24 Mart 2018 12:03
260
Mədəniyyət
A- A+

Novruz bayramının öz oyunları var

 

Meydan tamaşalarının yadigarı “Maral oyunu” və “Kilimarası”nı kəlbəcərlilər qoruyub saxlayırlar

 

...Əziz günlərdə etdiyimiz ən ümdə arzu və diləklərdən biri də erməni təcavüzü nəticəsində torpaqlarından didərgin düşmüş soydaşlarımızın öz ev-eşiklərinə qaytarılmasıdır. Qoy bu arzu-diləklər gerçəkləşsin, qaçqın və köçkün bacı-qardaşlarımız gələcək Novruz bayramlarını öz ocaqları başında qeyd etsinlər.

Heydər ƏLİYEV

 

Müdriklərimiz martı tarixən “təbiətin oyanış” ayı da adlandırıblar. Çünki çayların buzu əriyir, arxın kənarlarında cücərən yarpız soyuq-sazağa sinə gərib Günəşə tərəf boylanır. Zirvəsi bəyaz dağlar baharın gəlişini duyub ağ çalmasını açmağa, yaşıl şala bürünməyə hazırlaşır. Qaya dibinə sığınmış novruzgülünə elə gəlir ki, ondan tez oyanan yoxdur. Amma baxıb görəndə ki, danaqıran “onu yuxuya verib”, boynunu əyib kövrəlir, kol dibində göyərən bənövşəni səsləyir, təbiət yenidən canlanır, qış donunu soyunmaqla yeni bir fəslin gəlişindən xəbər verir, o da nazlanmağa başlayır.
Novruz günlərinə qədər dörd həftə yol gələn yaz fəsli Sudan keçib, Odda bişib, Yelin qanadlarında özünü Torpağa yetirəndə görüb ki, qarçiçəyi yerin bağrını yarıb. Novruzun təbiətə gətirdiyi oyanış, deyirlər ki, aran yerlərində daha çox hiss olunur. Lakin dağların Novruz bayramını necə qarşılamasının şahidi olanlar bu həqiqəti bəzən qəbul edə bilmirlər, onun da səbəbləri var.
Söyləyirlər ki, Novruz bayramı günlərində (hətta çərşənbələr başlayandan) qəmli notlardan uzaq olmaq lazımdır. Bu da folklorumuzdan gəlmədir: dəm dəmi gətirər, qəm də qəmi. Ağrı-acılarımızı tonqalda yandırırıq ki, yeni baharımız, yazımız xoş əhval-ruhiyyə gətirsin, şadlıq və sevincli günlər qədəm bassın həyatımıza. Belə günlərdə qəmlənmək olmaz, lakin nə yazıqlar ki, bu da hələlik mümkün deyil. Erməni tapdağında qalan yurdlarımızda Novruz tonqalları qalanmır. Dədə Qorqud boylarından boy verən bu oyanış tapdaq altındakı yurdlarımızda 30 ilə yaxındır ki, gecikir. Çünki orada yağı torpağı əkib-becərmir, əksinə, onu yaralayır.
Bildiyimiz kimi, Novruz bayramının özəllikləri az deyil. Onlardan biri də bayram günlərində meydan tamaşalarına daha çox üstünlük verilməsi, xalq oyunları çərçivəsində folklorumuzun zənginliyinin nümayiş etdirilməsidir. Novruz günlərində daha çox göstərilən meydan tamaşaları Azərbaycan peşəkar teatrının əsasını qoyub desək, daha doğru olardı. Kökləri ta Dədə Qorqud boylarınadək gedib çıxır ki, onlar da xalqın fəaliyyəti, məişəti, şənlik və toy ənənələri, həmçinin dünyagörüşü ilə bağlıdır. Qədim tarixə malik “Sayaçı”,”Novruz”, “Gəvsəç” kimi mərasimlərdə xor, rəqs və dialoqla yanaşı, dramatik süjetə, hərəkətə, bəzən isə bədii surətə də rast gəlinir.
Xalq arasında çox qədimdən yaranan “Motal-motal”, “Qurd basdı”, “Çövkən”, “Cızıq turnası”, “Gizlənpaç” (gizlən, qaç), “Oğru-oğru”, “Şuma qədər”, “Aşıq-aşıq”, “Qoz-qoz”, “Pul-pula”, “Zorxana”, “Sino”, “Mil”, “Qəpəq”, “Fincan-fincan”, “Bənövşə”, “Dirədöymə”, “Çalabaşı”, “Yelləncək”, “Maral oyunu”, “Kilimarası” və s. oyunlarında həm uşaqlar, həm də böyüklər həvəslə iştirak edərdilər.
“Kosa-kosa”, “Kəndirbaz”, “Sim pəhləvan”, “Masqara”, “Gözübağlıca”, “Cıdır” tamaşaları, qələncə oynatmaq, kəmənd atmaq, qurşaq tutmaq, daş qaldırmaq, at çapmaq və s. kütləvi əyləncəli milli oyunların bayramla əlaqədar keçirildiyi söylənilir. Sadaladığımız xalq oyunları zaman-zaman yol keçərək bu günümüzədək gəlib çatıb. Novruz bayramında həmçinin güləş yarışları təşkil edilir, meydanlarda yallılar oynanılır, kəndirbazların tamaşaları göstərilir, mahnılar oxunur və aşıqlar deyişirlər...
