənətinin funksiyasını yerinə yetirməsinə müəyyən şəkildə təsir edirlər. Bu cür yazıçıların yaradıcılıqları da ədəbiyyat tarixində müəyyən iz buraxır. Amma elə yaradıcı adamlar da olur ki, onların sənətə gəlişi ilə sənətin özündə bütöv bir mərhələ başlanır. Yeni cərəyan, fikir, düşüncə məktəbi formalaşır və özünü təsdiq edir. Ədəbiyyatda, bədii fikirdə yeni dəyərlər, prinsiplər, zövqlər, görüşlər müəyyənləşir. Ədəbiyyat sanki başqalaşır, yenidən doğulur.
Tam mübaliğəsiz deyə bilərik ki, öz yaradıcılığı ilə çağdaş Azərbaycan ədəbiyyatı tarixində yeni bir səhifə açan belə yazıçılarımızdan biri məhz Anardır.

 

Sadəliyin gücü

 

Qeydlərimizə Anara qarşı yönələn tənqidləri xatırlamaqla başladıq. Əslində, bu tənqidlərin əsas səbəblərindən biri Anarın öz oxucularına mənən doğmalığıdır. Bir qədər də sadələşdirsək, insanların bir doğma insan, ailə üzvü, yaxın dost kimi ona ərkyana münasibətidir. O yazıçı ki illər boyu öz yaradıcılığının orijinal dünyası ilə oxucunun dünyasına hakim kəsilir: onun hər sətrini sevə-sevə oxuyursan, düşünürsən və anlamağa çalışırsan onu. Belə yazıçılar artıq sənin şəxsi meyarlarının çərçivəsini yarmış olurlar. Ümumi ictimai meyar kəsb etməyə başlayırlar. Yalnız beş-on ədəbiyyatçının sevdiyi qələm sahibi kimi qalmırlar. Minlərlə oxucunun ürəyini, qəlbini ovsunlayırlar. Yeri gələndə hansısa ədəbi fəndi ilə razılaşmırsan. Yaratdığı obrazın hansısa cəhətini bəyənmirsən. Düşünürsən ki, gərək obraz sənin istədiyin kimi yaradılaydı, arzularına uyğun davranaydı. Bu düşüncələr içində doğma müəlliflə mükalimələrə başlayırsan. Anar məhz belə yazıçılardandır.
Anar yaradıcılığında diqqəti ən çox çəkən cəhət onun həyatiliyidir, realizmidir. İlk baxışdan onun əsərləri, qəhrəmanları adama sadə gəlir. Amma sonra düşünüb mahiyyətinə varınca anlayırsan ki, əsl ədəbiyyat elə budur. Bu, elə bir ədəbiyyatdır ki, özülü Anarın böyük sələflərinin yaradıcılığı ilə qoyulub. Bu gün onun kimi püxtə ədəbiyyat adamlarının qələmində bu ədəbiyyat qalasının yeni kərpicləri hörülür. Və bu yaradıcılıq bütün məziyyətləri ilə bizə yaxşını yamandan ayırd etməyə imkan verir.

 

Xarakterlər və portretlər qalereyası

 

