16 Mart 2018 03:03
473
PARLAMENT
A- A+

Milli Məclisdə Nazirlər Kabinetinin illik hesabatı dinlənilib

Martın 16-da Milli Məclisin yaz sessiyasının növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin sədri Oqtay Əsədov iclasda qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyəti haqqında hesabatının dinləniləcəyini bildirib.

Hesabat barədə danışan spiker deyib: “Bizə təqdim edilmiş hesabatla tanışlıq bu qənaətə gəlməyə əsas verir ki, həyata keçirilən iqtisadi inkişaf strategiyası ölkəmizdə makroiqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaradıb. 2017-ci ildə ölkəmiz sürətlə və uğurla inkişaf edib. Həyatımızın bütün sahələrində əldə edilmiş nəticələr ölkəmizin ümumi inkişafına böyük töhfə verib. Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb”.

Sədr bildirib ki, ötən il ölkə iqtisadiyyatında həyata keçirilən sistemli islahatlar uğurla davam etdirilib. Əlamətdar haldır ki, aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq mərkəzləri Azərbaycan dövlətinin reallaşdırdığı bu islahatları yüksək qiymətləndiriblər. Davos İqtisadi Forumunun son hesabatında Azərbaycan rəqabət qabiliyyətinə görə 2 pillə irəliləyərək, 35-ci yeri tutub. Digər beynəlxalq reytinq agentliklərinin hesabatlarına görə də Azərbaycanın mövqeləri xeyli yaxşılaşıb.

Oqtay Əsədov deyib ki, 2017-ci ildə Azərbaycan dövlətinin neft strategiyasında növbəti uğurlu addım atılıb. “Azəri-Çıraq-Günəşli” yatağının işlənilməsinə dair xarici şirkətlərlə müqavilənin müddəti ölkəmiz üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb. Cənub Qaz dəhlizinin mühüm tərkib hissələri olan Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, TANAP və TAP boru kəmərlərinin inşası sürətlə davam etdirilib.

Sədr diqqətə çatdırıb ki, ötən il tarixi İpək Yolunun bərpası üçün böyük önəmi olan Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Araşdırmalar göstərir ki, bu layihə Avropa ilə Şərqi birləşdirən tranzit müddətini 2 dəfə azaltmağa şərait yaradır. İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft ixracının stimullaşdırılması, aqrar sahəyə dövlət dəstəyinin artırılması istiqamətində ciddi addımlar atılıb. 2017-ci ildə qeyri-neft sektorunda əvvəlki ilə nisbətən 2,7 faiz artım baş verib, nəticədə bu sektorun ÜDM-də xüsusi çəkisi təqribən 63 faiz təşkil edib. Ötən ilin uğurlarından biri də xarici ticarət dövriyyəsində 6,7 milyard dollarlıq müsbət saldonun yaranmasıdır. Həyata keçirilən düşünülmüş tədbirlər ölkəmizin investisiya qoyuluşları üçün cəlbediciliyini qoruyub saxlamağa imkan verib. İl ərzində iqtisadiyyata 17 milyard manata yaxın sərmayə yatırılıb.

Oqtay Əsədov qeyd edib ki, Nazirlər Kabinetinin illik hesabatlarının parlamentdə dinlənilməsi parlamentlə hökumət arasında əlaqələrin güclənməsini, sosial-iqtisadi inkişaf məsələlərinin obyektiv araşdırılmasında və həllində millət vəkillərinin iştirakını təmin edir. Həmişə olduğu kimi, ötən il Milli Məclisdə hesabatın müzakirəsi zamanı irəli sürülmüş təkliflər hökumət tərəfindən diqqətlə araşdırılıb. Millət vəkillərinin 68 təklifinin icrası barədə məlumat hesabatda ətraflı qeyd olunub.

Sonra iclasda Konstitusiyaya uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı dinlənilib. Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə hesabat məruzəsi ilə çıxış edib.

 

Baş nazir Artur Rasi-zadənin

çıxışı

 

-Hörmətli sədr.

Hörmətli deputatlar.

2017-ci il ölkəmizin tarixində maliyyə sabitliyinin və iqtisadi artımın bərpası, dərin islahatlar ili kimi özünəməxsus yer tutub.

