Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

14:21 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Minnətdar şairin qəlb döyüntüləri
Minnətdar şairin qəlb döyüntüləri
ANA SƏHİFƏ / Mədəniyyət
12:03 25.03.2018

 

Fikrət Qocanın “Gərək bu günləri görəydin, ata” (Bakı. “Günəş”. 2018) kitabı nəfis tərtibatla çapdan çıxıb. Kitab ümummilli lider Heydər Əliyevin xatirəsinə ithaf olunub və burada şairin müxtəlif illərdə yazdığı şeirlər, sözlərinə bəstələnmiş nəğmələr yer alıb. Özünü hər kəsə, hər bir azərbaycanlıya “borclu” (burada söhbət həm də vətəndaşlıq borcundan gedir) bilən şairin təvazökarlığı ilə zəngin ilk misralarından lirik qəlbinin çırpıntılarını duyuruq.

On cildlik “Seçilmiş əsərləri”ndən sonra oxuculara təqdim olunan şairin növbəti kitabı digər kitablarından fərqlənir. Burada özünün dediyi kimi, üç dəfə onu ölümdən qurtarmış Heydər Əliyevə, ailəsinə minnətdarlıq hissiylə köklənmiş şair qəlbinin döyüntülərini hiss edirik.
Bir vətəndaş, həm də ölkə rəhbəri kimi ömrü boyu özünü xalqına gərək bilən, dövlət qarşısında böyük məsuliyyət hiss edən, torpağına, daşına belə “borclu” bilən ümummilli lideri və onun davamçılarını da şair yaxşı tanıyır. “Bu hiss müqəddəsdir”- deyən şair bu hissin arxasındakı böyük ürəyi, dahiliyi də gözdən qaçırmır: “Onlar ona görə dahi şəxsiyyətdirlər ki, hamını özlərinə borclu saymırlar, əksinə, özlərini hamıya borclu sayırlar. Etdikləri yaxşılıqları da minnət qoymadan edirlər”. Onların “minnətsiz” yaxşılıqlarını öz həyatında da görmüş şair səksən üç yaşında ümummilli liderin 95 illik yubileyi ərəfəsində çap etdirdiyi kitabında hörmət və ehtiramla yada salır.
Kitabın xalq dastanlarımıza məxsus ruhu var. “Koroğlu”, “Dədə Qorqud” dastanlarındakı bəzi bədii keyfiyyətlər burada özünü göstərir. “Hamıya borcluyam” şeirində

Selləri aşa-aşa,
Elləri aşa-aşa
Məktubumu daşıyan,
Adını bilmədiyim
Adi bir vətəndaşa

çox “borclu” olduğunu söyləyən Fikrət Qocanın bu misraları “dərələri sel kimi”, “təpələri yel kimi” aşan, min ilin yolunu bir saata qət edən nağıl qəhrəmanlarımızı yada salır. Amma fərq budur ki, şairin poetik qəhrəmanı bu kitabın demək olar ki, hər səhifəsində bütün əməlləri, fəaliyyəti ilə xatırlanan, yaddaşlarda əbədi qalan, əfsanəvi qəhrəmanlarımız sırasında yer alan xalqın rəhbəri Heydər paşadır!
Min illərlə ömür arzuladığı “Heydər paşa”- ümummilli lider Heydər Əliyevdir və real dünyamızın tarixi şəxsiyyəti kimi əbədi xatırlanacaq. Necə ki, xatırlanır Babəklər, Cavanşirlər, Cavidanlar... Əsrimizin Heydər paşası da artıq o tarixə adını yazıb... Çünki xalq öz zəmanəsinin milli qəhrəmanı kimi onun arxasında dayanaraq ondan istəyirdi ki,

Parlaq gələcək naminə,
Allah çatsın dadına,
Şan-şöhrətin çalış qaytar,
Azərbaycanın adına.