Qloballaşma prosesi dünyanın mənzərəsi kimi, ədəbiyyatın məzmununu da dəyişir. Qlobal dünyagörüşü və planetar təfəkkür artıq hər bir problemə vahid məcrada, ümumilikdə bəşəriyyətin və bu ümumilik içində əksini tapmış ayrı-ayrı insanların taleyi müstəvisində baxmaqdadır. İndi ədəbiyyatın da səmalarda dolaşan mövzulardan adi və sadə bir insan səviyyəsinə endiyi vədələrdir. Bəşəri həqiqətlərin adi insanların həndəvərində, onların taleyində axtarıldığı zamandır. Bu, dünya ədəbiyyatının yeni meyillərindən sayılır. Amma əsərlərini diqqətlə araşdırdıqda görürsən ki, Anarın yaradıcılığında bu meyil hələ uzaq 60-cı illərdən başlanıb. Yaddaşımızı azca tərpədək: “Ağ liman”, “Gürcü familiyası”, “Mən, sən, o və telefon”, “Dantenin yubileyi” və digərləri.
Anarın bu əsərlərdə yaratdığı obrazların əksəriyyəti hər hansı cəhətləri ilə başqalarından o qədər də seçilməyən, sosial status etibarilə sadə insanlardan ibarətdir. O öz əsərlərinə gətirdiyi sadə insanların daxili aləminə, mənəvi dünyasına pəncərə açmağa çalışır. Onların zahiri əlamətlərinin təsvirindən çox mənəvi aləminin təsvirinə üstünlük verir. Azərbaycan psixologiyasının dərinliklərinə bələdliyinin gücü, ədib qələminin bədii siqləti ilə bu sadə insanlardan elə portretlər yaradır ki, onlar ömür boyu oxucu düşüncələrinin yol yoldaşına çevrilirlər. Üstəlik, bu əsərlərdə elə bir ritm sakitliyi, ritmi ikinci plana keçirməyən ahəstə emosional intonasiya var ki, oxuduqca hətta adamların pıçıltısını eşidirsən. Şəhərdən gələn səslər dəyir qularlarına. Bu səslərlə kimisə sevir, kiməsə nifrət bəsləyir, haranısa öz evin kimi aydın görə bilirsən. Onun qəhrəmanlarından çoxu oxucu ilə söhbətləşir, hətta mübahisə edir, yeri gələndə öcəşir də...
Anarın böyüklüyü də elə bundadır ki, onun yaratdığı obrazların səninlə eyni vaxtın, məkanın içində, az qala qapıbir qonşuluğunda yaşadığını, o obrazlarla sanki hər gün qarşılaşdığını hiss edirsən. Bu mənada Anarın bədii aləmi real dünyamızın bir parçası kimi görünür. Amma onun reallıq hissi ilə barışmayan, bir qədər yalqız və bu yalqızlıq içində də həmişə darıxan, iztirab çəkən qəhrəmanları real dünyaya sığa bilmirlər. Bu mühitin içində özlərinin balaca dünyalarını formalaşdırmağa can atırlar.
Anar öz qəhrəmanlarını real dünyanın fiziki sərhədlərindən kənara çıxarır. Ruhun ərazisi obrazında biçimlənmiş tale məkanını oxucuya sonuncu ümid yeri kimi nişan verir. Nemətin timsalında oxucu qapalı dünyadan ağ limana doğru can atır. Zaur hələ sağlığında əldən verdiyi ölmüş Təhminəni “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə tapıb itirir. Əsmər uzaq şəhərlərdən öz əziz xatirələrinin ardınca bir günlük doğma Bakısına, ömrünün ən füsunkar çağlarını hələ də qoruyub saxlayan İçərişəhərin dolanbac küçələrinə pənah gətirir. Kərim “Otel otağı”nda bütün ümidlərinin qırıldığı məkana yetişir.
Anarın yaratdığı xarakterlərin hər biri özünəməxsusluğu ilə seçilir. Çünki hazır dəyərlər kompleksindən istifadə Anar yaradıcılığına yaddır. Yazıçının yaratdığı bədii dünya özü yeni dəyərlər kompleksini formalaşdıran bir həyatdır.

 

Ortaq talelərin həyat mizanı

 

