Alternative content

12:07 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Paytaxtdan Göyçaya ezam olunan yüksəkixtisaslı həkimlər bölgə sakinlərinin tibbi müayinəsini aparıblar
Paytaxtdan Göyçaya ezam olunan yüksəkixtisaslı həkimlər bölgə sakinlərinin tibbi müayinəsini aparıblar
ANA SƏHİFƏ / Səhiyyə
04:03 31.03.2018

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə bölgələrdə yaşayan əhalinin tibbi müayinələrdən keçirilməsi məqsədilə paytaxt xəstəxanalarında çalışan yüksəkixtisaslı həkimlər martın 31-də Göyçay rayonuna ezam olunub. Göyçay Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən əhalinin kütləvi tibbi-profilaktik müayinəsi gün ərzində davam edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, xəstəxananın ayrı-ayrı şöbələrində təşkil olunan tibbi müayinələri Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova, akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktor müavini Rafael Daşdəmirov, Kliniki Tibbi Mərkəzin həkim-ümumi cərrahı Şəhram Məmmədov, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının həkim-oftalmoloqu Rasim Orucov, Kliniki Tibbi Mərkəzin həkim-nevropatoloqu Mustafa Məmmədov və akademik M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim-endokrinoloqu Rüstəm Mahmudov aparıblar.

Gün ərzində Göyçay, Şamaxı, Ağsu, İsmayıllı, Qobustan, Ucar və Kürdəmir rayonlarından 100-ə yaxın sakin tibbi müayinədən keçirilib. Tibbi müayinə briqadasının sədri, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova AZƏRTAC-a müsahibəsində bildirib ki, ölkə başçısının göstərişinə əsasən Səhiyyə Nazirliyində bölgələrdə tibbi müayinələrin həyata keçirilməsi üçün yüksəkixtisaslı həkimlərdən ibarət dörd briqada yaradılıb. Onun rəhbərlik etdiyi həkimlər briqadası əvvəlki günlərdə Şəki, Şamaxı və Qəbələdə bölgə sakinlərinin müayinəsini aparıb.

Göyçay Rayon Mərkəzi Xəstəxanasının baş həkimin müavini Ləman Hacıyevanın verdiyi məlumata görə, fevralın 12-dən bəri ötən müddət ərzində 41 min 892 nəfər rayon sakini pulsuz tibbi müayinədən keçirilib. Onlardan 257 nəfəri Göyçay Rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəyə, 1254 nəfər ambulator müalicəyə cəlb edilib, 80 nəfər isə müalicə üçün paytaxt xəstəxanalarına göndərilib.

Rayonda yaşı 18-dən yuxarı olan 84 min 610 nəfərin tibbi-profilaktik müayinədən keçirilməsi üçün Göyçay şəhərində 2, kəndlərdə 13 tibbi müayinə məntəqəsi yaradılıb. Səyyar həkim briqadaları rayonun 56 kəndində əhalinin tibbi müayinəsini əsasən terapevt, oftalmoloq, ginekoloq, cərrah, nevropatoloq, stomatoloq, kardioloq və digər tibb mütəxəssisləri aparırlar. Ehtiyac yarandığı təqdirdə sakinlər kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən də keçirilir.