23 Mart 2018 12:03
272
Mədəniyyət
A- A+

Milli dəyərlər bayramı

 

Yüz illər boyunca el-ulusumuzun cəmi şadlıqlardan, çal-çağırlardan başda saxladığı istəkli bir bayram var - Novruz bayramı! Bu xətirli bayram gur tonqalları, göz oxşayan, könül açan noğul-nabatlı xonçaları, yamyaşıl səmənisi, gül qanadlı, yel qanadlı düzgü-qoşquları, mübarək niyyətləri, tumurcuq diləkləriylə tanınır, sevilir. Gün-güzəranımız hər zaman bu ulu bayramın qədəmlərinin uğuruna, sayasına güvənir. Əski çağlardan üzü bəri elimiz Çillələr, Xıdır Nəbi, Boz ay boyu Novruzun mübarək gəlişini gözləyə-gözləyə çal-çağırlı yığnaqlar qurub, bayrama yetməkdən ötəri vaxtı-zamanı söz-söyləməklə yorub yola salıb...

Qədim tarixə və zəngin mədəniyyətə malik olan Azərbaycan xalqının əski çağlardan daşıyıb gətirdiyi mənəvi dəyərlər sistemində Novruz bayramının da özünəməxsus yeri vardır. İbtidai çağlara məxsus ilkin dünyaduyumu və arxaik mifoloji inanışlardan qaynaqlanan yazı - yeni günü qarşılama mərasimi yüzillikləri çevrələyən tarixi təkamül prosesi nəticəsində zəngin mədəni-mənəvi keyfiyyətlər qazanaraq geniş miqyasa malik xalq bayramına - Novruza çevrilmişdir. Bu baxımdan Novruz təkcə bir neçə günü əhatə edən bayram deyil, həm də uzun bir təqvim müddətini öz ətrafında cəmləşdirən irimiqyaslı mərasim kompleksidir. Uzun sürən qış dönəminin çətinlik və məşəqqətlərindən (soyuq, qida sıxıntısı və s.) qurtulub yaşayışa müsbət təsir edən işıq, istilik, qida imkanları açan yaz dönəminə başlamaq arzusu əcdadlarımızı bu mürəkkəb və zəngin mərasim kompleksini yaratmağa təşviq etmişdir. Bilindiyi kimi, ilkin - ibtidai sivilizasiyanın digər üzvləri kimi qədim azərbaycanlılar da öz ətraflarında baş verən kosmoloji prosesləri, xüsusən də təbiət hadisələrini yaşayışa, güzərana necə təsir etməsinə görə çeşidli bölümlərə ayırır və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə olsa da, obrazlaşdırmağa çalışırdı. Həyatı çətinliyə salan, qida, istilik çatışmamazlığı və başqa bu kimi sıxıntılarla imtahana çəkən qışın obrazı, şübhəsiz ki, ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Elə buna görə də canlı danışıqda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin, diriliyə uyar olmayan çağının tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxmışdır. Elə buradaca diqqət önündə saxlayaq ki, bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Xalq arasında “çillə çəkmək”, “çillə tökmək”, “çillə-dağ eləmək”, “çillə kəsmək” deyimləri də vardır ki, həmin ifadələr, əslində, əzab-əziyyət çəkmək, dərd-bəlanı tökmək, ağrı-acını, xəstəliyi, müşkülü kəsmək, yox etmək anlamları daşıyır. Bəzi bölgələrimizdə əziyyət çəkən, əzabkeş mənası verən “çiləkeş adam” deyimi də işlənir. Deməli, ulularımız qışı dərd-bəla, müşkül, çətinlik kimi qəbul etdiklərindən onu iki yerə bölərək “Böyük çillə” (böyük çətinlik - dekabrın iyirmi ikisindən yanvarın otuz birinədək olan qırx günlük dönəm) və “Kiçik çillə” (kiçik çətinlik - fevralın birindən iyirmisinədək olan iyirmi günlük dönəm) adlandırmışlar. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə (qulaq falı, üzüksalma, oddan, sudan atlanma və s.) “çillə çıxartma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir.
