Alternative content

10:52 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib
Bakıda Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub Birinci vitse-prezident Mehriban Əliyeva mərasimdə iştirak edib
ANA SƏHİFƏ / Birinci vitse-prezident
10:03 30.03.2018

Martın 30-da Bakıda, İçərişəhərdə Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər.

Hamımızın sevdiyi “Bizim Cəbiş müəllim”, “Uşaqlığın son gecəsi” filmlərinin ssenari, “Mezozoy əhvalatı”, “Sən nəğməmsən mənim”, “Truskavetsə kim gedir?”, “Bütün yaxşılıqlar üçün - ölüm!” və digər əsərlərin müəllifi Maqsud İbrahimbəyovun oxucu və tamaşaçılarının sayı milyonlarladır. Onu həm Azərbaycanda, həm də xaricdə tanıyır, sevir və görkəmli yazıçı kimi yüksək qiymətləndirirlər.

Xalq Yazıçısı, görkəmli kinodramaturq və rejissor Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi martın 30-dan etibarən İçərişəhərdə fəaliyyətə başlayır.

Birinci vitse-prezident Mehriban Əliyeva Mərkəzin binasında yaradılmış şəraitlə tanış oldu.

Yazıçının həyat yoldaşı Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban Əliyevaya məlumat verdi ki, burada Maqsud İbrahimbəyovun muzeyi, yazıçının kitabxanası və ədəbiyyat otağı yerləşir. Ədəbiyyat otağında yazıçının müxtəlif illərdə həm rus, həm Azərbaycan dillərində nəşr olunan, həm də 36 xarici dilə tərcümə edilən kitabları təqdim olunur. Burada, həmçinin yazıçının əsərlərinin dərc olunduğu bütün dərgilər toplanıb. Bundan başqa, eksponatlar arasında Maqsud İbrahimbəyovun ədəbiyyat və ictimai-siyasi fəaliyyət sahələrində əldə etdiyi nailiyyətlərə görə müxtəlif vaxtlarda təltif olunduğu orden və medallar, digər mükafatlar, deputat mandatları, fəxri fərmanlar, həmçinin 2012-ci ildə yazıçının Nobel mükafatına namizədliyinə dair sənəd də var.

Maqsud İbrahimbəyov iki azərbaycanlı zadəgan ailəsinin xələfi olub: atası Məmmədibrahim Əhməd oğlu İbrahimbəyov, anası Fatma Ələkbər qızı İbrahimbəyova-Məşədibəyova. Yaradıcılıq Mərkəzində Məşədibəyov və İbrahimbəyov ailələrinin fotoşəkilləri, eləcə də onlara məxsus qədim məişət əşyaları təqdim edilir. Mərkəzdə, həmçinin Maqsud İbrahimbəyova məxsus silah kolleksiyasının nümayiş olunduğu zal var. Maqsud İbrahimbəyov silah kolleksiyası toplayırdı. Onun kolleksiyasında dünyanın müxtəlif ölkələrindən gətirilən və ya dostları tərəfindən hədiyyə olunan qədim silahların nadir nümunələri var. Burada kitabxana və konfrans zalı da yerləşir.

Birinci vitse-prezident Mehriban Əliyeva Yaradıcılıq Mərkəzinin xatirə kitabına ürək sözlərini yazdı.

Anna İbrahimbəyova Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Xalq Yazıçısının “Qoy, o bizimlə qalsın” və “Ondan yaxşı qardaş yox idi” kitablarını hədiyyə etdi.

Sonra Anna İbrahimbəyova Maqsud İbrahimbəyovun sədri olduğu və zadəgan nəslindən olan şəxslərin şəcərəsini tanıtmaq və yaddaşlarda qoruyub saxlamaq məqsədini daşıyan Əsilzadələr Məclisinin 2006-cı ildə imzaladığı, İlham Heydər oğlu Əliyevin və Mehriban Arif qızı Əliyevanın Əsilzadələr Məclisinin üzvü olduqlarını təsdiqləyən şəhadətnamələri Birinci vitse-prezidentə təqdim etdi. Şəhadətnamələrdə qeyd edilir ki, bu sənədin sahibinin bütün nəsli Azərbaycanın Əsilzadələri cərgəsində hesab olunur.

