Alternative content

19:06 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cəbhə bölgəsinin gənc müəllimi: Ucqar kənddə işləmək çox maraqlıdır
Cəbhə bölgəsinin gənc müəllimi: Ucqar kənddə işləmək çox maraqlıdır
ANA SƏHİFƏ / Təhsil
04:03 29.03.2018

Respublikanın ümumtəhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Vakant yerlərdə işə başlamış müəllimlər üçün əlavə güzəşt və stimullaşdırıcı tədbirlərin müəyyənləşdirilməsi gənc mütəxəssisləri ucqar kəndlərdə pedaqoji fəaliyyətə başlamağa həvəsləndirib. Belə müəllimlərdən biri Ağdam rayonunun təmas xəttinə çox yaxın məsafədə yerləşən Hacıməmmədli kənd tam orta məktəbinə təyinat alan Sumqayıt şəhər sakini Sədaqət Musayevadır.

S.Musayeva AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, Sumqayıt şəhər 10 nömrəli tam orta məktəbi bitirdikdən sonra keçmiş Azərbaycan Müəllimlər İnstitutunun (AMİ), daha sonra isə Dillər Universitetinin filologiya fakültəsində təhsil alıb. Hər iki ali məktəbi fərqlənmə diplomu ilə bitirib. AMİ-nin Sumqayıt filialında üç il müəllim işləyən S.Musayeva 2017-ci ildə Təhsil Nazirliyinin təşkil etdiyi müsabiqədən uğurla keçib və Ağdam rayonunun cəbhə xətində yerləşən Hacıməmmədli kənd tam orta məktəbində pedaqoji fəaliyyətə başlayıb. Hazırda o, Hacıməmmədli kəndində sevdiyi peşə üzrə çalışır, Azərbaycan dili və ədəbiyyatı fənnini tədris edir, gənc nəslin yetişməsinə töhfəsini verir.

Məktəbə ilk gəlişini xatırlayan gənc müəllimə deyir: “Kəndi, kənd məktəbini başqa cür təsəvvür edirdim. Buraya gələndə düşündüklərimin əksini gördüm. Məktəbin binası yeni inşa edilib. Şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait var. Təhsilin səviyyəsi, şagirdlərin nizam-intizamı, dərsə davamiyyəti yüksəkdir. Müəllim kollektivi səmimi və mehribandır. İlk gündən çox gözəl münasibətlə qarşılaşdım. Şagirdlərimdən də çox razıyam. Onlarla işləməkdən zövq alıram. Şagirdlərdə dərsə, təhsilə olan həvəs məni daha da ruhlandırır. Bir müəllim kimi ən böyük istəyim onların uğurunu görməkdir. Şagirdimin uğuru mənim uğurumdur”.

S.Musayeva ilk gündən şagirdlərin sevgisini və hörmətini qazanıb. Biz məktəbdə olarkən gənc müəllim 6-cı sinifdə Azərbaycan dili fənnini tədris edirdi. Şagirdlər müasir təlim metodlarından istifadə olunmaqla keçilən dərsdə fəal iştirak edirdilər. Söhbət etdiyimiz şagirdlər müəllimlərini çox sevdiklərini və böyüyəndə onun kimi müəllim olacaqlarını bildirdilər.

Ümumi təhsil müəssisələrində vakant yerlərə müəllimlərin işə qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilməsini yüksək qiymətləndirən S.Musayeva ucqar kənd məktəblərində işləmək istəməyənlərə də tövsiyələrini bildirib: “Gənc mütəxəssislərin kənd rayonlarındakı məktəblərdə əmək fəaliyyətinə başlaması üçün dövlətimiz tərəfindən bir sıra həvəsləndirici tədbirlər həyata keçirilir. Həmin müəllimlərə kommunal xidmətləri ödəmək, kirayə haqqı, yol xərci və s. üçün kompensasiya verilir. Ucqar kənd məktəblərində işləmək müəllimləri qorxutmasın. İstəyirəm ki, pedaqoji ixtisasa yiyələnən gənclər heç nədən çəkinmədən gəlib ucqar kənd məktəblərində işləsinlər. Ucqar kənddə işləmək bir qədər çətin olsa da, daha maraqlıdır, zövqvericidir. Əsas odur ki, işimizi sevək, şərəfli müəllimlik peşəsini layiqincə davam etdirək. Mən burada heç bir çətinlik hiss etmirəm. Məktəb ucqar kənddə, cəbhə bölgəsində olsa da, heç nədən qorxmur, hər gün məktəbə gedərək, sevimli peşəmlə məşğul oluram”.

S.Musayevanın dərsdənsonrakı məişət qayğıları ilə tanış olmaq üçün yaşadığı evə yollandıq. Ev sahibəsinə bəzi ev işlərində kömək edən gənc müəllim boş vaxtını mütaliəyə həsr edir, növbəti gün keçəcəyi dərslərə hazırlaşır.

Qeyd edək ki, Ağdam rayonunun ümumtəhsil müəssisələrindəki vakant yerlərə ötən il Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi müsabiqədən keçən 139 müəllim gəlib. Görülən tədbirlər sayəsində rayonda müəllim çatışmazlığı problemi getdikcə həllini tapmaqdadır. Lakin hələ də bəzi məktəblərdə kimya, biologiya, fizika və riyaziyyat fənləri üzrə ixtisaslı müəllimlərə ehtiyac var.