Alternative content

07:56 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Həyat formulu: Görkəmli bakılılar - Solomon Qusman və Lola Barsuk haqqında kitab
Həyat formulu: Görkəmli bakılılar - Solomon Qusman və Lola Barsuk haqqında kitab
ANA SƏHİFƏ / Mədəniyyət
02:03 29.03.2018

 

Dərin düşünən insan həmişə həyat, tale, bu dünyada qismətinə düşən günləri necə yaşaması barədə fikirləşir. Elə nümunə varmı ki, ona istinad edə biləsən, elə bir yol varmı ki, səni əsaslanacağın prinsiplərə yönəltsin... Həyat formulunu tapmaq, təəssüf ki, heç də hamıya nəsib olmur. Bu formul fərdi, unikaldır. Lakin elə insanlar var ki, onların həyatı yol göstərən ulduz ola biləcək həmin nümunə, həmin formuldur. 

Məşhur bakılı, Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmanın “Həyat formulu: atam və anam haqqında kitab”ı məhz bu cür insanlara həsr edilib. Xatırladaq ki, Mixail Qusman məşhur “Hakimiyyət formulu” televiziya verilişinin müəllifidir; prezidentlər, öz həyat tarixçəsi, taleyi ilə tanınmış dövlət xadimləri bu verilişin qonağı olublar. Onun kitabı da verilişi kimi maraqlı və cəlbedici alınıb.
M.Qusman kitabı öz valideynlərinə, məşhur bakılılar, görkəmli şəxsiyyətlər - professor Solomon Qusmana və filoloq, pedaqoq, professor Lola Barsuka həsr edib. “Bu kitab onlar haqqında və onların dövrü haqqında, onların yaşadıqları həmin parlaq, namuslu, qüsursuz həyat haqqındadır” - deyə müəllif “Ön söz”də yazır. Bəli, Solomon Qusman və Lola Barsuk öz həyat formulunu yaradıblar: sadəlik, təvazökarlıq, vicdanlılıq, borc hissi və məsuliyyət üstə gəl bir-birinə, övladlarına, doğmalarına və yaxınlarına, insanlara böyük məhəbbət. Oxucu elə ilk səhifələrdən bu kitabın qəhrəmanlarının təkcə övladları Mixail Qusmana və Yuli Qusmana deyil, həm də bu kitab sayəsində çoxlarına miras qoyduqları həyat formulunu duyacaq.
Biz kitabda Qusmanların nəsli haqqında məlumat alırıq; onların sırasında ədəbiyyatçılar, neftçilər, musiqiçilər, inşaatçılar, həkimlər... var. Onların hamısı əsl bakılı kimi öz şəhərlərini seviblər, onun rifahı naminə çalışıblar. Məsələn, Mixail Qusmanın babasının qardaşı inqilaba qədər Dənizkənarı bulvarın direktoru olub. Müəllif doğmaları haqqında xatirələrində yazır ki, o zaman bu bulvar dənizin sahilində botanika bağını xatırladırdı.
Vurğulamaq lazımdır ki, bu kitab keçən əsrin 40-70-ci illər Bakısının özünəməxsus tarixidir. Bu tarixi indi o qədər də çox insan xatırlamır, lakin onun ruhu Bakının dar küçələrində və həyətlərində yaşayır. O səs-küylü, bir-birinin köməyinə yetişməyə hər zaman hazır olan xeyirxah qonşuların olduğu həyətlərdə yaşayır. Mixail Qusmanın kitabında Bakı, bax, bu cür canlandırılır.
Mixail Qusmanın atası Solomon Qusman 1904-cü il mayın 9-da, anası Lola Barsuk 1916-cı il aprelin 7-də dünyaya gəlib. Solomon Qusman uzun illər Bakıda Xəzər donanmasında həkim işləyib, Böyük Vətən müharibəsi cəbhələrində həkim kimi fəaliyyət göstərib. Hərbi xidmətini başa vurduqdan sonra ömrünün sonunadək ona doğma olan Sabunçu xəstəxanasında işləyib. Solomon Qusman həm də Bakıda tanınmış alim idi. O, professor olaraq Tibb İnstitutunda dərs deyib və kafedra müdiri olub. Lola Barsuk 20 il Xarici Dillər İnstitutunda elmi işlər üzrə prorektor işləyib, sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda xarici dillərin tədrisi metodikası və ingilis dilinin leksikası kafedralarına rəhbərlik edib.
Onlar cəmiyyətdə mühüm yer tutublar. Lakin bu ailə öz sadə, təvazökar həyatı ilə fərqlənib. O zaman Qusmanlar Pyotr Montin küçəsində üçotaqlı mənzildə yaşayırdılar. Namuslu həyat onlar üçün hər şeydən üstün idi. Məsələn, tədbirlərin birində Lola Barsukla görüşərkən Heydər Əliyev özü onun işini qiymətləndirmişdi: “Bilirsiniz, Lola Yuryevna, mənim bundan əvvəlki vəzifəmdə (DTK rəhbərliyini nəzərdə tutur) mənə ali məktəb müəssisələrinin demək olar ki, bütün rəhbərləri barədə müxtəlif arayışlar, bəzən iftiralar, hətta donoslar gətirirdilər. Onları çox ağır günahlarda, lakin hər şeydən əvvəl, əlbəttə ki, rüşvətxorluqda ittiham edirdilər. Bəzən ədalətli, daha çoxu ədalətsiz olurdu. Siz isə Bakıda ali məktəbin yeganə rəhbərisiniz ki, haqqınızda heç vaxt bu cür sənəd daxil olmayıb”.
