18 Mart 2018 01:03
350
Mədəniyyət
A- A+

Durnalar gələndə, qorqud bişəndə...

 

Novruz bayramı ərəfəsində yolumuzu respublikamızın şimal-qərb bölgəsindən salırıq. Məqsəd bu məkanda məskunlaşmış azsaylı etnik toplumlardan sayılan ingiloylarla daha yaxından tanış olmaq, onların tarixi, adət-ənənələri, məişətləri ilə bağlı oxucularımızı məlumatlandırmaqdır. Bu məqsədlə ingiloyların daha çox məskunlaşdıqları Zaqatala rayonunun Əliabad qəsəbəsinə gəlirik. Əliabad rayon mərkəzindən 18 kilometr aralı, Zaqatala-Balakən şose yolunun üstündə yerləşir.

Əvvəldən apardığımız araşdırmalara, topladığımız məlumatlara əsasən deyə bilərik ki, bu toplumun hazırkı məkanda nə zamandan məskunlaşdıqları tam bəlli deyil. Bununla belə, XIX əsrdən başlayaraq belə bir fikir irəli sürülüb ki, guya ingiloylar etnik mənsubiyyətə görə XVIII əsrdə İslam dinini qəbul edən gürcülər olublar. Guya ki, ingiloy sözü “yeni” və “yol” (özlərinə yeni yol seçənlər) sözlərinin birləşməsindən əmələ gəlib. Ancaq “yeni yol” fikri başqa heç bir dəlillə əsaslandırılmayıb. Tarixi məlumatlara görə, azərbaycanlılar ingiloyları qellər adlandırırlar. Qax rayonunun İlisu kəndindəki ingiloyların qellər, avarlar tərəfindən qeloylar, saxurlar tərəfindən qelovlar adlandırılması ona əsas verir ki, ingiloy etnonimi azərbaycanca “yeni qellər” söz birləşməsindən yaranıb. Qellər komponenti qədim qel etnonimi ilə əlaqələndirilir. Strabonun məlumatına görə, qellər amazonkalıların arasında yaranıblar. Bu faktı Plutarx da (ikinci əsr) təsdiq edib. Qədim gürcü mənbələrində Dağıstan xalqları leki adlanır.
Qellərin Qafqaz dağlarında və yaxud Şimali Qafqazda yaşadıqları söylənilir. Bəzi tədqiqatçılar qellərin Dağıstanın cənubunda yaşadığını iddia edir. Bəziləri isə Strabonun və Plutarxın amazonkalılar adlandırdığı xalq - alazanların Alazan çayı sahillərində yaşadıqlarını bildirirlər. Beləliklə, müasir ingiloylar (qədim qellər) iki min ildən çoxdur ki, eyni bir yerdə - Alazan çayı ərazisində yaşayırlar.
Əliabad toponimi ilə bağlı da fərqli fikirlər var. Bunlardan biri ali-yüksək, abad isə inkişafda olan mənasını ifadə edir. Lakin əfsanələrə görə, vaxtı ilə burada Əli adında bir sərkərdə məğlub olub. Ona görə də Əlinin batdığı, məğlub edildiyi yer kimi də ifadə olunur.

 

İngiloyların türk mənşəli olduqları deyilir

 