Anar həyat barədə ciddi düşüncələri olan sənətkardır. O, təfərrüatların, detalların bolluğu, təhkiyənin ayrı-ayrı xətləri, hislərin coşqun, lirik, bəzən isə romantik axarı ilə ümumi qayəni fikir çaları ilə zənginləşdirir. Psixoloji şübhə və tərəddüdləri qabarıq şəkildə təqdim etməyə nail olur. Anar nəsrinin ən səciyyəvi xüsusiyyətlərindən biri də heyrətamiz dərəcədə rəngarənglikdir, mətnaltı məzmun və daxili səs dinamizmidir. Əsərdən-əsərə, obrazdan-obraza şaxələnən özünüdərketmədir.
Anar yaradıcılığı haqqında indiyə qədər ölkəmizdə də, Azərbaycanın hüdudlarından kənarda da çox sayda ədəbiyyat adamları söz söyləyib. Onun əsərlərinin bu və ya digər cəhətlərinə diqqət yönəlib. Hər bir tənqidçi yaratdıqlarına özünəməxsus tərzdə münasibət bildirib. Kim onun bir sənətkar olaraq hansı keyfiyyətlərini daha önəmli görsə, o cür də təqdim etməyə çalışıb. Maraqlısı isə budur ki, yazıçının yaradıcılığına toxunan müəlliflərin diqqətini çəkmiş cəhətlərin hamısını biz Anarın qələmindən çıxan nümunələrdə həqiqətən tapa bilirik. Bir çox cəhətləri görür, duyur, müşahidə edirik. Onun hər bir əsəri yaradıcılığına yeni keyfiyyətlər gətirir. Zənnimizcə, Anarın bir yazıçı kimi ən maraqlı və orijinal cəhəti də elə ondadır ki, o, əsərdən-əsərə dəyişməyə, yeniləşməyə, başqa cür olmağa, başqa cür yazmağa çalışır. Və buna da nail olur. Bu, Anarı sənətkar kimi seçib fərqləndirən əsas orijinal xüsusiyyətlərdəndir.
Bir var ki, yazıçı başqalarından fərqlənmək, orijinal görünmək üçün özünü, üslubunu axtarır və nə vaxtsa bunu formalaşdırır. Bu mərhələdən sonra isə yazıçı öz üslubunu yalnız təkmilləşdirib inkişaf etdirməklə məşğul olur. Son nəticədə isə yenə də özünəməxsus üslubunu qoruyub saxlayaraq ona sadiq qalır. Anarın əsərlərində daim davam edən başqa cür yazmaq stixiyası isə qətiyyən fərdi üslub axtarışı və bu üslubun formalaşması ilə əlaqədar deyil. Əksinə, onun fərdi üslub axtarışları, necə deyərlər, oxucunun gözləri önündən getməyib. Bu fərdi yaradıcılıq prosesi Anarda oxucudan gizli, onun özünün yaradıcılıq emalatxanasının divarları arasında, öz nəzarəti altında baş verib. Bir sözlə, Anar ilk mətbu əsəri ilə artıq öz üslubunu hazır şəkildə gətirib və oxuculara təqdim edib. O vaxtdan Anarın yaradıcılığı həmin üslubun əsas cəhətlərini, səciyyəvi keyfiyyətlərini özündə daşımaqla bərabər, hər bir əsərində bir ayrı cür yazmağa, bir ayrı cür ortaya çıxmağa cəhd edib və buna da tamamilə nail olub.
Əsas əsərlərinə diqqət yetirək: “Ağ liman” bir cür, “Dantenin yubileyi” başqa cür, “Macal” tamam ayrı cür, “Beşmərtəli evin altıncı mərtəbəsi”, “Əlaqə”, “Otel otağı” - bunların hər biri də bambaşqa səpkilərdə yazılıb. Elə bil ki, Anar hər dəfə növbəti əsəri ilə fərqli bir görkəmdə, başqalaşmış, dəyişmiş bir yazıçı kimi görünməyi qarşısına məqsəd qoyur.
Amma bu fərqliliklərə rəğmən, orası da var ki, Anarın bir əsərindən digərinə sanki qapı açılır. Hər bir əsərin mövzu, üslub və forma bitkinliyi olduğu üçün bu “poetik məkana” sığmayanlar da yeni bir əsərin obraz potensiyasına çevrilir.

 

Yeni insanın kəşfi

 