Professor Lola Barsukun tələbələri sırasında həyatda uğur qazanan çoxsaylı insanlar, tanınmış jurnalistlər, professorlar, diplomatlar var. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, peşəkar diplomat Fəxrəddin Qurbanov və bir çoxları onun tələbələri olublar.
Kitabda Qusmanlar ailəsi ilə bağlı maraqlı hadisələr təsvir edilib. Solomon Qusman Bakıya tez-tez gələn Vladimir Mayakovski və Sergey Yeseninlə tanış idi. Yesenini elə həkim Qusman Sabunçu xəstəxanasında müalicə etmişdi. Bir dəfə isə o, gəmi təmiri zavodunun xəstəxanaya çox ağır zəhərlənmə ilə gətirilmiş 137 fəhləsini ölümdən qurtarmışdı. Buna görə Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırov onu “SSRİ səhiyyə əlaçısı” nişanı ilə təltif etmişdi. Bakıya gəlmiş İosif Stalini müşayiət etmək üçün Xəzər donanmasının ən yaxşı həkimi kimi cəbhədən geri çağırılmışdı. Stalin buradan ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri ilə görüşmək üçün Tehrana getməli idi.
Solomon Qusman Bakıya, doğma şəhərə çox sadiq idi. Moskvaya, ona təklif edilən yüksək vəzifəyə getməyə razılıq verməmişdi. Bu cür cəlbedici təkliflər Lola Barsuka da olunmuş, o da imtina etmişdi. Professor Adil Baxşəliyev Solomon Qusman haqqında belə yazır: “O, təkcə kafedra müdiri, məşhur professor, yaxşı həkim deyil, hər şeydən əvvəl, gözəl keyfiyyətlərə malik insan idi. Kafedrada səmimi, xeyirxah münasibətlərin olmasına çalışırdı. Deyərdi: “Elə etmək lazımdır ki, evdə iş üçün darıxasan, işin sonunda isə ev üçün darıxasan”. Professor Qusman böyük və kiçik vəzifəli əməkdaşlar arasında heç vaxt fərq qoymazdı. O, kimin nəyə ehtiyacı olduğunu bilirdi, onunla 40 il işləmiş sanitarların ad günündə bütün həkimləri toplayar, onlara gül və hədiyyələr aparardı”.
Ata Qusmanı tanıyan hər kəs onu xeyirxah, səmimi, eyni zamanda, ciddi və prinsipial adam kimi xatırlayır. Mixail Qusman kitabında belə bir ştrix verib: “Əgər o, kiməsə “Mən sizə əl uzatmayacağam” desəydi, görüşəndə əlini arxasında qoşalaşdırardı. “Qeyd etməliyəm ki, bunu etmək çox çətindir. Mən özüm bunu bir dəfə sınadım. Uzadılan əli sıxmamaq, praktiki olaraq, mümkün deyil”.
Mixail Qusman valideynlərinin həyatını sanki baş verənlərin şahidi kimi elə canlı təsvir edir ki, oxucu o illərin mühitinə, bənzərsiz aurasına düşür. Axı, bütün bunların hamısı olub; bu cür xeyirxah, vicdanlı, səmimi, özünü sevimli işinə həsr edən insanlar olub. Bu bakılılarla qürur duymaq olar. “Mənim gənclik illərimdə Bakıda özünəməxsus fantastik dostluq mühiti var idi. Məsələ təkcə bu gün multikulturalizm adlandırılan milli tərkibin unikallığında deyil. Moskvadan Bakıya iş üçün və ya qonaq gələn dostlarım başa düşə bilmirdilər, necə ola bilər ki, mən tək və ya Yuli ilə, ya da bütöv bir kampaniya ilə Torqovı küçəsində qarşımıza çıxan beş nəfərdən dördü ilə salamlaşır, hətta qucaqlaşır və öpüşürdük. Onlar fikirləşirdilər ki, bu hansısa oyun formasıdır. Əslində isə hamı bir-birini tanıyırdı” - deyə M.Qusman ovaxtkı Bakı haqqında belə yazır.
Kitabda Mixail Qusmanın çox maraqlı xatirələri var. Məsələn, o, bir dəfə böyük Azərbaycan müğənnisi Müslüm Maqomayein kampaniyasına necə düşdüyünü, Stalinin Bakıda oğlunun olduğu, sonra onun başına nələr gəldiyi haqqında söhbətlərin necə şahidi olduğunu xatırlayır.
Maraqlıdır ki, Solomon Qusman və Lola Barsuk neçə-neçə insanın həyatında mühüm rol oynayıb, silinməz izlər qoyublar. Kitabda həmin insanların - professorların, müəllimlərin, həkimlərin, yazıçıların kitabın qəhrəmanları barədə xatirələrini oxumaq mümkündür.
Mixail Qusman kitab yazmaq fikrinə bir neçə il əvvəl düşmüşdü. Müəllif yazır ki, xatirələri AZƏRTAC-da agentliyin rəhbəri Aslan Aslanovun dəstəyi ilə toplamağa başladılar. Mixail Qusman bu kitabla, demək olar, bizə valideynlərimizi sevməyi, onlarla keçirdiyimiz hər dəqiqənin qədrini bilməyi öyrədir. Axı, nə qədər ki bizim valideynlərimiz var, yaşımızdan asılı olmayaraq, biz onların uşaqlarıyıq. Onun kitabı valideynlərə yazılmış himndir. “Məhz onların insani qüdrəti, qüsursuz tərbiyəliliyi, dərin zəkası və fenomenal xeyirxahlığı mənim üçün həyatım boyu can atdığım, təəssüf ki, əlçatmaz zirvələrdir - deyə müəllif yazır. - Bu, təkcə gözəl sözlər deyil, mənim bu insanların miqyasını dərk etməyim, bundan başqa, bizim hamımızın həyatımızın faciəsini dərk etməyimdir - çünki bu cür insanlar həyatdan gedirlər”.