Azərbaycan dövlətinin olduqca gərgin və mürəkkəb beynəlxalq şəraitdə xalqın mənafeyinə uyğun apardığı sosial-iqtisadi siyasəti keçən il daha da dərinləşərək, köklü keyfiyyət dəyişiklikləri ilə müşayiət olunub.

Hökumətin ötən ilin yekunlarına dair iclasında ölkədəki sosial-iqtisadi vəziyyət dolğun şəkildə təhlil edilib və növbəti il üçün əsas prioritetlər müəyyənləşdirilərək, qarşıda duran ən mühüm vəzifələrin icrası ilə bağlı konkret tapşırıqlar verilib.

Nazirlər Kabinetinin 2017-ci ildəki fəaliyyəti barədə geniş və hərtərəfli hesabat həmişəki kimi Milli Məclisə əvvəlcədən təqdim edilib. Yəqin ki, hesabatla tanış olmusunuz və müzakirələrdə konstruktiv təkliflərinizlə fəal iştirak edəcəksiniz.

Azərbaycanın tərəqqisi, xalqımızın təhlükəsizliyi və əmin-amanlığı üçün böyük önəm kəsb edən prezident seçkiləri ərəfəsində olduğumuza görə bugünkü çıxışımı dövlətimizin son 14 ildə əhalinin rifahının yüksəldilməsinə hədəflənmiş sosial-iqtisadi siyasəti nəticəsində əldə olunan əsas nailiyyətlər üzərində qurmağı düzgün hesab edirəm.

Bu dövrdə ümumi daxili məhsul real həcmdə 3,2 dəfə, sənaye məhsulunun istehsalı 2,6 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,7 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, əhalinin adambaşına düşən gəlirləri 7,2 dəfə, orta aylıq əməkhaqqı 6,8 dəfə, onun real həcmi 2,4 dəfə, banklardakı əmanətləri 30 dəfə artıb, 1,9 milyondan çox yeni iş yeri açılıb. Yoxsulluğun səviyyəsi 44,7 faizdən 5,4 faizə enib, orta ömür uzunluğu 72,4 ildən 75,4 ilə yüksəlib. Dövlət büdcəsinin gəlirləri 13,5 dəfə, Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 dəfə çoxalıb. Ölkənin strateji valyuta ehtiyatları 26,6 dəfə artaraq, ötən ilin sonuna 42 milyard ABŞ dolları təşkil edib.

Azərbaycanın təşəbbüskarı olduğu və bütün dünyada geniş əks-səda doğuran Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi strateji əhəmiyyətli tarixi layihələrin icrası mümkün olub.

Şübhəsiz ki, sadalanan uğurların qazanılmasında ölkədə dayanıqlı ictimai-siyasi sabitlik və əmin-amanlıq mühitinin yaradılması, dövlətimizin çoxşaxəli siyasətinin xalq tərəfindən dəstəklənməsi başlıca amillərdəndir.

Hörmətli deputatlar, neft-qaz sənayesinin iqtisadiyyatdakı aparıcı rolu təbii ki, hələ uzun illər davam etməklə, ölkənin nüfuzunun artmasına öz töhfəsini verəcək, habelə digər sahələrin inkişafına ciddi təsir göstərəcəkdir.

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi, “Şahdəniz” qaz yatağının mərhələlərlə istismarı Azərbaycanın dünyanın neft-qaz bazarına daxil olmasına zəmin yaradıb. Ötən il “Əsrin müqaviləsi” üzrə xarici tərəfdaşlarla birlikdə aparılan danışıqlar yekunlaşıb və onun müddəti Azərbaycan üçün əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadılıb.

Neft-kimya sənayesinin daha da inkişaf etdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib. Hazırda Heydər Əliyev adına Bakı neft emalı zavodunda əsaslı rekonstruksiya və modernləşmə ilə əlaqədar mühüm işlər aparılır, karbamid zavodunun, yeni polietilen və polipropilen qurğularının tikintisi isə tamamlanaraq, müvafiq sınaq işlərinə başlanılıb. Bu müəssisələrdə istehsal edilən məhsullar daxili tələbatı ödəməklə yanaşı, həm də yüksək ixrac potensialına malik olacaqdır.

Son 14 ildə əhalinin təbii qazla təmin edilməsi kimi olduqca vacib sosial problemin həlli ilə bağlı görülən davamlı tədbirlər ölkə üzrə qazlaşdırmanın səviyyəsini 51 faizdən 93 faizə yüksəltməyə imkan verib.