Anarın “Keçən ilin son gecəsi”, “Asılqanda işləyən qadının söhbəti”, “Taksi və vaxt”, “Gürcü familiyası”, “Mən, sən, o və telefon” hekayələrində olduğu kimi “Dantenin yubileyi” sayaq ilk povestlərində də sentimentallıq, psixologizm çox güclüdür. Müəllif təsvir etdiyi adamların hislərinə geniş yer verməklə bərabər, öz emosional münasibətini, qəlbinin dərinliklərindən gələn sevgi hislərini gizlətmir. “Dantenin yubileyi” nəinki Anar yaradıcılığının, habelə müasir nəsrimizin ən maraqlı əsərlərindən biridir. Bu povestdə Anar müasir nəsrimizdə vətəndaşlıq hüququ qazanmış tipajlarından birini, “maraqsız insanı”, zahirən heç bir cəhəti ilə diqqəti çəkməyən qəhrəmanı təqdim edir. Yazıçı Feyzulla Kəbirlinski kimi bir adamı özünə qəhrəman seçməklə onun maraqsız, son dərəcə sadə, hətta ilk baxışdan bəsit görünən həyatını təsvir etməklə göstərir ki, istənilən insanın həyatı özlüyündə yazıçı üçün də, başqa insanlar üçün də maraqlı ola bilər.Başlıcası, hər bir insan onun ictimai mövqeyindən asılı olmayaraq dəyərlidir.
Anar bir yazıçı kimi öz missiyasını təsvir etdiyi insanların əhvali-ruhiyyəsinə, duyğu və düşüncələrinə geniş yer verməklə yerinə yetirir. Bunu da obrazların daxili monoloqu, şüur axını, surətin hərəkət və davranışlarının psixoloji təsviri kimi müxtəlif formalarla həyata keçirir. Əgər hekayələrində psixologizm hələ başlanğıc mərhələdədirsə, “Dantenin yubileyi” povestində bu, artıq əsərin bütün toxumasını təşkil edir. “Macal” povestində isə psixologizm daha yüksək səviyyədə, daha geniş surətdə özünü göstərir. Burada psixologizm artıq təhkiyənin aparıcı, dominantlıq təşkil edən bədii ifadə üsulu kimi nəzərə çarpır.
Yaradıcılığında özünəməxsus yer tutan “Ağ liman” povestində Anarın Azərbaycan nəsrinin yeni bir qəhrəmanını kəşf etməsinə şahid oluruq. Bəlkə elə buna görədir ki, sonrakı yaradıcılığında yazıçı bir-birindən maraqlı, orijinal, yeni həyat və məişət problemlərinə toxunan əsərlər yazsa da, “Ağ liman” onun nəsrinin zirvəsi olaraq qalır. Anar, qeyd etdiyimiz kimi, bütün əsərlərində təkrarsızdır. Janrından asılı olmayaraq hər bir əsərində yeni söz, orijinal düşüncə tərzi var. “Ağ liman”ı bu sırada məxsusi edən fərqli cəhət isə insan və şəxsiyyət probleminə münasibətdə onun ədəbiyyatımızda yeni bədii konsepsiyanın əsasını qoymasıdır. Bu əsəri Anar qələminin daha bir mükəmməl məhsulu - “Beşmərtəbəli evin altıncı mərtəbəsi” tamamlayır. Məhz bu əsərlərində yazıçının fərdi üslub xüsusiyyətləri daha qabarıq görünür. Adıçəkilən əsərlərdə psixologizmdən daha geniş istifadəni bir tərəfdən həyat materiallarının özü diktə edir, digər tərəfdən də materialın özündəki lirizmə yazıçının münasibəti doğurur. Bir-birinin davamı olan bu əsərlər xarakterlər nəsridir.

 

Bir tənhalıq hekayəti

 