Qışı-çilləni yola salmaq, yazı - yeni günü qarşılamaq məqsədi ilə keçirilən “Novruz çərşənbələri” adlı silsilə rituallarda da qədim azərbaycanlının təbiətə təsir etmək, onu mülayimləşdirmək, işığı, günəşi çağırmaq arzu-niyyəti öz əksini tapmışdır. “Oğru çərşənbələr” və “Doğru çərşənbələr” adıyla iki qismə ayrılan “Novruz çərşənbələri”nin ümumi sayı bəzi elmi ədəbiyyatlarda qeyd olunduğu kimi dörd yox, yeddidir. Sadəcə olaraq, onların dörd sonuncusu əsas çərşənbələr sayılır. Əsas çərşənbələrə qədərki üç çərşənbə el arasında “oğru çərşənbələr” (bəzi regionlarda “oğru üskülər”, “oğru buğlar” ) adlanır və Kiçik çilləyə düşür. İnama görə, oğru çərşənbələrdə yazın nəfəsi oğrunca Yer üzünə - suya, torpağa, ağaclara toxunub geri qayıdır, bu minvalla yaxın zamanlarda gəlib çıxacağına işarə etmiş olur. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr “doğru çərşənbələr” (bəzi bölgələrdə isə “doğru üskülər”, “doğru buğlar”, “cəmlələr”) adıyla tanınır.
El inamına görə, doğru çərşənbələrdə yazın nəfəsi növbəylə suyun, ağacın, torpağın canına hopub onları oyadır. Yazın nəfəsi öncə suya toxunur və bununla da, el arasında deyildiyi kimi: “sulara ixtiyar verilir”. Sulara ixtiyar verilməsi, daha doğrusu, suların ixtiyarının özünə qaytarılması o deməkdir ki, həmin gündən başlayaraq daha sular donmur, şaxta-qış onu dondurub ixtiyarını əlindən ala bilmir. İkinci çərşənbədə torpağa ixtiyar verilir. Torpaq qarını-buzunu əridib, nəfəsinin buğuyla toxumu cücərdir, əkini dikəldir. Torpaqdan sonra növbə ağaclara çatır. Doğru çərşənbənin üçüncüsündə ağaclara ixtiyar verilir. Həmin çərşənbədə ağaclar qış yuxusundan oyanır və tumurcuğa dolmağa başlayır. Ən sonda - axır çərşənbədə yazın nəfəsi canı-qanı olanları tərpədir - heyvanların, quşların, adamların qanı yerindən oynayır. Beləcə, yaşayış, varlıq yeni bir axara düşür.
Çərşənbələrdə (daha dəqiq desək, çərşənbə axşamlarında) tonqal qalanması, göyə yanar fişənglər, tarixən üskü-lopa atılması, bayram süfrəsi düzəldilməsi ululardan qalma qədim el adətidir. Tonqal qalamaq, oddan atlanmaq, başı üzərində yanar fişəng, lopa-üskü fırlayıb göyə atmaq əski mifik dünyagörüşlə bağlı bir məsələdir. İşığın, Günəşin gücünə inanan qədim insan odun-alovun köməyi ilə neqativ səciyyəli yad-yabançı ruhları, soyuq, qaranlıq, xəstəlik gətirən, yaşayışa sıxıntı verən pis - şər qüvvələri qovub uzaqlaşdırmağın mümkünlüyünə inanırdı. Burada bütün məqamlarda od - Günəşin rəmzi kimi düşünülürdü. Çillədən - qışdan çıxmaq üçün tonqal, od yandırılması əslində, dolayısı ilə həm də Günəşin - yazın çağırılması mərasimidir. Bu aktın icrası zamanı tonqalın üstündən atılarkən:
Ağırlığım, uğurluğum
Tökülsün, bu odda yansın -
söylənməsi də əski təsəvvürlə, çillədən, qışın ağrı-acısından qurtulmaq üçün oda - mikrogünəşə bir xilaskar kimi yanaşılması qənaəti ilə bağlıdır.