Enerji təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın və əhalinin elektrik enerjisi ilə dayanıqlı təchizatı siyasətimizin ən prioritet istiqamətlərindən olub.

2004-2017-ci illər ərzində ölkədə ümumi gücü 2400 MVt-dan artıq 30 elektrik stansiyası tikilib istismara verilib, 5 min 200-dən çox yarımstansiya inşa edilib və ya modernləşdirilərək yenidən qurulub, 50 min kilometrə yaxın elektrik verilişi xətləri çəkilib.

Ardıcıl və sistemli surətdə həyata keçirilən şaxələndirmə siyasəti, sahibkarlıq mühitinin yaxşılaşdırılması üzrə görülən tədbirlər ölkə sənayesinin yeni inkişaf mərhələsinə daxil olmasına zəmin yaradıb. Sənayenin inkişafına dair Dövlət Proqramı təsdiq edilib və icrasına başlanılıb. Ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və sair sahələr yaradılıb. Qeyri-neft sənayesinin inkişaf etdirilməsində müasir istehsal infrastrukturuna malik sənaye parklarının və sənaye məhəllələrinin yaradılmasına üstünlük verilib. Bu cür sənaye kompleksləri ölkənin ixrac qabiliyyətinin, idxalı əvəz edən məhsulların istehsalının artırılması baxımından xüsusilə əhəmiyyətlidir. Artıq fəaliyyət göstərən Sumqayıt Kimya Sənaye Parkı, Balaxanı və Qaradağ Sənaye parkları, Neftçala Sənaye Məhəlləsi məhz belə müəssisələrdəndir. Bu illərdə Bakı gəmiqayırma zavodu, Gədəbəy və Daşkəsən qızıl-filiz zavodları, Gəncə avtomobil zavodu, Gəncə alüminium kompleksi, iri qabaritli transformatorlar zavodu, yüksək gərginlikli avadanlıqlar zavodu və digər müasir tipli müəssisələr istifadəyə verilib.

Dövlət başçısının təşəbbüsü ilə xalçaçılıq sahəsi yeni intibah dövrünə daxil olub, “Azərxalça” Səhmdar Cəmiyyəti tərəfindən 2017-ci ildə respublikanın 10 rayonunda xalça sexləri açılıb. Növbəti illərdə daha 10 belə müəssisənin yaradılması nəzərdə tutulur.

2004-2017-ci illərdə tikinti materiallarının istehsalı 4,4 dəfə, elektrik avadanlıqlarının istehsalı 10,9 dəfə, mebel istehsalı 2,4 dəfə artırılıb.

Ümumilikdə, son 14 ildə müasir tələblərə cavab verən yeni müəssisələrin istifadəyə verilərək, əlavə istehsal güclərinin yaradılması və həyata keçirilmiş digər kompleks tədbirlər sənayenin qeyri-neft sektorunda istehsalın həcminin 2,2 dəfə artmasına imkan verib.

Ölkənin ərzaq təhlükəsizliyi, əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi iqtisadi siyasətimizin ən əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Qarşıya qoyulmuş vəzifələrin vacibliyini və miqyasını nəzərə alaraq, ərzaq təhlükəsizliyi üzrə Dövlət Proqramı qəbul edilib və icrasına başlanılıb.

Proqramda nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsi məqsədilə kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və çeşidinin genişləndirilməsinə müxtəlif dövlət dəstəyi mexanizmlərinin tətbiqi, o cümlədən güzəştli kreditlərin və subsidiyaların verilməsi, aqrolizinq xidmətlərinin göstərilməsi, müasir texnologiyalardan istifadə olunması ilə bağlı məqsədyönlü tədbirlər həyata keçirilib.

Ölkədə 32 iri fermer təsərrüfatı yaradılıb və bu məqsədlərə 70,5 milyon manat məbləğində güzəştli kredit ayrılıb. Hazırda 43 aqroparkın, o cümlədən 14 müasir heyvandarlıq kompleksinin, 24 iri taxılçılıq təsərrüfatının yaradılması istiqamətində intensiv işlər aparılır. 2018-ci ilin əvvəlinə ölkədə 2800-dən artıq istixana kompleksi fəaliyyət göstərir və təkcə keçən il burada 190 min tondan çox məhsul tədarük edilib.

