30 Mart 2018 05:03
498
Səhiyyə
A- A+

Bakteriya mənşəli qida zəhərlənmələri

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəhərlənmələri və onlara yoluxmanın səbəbləri barədə geniş araşdırmalar aparıb.

Agentliyin kommunikasiya və informasiya texnologiyaları şöbəsindən AZƏRTAC-a bildirilib ki, qida zəhərlənmələri bakteriyalar və ya onların toksinləri, viruslar, parazitlər və ya kimyəvi maddələr ilə yoluxmuş qida və suyun qəbulunun səbəb olduğu xəstəliklərdir.

Qeyd olunub ki, zəhərlənmələrə ən çox yay aylarında təsadüf edilir. Bakteriyaların çoxalması üçün əlverişli olan temperatur yay aylarında qidaların daha tez pozulmasına və yaranmış bakteriyaların xarakterinə görə müxtəlif qida zəhərlənmələrinə səbəb olur.

Qida mənşəli xəstəliklərə hər kəs yoluxa bilər, ancaq bəzi insanlar bu xəstəliklərə daha həssasdır. Bunlara uşaqlar, hamilə qadınlar, yaşlılar və immun sistemi zəif olanlar aiddir.

Stafilokokk bakteriya mənşəli zəhərlənmələrdə ilk yerlərdən birini tutur. Çox vaxt stafilokokk mənşəli zəhərlənmələr süd, süd məhsulları (kəsmik, pendir, dondurma), kremli qənnadı məmulatları, ət və balıq məmulatları, bişməmiş kolbasa, yağda hazırlanmış balıq konservləri və s. yedikdə baş verir. Stafilokokk mənşəli zəhərlənmələrin qarşısını almaq üçün qida məhsullarının hərəkətinin bütün mərhələlərində təmizliyə riayət etmək lazımdır.

Botulizm xəstəliyi Clostridium Botulinum bakteriyasının ifraz etdiyi toksinin (botulotoksin) törətdiyi, insan və heyvanlarda müşahidə edilən zəhərlənmədir. Clostridium Botulinum bakteriyası torpaqda yaşayır, oradan isə bu bakteriyalar tərəvəzlərə, meyvələrə və suya düşür. Əgər ev şəraitində hazırlanan turşular, tərəvəz salatları, kompotlar, mürəbbələr və s. üçün hazırlanan meyvə və tərəvəzlər yaxşı təmizlənməzsə, yuyulmazsa, düzgün sterilizasiya olunmazsa və uyğun olmayan şəraitdə saxlanılarsa, bu zaman insan botulizm xəstəliyinə tutula bilər. Çünki Clostridium Botulinum bakteriyası havasız mühitlərdə daha fəal şəkildə çoxalır və məhz burada botulotoksin ifraz edir.

Havası olmayan konserv bankaları bu bakteriyalar üçün ən “əlverişli” mühitdir. Botulotoksin insan orqanizminə düşdükdə, tez bir zamanda qanın axını ilə bütün orqanizmə yayılır və müxtəlif qrup əzələlərdə ifliclərə səbəb olur. Adətən, 10-12 saatdan sonra xəstədə qəflətən ürəkbulanması, qusma, ishal kimi əlamətlər meydana çıxır. Daha sonra insanda görmənin pozulması (gözlər önündə duman, tor, əşyaların konturlarının yayılmış olması), göz qapaqlarının aşağı enməsi, səsin xırıltılı olması, bəzən tam tutulması, udma refleksinin pozulması, nəfəsalmanın pozulması kimi ağır əlamətlər inkişaf edir. Xəstəyə vaxtında ixtisaslaşmış tibbi yardım edilməzsə, xəstə dünyasını dəyişə bilər.

Salmonelyoz xəstəliyinin əsas mənbəyi salmonella növləri ilə çirklənmiş çiy və ya az bişmiş ət, toyuq və digər quş ətləri, balıq və pasterilizasiya edilməmiş süd və süd məhsulları ilə qidalanma sayılır. Xəstəlik ürəkbulanması, qarında ağrı, yüksək temperaturla müşahidə edilir.

Listerioz xəstəliyi qida məhsullarının Listeria monocytogenes mikroorqanizmləri ilə yoluxması zamanı yaranır. Listerioz heyvandan insana keçən xəstəlik olub, damaq badamcıqlarının və limfa düyünlərinin şişməsi, qara ciyərin, dalağın, mərkəzi sinir sisteminin zədələnməsilə özünü göstərir. Bu bakteriya soyuğa çox davamlıdır. Listerioz sağlam adamlara heyvan mənşəli məhsullardan (süd, ət) yoluxur. Qaynadılmamış süddən hazırlanmış qida məhsulları bu xəstəliyin yaranmasına şərait yaradır.

Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (Centers for Diseases Control and Preventation) araşdırmalarına görə, dünyada hər il 48 milyon insan qidaların səbəb olduğu xəstəliklərə yoluxur. Bunlardan 128 min insan hospitalizasiya edilir, 3 mini isə həyatını itirir.

Qida vasitəsilə yayılan xəstəliklərin insana keçməsinin qarşını almaq üçün aşağıda qeyd edilən tövsiyələrə əməl etmək lazımdır:

Son istifadə müddəti keçmiş, qoxusu və rəngi dəyişmiş, kiflənmiş qidaları qəbul etməmək.

Pasterilizasiya (qaynadılmamış) edilməmiş süd və süd məhsullarından istifadə etməmək.

Qutusu zərər görmüş və ya qapağı boşalmış, son istifadə müddəti keçmiş konservləri istifadə etməmək.

Meyvə və tərəvəzləri axar su altında yaxşı yuduqdan sonra yemək.

Ət, toyuq, balıq, süd məhsulları kimi tez xarab olan məhsulları uyğun müddətdə və temperaturda bişirmək.

Yumurtanı bişirmədən öncə yumaq.

Yeməklərinizi günlük olaraq hazırlamaq. Artıq qalmış yeməkləri isə bir dəfədən artıq isitməmək.

Yeməkləri hazırlayarkən, bişirərkən və süfrəyə təqdim edərkən şəxsi gigiyena qaydalarına riayət etmək və əlləri yaxşıca yumaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video