Qeyd edək ki, 2016–2017-ci illərdə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə Mərkəzin binasında əsaslı bərpa və konservasiya işləri aparılıb. Azərbaycan Prezidentinin 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən indi bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi fəaliyyət göstərəcək. Yaradıcılıq Mərkəzinin fəaliyyəti gənc yazıçılara dəstək, Azərbaycan ədəbiyyatı və mədəniyyətinin təbliği, yaradıcı gənclər üçün kreativ mühitin yaradılması və xarici ölkələrin mədəniyyət təşkilatları ilə əməkdaşlığa yönəlib.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Mərkəzin açılış mərasimində çıxış etdi.

 

Birinci vitse-prezident Mehriban Əliyevanın
çıxışı


-Hörmətli Anna xanım.

Xanımlar və cənablar, əziz dostlar.

Bu gün bizim sevimli paytaxtımızın mərkəzində, qədim İçərişəhərdə görkəmli Azərbaycan yazıçısı Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzi açılıb. Bu, çox əlamətdar və rəmzi məna daşıyan hadisədir. Ona görə əlamətdardır ki, bu Mərkəz ölkəmizin mədəni, ədəbi, mənəvi, ictimai-siyasi irsinə mühüm töhfələr verən böyük insanın, görkəmli Azərbaycan yazıçısının xatirəsini əbədiləşdirir. Eyni zamanda, bu, çox rəmzi məna daşıyır. Səbəbini izah etmək üçün mən sizə bu evin tarixi haqqında qısa məlumat vermək istəyirəm. Bu, çox maraqlıdır. Dinləyin: Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzinin yerləşdiyi bina 1914-cü ildə onun babası, neft sənayeçisi Ələkbər Məşədibəyov üçün məşhur memar Əhmədbəy Zivərbəyov tərəfindən inşa olunub. Yazıçının anası, 1924-cü ildə güllələnən Məşədibəyovun 7 övladından biri Fatma xanım burada doğulub. Sonradan ailə də buradan köçürülüb. İnqilabdan sonra XX əsrin 70-ci illərinədək bina kommunal mənzillərin olduğu yaşayış evi kimi istifadə edilib. 1941-1945-ci illərdə - Böyük Vətən müharibəsi dövründə isə binanın zirzəmisi bomba sığınacağı kimi fəaliyyət göstərib. 1978-ci ildən bu binada Sülhü Müdafiə Komitəsi yerləşib. 1983-2016-cı illərdə həmin komitəyə Maqsud İbrahimbəyov rəhbərlik edib. Komitə vətənpərvərliyin təbliği ilə, xeyriyyəçiliklə, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olub. 1993-cü ildən Maqsud İbrahimbəyovun sədrlik etdiyi dünyanın peşəkar yazıçılarını birləşdirən yeganə beynəlxalq təşkilatın bir hissəsi olan Azərbaycanın “PEN klub”u bu binada fəaliyyət göstərib. 1999-cu ildən binada Maqsud İbrahimbəyovun Azərbaycan Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaratdığı “Əsilzadələr Məclisi” fəaliyyət göstərib. Bina 2001-ci ildən İçərişəhər Dövlət Qoruğunun tarixi abidələr siyahısına daxil edilib. 2016-2017-ci illərdə Heydər Əliyev Fondunun dəstəyi ilə binada əsaslı təmir və bərpa işləri aparılıb. Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci il 1 fevral tarixli Sərəncamı ilə bu binada Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi yaradılıb.