Bu toplumu müəyyən mənada başıbəlalı insanlar kimi də xarakterizə etmək olar. Bunun da ən birinci səbəbi onların çar Rusiyası dövründən üzü bu yana xristianlaşdırılması istiqamətində dəfələrlə təsir və təzyiqlərə məruz qalmalarıdır. Bəs, sözün əsl mənasında hazırda bu məkanda yaşayan insanlar özlərini kimlərin davamçısı və ya qohumu hesab edirlər? Sualımıza cavab almaq üçün Zaqatala rayonunun Əliabad kənd sakini, uzun illər ədəbiyyat müəllimi işləmiş, ingiloyların tarixi ilə maraqlanan Ramiz Şabanova müraciət etdik.
O dedi: “Qəsəbəmizin 11 min 88 nəfər əhalisi var. Olduqca qədim tarixə malikdir. Əliabadın, ümumilikdə isə ingiloyların soy-kökü ilə bağlı maraqlı fikirlər var. Belə ki, qədim Albaniyada 26 tayfa yaşayıb. Onlardan biri də qellər olub. Hazırda burada yaşayan ingiloyların həmin qellərin davamçıları olduqları iddia edilir. Qellərin özlərinin də soy-kökü tarixçilər arasında mübahisə doğurur”.
R.Şabanovun fikrincə, qellər, skiflər, saklar İşkuz Tayfa İttifaqının tərkibində məskunlaşıblar. İşkuzlar isə türkdilli olublar. Skif və sakların da türkdilli olmaları bəllidir. Lakin qellərin dilləri haqqında yazılı mənbələrdə heç bir rəsmi məlumat yoxdur. Hazırda Əliabadda müşahidə olunan dil qalıqlarını tədqiq edərkən fərqli mənzərə üzə çıxır. Burada dilin altında alt lay var. Bir qədər dərinliyə gedərək əcdadımız olan Dədə Qorquda üz tutaq. Dədə Qorqudda bir kəlam var: “Yağı düşmən, nə qas-qas gülürsən?” Qas-qas sözü Azərbaycan üçün ümumişlək söz deyil. Əliabadda həmin kəlam qarşılığı qəhqəhə və ya şaqqanaq gülüşdür. Daha bir kəlama nəzər yetirək:
“İagülü ulala, qabırğalı böyüyə.” Hazırda Əliabadda bənövşəni iagülü adlandırırlar. Dədə Qorqudda bu da var: “Qıpçaq Məlik Qazan xanın anasını oğurlayıb itbaraxa apardı”. İtbarax sözü də burada xarabalıq mənasında işlədilir. Qıpçaq Məlikin soyunun yaşadığı yerlər də o zaman xarabalıq adlandırılıb. Bütün qeyd edilənlər isə ingiloyların alt dilinin türk dili olması anlamına gəlir.

 

Dörd əsrlik məscid

 

XVII əsrin əvvəllərində - təxminən 1612-ci ildə burada 1500 nəfərlik böyük məscid tikilib. Bu amil bir daha həmin dövr üçün bu məkanın müəyyən mənada mərkəz rolu oynamasının göstəricisidir. Çar Rusiyasının həmin əraziləri işğal edərkən əsas məqsədi buradakı etnik toplumu xristianlaşdırmaq olub. Bu zaman isə həmin məkanda yaşayan insanların danışığında gürcü dilinin bir ləhcəsi olması əsas götürülürdü. Bu məqsədlə çarın göstərişi ilə ingiloyları şirnikləşdirmək üçün çoxlu imtiyazlar da verilmiş, vergilər xeyli sadələşdirilmişdi. 1863-cü ildə Əliabadda baş verən üsyan isə deyəsən şər qüvvələrin gözünü qırdı.
Bəs üsyan hansı səbəbdən baş vermişdi? Tarixi mənbələrdə verilən məlumatlara əsasən qeyd edək ki, üsyan 1863-cü ilin iyununda Zaqatalada başlandı. Üsyana rus ordusunun keçmiş zabiti, əhali içərisində böyük nüfuza sahib olan Hacı Murtuz başçılıq edirdi. Onun ən yaxın köməkçiləri balakənli Bürcəli və carlı Molla Zəngi oldular. Üsyan geniş sosial təbəqəni əhatə edirdi. Onun hərəkətverici qüvvələrini keşkəl sahibləri, müsəlman ruhaniləri, yerli imtiyazlı təbəqələr və müstəmləkə əsarətinə qarşı hər bir çıxışda yaxşı gələcəyə ümid bəsləyən sadə xalq təşkil edirdi. Zaqatala dairəsinin hər yerindən Xurmaoba kəndinə gələn üsyançı dəstələr vahid qüvvədə birləşdilər. Onlar pravoslavlığı qəbul etmiş ingiloyları inandırırdılar ki, dövlət gec-tez onların xristianlaşdırılmasına sərf etdiyi bütün vəsaiti: altı illik güzəşti, bəylərin torpaq asılılığından azad edilmələri barədə təəhhüdü, kilsə tikintiləri ilə bağlı olaraq il ərzində kilsə tərəfindən kəsilmiş aylıq məvacibi ləğv edəcək və bunun əvəzini onlardan alacaqdır. Bütün bu izahat işlərinin nəticəsində, çox keçmədən ingiloylar zorla pravoslavlaşdırıldıqlarına dair şikayətlə Qafqaz canişininə müraciət edərək yenidən İslam dininə qayıtmaq arzusunda olduqlarını bildirirlər.
İyunun 5-dən 6-na keçən gecə, leysan yağışı altında üsyançılar Zaqatala qalasına hücuma başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi Şalikov öldürüldü. Lakin top atəşləri ilə qarşılaşan üsyançılar geri çəkilməyə məcbur oldular. Sonrakı hücumlar da uğursuz oldu.
Bundan sonra çar Rusiyası və gürcü emissarları burada xristianlaşdırma siyasəti aparmaqdan müəyyən dövr ərzində uzaqlaşdılar.

