31 Mart 2018 12:03
2992
MSK
A- A+

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində seçki məntəqələrində veb-kameralar quraşdırılması barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar № 15/88

 

Azərbaycan Respublikasının seçki qanunvericiliyinə əsasən seçkilərin (referendumun) hazırlanması və keçirilməsi prosesi, nəticələrin rəsmiləşdirilməsi və ictimailəşdirilməsi, habelə komissiyaların fəaliyyəti seçicilər üçün aşkar olmalıdır.

Qanunvericiliyin bu tələblərinə əməl olunması məqsədilə ölkəmizdə keçirilmiş seçkilərdə (referendumda) aşkarlıq institutlarının, xüsusilə də müşahidəçilik institutunun normal fəaliyyəti üçün daim hərtərəfli və geniş imkanlar yaradılmış, bununla yanaşı, seçici siyahılarının mütəmadi olaraq nümayiş etdirilməsi, seçicilərin səsvermədə aktivliyi, səsvermənin gedişi və ilkin nəticələri barədə məlumatların tam və operativ şəkildə ictimailəşdirilməsi, habelə ictimaiyyətin aparılan proseslərlə yaxından tanış edilməsi üçün davamlı tədbirlər görülmüş, bu prosesdə müvafiq avtomatlaşdırılmış informasiya sisteminin və kütləvi informasiya vasitələrinin imkanlarından səmərəli istifadə edilmişdir.

Müşahidəçi səlahiyyətləri əldə etmədən və seçki məntəqələrinə gəlmədən, geniş ictimaiyyət tərəfindən internet vasitəsilə səsvermənin gedişinin əvvəldən axıradək müşahidə edilməsi, qanunsuz müdaxilələr olmadan seçicilərə səsvermə şəraitinin yaradılması, habelə məntəqə seçki komissiyalarının üzvləri tərəfindən seçki (referendum) sənədləri ilə işin aparılması, səslərin sayılması, nəticələrin müəyyənləşdirilərək rəsmiləşdirilməsi prosesinin izlənilməsi və bununla da aşkarlığın daha geniş surətdə təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası 2008-ci ildən başlayaraq Azərbaycan Respublikasında keçirilən seçkilərdə və referendumlarda əlavə tədbirlər qismində, mövcud seçki məntəqələrinin 500-də (təqribən 10 faizində), sonradan isə 1000-də (təqribən 20 faizində) veb-kameralar tətbiq etmişdir.

Seçki mütəxəssisləri, habelə ölkəmizdə səsvermənin gedişini izləmiş çoxsaylı yerli və beynəlxalq subyektlər tərəfindən yüksək qiymətləndirilmiş bu mütərəqqi təcrübədən istifadə edən xarici dövlətlərin sayı artmaqdadır.

Ona görə də Mərkəzi Seçki Komissiyası hesab edir ki, 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində də bu ənənə davam etdirilməli, veb-kameralar vasitəsilə keyfiyyətli və fasiləsiz yayım imkanlarının təmin edilməsi üçün zəruri olan texniki və digər şərtlərə əməl olunduqdan sonra Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması prinsipi əsas götürülərək, 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kamera quraşdırılmalıdır. Bu fəaliyyət başa çatdıqdan sonra veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilməklə ictimailəşdirilməlidir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.2.10-cu, 25.2.16-cı, 28.2-ci, 28.4-cü, 40.1-ci və 110-cu maddələrinə, habelə Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi "Seçki məntəqələrində veb-kameraların quraşdırılması və istifadəsi Qaydaları"na  uyğun olaraq qərara alır:

1. 2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə günü seçki məntəqələrində seçki prosesinin əvvəldən axıradək izlənilməsi məqsədilə 119 seçki dairəsi üzrə 1000 (min) seçki məntəqəsində veb-kamera quraşdırılsın.

2. Ermənistan tərəfindən işğal edilmiş ərazilər istisna olmaqla, respublika ərazisinin tam əhatə olunması, keyfiyyətli və fasiləsiz yayım imkanlarının zəruriliyi prinsipləri əsas götürülərək veb-kameraların quraşdırılması üçün lazım olan texniki və digər şərtlərin təmin edilməsilə əlaqədar müvafiq tədbirlər görülsün.

3. Proses başa çatdıqdan sonra veb-kamera quraşdırılmış seçki məntəqələrinin siyahısı səsvermə gününə azı 2 gün qalmışadək dərc edilsin.

4. Qərarın icrası öz səlahiyyətləri daxilində aidiyyəti üzrə müvafiq qurumlara həvalə edilsin.

5. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr                Məzahir Pənahov

Katib               Arifə Muxtarova

Katib               Mikayıl Rəhimov

 

30.03.2018

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video