Əziz dostlar, bina hörmətli Maqsud müəllimin ailəsi tərəfindən ailə üçün inşa olunub. Yüz ildən artıq müddət keçəndən sonra biz böyük bir insanın, görkəmli yazıçı Maqsud İbrahimbəyovun Yaradıcılıq Mərkəzini açdıq. Hesab edirəm ki, indi biz hamımız tarixi ədalətin təntənəsinin şahidləriyik və bu, çox gözəldir. Son dərəcə parlaq, çoxşaxəli, qeyri-adi, hədsiz istedadlı insan - Maqsud müəllim təəssüf ki, artıq iki ildir aramızda yoxdur. O, əsl vətənpərvər idi. O, bütün qəlbi ilə Azərbaycana, öz torpağına bağlı idi. O, cəsarətli vətəndaş mövqeyi olan insan idi. O, öz ideallarını və prinsiplərini bütün həyatı boyu dəyişməyib. O, uzun ömrünü səmimi, hər şeylə maraqlanan, biganəlikdən uzaq bir insan kimi yaşadı. O, həyatdan getdi, ancaq onun əsərləri, böyük bədii-mənəvi irsi - kitabları, pyesləri, ssenariləri, esseləri qaldı. Onun hər bir əsəri bu günümüz və dünənimizlə heyrətamiz dərəcədə səsləşir və şübhə etmirəm ki, sabah da aktual olacaq. Onun hər bir əsəri yaşayır. Buna görə də Maqsud müəllim yaşayır. İnsanlar - onun dostları, yaxınları, doğmaları, onu sevən, ona hörmət edən, həyatının bütün mərhələlərində onun yanında olan insanlar qalır. Ən əsası da, Maqsud müəllimin ilham pərisi Anna xanım buradadır. Anna xanım, mən təşəbbüsünüzə görə sizə dərin minnətdarlığımı bildirmək istəyirəm. Çünki məhz sizin təşəbbüsünüz sayəsində bu gün bu Mərkəz açılır. Mən sizinlə daha yaxın ünsiyyətdə olduğum bu bir neçə ildə sizə böyük hörmət bəsləyirəm, sizi çox sevirəm. Amma bu Mərkəzin yaradılması üzərində sizinlə birlikdə işləyərkən sizin iradi qüvvənizə, səbrinizə heyran qalmışam. Çünki mən başa düşürəm ki, bu şəxsi əşyaları, arxivləri yığmaq, onları sistemləşdirmək asan deyildir. Bu gün də sizin üçün asan deyil. Bu gün siz yəqin ki, ikili hisslər keçirirsiniz. Bir tərəfdən, sevimli və doğma insanın yanınızda olmamasından doğan qüssə və ağrı, digər tərəfdən, yəqin sevinc hissi keçirirsiniz ki, bu ocaq, bu ev, bu Mərkəz var.

Mən, ilk növbədə, bu Mərkəzin yaradılmasında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Heydər Əliyev Fondunun əməkdaşlarına xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Çünki biz hamımız böyük məhəbbət və məsuliyyətlə bu işə yanaşdıq. Bu Mərkəz Maqsud müəllimin adına layiq olmalı idi. Arzulayırdıq və əlbəttə çalışırdıq ki, biz hər şeydən əvvəl binanın tarixi simasını bərpa etməklə yanaşı, onun daxilində hər zaman Maqsud müəllimin özünün yaratdığı atmosfer hiss olunsun. O, əsl istedadlı insan kimi elə müsbət enerji aşılayırdı ki, onunla bir dəfə ünsiyyətdə olduqdan sonra sanki sehrlənir və onun yanında olmaq istəyirdin. Mən çox ümid edirəm ki, bu ev də belə olacaq. Ona görə, bir daha demək istəyirəm, bizim hörmətli Maqsud müəllimin Yaradıcılıq Mərkəzini məhz bu evdə açmağımız tamamilə ədalətlidir. Çox istəyirəm ki, burada onun bəyəndiyi, yaratdığı və yaşadığı mühit olsun. Düşünürəm ki, bu yer istedadlı gənclərin müxtəlif görüşlərinin keçirildiyi, azərbaycanlı yazıçıların, ədiblərin dəstəkləndiyi, ədəbi-bədii gecələrin təşkil olunduğu məkan olacaq. Yəni, mən ümid edirəm, sadəcə ümid etmirəm, həm də bilirəm ki, Mərkəzə Anna xanım rəhbərlik edəcək. Ona görə də əminəm ki, başqa cür ola da bilməz. Burada məhz Maqsud müəllimin arzu etdiyi kimi olacaq. Ruhu şad olsun!