Bəs Novruzaqədərki çərşənbə mərasimlərinin icrası üçün niyə məhz həftənin ikinci günü - çərşənbə axşamı seçilmişdir? Həftənin başqa bir günü - cümə axşamı, cümə və ya şənbə də seçilə bilməzdimi? Bu məsələnin təsadüfmü, yoxsa qanunauyğunluqmu olması həqiqətən də, düşündürücüdür. Bilindiyi kimi, el inamına görə, çərşənbə axşamı ağır gündür, uğurlu, düşərli sayılmır. Bu səbəbdən həmin gün nəsə bir işin binəsini - başlanğıcını qoymaq, ev tikintisinə başlamaq, toy-düyün etmək, səfərə yollanmaq, elçi getmək və s. məsləhət bilinmir. Sınayıblar ki, çərşənbə axşamında başlanan iş uğur gətirməz. Bu günün el arasında “Duz günü” adıyla tanınması da onun ağır bir gün olmasına işarədir. Anadolu türkləri arasında yayğın olan “salı gün sallanar” - ifadəsi də “salı”nın - çərşənbə axşamının ağır gün olması barədəki xalq inamından doğmuşdur. Görünür, çillədən çıxmaq, dərd-bəlanı, ağrı-acını bu ağır günün üstünə tökmək, qarşıdakı günlərə - xüsusən də ilaxır çərşənbə axşamından sonra gələn Novruza arınıb-durulmuş halda, saf ruh, pak, sağlam bədənlə getmək el inamınca daha uyğun bilinmişdir. Bu barədə görkəmli maarifçi Məhəmməd ağa Şahtaxtinskinin 1880-ci ildə Tiflisdə çıxan “Obzor” qəzetində çap etdirdiyi “Novruz bayramı” məqaləsində də söz açılmışdır. Həmin mötəbər qaynaqda deyilir: “Çərşənbə ağır gün, ilaxır - ilin axır çərşənbə axşamı isə ondan betər hesab olunur. Odur ki, çərşənbənin ağırlığını yüngülləşdirmək üçün müxtəlif vasitələrə əl atırlar. Deyilənə görə, axır çərşənbəni quş kimi ötüb keçməyən adam təzə ildə dərd-sərə tutulur”. İlaxır çərşənbədə icra olunan bütün mərasim, oyun və əyləndirici vasitələr bütövlükdə bir tam halında yüngülləşdiricilik, saflaşdırıcılıq funksiyası daşıyır və həmin funksiya yeni ovqatın, yeni ruhun - yaz ovqatının, yaz ruhunun, yeni günün - yaz gününün gəlişi və qəbulu üçün psixoloji-estetik zəmin hazırlayır.
Yaz mərasimi daha çox şimal yarımkürəsində yaşayan xalqlar arasında qeyd olunur. Cənub yarımkürəsində (Afrika, Hindistan, Cənubi Asiya və başqa bu kimi ərazilərdə) qış demək olar ki, duyulmadığından belə bir mərasimin keçirilməsinə ehtiyac olmamışdır. Bunun əksinə, şimal yarımkürəsində yaz-qış əvəzlənməsi qabarıq görüntü yaratdığından bu yarımkürədə yaşayan bütün xalqlar qışın gedişini və yazın gəlişini bir-birinə bənzər mərasimlərlə qeyd edirlər. Sadəcə olaraq, şimal yarımkürəsinin müxtəlif qurşaqlarında iqlim dəyişməsi fərqli zamanlara düşdüyündən ayrı-ayrı ərazilərdə yazın qarşılanması münasibəti ilə keçirilən mərasimlər müxtəlif (əslində, o qədər də aralı olmayan!) vaxtlarda baş verir. Məsələn, yazın bayram kimi Çində fevral, Orta Asiya, İran, Anadolu və Azərbaycanda mart, Rusiyada aprel aylarında qarşılanması bu səbəbdəndir.