“Novruz” mərasiminin mühüm epizodunu təşkil edən “Kosa-kosa” oyunu əsl teatr örnəyidir. Burada ardıcıl süjet, dramatik hərəkət, həmçinin xüsusi paltar geyinən, maska taxan aktyor var. Bir neçə gün davam edən toy mərasimlərində ifa olunan”Xan-xan”,”Mütriblərin rəqsi”,”Gəlinlə qayınana deyişməsi” və s. epizodlar, burada oyun və tamaşa ünsürlərinin müstəqil əhəmiyyət kəsb etdiyini göstərir. Ozan-aşıq məclislərində,”Zorxana” səhnələrində, kəndirbazların çıxışlarında, habelə qədimdə el arasında geniş yayılan”Yuğ” mərasimində də meydan teatrı ünsürləri güclü olub.
“Kosa-gəlin”,”Tapdıq çoban”,”Tənbəl qardaş” (üçpərdəli komediya) və s. tamaşalar el arasında məşhur olmuşdur. Bu tamaşalarda əsasən kəndin təsərrüfat və məişət həyatı əksini tapmışdır. Nikbinlik onların başlıca xüsusiyyətidir. Həmin tamaşalarda gülüş bəzən ciddiləşib, acı kinayə satiraya çevrilərək, adamların əmək, məişət və psixologiyasındakı qüsurları qamçılayırdı.
Novruz şənlikləri bu gün düşmən tapdağında qalan yurdlarımızda da təm-təraqlı, özünəməxsus şəkildə keçirilərdi. Təəssüf ki, digər işğal olunmuş el-obalarımızdan ayrı düşənlər kimi, kəlbəcərlilərin də Novruz tonqalları 25 ildir dağların zirvəsində qalanmır. Çünki 1993-cü ilin martı onlar üçün bayram ayı deyil, yaddaşlarına faciə, müsibətli günlərlə yazıldı. Onlar hər yeni gələn Novruzdan dilək diləyirlər ki, növbəti bayramı dağlarda qarşılasınlar. Uzun illər “Maral oyunu” və “Kilimarası” folklor ansamblının ifaçısı olmuş, Beynəlxalq Folklor Festivalının laureatı Rövşən Əliyev söyləyir ki, Kəlbəcərin folklor və xalq aşıqlar ansambllarının kollektivləri vaxtilə “Yaz bayramı - saz bayramı” kimi keçirilən respublika miqyaslı bütün tədbirlərin iştirakçısı olub: “İçərişəhərin Novruz şənliklərində diqqətçəkən konsert proqramlarından biri də “Maral oyunu” və “Kilimarası”nın təqdim etdiyi nömrələrdir. Hər il ümumrespublika Novruz şənliyinə qatılan bu folklor ansamblının çıxışları əcnəbi qonaqların da marağına səbəb olur. Milli teatrın əsasını təşkil edən bu kimi meydan tamaşaları özlərində xalqımızın qədim mədəniyyətə və incəsənətə malik olduğunu əks etdirir. Demək, Novruz bayramı həm də milli-mənəvi dəyərlərimizə xalq məhəbbətinin tərənnümüdür”.
Meydan tamaşalarının rüşeyimləri olan, əsasən Novruz bayramı günlərində ifa edilən “Maral oyunu” ilə “Kilimarası” folklor ansamblları oyunlarının günümüzədək gəlib çıxması, əslində, Kəlbəcərin Ağcakənd kəndində dünyaya göz açmış Mehralı babanın adı ilə bağlı olub. Sonralar bu xalq oyunlarını onun nəsil-şəcərə davamçıları Süleyman və Şəfaqət qardaşları və onların övladları yaşatmaqdadırlar: “Tamaşanın məzmununu qısaca olaraq belə ifadə etmək olar. Zurnaçılar dəstəsi qara zurnada elə ifa edirlər ki, maral ayaq saxlayıb bu həzin musiqini dinləməkdən doymur. Boylana-boylana qalan maralın hərəkətləri onun oynadığını göstərir. Maral yerə yataraq başını o yan-bu yana əyməklə sanki nazlanır və musiqinin ritmi ilə səsin haradan gəlməsini axtarır. Bu oyunu nümayiş etdirmək üçün maral dərisi geyinmiş (əlbəttə, maralın dərisi məxmər parçadan tikilir) oyunçudan məharət tələb olunur. O, dizləri üstə iməkləməli, əlləri ilə maralın baş-boyun hissəsini oynatmalıdır. Bu, o qədər də asan deyil, adamın nəfəsi kəsilir. Çünki nəfəs almaq üçün açıq yer olmur”.
“Kilimarası” da kollektiv şəklində ifa edilir. Bu, zurnaçılar dəstəsinin ifası altında bir aktyorun gəlincik oyununun nümayişidir. İki nəfərin diz üstə oturaraq tutduğu kilimin arxasında aktyorun yerə uzanaraq məzhəkə çıxarmasıdır. Gəlinciklərdən biri kişi, o birisi isə qadındır. Xalq havalarından birini oynayan gəlinciklər milli rəqsləri məharətlə ifa etməlidirlər ki, bu da kilimin arxasındakı aktyorun ayaq və əl barmaqlarını necə oynatmaq məharətindən asılıdır. Burada milli kolorit əsas götürülür. Bütün bunlar bayramın milliliyinin təsdiqidir.
Kəlbəcərdə Novruz bayramının keçirilməsinə gəlincə, həmsöhbətim R.Əliyev deyir ki, tədbirə yalnız mədəniyyət və incəsənət işçiləri, aşıq və folklorçularımız deyil, hər bir kəlbəcərli hazırlaşırdı. Evlərdə və həyətlərdə aparılan səliqə-sahman, abadlıq insanlarda yüksək əhvali-ruhiyyə yaradırdı. Çərşənbə axşamlarında kəndin orta yaşlı və cavanlarından ibarət dəstələr düzülər, əvvəlcə ötən il yas mərasimi düşmüş həyətlərə gedər, dualar oxuyardılar. Sonra evin yiyəsindən ocağın üstünü boş qoymamaq xahiş olunar, hətta özləri bayram qazanı asardılar. Bu mərasimi başa vurub uşaqlar folklor oyunlarından istifadə edərdilər. Məsələn, onlar “Kosa-kosa” oyunu ilə məzhəkə göstərər, Keçəlin torbasını doldurmaq üçün min bir hoqqa çıxarardılar. Fındıqla “Çalayaatma” oyunu nə qədər maraq doğuran idisə, “Dirədöymə” daha çox gənci bir araya toplayardı.
Daha bir maraqlı oyun “Yelləncək” idi. Hündür yerlərdən kəndirlə yelləncək asardılar. İkiqat asılmış kəndirin bir tərəfində oğlan, digərinkində isə qız oturardı. Üz-üzə oturmuş bu cütlükləri bəzən yarızarafat-yarıgerçək sevgililər də adlandırırdılar. Çünki qızlar yalnız bəyəndikləri oğlanla birlikdə yelləncəyə minərdilər.
Qonşuların və qohumların, eləcə də küsülülərin bir-birinin evinə ayaq açması milli birliyin göstəricisi sayılırdı. Bayram günlərində küsülülər barışmalı, kimsə qanıqara olmamalıdır, xoş sözlər danışmalıdır. Çünki qapının arxasında “bəxtinə çıxan sözlər”i səbirsizliklə, təlaş və həyəcanla gözləyənlər olur. “Duzlu kömbə” yeyib yatanların yuxularının çin olacağı inamının da tarixi çox qədimlərə gedib çıxır...
Söyləyirlər ki, qalanan tonqalların qığılcımları göyləri yandırmasa da, düşmənin bağrını yarır, yarasaların gözlərini qamaşdırır. Dədə Qorqud Oğuz oğluna tapşırıb ki, dağların başında üç tonqal qalasın. Qoy yağı-düşmən bilsin ki, Oğuz yurdunun ocağı gur yanır... Bunun rəmzi mənası, təbii ki, olmamış deyil. Üç tonqal qələbə rəmzidir! Üç tonqal qalamağa qadir olan xalqımızın Novruz bayramının özəllikləri az deyil. Bu milli bayramın əsrlər və minilliklər yola salması onun digərlərindən fərqli cəhətləridir. Vaxtilə dini don geyindirilən və buna görə də sovetlər tərəfindən keçirilməsi yasaq edilən Novruz, əslində, mahiyyətini özü göstərir. O, təbiətin canlanması ilə fəsillərin yerinin dəyişməsini bildirir. Demək, il təzələnir. Milli-mənəvi sərvətlərimizin siyahısına daxil olan Novruz bayramı özəllikləri ilə fərqlənir. Bəlkə də türk xalqlarının yeganə bayramıdır ki, bu əziz günlərdə böyüklü-kiçikli hər kəsin qəlbinə bir bahar təravəti, yaz duyğuları - coşqunluq, yüksək əhvali-ruhiyyə dolur.
Qədəmləri uğurlu, bərəkət sovqatlı olsun Novruz bayramının. Hər diləkdən bir mətləb hasil olur, deyirlər. Qoy builki Novruz yurd nisgillilərə, sadəcə, təsəlli deyil, xoş ovqat gətirsin, ümidləri cücərtsin...

 

Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video