Və bu tarixi missiyanı şərəflə yerinə yetirdiyinin şair da canlı şahidi oldu. Hər bir azərbaycanlının qayğılarını şəxsi qayğıları kimi qarşılayan Heydər Əliyevi Azərbaycanın başının üstünü qara buludlar alanda da bizimlə gördü. Vətəndaş müharibəsinin bir addımlığında olan respublikamızı fəlakətdən qurtardı. Nəinki milli müstəqilliyimizin, həm də dövlətçiliyimizin təhlükə altında olduğunu görəndə bütün maneələri aşaraq vətəndaş borcunu yerinə yetirmək üçün mübarizə meydanına atıldı. F.Qoca o hadisələrin canlı şahidi kimi danışır. Azərbaycanda “sular bulananda”, taleyi əllərdə qalanda, xaos yarananda, vətəndaş müharibəsi, parçalanma təhlükəsi reallaşanda ölkəyə qayıdan Heydər Əliyevin gəlişindən sonra yaranan sabitliyi gördülər, böyük ziyalılar kimi F.Qoca da hiss etdi ki, “zaman Heydər Əliyevi oddan, sudan keçirib, ən çətin sınaqlardan çıxarıb Azərbaycanın bu günləri üçün hazırlayırmış. Xaosdan istifadə edən... Qarabağı zəbt edən Ermənistanı sazişə məcbur etdi. Respublikanı istiqlalına qovuşdurdu”. Xalqın səsinə səs verən Fikrət Qoca - ömründə nə Leninə, nə Stalinə, nə Bağırova şeir yazmayan şair “müstəqilliyimizi sağlam bünövrə üzərində inşa etməyə başlayan” xalq, dövlət, millət fədaisini poetik bir dillə vəsf etdiyini söyləyir:

Ey böyük insan,
mən də yanındayam,
sağam!
Zəfər səninlədir!
Biz səninləyik!

Kitabda yer almış “Heydər paşa, min il yaşa” şeirinin həm məzmun, həm də texnikası diqqəti çəkir. Şeir on doqquz misradan ibarət görünür. Əslində isə şeir iyirmi bir misradan ibarətdir. Hər sətrin ilk hərfini alt-alta oxuduqda iki misra “Heydər paşa, min il yaşa” alınır.
Xalqın, yurdun, “sevimli könüllərin” “ümid çırağı”, müstəqil Azərbaycanı işıqlı, gözəl bir gələcəyə aparan, gələcək nəsillərin “aydın sabahı”, düşmənə ağlı, zəkası, şəxsiyyəti ilə “göz dağı” bilir. Bu insanın qəlbində vətən sevgisini, xalqına, millətinə, onun müstəqilliyi uğrunda on minlərlə şəhid verən torpağına hörmət və ehtiramını ifadə edən Dağüstü parkda saldırdığı ziyarətgahı, tikdirdiyi məqbərəni fəxrlə qeyd edir, əməlləri ilə xalqın qəlbində əbədi yaşayacağına, dediyimiz o xalq qəhrəmanlarına çevirəcəyinə inanır.
Əzm və tələbkarlıqla, bu işə məsul kəslərə də üzərinə düşən məsuliyyətini dərk etməyi tələb edən dövlət başçısının sərt iradəsini də ortaya qoyduğunu fəxrlə söyləyir:

-Məqbərə bu daşdan olsun,
Özü də o başda olsun.
-Birdən o yer sürüşsə!..
-Vəzifədən sürüşərsiz,
ondan əvvəl Siz düşərsiz!

Bu sözləri söyləyən dövlət başçısını şair “bu ölkənin, bu quruluşun memarı” kimi təqdim edir. Dövlətin rəhbəri kimi atəşkəs rejiminə keçidin ilk anlarında yaşadığı “qayğı və pərişan”lığa işarə vurur, onun “atəşkəsin özündə də bir ləkə” gördüyünü, amma reallığı da (“Qarşısında diz çökmüş bir dövlət vardı”), dünyanın diz çökdürməyə çalışdığı ölkəsini qurtarmaq üçün siyasi taktikasının doğruluğuna əmin bir dövlət başçısı kimi uzaqgörənliyini qabardır:

“Hər nədirsə atəşkəsdi,
Bizə hələlik bu da bəsdi.
İnsan hər bir döyüşdən
Qalib çıxmağı xoşlayır.
Amma əsl qələbə
Uduzmağı bacarmaqdan başlayır”.