Yaz mərasimi insanlığın ilkin çağlarından kök alıb gəldiyindən etnik fərqlərdən asılı olmayaraq müxtəlif xalqların çeşidli adlar altında keçirdiyi bu bayramın tərkibində əski mifik təsəvvürlərlə bağlı çox sayda oxşar ünsürlər müşahidə edilməkdədir ki, onların böyük əksəriyyəti tipoloji səciyyə daşıyır. Türk Novruzu ilə slavyan Pasxası arasındakı bənzəyiş və paralellər bu baxımdan təsir amili kimi yox, ilkin - ibtidai çağların mifik dünyaduyumundan gələn tipoloji oxşarlıq kimi dəyərləndirilməlidir. Eyni tipoloji bənzəyiş (tonqal qalanması, yumurta boyanması, şirniyyat hazırlanması, süfrə bəzənməsi, musiqi, rəqs, oyun, mahnı oxumaq və s.) digər xalqların yaz mərasimlərində də müşahidə edilməkdədir.
Novruz süfrəsinə bol nemətlərin düzülməsi də yeni ildən xeyir-bərəkət, bolluq-firavan həyat diləmək arzu-istəyini simvollaşdırır. Süfrəyə yeddi cür nemətin qoyulması müqəddəs sayılan yeddi rəqəminin uğur gətirəcəyinə inamla bağlıdır. Azərbaycanın bir sıra bölgələrində ilaxır çərşənbənin “Yeddiləvin bayramı” adı ilə tanınması da bu səbəbdəndir. Zərdüştilik dönəmində süfrəyə “şin”(ş) hərfi ilə başlanan yeddi cür nemət qoyularmış: şərbət, şəkər, şam, şərab, şəkərbura və s. Sonralar islam dönəmində “şərab” yasaq olunduğu üçün “şin” (ş) hərfi “sin” (s) hərfi ilə əvəz olunmuş və süfrəyə “sin” (s) hərfi ilə başlanan yeddi cür nemət qoyulması məqsədyönlü bilinmişdir: su, süd, səməni, səbzə (göyərti), sumaq və s. Yuxarıda qeyd etdik ki, yeddilik sistemi çərşənbələrin sayında da qorunmuşdur.
Yazın gəlişinin daha yaxın iqlim qurşağında olan xalqlar tərəfindən eyni zamanda bayram edilməsi tamamilə təbiidir. Novruzun qırğız-qazax-tacik, yaxud özbək-əfqan, eləcə də Azərbaycan-Anadolu-İran-İraq oxşarlıqları bu baxımdan bir çox başqa cəhətlərlə yanaşı, coğrafi şərait və iqlim uyğunluğundan irəli gəlir. Bununla belə, hər bir etnosun və bölgənin başqasında təkrarı olmayan bənzərsiz yaz mərasim və ayinləri mövcuddur. Məsələn, “ Sayaçı”, “Təkəçi”, “Kosa-kosa” (əslində “kosa” da “təkə” deməkdir), “Xanbəzəmə”, “Kilimarası”, “Üzüksalma”, “Maral oyunu”, “Cangülüm” və başqa bu kimi sırf elat həyat tərzindən gələn mərasim-tamaşalar təbiətin oyanışı, ilin yeniləşməsi, güzəranın, yaşayışın canlanıb qaynaması ilə bağlı yaranmışdır və istisnasız olaraq hamısı türk bədii təxəyyülünün məhsullarıdır. Məsələn, Azərbaycan Novruzunun mühüm atributu olan “Kosa-kosa” mərasimində “Kosa” - köhnə ilin təmsilçisi olan qocalmış keçi obrazında çıxış edir və mərasimin sonunda oyun - tamaşaya daxil olan yeni, gənc keçi tərəfindən qovulur və ya öldürülür. Burada məclisə yeni gələn, gənc keçi yeni ilin, məclisdən qovulub uzaqlaşdırılan Kosa - köhnə keçi isə köhnə ilin simvolu kimi düşünülmüşdür. Yaxud indi də Ordubadda keçirilməkdə olan “Xanbəzəmə” mərasimində qaraqabaq xanı əyləncəli oyun - hərəkətlərlə güldürmək və bundan sonra onu suya basmaq zəhmli, qorxulu, qaraqabaq qışı gülər günlə, yağışla, günəşli yazla əvəzləmək istəyinin rəmzi ifadəsidir. Bu sıradan olan folklor örnəkləri Novruzu bayram kimi qeyd edən başqa xalqların (fars, tacik, ərəb) yazı qarşılama mərasimlərində müşahidə olunmur.