Anarın yaratdığı qadın obrazları da həyatiliyi, canlılığı, eyni zamanda oxucu düşüncəsində oyatdığı yeni suallarla böyük maraq doğurur. Bu obrazların ən böyük bədii dəyəri bundadır ki, həmin obrazlarda qadın surətləri filosofların düşüncələrini əsrlərlə məşğul edən sirli statusunu qoruyur. Oxucu onun hansısa davranışlarına birmənalı münasibət bildirmək iqtidarında olmur. Bunu istər “Dantenin yubileyi” povestindəki Həcər, istər “Gürcü familiyası” hekayəsindəki Əsmər, istərsə də “Ağ liman” və “Beşmərtəbəli evin altıncı mərtəbəsi” povestlərindəki Təhminə obrazına münasibətdə duyub müşahidə edə bilirik. Bunlardan xüsusilə Təhminə obrazına, hətta dəyərlərin qloballaşma meyillərinin təsiri ilə xeyli dərəcədə dəyişdiyi müasir dövrümüzdə də birmənalı münasibət bəsləmək mümkün deyildir. Bu obrazın təsəvvürlərdəki əsl Azərbaycan qadını siması üçün xarakterik olmayan hansısa cəhətlərinə tənqidi yanaşmaq olar. Amma Təhminə obrazının rəğbət doğurduğu məqamlar da kifayət qədərdir. O, cəsarəti, səmimiyyəti ilə müsbət bədii qəhrəman kimi özlərini cəmiyyətdən ayıran, seçilmişlər cərgəsinə mənsub olmayanlara yuxarıdan aşağı baxan və onları aşağılamağa, təhqir etməyə özlərini haqlı bilən ziyalı qiyafəli meşşanlar təbəqəsinə qarşı dayanır. Bu həm də insanın öz mühitinə qarşı dayanmasıdır. Təhminə altıncı mərtəbə həqiqətini, yəni həqiqi və saf məhəbbət əzablarının həyatın bütün digər zövqlərindən üstün olmasını duyan, dərk edən nadir istisnalardandır. Bu düşüncə isə onu əhatə edən mühitin həqiqətləri ilə başdan-başa təzad yaradır. Təhminənin azadlığı, açıqfikirliyi, həqiqətpərəstliyi və təbiiliyi onun ideyasız, qanadsız mühitindəki insanların dar düşüncəliyi, riyakarlığı, saxtakarlığı ilə konfliktə girir. Bu mühitdəki əksər kişilərin Təhminə kimi gözəl və təmiz qəlbli qadınlara münasibəti də ibtidai instinktlərdən uzağa getmir.
Belə bir mühitin əhatəsində, əslində, yalqız olan Təhminə xarakter etibarilə başqalarından bir qədər fərqlənən Zaura rast gəlincə illərdən bəri axtardığı idealı tapdığını, beşmərtəbəli evin altıncı mərtəbəsinə yetişdiyini güman edir. Lakin o, bu dəfə də yanılır, azadlığını, səksəkəli səadətini mühitinin - Dadaşların, Manafların, Spartakların rahat, harın yaşayışına, komfortuna dəyişən Zaurun yenidən beşinci mərtəbədə qərar tutması onun sonuncu ümidlərini də öldürür.
Anarın “Sizsiz” xatirə-romanının ardınca ötən əsrin 90-cı illərinin sonlarında qələmə aldığı “Otel otağı” povesti də yeni dövrün ortaya çıxardığı hadisə və xarakterlərlə zəngindir. Əsərdə zaman dəyişdikcə cəmiyyətdə gedən ictimai-siyasi proseslərin burulğanında, xaosunda əsl ziyalılarımızın taleyindən söhbət açılır. Bəzi insanların mənəviyyatsızlığı, prinsipsizliyi, vəziyyət və şəraitdən asılı olaraq cilddən-cildə girməsi təsvir olunur.
