19 Mart 2018 10:03
256
Mədəniyyət
A- A+

Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib

Martın 19-da Heydər Əliyev Mərkəzinin parkında “Səməni” beynəlxalq sərgi-müsabiqəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, sərgidə müasir incəsənət nümunələri – baharın rəmzi olan səməni və Novruz bayramına həsr olunmuş monumental əsərlər təqdim edilib.

Sərginin açılış mərasimində çıxış edən Xalq Rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov burada yer alan əsərlərin rəssamların yüksək istedadından xəbər verdiyini söyləyib: “Bu əsərlərə baxdıqca bizdə nə qədər yaradıcı gənclərin olduğu aydın görünür. Onların istedadına valeh olmamaq mümkün deyil. Bu gənclər Azərbaycan xalqının milli bayramlarına həsr edilən beynəlxalq sərgilər, yaxud başqa bir əlamətdar hadisə münasibətilə keçirilən sərgilər üçün çox gözəl əsərlər yarada bilirlər. Təqdim edilən sərgi mövzunu orijinal formada rəmzləşdirməkdə rəssamların yüksək istedadını və bacarığını nümayiş etdirir”.

Tədbir iştirakçılarını bayram münasibətilə təbrik edən Ömər Eldarov sərgilənən əsərlərdə Novruzun, yeni ilin, baharın gəlişinin əksini tapdığını qeyd edib. Bu cür sərgilərin təşkilinin ənənəyə çevrildiyini diqqətə çatdıran akademik deyib: “Biz hər dəfə bu cür sərgilərdə orijinal, gözəl işlərə baxanda yaradıcı gənclərimizlə qürur duyuruq. Bu sərgidə iştirak edən rəssamların hamısı istedadlıdır. Onların hamısını mükafatlandırmaq olardı. Lakin müsabiqənin öz şərtləri var. Bütün işlər, xüsusən qalib əsərlər ən yüksək qiymətə layiqdir”, - deyə Ö.Eldarov bildirib.

Daha sonra Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov və layihənin koordinatoru Emin Məmmədov qalibləri mükafatlandırıblar. Sabit Zamanov birinci, Nərmin Abdullayeva ikinci, Orxan Qarayev və Renate Verbruq (Yeni Zelandiya) üçüncü yerə layiq görülüblər.

Rəsmi açılış mərasimindən sonra sərgiyə baxış olub. Mərkəzin parkında Azərbaycan və digər ölkələrdən olan rəssam və heykəltəraşların 20-dək əsəri nümayiş edilir.

Qeyd edək ki, Sabit Zamanovun əsərinin konsepsiyası alovla bağlıdır. Bu əsəri səkkiz günə ərsəyə gətirən rəssamın fikrincə, milli adət-ənənələrimiz, o cümlədən Novruzun atributlarından olan səməni ilə bağlı sərgi-müsabiqə keçirmək çox gözəl təşəbbüsdür. Həmçinin belə sərgilər yeni-yeni istedadları üzə çıxarır.

Sabit Zamanov səməni və ya Novruzla bağlı digər atributu motiv olaraq götürür və özünəməxsus şəkildə işləyir. “Ola bilər ki, yaratdığım əsərdə sırf bayram ənənəsi hiss olunmasın. Çünki milli elementi götürüb ona qlobal yanaşıram. Bu, həm də milli motivin daha böyük auditoriyaya çatdırmağın ifadəsidir”, - deyə rəssam söyləyir.

Rəssam Nərmin Abdullayevanın fikrincə, Novruzun səməni, boyanmış yumurta kimi atributları rəssamlar tərəfindən çox işlənib: “Seçdiyim motiv xoruz döyüşü oldu. Bayramda buna həm uşaqlar, həm də böyüklər maraqla baxırlar. Digər tərəfdən, düşündüm ki, bu mövzuda rəngarəng bir əsər yaratmaq mümkündür”.

Layihə milli adət-ənənələri, dəyərləri yaşatmaq və yeni nəslə çatdırmaq, eyni zamanda, müasir incəsənətin inkişafına dəstək məqsədi daşıyır.

Qonaqlar modern, bayram ovqatına özünəməxsus çalar qatan sərgiyə baxmaqla yanaşı, parkda təşkil olunan bayram şənliyində də iştirak ediblər.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzi 2014-cü və 2015-ci illərdə də Novruz bayramına həsr olunmuş layihə həyata keçirərək “Səməni” beynəlxalq incəsənət müsabiqəsi və sərgisi təşkil etmişdi.

Beləliklə, bu bayram günlərində də şəhər sakinləri və qonaqlar Heydər Əliyev Mərkəzinin parkında Novruz atributlarını fərqli format və baxış bucağından görə biləcəklər.

Sərgiyə giriş sərbəstdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video