Yuxarıda adı çəkilən mərasim-tamaşaların, xüsusən də sayaçı mərasiminin yurdumuzda keçirilən Novruz - yenigün şənliklərində folklor kollektivləri tərəfindən icra-ifa edilməsi soykökə - qan yaddaşına qayıdış üçün son dərəcə gərəkli və əhəmiyyətlidir. İlin yaza dönən çağlarında Türküstanda “sayal”, Altay və Saxa-Yakutiyada “sağalqan” (süd bayramı) mərasimlərinin keçirilməsi və bu mərasimlərin bizim milli-etnik yaddaşımızdakı sayaçı mərasimi ilə genetik bağlara malik olması göstərir ki, həmin folklor ritualı yaz - yenigün mərasiminin başlıca özəlliklərindən biridir və olduqca dərin köklərə malikdir.
Novruz - yenigün bayramının dirilik, oyanış, qurtuluş kimi ulusumuzun yaddaşında möhkəmlənməsinin bir səbəbi də bu günün bir sıra əlamətlərinin Ərgənəkonla bağlılığıdır. Əbül Qazı Bahadır xan özünün məşhur “Şəcəreyi-türki”sində yazır ki, türklər Ərgənəkondakı dəmir dağları yararaq Bozqurdun rəhbərliyi, yol göstəriciliyi ilə zülmətdən qurtuluşa çıxdıqları günü yadda saxladılar və hər il həmin vaxtı bayram elədilər. Bu mənada Ərgənəkondan çıxış-qurtuluş Yenigün kimi, Bozqurd bayramı kimi mübarəkdir. Ərgənəkon dastanının özündə də qurtuluşun mart ayına - yazın başlanğıcına düşdüyü xatırlanır. Türk etnik-mədəni sistemində 9 (doqquz) rəqəmi müqəddəs və uğurlu sayıldığından Ərgənəkondan çıxış - qurtuluş günü uzun müddət “mart doqquzu” deyə xatırlanmış və həmin gün çəkiclə dəmir zindanı döymək, yaxud dəmiri dəmirə vurmaq uğur gətirən bir ritual kimi yerinə yetirilmişdir. Olsun ki, Ərgənəkondan çıxış - Yenigün türk etnik-mədəni sisteminin daxilində bir müddət ayrıca mərasim keçirməklə xatırlandıqdan sonra tarixi-siyasi şərait və şərtlərdən asılı olaraq tədricən Yaz-Yenigün-Novruz mərasimi ilə qaynayıb-qarışmışdır.
Novruz bir mövsüm mərasimi kimi irimiqyaslı coğrafi hüdudlara yayıldığından və hər il istisnasız olaraq uyğun təqvim məqamında böyük coşquyla keçirildiyindən müxtəlif tarixi mərhələlərdə hakim ideoloji sistemlər ondan siyasi məqsədlər üçün istifadə etməyə cəhd etmişlər. Belə ki, atəşpərəstlər Novruzu zərdüştlüklə əlaqələndirməyə çalışmış (guya Zərdüştə bu gün peyğəmbərlik verilmişdir) və hətta böyük nüfuz sahibi olduqları zamanlarda bu bayrama özlərinin bir sıra cizgilərini (səməni, şam yandırmaq və s.) daxil də edə bilmişlər. İranda Novruza sırf İran hadisəsi anlamı vermək məqsədilə onu ədalət-xilaskarlıq simvolu olan mifik qəhrəman Firidunun şər-istibdad qüvvə sayılan Zöhhakı (Dehhakı) məğlub etdiyi gün və ya mifik Cəmşid xaqanın taxta oturduğu gün sayaraq bu yöndə çoxsaylı rəvayətlər yaradılmışdır. Daha sonra Novruzu islama bağlamaq üçün çeşidli rəvayətlər düzəldilmişdir. İslamla əlaqəli rəvayətlərdə Novruz gah Həzrət Əlinin anadan olduğu gün, gah taxta oturduğu gün, gah Fatimeyi-Zəhra ilə kəbin kəsdirdiyi gün, gah da onların övladlarının dünyaya gəldiyi gün hesab edilir. Bu yöndəki təbliğat bayrama məzhəbi don geydirmək kimi aşırı mövqeyə qədər gedib çıxırdı. Əlbəttə, bütün bunlar xalqın mənəviyyatına daha güclü şəkildə nüfuz etmək, öz siyasi-ideoloji məqsədlərini bu bayram mərasimi daxilinə yeridərək xalqın uzunmüddətli dəstəyini qazanmaq niyyəti ilə edilmişdir.