 

Novruz oxşar və fərqli tərəfləri ilə

 

Dədə Qorqud dastanı Azərbaycan xalqının mənəvi pasportudur. Qorqud sözünün mənası isə bildiyimiz kimi “od, bərəkət paylama” deməkdir. Əliabadda Novruz bayramı Qorqud bayramı adlanır. Həmçinin bu əziz bayramda qorqud deyilən yemək də bişirilir. Burada durnalar da qorqud deyə çağırılır. Durnalar gələndə, qorqud bişəndə burada Novruz bayramı keçirilir. Əgər Novruz bayramının arxaik forması bu etnik qrup tərəfindən qorunub saxlanıbsa, onların soy-kökü haqqında düşünməyə dəyər.
1960-cı illərə qədər Əliabadda Novruz bayramı martın 22-dən mayın 1-dək olan dövrdə keçirilə bilərmiş. Hər kəsin də sərbəst şəkildə bayram keçirmək səlahiyyəti olmazmış. Bu məqsədlə hər il kənd sakinləri arasından hörmətli bir insan seçilər və o, qapı-qapı gəzərək hər evin maddi vəziyyəti ilə maraqlanarmış. Əgər şəxsin yaza buğdası qalıbsa, əkinini əkibsə, bağ-bağatını səliqəyə salıbsa, çəpərləri çəkibsə, bayrama kəsməyə cöngəsi var idisə. onda ona bayram keçirməyə icazə verilirdi. Hər nəsil toplaşıb ayrılıqda bir bağda süfrəsini qurar və bayramı keçirərmişlər.
Bundan başqa, həmin nəsil onlarla küsülü olan adamları da birgə bayram keçirməyə çağırardılar. Əks halda onun bayramı qəbul olunmurdu. Hətta küsülü olduğu adam xəstə yatırdısa belə ona yemək aparmalı idi. Bir sözlə, insanlar hər şeydən uzaq olan əkinçilik bayramlarını qeyd edərmişlər. Hazırda isə respublikanın hər yerində olduğu kimi, Əliabadda da əsasən hamının bir yerə cəm olması bayram gününə təsadüf edir. Qorqud yeməyi isə yenə də bişirilir. Bəs, qorqud yeməyi necə bişirilir? Sualımıza cavab olaraq R.Şabanov deyir: “Qorqudun hazırlanması bir qədər mürəkkəbdir. Buna baxmayaraq, əliabadlılar bu işi sevə-sevə görürlər. Əvvəlcə buğda təmizlənir və yuyulub qurudulur. Sonra dingdə döyülür. Ardınca inəyin soyulub təmizlənmiş və qurudulmuş ayaqları suya atılaraq qaynadılır və onun içərisinə buğda və soğan əlavə edilir. Ora mütləq qoz ləpəsi da tökülür. Bayrama gələn insanların hamısı qorqud yeməyinə dəvət olunur”.