Siyasət aləmində tanınan, artıq dünya arenasında hörmət və izzət sahibi olan Heydər Əliyevin bu uzaqgörən siyasətini şair alqışlayır. Azərbaycan dövlətçiliyinin bu atəşkəs dövründə imza atdığı böyük layihələr, əldə etdiyi uğurlar, Ermənistanın bir işğalçı dövlət kimi tanınması üçün apardığı məqsədyönlü siyasət, bu atəşkəs dövründə nizamlı, qüdrətli bir ordu quruculuğuna sahib olması, xarici və daxili siyasət sahəsində əldə etdiyimiz uğurlar məhz Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirilir. Bu gün aprel döyüşləri kimi tarixə düşən ordumuzun qələbəsi Ermənistanı, eləcə də Azərbaycana göz dikən, iyirmi altı il əvvəl haqq bizim tərəfimizdə olsa da, atəşkəs rejiminə məruz qoyan dövlətləri də silkələdi. Və artıq onlar da bilirlər ki, qan tökmək istəməyən, sülh yolu ilə torpaqlarımızın geri qaytarılmasını tələb edən bu xalq, onun arxasında duran bu qüdrətli dövlət hər an atəşkəsi pozub az bir müddətdə öz coğrafi sədlərini bərpa edə bilər. Hətta tarixi ata-baba torpaqları olan İrəvan, ümumilikdə Qərbi Azərbaycan məsələsini də həll edər. Fikrət Qoca o böyük qələbənin astanasında dayanmış Azərbaycanın müvəffəqiyyət qazanması naminə ömrünü şama çevirən, bu yolda verdiyimiz minlərlə şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün tikdirdiyi o məqbərənin, saldırdığı o xiyabanın önündə düşünən, qayğı və pərişan qəlbin ağrılarını poetik bir dillə ifadə edir. Və o günlərin canlı şahidlərindən biri kimi danışır. Daim xalqının ziyalıları ilə birlikdə olan, təkcə dövlətçiliyimizin deyil, həm də ədəbiyyatımızın, mədəniyyətimizin inkişafında böyük rolu olan dövlət rəhbəri kimi, milli-mənəvi dəyərlərimizin qoruyucusu, qayğıkeşi kimi gördüyü ümummilli liderlə maraqlı görüşləri xatırlayan şair özünə yaxın, həmdəm bildiyi insana sevgisini söyləyir:

Sən bir ümid işığı idin, işıq.
Biz pərvanələr kimi
işığına yığışmışıq
Çoxumuz gedib,
azımız azmışıq qalmışıq...

Kitaba daxil edilmiş “60 illik yubiley görüşü”ndə şair məhz bir qrup şair və yazıçılarla həmsöhbət olan Heydər Əliyevin mədəniyyətimizin, ədəbiyyatımızın inkişafına verdiyi töhfələri xatırlatmış olur. Kitabın həm nəsrlə, həm də nəzmlə olan bütöv mahiyyətindəki zənginlik diqqəti çəkir. Dediyimiz kimi, “Koroğlu”, “Qaçaq Kərəm”, “Qaçaq Nəbi” dastanlarının ruhuna yaxın olan bu kitabda verilən xatirələr də maraqlıdır. Əslində, bu kitabı oxuyanda F.Qocanın ona verilən ömür borcunun sahiblərinə minnətdarlığını ifadə etmiş olduğu da gözdən qaçmır. Əlli bir yaşında ağır xəstəliyə tutulanda Heydər Əliyev Moskvada Siyasi Büronun üzvü idi. Məsələdən xəbər tutan kimi onun Kaşiradakı onkologiya mərkəzində əməliyyatını təmin etdirir və şairi ölümün pəncəsindən qurtarır. Bu, Heydər Əliyevin təkcə şairə deyil, mənsub olduğu xalqına qayğı və diqqətinin təzahürü idi. Şairin 60 illik yubileyində isə şəxsən özü iştirak edir. Kitabda yer almış həmin “60 illik yubiley görüşü”ndə sənət adamları ilə görüş zamanı ədəbiyyatımız, mədəniyyətimizlə bağlı dövlət başçısının dəyərli fikirləri böyük maraq kəsb edir.
Ümummilli liderin ölümündən sarsılaraq qələmə aldığı kədərli “Elegiya”sı bizə VII əsrdə yaşamış Alban şairi - Cavanşirin ölümündən sarsılan, sərkərdəyə məhəbbətini və ölümündən doğan kədəri ifadə edən “Ağı”nın müəllifi Dəvdəki xatırladır. Dəvdəki Cavanşirin öz ölkəsi üçün -Albaniya üçün nə qədər dəyərli olduğunu, itkisindən doğan qəm-qüssəni yazmışdır.