Astronomik təqvim üzrə Novruzun yerinin təsbitlənməsi - gecə ilə gündüzün bərabərləşdiyi gün (21 mart) və saatın dəqiq müəyyənləşdirilməsi isə səlcuqlu hökmdarı Məlikşah Qəznəvinin göstərişi ilə dövrün böyük şair və alimi Ömər Xəyyam tərəfindən (1074-1079-cu illərdə) həyata keçirilmişdir. Səmərqənd rəsədxanasında bir neçə il çəkən müşahidə və tədqiqatların nəticəsində Ömər Xəyyam gecə ilə gündüzün bərabələşməsinin dəqiq cədvəl - təqvimini hazırlamışdır. Onun Məlik şahın şərəfinə “Sultan təqvimi”, yaxud “Təqvimi-cəlaliyyə” adlandırdığı bu astronomik təqvim indi də öz elmi dəqiqliyi ilə heyrət doğurur.
Beləliklə, indiki halda tarixin dərin qatlarından yol alıb gələn Novruz bayramının tərkibi aşağıdakı iki əsas laydan ibarətdir:
a) təbiətin oyanmasını əks etdirən əski mifoloji qat;
b) müxtəlif tarixi dönəmlərin ovqatını ifadə və inikas edən siyasi-ideoloji qat.
Birinci qat əsas və aparıcı axarı təşkil edir. Burada mövsüm mərasiminin genetik başlanğıcı, təkamül prosesi, tarixi-tipoloji səciyyəsi öz əksini tapır. İkinci qatda isə ayrı-ayrı epoxalara məxsus hakim sistemlərin mərasimdən məqsədli şəkildə faydalanmaq, onu öz ideoloji qəlibinə salmaq, siyasi mənafeyin icrasına çevirmək niyyəti qərarlaşmışdır. Yüzillər aşıb keçmiş, siyasi-ideoloji sistemlərin biri-digərini əvəz etmiş, hər yeni gələn sistem Novruzu özününkü etməyə çalışmış, ancaq buna axıracan nail ola bilməmişdir. Təbiətin oyanışını inikas edən ilkin mifoloji qat xalqın etnoqrafik həyatına qovuşaraq, əsl xalq bayramını ortaya gətirmişdir.
Bu gün Azərbaycanda keçirilən Novruz hər cür siyasi-ideoloji rənglərdən azad olaraq, sözün həqiqi mənasında, ilkin qatla - təbiətin oyanışı, yazın gəlişi ilə bağlı insanın işığa, həyata, yeni günə, xoş güzərana, aydın sabahlara inamını ifadə edən saf və duru bir təqvim mərasiminə çevrilmişdir. Humanizm, quruculuq, abadlıq, xeyirxahlıq, xoş münasibət, insanı ucaldan, kamilləşdirən mənəvi dəyərlərə ehtiram və sayqıyla yanaşmaq tarix içində olduğu kimi indi də Azərbaycan Novruzunun əsas göstəricisidir.

Məhərrəm QASIMLI,
əməkdar elm xadimi, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video