Alternative content

10:05 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Milli Kitabxanada 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi açılıb
Milli Kitabxanada 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi açılıb
ANA SƏHİFƏ / Mədəniyyət
04:03 30.03.2018

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə M.F.Axundzadə adına Milli Kitabxanada 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş kitab sərgisi açılıb.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş sərgidə əvvəlcə soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Milli Kitabxananın direktoru, professor Kərim Tahirov çıxış edərək bildirib ki, hər il martın 31-i ölkəmizdə dövlət səviyyəsində azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu il Azərbaycan Respublikası Prezidentinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamına əsasən respublikanın müxtəlif regionlarında silsilə tədbirlər reallaşdırılır. Qeyd edilib ki, tarix boyu təcavüzkar siyasət yeridən, qanlı əməllərindən və “böyük Ermənistan” yaratmaq xülyasından əl çəkməyən ermənilər zaman-zaman xalqımızı soyqırımına məruz qoymuş, havadarlarının hərtərəfli köməyi ilə əzəli torpaqlarımızı almağı özlərinin məqsədlərinə çevirmişlər.

Professor bir sıra tarixi faktlara istinad edərək Azərbaycan torpaqlarında törədilmiş qırğınlar və soyqırımı siyasətindən ətraflı bəhs edərək qeyd etmişdir ki, erməni daşnak partiyasının havadarlığı ilə ötən əsrin əvvəllərindən etibarən bu günə qədər Azərbaycan torpaqlarında günahsız insanların qanı tökülmüşdür.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradıldığını bildirən T.Kərimov deyib ki, hər il martın 31–də Quba və ətraf rayonların ictimaiyyət nümayəndələri, Bakı şəhərindən və ölkəmizin digər bölgələrindən gələn, müxtəlif təşkilatları təmsil edən həmvətənlərimiz Quba soyqırımı məzarlığına təşkil edilən yürüşdə iştirak edərək soyqırımı qurbanlarının xatirəsini ehtiramla anırlar.

Bu mövzuda kitabların sayının çoxalmasının vacibliyini söyləyən natiq beynəlxalq kitab sərgilərində bu cür nəşrlərlə çıxış etdiklərini, Milli Kitabxananın da bu məqsədlə metodik və biblioqrafik vəsait hazırladığını qeyd edib.

Milli Kitabxananın direktor müavinləri Ədibə İsmayılova və Mələk Xanım Hacıyeva çıxış edərək mart qırğınlarından söz açıblar.

Milli Kitabxananın şöbə müdiri, şairə Səyyarə Məmmədli çıxış edərək öz şeirini səsləndirib.

Sonda tədbir iştirakçıları Milli Kitabxana tərəfindən təşkil olunmuş Azərbaycan və xarici dillərdə kitablar, şəkillər, qəzet və jurnal materiallarından ibarət geniş sərgi ilə tanış olublar.

Həmçinin Milli Kitabxananın nəzdində fəaliyyət göstərən açıq kitabxanada Bakı Dövlət Universitetinin kitabxanaçılıq-informasiya fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə 1918-ci il azərbaycanlıların soyqırımının 100-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Açıq kitabxananın əməkdaşları tərəfindən tələbələrə ermənilərin dünyada misli görünməyən, insanlığa sığmayan soyqırımı haqqında məlumat verilib.