“Ey ilahi kəlamları xəlq eləyən ulu Tanrı,
Özün nəğmə - ağı söylə, yad et bizim hökmdarı.
Elə nəğmə - ağı qoş ki, bu əvəzsiz itki üçün
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları”.

Şöhrəti aləmə yayılmış Cavanşirin dövlətçiliyin qorunub saxlanması uğrunda mübarizədə ölümü dövrünün şair oğlu Dəvdəki sarsıtdığı kimi, Fikrət Qocanı da zəmanəsinin Cavanşir xislətli Heydərinin ölümü elə sarsıtmış olur. Böyük şəxsiyyətin ağır itkisinin xalq, dövlət, millət üçün nə demək olduğunu bütün incəlikləri ilə özündə ifadə edən aşağıdakı misralar Fikrət Qocanın “Elegiya”sının sonuncu misralarıdır:

Hər dərd millət üçün belə dağ olmur.
Fələyin çarxını saxlamaq olmur.
Sınaqdan çıxardır Tanrım bu xalqı,
Düşmən görə-görə ağlamaq olmur.

Heydər Əliyev həm də gözəl ailə başçısı, sədaqətli ömür-gün yoldaşı idi. Ömrünün sonuna qədər yoxluğunu hiss etdiyi Zərifə xanımla bağlı xoş xatirələrini dilinə gətirməklə yanaşı, yoxluğundan doğan kədərini, qüssəsini də ailəsi ilə, dostları ilə bölüşürdü. F.Qoca bunu yaxşı bilirdi. “Sən gedəndən” şeirini də onun diliylə yazmışdı.
Şairin Sevil Əliyevanın musiqi bəstələdiyi “Sən gedəndən” şeiri bu “Elegiya”nın davamı təsiri bağışlayır. Böyük şəxsiyyəti doğma, əziz, qəlbinə sirdaş bildiyi şairin bu itkidən doğan sarsıntısı, kədəri bu şeirin ruhundadır. Diqqətlə baxsaq, bu şeir ona həmdəm, əziz olan hər bir insan itkisindən sarsılan qəlblərin harayıdır, naləsidir. Həzin, dərdli bir dillə itirdiyi insandan sonra gözündə dünya mənasız görünür, qəlbində “ətirsizdir güllər”, “günəşsiz qalıb güllər”, ondan qalan xatirələr “mavi dənizdir”, böyüklüyü “səmadan dərin, təmiz”dir, amma “Heydər Əliyev haqqında oda”da özündən sonra böyük bir tarix qoyub getmiş dahi şəxsiyyətin işıqlı əməllərindən doğan nikbinlik daha güclüdür.

Çox əsrlər keçəcəkdir,
Ulu öndər, ulu Heydər,
Adına and içəcəkdir,
Azərbaycan, Azərbaycan.

Zaman-zaman məzarına ziyarətə gələcək xalq - böyüyündən kiçiyinə qədər hər kəs gül-çiçəklə adına ucaldılmış abidəni ziyarət edəcək:

Bu, gözəl bir gələcəkdir,
Nəsillər də nəsil-nəsil,
Salamına gələcəkdir,
Ulu öndər, ulu Heydər.