Əsərin daha bir özəlliyi də burada 90-cı illərdə və daha əvvəlki zamanlarda, 30-cu, 40-cı illərdə Azərbaycanda cərəyan etmiş ictimai-siyasi hadisələr, habelə torpaqlarımızın erməni işğalçıları tərəfindən zəbt olunmasından sonra ortaya çıxan problemlər, Qarabağ faciəsi, Bakıdakı siyasi burulğanlar və bütün bu ağır şəraitlərdə ziyalı taleyinin əks olunmasıdır. Povestin baş qəhrəmanı Kərim çətin dövrlərdə, ağır vəziyyətlərdə, mürəkkəb şəraitdə öz ziyalı ləyaqətini, mənliyini, təmizliyini qoruyub saxlayan və bunun acısını yaşayan bir insandır. Daim içində daşıdığı Qarabağ dərdi, Şuşa həsrəti və Xocalı faciəsinin acı xatirələri Kərimin, sözün hərfi və məcazi mənasında, ürək ağrılarının əsas səbəbidir. Faciəvi sonluğuna baxmayaraq, “Otel otağı” həqiqi mənəvi dəyərləri, ziyalı ləyaqətini tərənnüm edən bir əsərdir.
Anarın bu povestlə eyni dövrdə qələmı aldığı “Vahimə”, “Qırmızı limuzin” hekayələrində təsvir olunmuş qəhrəmanlar da “Otel otağı”nın obrazları kimi bizim müasirlərimiz olan, adi, normal, gündəlik həyatlarını yaşayan insanlardır. Taleyin hökmu, üzləşdikləri həyat gerçəklikləri bu insanları getdikcə daha çox esktremal tənhalıq qarşısında qoyur. Və Anar da bu tənhalığı təsvir edir.
Anar müasir ədəbiyyatımızda daha çox nasir kimi tanınsa da, özünü ədəbiyyatın digər növlərində, o cümlədən dramaturgiyada da sınayıb. Diqqətəlayiq haldır ki, onun səhnəmiz üçün yazdığı bu əsərlər müvəffəqiyyət qazanıb. Yazıçı-dramaturqun “Keçən ilin son gecəsi”, “Adamın adamı”, “Sizi deyib gəlmişəm”, “Səhra yuxuları”, “Evləri köndələn yar”, “Təhminə və Zaur”, “Şəhərin yay günləri”, “Yaşıl maşın”, “Qaravəlli” kimi bir-birindən maraqlı dram əsərlərinə bu gün də televiziya nümayişlərində sevə-sevə baxır, bu əsərlərin radiotamaşalarını böyük zövqlə dinləyirik. Bundan başqa, Anarın ssenariləri əsasında Azərbaycan kinematoqrafiyası, Azərbaycan tamaşaçısı “Dədə Qorqud”, “Uzun ömrün akkordları”, “Təhminə”, “Torpaq. Dəniz. Od. Səma”, “Gün keçdi”, “Qəm pəncərəsi”, “Əlaqə”, “Otel otağı”, “Cavid ömrü”, “Sübhün səfiri” və s. bu kimi unudulmaz bədii filmlər qazanıb. Bu filmlərlə Anar ədəbiyyat tariximiz qədər kino tariximizdə də hər zaman var olacaq.
Anar yaradıcılığında Mirzə Cəlil haqqında qələmə aldığı esse Azərbaycan ədəbiyyatına böyük bir novatorluq gətirmiş, Cəlil Məmmədquluzadə qəhrəmanlarının şəxsi taleyinə elmi-nəzəri baxışın sanbalına və dərinliyinə verilən dəyərə görə bu səviyyədə əsərlərin çox az olduğunu təsdiq edir. Anar belə bir qənaətə gəlir ki, Mirzə Cəlilin istisnasız olaraq bütün əsərlərində “anlamaq dərdi” ifadə olunub.