 

Əliabad dövlət dəstəyindən bəhrələnir

 

Əliabad qəsəbə ərazi inzibati dairəsi üzrə nümayəndə Həsən Həsənov da söhbətə qoşulur. O, qəsəbənin və burada yaşayan insanların daim dövlət qayğısı ilə əhatə olunduqlarını deyir. Konkret olaraq Prezident İlham Əliyevin 5 avqust 2017-ci il tarixli sərəncamı ilə iyirmi üç min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Zaqatala rayonunun Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan - Əliabad avtomobil yolunun tikintisi üçün 8,9 milyon manat ayırması böyük razılıqla qarşılanıb.
Əliabad qəsəbəsi ərazisində keçən il kənd təsərrüfatının bütün sahələri üzrə nəzərəçarpacaq irəliləyişə nail olunub. Belə ki, qəsəbə sakinləri 1120 hektar sahədə buğda, 400 hektar sahədə arpa, 130 hektar sahədə kartof, 300 hektar sahədə tərəvəz, 60 hektar sahədə bostan əkiblər. Müvafiq olaraq həmin sahələrdən cari ildə 4745 ton taxıl, 5360 ton dən qarğıdalı, 1626 ton kartof, 3096 ton tərəvəz, 722 ton bostan məhsulu yığıblar. Eyni zamanda 78 hektar sahədən 63,3 ton quru tütün və 19 nəfər kümçü tərəfindən 1750 kiloqram barama təhvil verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 4 avqust 2017-ci il tarixində Qax şəhərində barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində bu sahələrin dirçəldilməsi üçün cənab Prezident tərəfindən vacib tapşırıqlar verilib. Bu baxımdan da Əliabad qəsəbəsində 2017-ci ildə bu sahələrin dirçəldilməsi istiqamətində vacib naliyyətlər əldə olunub. Belə ki, Zakir İsayev, Ədalət Sulxayev və başqaları 78 hektar ərazidə tütün becərərək “Azərtütün” MMC-yə 63,3 ton quru tütün təhvil veriblər.
Fındıq istehsalının artırılması məqsədilə 2017-ci ildə 700 hektar yeni bağ sahələri salınıb. Fermerlər tərəfindən yeni bağ sahələrinin salınması işləri davam edir.
Heyvandarlıq sahəsinin inkişafına da xüsusi diqqət verilib. Xüsusən də heyvandarlıqla məşğul olan xırda fermer təsərrüfatların yaradılmasında nəzərəçarpacaq irəliləyişlər olub. Dövlət başçısının tapşırığına əsasən heyvandarlığın daha da inkişaf etdirilməsi və stimullaşdırılması məqsədilə süni mayalandırma yolu ilə alınmış hər baş buzov üçün 100 manat subsidiya verilməsi işi davam etdirilib. 2017-ci ildə Əliabad qəsəbəsində bu yolla alınmış 276 buzova görə 27600 manat subsidiya verilib.
Rayon icra hakimiyyəti başçısının “Təmizlik, abadlıq və yaşıllaşdırma üçaylığının keçirilməsi haqqında sərəncamına uyğun olaraq qəsəbədaxili ərazilərdə 3 min ədəddən çox, magistral yol kənarlarında isə 100 yeni ağac tingi basdırılıb.

 

4 tam orta məktəb və 3 bağça

 

Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi rayonun iri nümayəndəliklərindən biridir. Qəsəbənin ümumi ərazisi 6089 hektardır. Bundan xüsusi mülkiyyətdə 4692 hektarı əkin sahələridir. Qəsəbə əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, bağçılıq və tərəvəzçilikdir.
Nümayəndəliyin ərazisində Əliabad bələdiyyəsi, 2 rabitə şöbəsi, 2000 nömrəlik EATS, Melioservis idarəsi, həftə bazarı, baytarlıq məntəqəsi, 4 tam orta məktəb, xəstəxana və doğum evi, 3 uşaq bağçası, mədəniyyət evi, 1 kitabxana, yanğınsöndürmə bölməsi, Cümə məscidi və İslam Kolleci fəaliyyət göstərir.
Qəsəbədə 4 ədəd tam orta məktəb fəaliyyət göstərir. Həmin məktəblərdə təxminən 1200 nəfərə yaxın şagird təhsil alır.
Qəsəbədə 3 uşaq bağçası fəaliyyət göstərir. Bu bağçalarda 121 uşaq tərbiyə olunur. Ümumiyyətlə, bağçaların fəaliyyəti qənaətbəxşdir. Həmçinin qəsəbədə 1 mədəniyyət evi və 1 kitabxana fəaliyyət göstərir. Əliabadda 15 çarpayılıq xəstəxana və doğum evi də işlək vəziyyətdədir.
Əliabad qəsəbə ərazisində həftə ərzində və eyni zamanda həftəlik mal-qara bazarı fəaliyyət göstərir. Bu bazarların fəaliyyət göstərməsinin qəsəbə sakinlərinin və ətraf kəndlərin əhalisinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının və mal-qaralarının satışının reallaşdırılmasında müsbət əhəmiyyəti vardır. Bu bazarlarda bilavasitə istehsalçılar özləri məhsullarını satır və təkrar istehsal üçün büdcələrini formalaşdırırlar.
Qeyd olunanlarla yanaşı, icra nümayəndəsi qəsəbədə içməli və suvarma suyuna olan tələbatı aradan qaldırmaq üçün əlavə artezian quyularının qazılmasına, qəsəbəarası yolların asfaltlaşdırılmasına, yüksək və aşağı gərginlikli elektrik dirəklərinin dəyişdirilməsinə, mərkəzləşdirilmiş içməli su şəbəkəsinin və kanalizasiya sisteminin yaradılmasına da böyük ehtiyac olduğunu dedi.

 

Sosial layihələr uğurla icra olunur

 

Əliabad bələdiyyəsinin sədri Cəfər Əliyev isə bildirdi ki, büdcəyə uyğun olaraq qəsəbənin inkişafı üçün əllərindən gələni etməyə çalışırlar. Məqsəd sosial problemlərin həllinə nail olmaqdır. Əsasən kənd və qəsəbədaxili yolların rahatlığı diqqətdə saxlanılır. Keçən il 1 körpü tikilib. Ərazidə keçirilən bütün tədbirlərə bələdiyyə dəstək verir. 2 fevral - Gənclər Günü, məzunlarla görüş, ulu öndərin anadan olması və anım tarixlərində fərqli idman yarışları keçirilir. Qaliblər mükafatlandırılır. 1 iyun uşaqlar günü də diqqətdə saxlanılır. Məişət tullantılarının toplanması, basdırılması, məhv edilməsi də bələdiyyəyə aid olan fəaliyyət sahələridir.
Qəsəbədəki 3 uşaq bağçasında (hər birində 45-50 uşaq) bütün uşaqlara yeni ildə xüsusi hədiyyələr ayrılır. Uşaqların marağını təmin etmək üçün hər il müxtəlif tədbirlər təşkil olunur, Şaxta baba və keçəl, kosa hər kəsi lazımi səviyyədə əyləndirir.
XXI əsrin ilk qərinəsində tarixin dərin qatlarından gəlib günümüzə qədər varlığını qoruyub saxlayan bir məkana üz tutduq. O məkana ki, Əliabad adı çəkiləndə görənlər, eşidənlər buranı həmişə rəğbətlə xatırlayır, yenidən həmin obanı ziyarət etməyə can atırlar. Bu da oradakı insanların səmimiyyətindən, qonaqpərvərliyindən, daxilində yaşayıb dəstəyini gördüyü dövlətə sədaqətindən və ətrafdakı digər toplumlarla normal birgəyaşayışlarından qaynaqlanır. Məhz ona görə də düşündük ki, halallığı hər şeydən uca tutan, zəhmətinə, qabarlı əllərinə güvənən belə insanları tanımağa da dəyər, tanıtmağa da...

Əli SƏLİMOV,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video