“Gərək bu günləri görəydin” poemasında da bu nikbinlik güclüdür, şair böyük sərkərdənin sayəsində qüvvətlənən Azərbaycanı tərənnüm edir. Onun ictimai, siyasi, iqtisadi, mədəni sahədə əldə etdiyi uğurları, xüsusilə, “Əsrin müqaviləsi”ni - Bakı-Tbilisi-Ceyhanı xatırladır:

Biz sənə can borcluyuq,
Vətən adlı ulu can.
Hər yanda əməlin var,
Hər yanda heykəlin var.
Sabahkı günümüzdə
Yenə sənin əlin var.
Azərbaycan yüksəlir,
Dünyanın hər yerindən,
Zəfər sorağı gəlir.

Kitabın üz qabığında rəssam Ayxanın yaratdığı fotoetüd də kitabın məzmun və ideyası ilə həmahəngdir. Şair o “kainatdakı bir ağ ulduz yolu”nun varlığını, o yolun yolçularından olan Heydər-İlham-Mehriban... yolunu görür.

Kainatda bir ağ ulduz yolu var,
Ordan gedir gələcəyə ulduzlar.
Yer üzündə öz yolunu tapanlar,
Tarix üçün sönməz ulduz olurlar.

Elmin, təhsilin, mədəniyyətin, ədəbiyyatın inkişafı sahəsində aparılan islahatlar, görülən işlər ürəklərdən xəbər verir. Dövlətin qayğısını ədəbi mühit də çox gözəl hiss edir. Yaradıcı insanlara dövlət qayğısının artırılması, bu qurumların yerləşdiyi binaların əsaslı təmiri, yüksək səviyyədə müasir avadanlıqlarla təmin edilməsi, yaradıcı insanlara ayrılan təqaüdlər, kitabların latın qrafikası ilə yenidən nəşrinin təmin edilməsi, sənət adamlarına verilən fəxri adlar... dövlət başçısının ədəbiyyatımıza, mədəniyyətimizə, yaradıcı insanlara qayğısının təzahürüdür. Dövlətçiliyimizin möhkəmləndirilməsi, sosial, iqtisadi, mədəni, hərbi sahələrdə sürətlə inkişafımız onun gərgin əməyinin, yüksək təşkilatçılıq qabiliyyətinin nəticəsidir ki, kitabda bu mövzuda Fikrət Qocanın bədii cəhətdən dəyərli şeirləri yer alıb.
F.Qoca bu günün Azərbaycanının qazandığı uğurların təməlini qoyub dünyasını dəyişən ümummilli liderin 85 illik yubileyinə həsr etdiyi “Gərək bu günləri görəydin” poeması poetik cəhətdən dəyərlidir.

Allahın saatından,
Əriyib dəmir zaman.
Zamanın yağışından
Dirçəlir, cana gəlir
Hava, Yer, Göy, Asiman...