Mən sizin hamınıza, ilk növbədə, Anna xanım, sizə xoşbəxtlik, cansağlığı arzulayıram. Qoy, siz uzun illər sağlam, gümrah, bugünkü kimi gözəl olasınız və hamıdan artıq sizə məlum olan və təəssüf ki, Maqsud müəllimin həyata keçirməyə macal tapmadığı ideya və fikirlərini gerçəkləşdirəsiniz. Çox sağ olun.

 

x x x

 

Yazıçının həyat yoldaşı Anna İBRAHİMBƏYOVA Maqsud İbrahimbəyovun xatirəsinə göstərilən hörmətə və Mərkəzin yaradılması ilə bağlı dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkürünü bildirərək dedi:

-Əziz dostlar, nə yaxşı ki, siz gəlmisiniz. Çox sağ olun.

Mən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzini yaradan Heydər Əliyev Fonduna çox minnətdaram. Mehriban xanım, dəstəyə, iştiraka, Maqsud müəllimə, onun yaradıcılığına olan gözəl münasibətə görə çox sağ olun. Mən isə öz növbəmdə çalışacağam ki, bura maraqlı olsun və sizin hamınız buraya məmnuniyyətlə gələsiniz.

 

x x x

 

Sonra Xalq Yazıçısının həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət videoçarx nümayiş etdirildi.

Videoçarx Maqsud İbrahimbəyovun “Uzun ömür yaşayın və qoy sizin ömrünüzün hər günü sevinclə dolu olsun” sözləri ilə yekunlaşır.

Yazıçının dostu, Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini Mixail QUSMAN çıxışını Maqsud İbrahimbəyova müraciətlə başladı. “Burada sənin dostların, səni sevənlər toplaşıblar”, - deyən Mixail Qusman “Əsilzadələr Məclisi”nə rəhbərlik edən Maqsud İbrahimbəyovun özünün həm genetik, həm ruhən zadəgan nəslindən olduğunu vurğuladı. TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini vətənpərvərliyin və xeyriyyəçilik fəaliyyətinin təbliği, uşaqlara, yoxsul ailələrə və müharibə veteranlarına yardım göstərməklə məşğul olan Azərbaycan Respublikasının Milli Sülh Komitəsinin rəhbəri Maqsud İbrahimbəyovun bu sahədəki fəaliyyətinə toxundu və “Sənin kimi insanlar olmadan bu dünyanı xilas etmək mümkün deyil” söylədi.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad BƏDƏLBƏYLİ yazıçı ilə hər görüşdə bir–birilərinə şeirlər həsr etdiklərini bildirdi və iyirmi il bundan əvvəl Maqsud İbrahimbəyova yazdığı şeirini oxudu.

Qeyd edək ki, Xalq Yazıçısı Maqsud İbrahimbəyov tələsməyən tərzdə qeyri-adi və gündəlik hadisələr haqda yazırdı, personajlarının mənəvi dünyasını dərindən tədqiq edərək, xasiyyətlərini oxucuya çatdırırdı. Bir çox əsərlərində yazıçı ümumbəşəri problemlər kontekstindən çıxış edərək, öz ənənələri ilə güclü olan Şərq insanının həyat tərzini göstərirdi. Ötən əsrin 60-cı illərində ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə çoxsaylı pərəstişkarlarının dərin hörmət və ehtiramını qazanıb. Maqsud İbrahimbəyovun yaradıcılığında Azərbaycan xalqının milli xüsusiyyətləri, adət-ənənələri, xüsusilə Bakının özünəməxsus koloritinin təsviri yaddaqalan tərzdə əksini tapıb.