 

Anarın SÖZü və ÖZü

 

Anar yaradıcılığının ən mühüm xüsusiyyətlərindən biri də müqtədir sənətkarın öz yaradıcılığında Azərbaycan folklorundan yetərincə barınmasıdır. Təsadüfi deyil ki, məhz Anarın yaradıcı əməyi sayəsində bütövlükdə türk dünyası Ana Kitabımız olan “Kitabi-Dədə Qorqud dastanları”nı yenidən kəşf etmiş, ədibin bu sahədəki böyük zəhməti xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən də ən yüksək qiymətini almışdır.
Bu silsilədən Anarın ən mükəmməl əsərlərindən biri də onun yaradıcılığının son dövrlərinə aid olan “Ağ qoç, qara qoç” romanıdır. İki hissədən ibarət bu roman “utopik və antiutopik nağıllar” adlandırılmış və hər bir hissəyə “Məlikməmməd” nağılından gətirilmiş ağ qoç və qara qoçla bağlı uyğun epiqraflar verilmişdir. Kifayət qədər uğurlu alınan və oxucular tərəfindən böyük maraqla qarşılanan romanın orijinal bir dillə ifadə olunan bədii qayəsi bundan ibarətdir ki, Azərbaycanın taleyi üçün öncə düzgün yol seçmək, seçilmiş yolu qoruyub saxlamaq və bu məsələdə hər kəsin - dövlət məmurunun, ictimai fəalın, sıravi vətəndaşın, ziyalının üzərinə düşən fərdi məsuliyyəti dərk etmək lazımdır. Bunun ən bariz örnəyi isə Anarın özünün ədəbiyyatdan kənarda həm də tanınmış ictimai-siyasi xadim olaraq ötən əsrin 80-ci illərinin sonlarından etibarən Azərbaycanda gedən proseslərə münasibətdə tutduğu mövqedir. Bu mənada Anar ədəbi-bədii yaradıcılığını ictimai-siyasi fəaliyyəti ilə uzlaşdırmağı bacaran nadir şəxsiyyətlərdəndir.
Onun Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etdiyi illərdə bu təşkilatın nəzdində Tərcümə və Ədəbi Əlaqələr Mərkəzi, “Dədə Qorqud Ensiklopediyası” yaradılmış, “Ədəbiyyat və İncəsənət” qəzeti “Ədəbiyyat qəzeti” adlandırılmaqla sırf Yazıçılar Birliyinin orqanı kimi fəaliyyətini davam etdirməyə başlamış, eyni zamanda “Qobustan” toplusu da Yazıçılar Birliyinin orqanına çevrilmişdir. Yazıçılar Birliyinin təklifi və təşəbbüsü ilə Azərbaycan PEN klubu - Beynəlxalq Yazıçılar Təşkilatının Azərbaycan bölməsi yaradılmışdır. Moskva, Türkiyə, Gürcüstan və Polşanın yazıçılar təşkilatları ilə ikitərəfli müqavilələr bağlanmışdır. 1987-ci ildə erməni fitnəkarlarının təhriki ilə Qarabağ məsələsi ortaya atılanda bu fitnəyə qarşı fəal mövqe tutan qurumlardan biri də məhz Azərbaycan Yazıçılar Birliyi olmuş, Azərbaycan yazıçılarının imzası ilə Moskvaya etiraz məktubları göndərilmişdir. O ağır illərdə Yazıçılar Birliyinin Ağdam döyüş bölgəsində və Gəncədə keçirilən plenumları, Anarın Naxçıvanda, Ağdam, Goranboy və Qazaxda döyüşçülərlə görüşməsi, qaçqın ailələrinin Yazıçılar Birliyinin Şüvəlandakı Yaradıcılıq evində yerləşdirilməsinə göstərdiyi kömək onun vətəndaş mövqeyinin ifadəsi idi.
Bu mövqe Anarın Azərbaycan Ali Sovetinin deputatı, SSRİ xalq deputatı və SSRİ Ali Sovetinin üzvü kimi 1988-ci ildən başlayaraq həm Azərbaycan parlamentində, həm də SSRİ-nin ən yüksək tribunasında Qarabağ probleminin həlli ilə bağlı fəal, vətənpərvər çıxışlarını da əhatə edir.
Azərbaycan deputatları ilə birlikdə bir neçə dəfə Qorbaçovla görüşərək Azərbaycanın haqq səsini ona çatdırması, Bakıda törədilmiş 20 Yanvar qətliamının günahkarlarının cəzalandırılmasını tələb etməsi, 20 Yanvar gecəsindən az sonra rus dilində yazdığı “Müsibət” müraciəti ilə yüzdən artıq mötəbər ünvana - SSRİ xalq deputatlarına, keçmiş ittifaq respublikalarının yaradıcı qurumlarına müraciəti də bir ictimai-siyasi xadim kimi Anarın ömründən vətənpərvərlik xətti kimi keçir. Maraqlı bir məqamı xatırladaq ki, müstəqil Azərbaycan parlamentinin 1995-ci ildə keçirilmiş ilk iclasını aparmaq şərəfi də Azərbaycan ziyalı fikrinin görkəmli təmsilçisi kimi məhz Anara nəsib olmuşdur.
Anar bu gün də öz dəyişməz mövqeyindədir. Ölkə rəhbərinin həyata keçirdiyi siyasət sayəsində tarixinin ən qüdrətli mərhələsini yaşayan müstəqil dövlətimizə, ictimai fikrimizə xidmət yolundadır.
Onun şərəflə yaşadığı 80 illik ömür əsl şəxsiyyət tarixidir.

Nurlana ƏLİYEVA,
Bakı Slavyan Universitetinin rektoru, professor, YAP Qadınlar Şurasının sədri

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video