Şair bu aləmin düzənində millətinə, xalqına göndərdiyi böyük xilaskarlar arasında ulu öndərin yerini görür. Bu işıqlı günümüzdə, “sabahkı günümüzdə” də yenə “sənin əlin var” deyir. Dünyanın hər yerindən səsi, sorağı gələn, bayrağı dünyanın bayraqları arasında dalğalanan Azərbaycanın işıqlı günlərini gözümüz önündə canlandıran şair qüssəylə “gərək bunu görəydin” deyir. İlham Əliyevin dilindən yazdığı, Niyaməddin Musayevin musiqi bəstələdiyi, klip çəkdirdiyi “Ata” şeirini poemanın epiloqu kimi verən şairin bu poeması lirik duyğularla zəngin olub, şairin böyük insanın itkisindən doğan kədər və qüssəsini özündə əks etdirməklə yanaşı, nikbin bir ruhda yazılmış sonluq kimi də dəyərləndirilə bilər.
Sosial, iqtisadi, siyasi, mədəni sahələrdə böyük müvəffəqiyyətlərin qazanılmasında Heydər Əliyev Fondunun, onun rəhbəri Mehriban Əliyevanın fəaliyyəti böyükdür. Mədəniyyətimizin, ədəbiyyatımızın səmimi dostu olmaqla bərabər, onun qayğılarına diqqətlə yanaşan ədəbiyyatsevərdir. Böyük sənətkarımız Mir Cəlalın ailəsində dünyaya gələn, ədəbi mühitə yaxın olan bir insan kimi ədəbiyyata daim diqqətlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə nəşr olunan saysız-hesabsız həm Azərbaycan, həm dünya ədəbiyyatından seçmələrin nəşri dediklərimizə əyani sübutdur. F.Qoca xalqın sevimli qızının ölkəmizin inkişafında böyük xidmətlərini tərənnüm edən şeirlərini də kitaba daxil etmişdir. Hər ikisinin çiyin-çiyinə verərək, xalqla birlikdə qurub-yaratdığı Azərbaycanın parlaq sabahını bu gündən görən şairin inamını, əminliyini ifadə edən misralar da poetikası ilə diqqəti çəkir:

Azərbaycanda
qurmaq istədikləri gələcək
elə parlaqdı...
Xəyalən o gələcəyə baxanda,
Gözləri qamaşmasın deyə,
Hər ikisi qara eynək taxdı.
Hər ikisinin üzü gülür,
Onlar yaxşı bilir;
Kim tikir, qurur, yaradırsa,
O haqlıdır, o haqdır!

Kitabın son səhifələrində F.Qoca bu kitabı çap etdirməsinin səbəbini söyləyir. Bu sətirlər də şair qəlbinin döyüntüləridir, sonetlərə bənzəyir: “Əlli bir yaşımdan sonra bu sətirləri yazdığım günə kimi məni üç dəfə ölümdən xilas etmiş bir ailə haqqında yazdığım şeirləri və musiqiyə yazılmış mahnı mətnlərini zamanın tozu altında itib-batmasın deyə, bir kitabda topladım. Bu mahnılar, şeirlər təkcə mənim özümə görə minnətdarlıq deyil.
Hamımızın anamız Azərbaycan bu illər ərzində terror, xaos içində boğulub, vətəndaş müharibəsinə kimi gəlib, parçalanma ərəfəsinə çatıb, bu ailənin başçısı Heydər Əliyev özü xəstə ola-ola ayağa qalxıb, ölkəni ölümdən xilas edib. Bərpa edib. Yol xəritəsini çəkib. Bu ağır yükün altına gözünün ağı-qarası yeganə oğlunu qoyub gedib. İlham Əliyev bu ölkəni estafet yarışının iştirakçısı kimi arxaya baxmadan qəbul edib, sürəti artırıb. Çünki o zaman itən hər anın da yeri sonra baha başa gələrdi. İlham Əliyev də tək deyildi, Azərbaycan xalqının əksər hissəsi onunla idi. Amma onun ən yaxın ürəkdaşı, silahdaşı onunla yanaşı gedirdi, onu yorulmağa qoymurdu və qoymur, onu zəfərə ilhamlandırırdı, indi də ilhamlandırır Mehriban xanım Əliyeva. O da silahdaş və ömürdaş kimi təkrar olunmazdır. İndi Allaha şükürlər olsun, dünyanın güclü ölkələri arasında söz sahibi olan bir ölkənin - Azərbaycanın vətəndaşıyam. Bu müstəqil, güclü Azərbaycan xalqının və xalqın yetişdirdiyi bu gözəl ailənin əsəridir.
Vətənimin istiqlaliyyətinin sarsılmaz olduğundan arxayınam. Mən ölümdən qorxmuram, vətənim varsa, deməli, mən də varam, yaşayıram”.
Şairin vətəninə xidmət edən silahı sözü və qələmidir. Şair Fikrət Qocaya ömrünün bu müdrik çağında Azərbaycanın bu dinc, sakit həyatında kəsərli söz, iti qələm arzulayırıq.

Pənah GÜLXANİ


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM