Alternative content

18:32 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bolqarıstan KİV-ləri Novruz bayramı haqqında yazır
Bolqarıstan KİV-ləri Novruz bayramı haqqında yazır
ANA SƏHİFƏ / Mədəniyyət
05:03 23.03.2018

Azərbaycan xalqının zəngin adət-ənənələrini özündə cəmləşdirən, milli-mənəvi dəyərlər sistemində özünəməxsus yeri olan Novruz bayramı Bolqarıstanın çoxsaylı oxucu kütləsinə malik kütləvi informasiya vasitələrində geniş işıqlandırılıb. Bolqarıstan Teleqraf Agentliyi, “Fokus” Xəbər Agentliyi və “Qara və Ağ” jurnalının rəsmi internet səhifələrində dərc olunan xəbərlərdə Novruz bayramının tarixi, əhəmiyyəti, adət-ənənələri, xalqımız tərəfindən onun təntənəli şəkildə qeyd edilməsi barədə hərtərəfli məlumat verilib.

Xəbərlərdə Novruz bayramının təbiətin oyanışına sirayət etdiyi və onun dörd element - su, od, torpaq və hava ilə bağlı olduğu qeyd olunub. Novruzun Azərbaycan xalqı tərəfindən sevildiyi, bu bayramın təkcə yaz gecə-gündüz bərabərliyi deyil, insanların bərabərliyinin bayramı olduğu diqqətə çatdırılıb. Novruz fəlsəfəsinin əsasında birliyin dayandığı, bu bayramın müxtəlif sosial təbəqədən olan insanları bir araya gətirərək onlar arasında qarşılıqlı anlaşma və birliyi möhkəmləndirdiyi və mahiyyəti etibarı ilə çox böyük ailə bayramı olduğu vurğulanıb.

Məlumatlarda Novruz bayramının ayin və mərasimləri barədə məlumat verilib, tonqalqalama mərasiminə toxunularaq onun şəfaverici, aydınlaşdırıcı mahiyyətindən bəhs olunub, insanların öz dərdlərini, ağırlıqlarını tonqalın üstündə yandıraraq yeni günə, yeni həyata başladığı qeyd olunub.

Xəbərlərdə Azərbaycan Səfəvi dövlətinin banisi, böyük hökmdar və şair Şah İsmayıl Xətainin “Dəhnamə”sində Novruz fəlsəfəsinin əks olunmasından, Qobustan təsvirlərinin Novruzun Azərbaycandakı qədim köklərini sübut etməsindən bəhs olunub, dahi Azərbaycan şairi Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində bu bayramın geniş bədii təsvirinin öz əksini tapması vurğulanıb. Daha sonra BMT Baş Assambleyası tərəfindən 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi elan olunduğuna diqqət çəkilərək BMT-nin sabiq baş katibi Pan Gi-Munun Novruz barədə fikirlərinə yer verilib.

Bolqarıstan KİV-lərində Azərbaycan və bolqar xalqlarının sevimli bayramları - Novruz və “Baba Mart” bayramlarının oxşar cəhətlərinə də toxunaraq hər iki bayramın mart ayında keçirilməsi xatırladılıb və onların təbiətin yeni dövrə qədəm qoymasını təsvir etdikləri bildirilib.

Xəbərlərdə Azərbaycanın Bolqarıstandakı səfirliyi tərəfindən Novruz bayramına həsr olunan tədbir barədə məlumat verilib. Azərbaycan milli mətbəxinin ləziz təamları, Novruzun rəmzləri olan şirniyyatlar və Azərbaycan caz musiqiçilərinin əsərləri barədə söhbət açılıb. Bolqarıstan Baş nazirinin müavini və xarici işlər naziri Ekaterina Zaxariyeva və Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən səfirliyə təbrik məktublarının ünvanlandığı xatırladılıb.

Sonda isə “Buta Airways” aviaşirkəti tərəfindən Bakı-Sofiya birbaşa aviareysi üzrə uçuşların həyata keçirilməsindən danışılaraq bolqar turistlərin Novruz bayramı, eləcə də onun maraqlı adət-ənənələri ilə məhz Azərbaycanda tanış olmaları imkanı barədə oxuculara məlumat verilib.

 

AZƏRTAC