Hesabat ilində pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafına dair Dövlət proqramları təsdiq edilib, fındıqçılığın inkişafı məqsədilə yeni bağlar salınıb.

Son 14 ildə görülmüş bütün bu işlər öz bəhrəsini verib, taxıl, pambıq, tərəvəz, üzüm, diri çəkidə ət, süd, yumurta, barama və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi əhəmiyyətli dərəcədə artıb.

Bu illərdə aqrar sahədə istehsalın stimullaşdırılmasına dövlət büdcəsindən ümumilikdə 1,3 milyard manat məbləğində vəsait yönəldilib.

Kənd təsərrüfatı istehsalçılarının suvarma suyu ilə təminatı, suvarılan torpaqların əhatəsinin genişləndirilməsi həmişə diqqət mərkəzində olub. 2004-2017-ci illərdə ümumi sututumu 460 milyon kubmetrə yaxın olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay və Göytəpə su anbarları tikilib istifadəyə verilib. Sututumu 15,5 milyon kubmetr olan 3 su anbarı təmir-bərpa edilib, 4 min kilometr suvarma kanallarının və 2,4 min kilometr kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası işləri aparılıb, 1960 subartezian quyusu qazılıb.

Ümumilikdə, bu məqsədlərə müxtəlif mənbələrdən 4,3 milyard manat məbləğində vəsait cəlb edilib.

Görülmüş irimiqyaslı işlər nəticəsində 360 min hektar sahədə torpaqların su təminatı və 256 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 127 min hektar ərazidə yeni torpaq sahələrinə suvarma suyunun verilməsi təmin olunub.

Əhalinin keyfiyyətli içməli su ilə təmin edilməsi, kanalizasiya şəbəkələrinin tikintisi kimi olduqca vacib sosial problemlərin həlli məqsədilə mühüm layihələrin icrasına başlanılıb. Bu illərdə Bakı şəhərinin və Abşeron yarımadasının su təchizatını əhəmiyyətli dərəcədə yaxşılaşdıran Oğuz-Qəbələ-Bakı su kəməri tikilib istifadəyə verilib, 9 min kilometrdən çox su və 3 min 500 kilometrdən artıq kanalizasiya xətləri çəkilib, 230 su anbarı tikilib və ya yenidən qurulub. Cari ilin əvvəlinə 10 şəhərdə və rayon mərkəzində su və kanalizasiya şəbəkələrinin, 9 şəhərdə isə su xətlərinin inşası başa çatdırılıb, 390 min əhalinin su təchizatı yaxşılaşdırılıb. Bunlarla yanaşı, 487 yaşayış məntəqəsində modul tipli sutəmizləyici sistemlər quraşdırılıb və 700 min nəfərdən çox insan keyfiyyətli içməli su ilə təmin edilib.

Əsas hədəf kimi qarşıya qoyulan mühüm vəzifələrdən biri də müasir tələblərə cavab verən nəqliyyat infrastrukturunun yaradılması olub. Bu istiqamətdə görülmüş irihəcmli işlər təbii ki, müsbət nəticələrini verib və nəqliyyat sektoru ölkənin ümumi inkişafında mühüm yer tutub.

2004-2017-ci illər ərzində respublikada ümumi uzunluğu 13,3 min kilometr olan avtomobil yolları tikilib, yenidən qurulub və təmir edilib, 297 körpü, 93 yol ötürücüsü və tunel, 84 yeraltı və yerüstü piyada keçidi istifadəyə verilib. Beş milyondan çox əhalinin yaşadığı 2 mindən artıq yaşayış məntəqəsini birləşdirən yollar ölkə vətəndaşlarının gündəlik həyatına rahatlıq gətirməklə bərabər, həm də bölgələrdə kənd təsərrüfatının, sahibkarlığın və turizmin inkişafına ciddi təkan verib.

Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınması, İran İslam Respublikasının sərhədinədək dəmir yolunun və Astaraçay üzərindəki körpünün tikintisinin başa çatdırılması, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının birinci mərhələsinin istifadəyə verilməsi beynəlxalq tranzit ölkə statusu qazanmış respublikamızı “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin qovşağına çevirib.

Dəniz gəmiçiliyi sahəsində yerli və beynəlxalq daşımaların səmərəliliyinin artırılması, ölkənin tranzit potensialının gücləndirilməsi məqsədilə 2013-cü ildə Xəzər Dəniz Gəmiçiliyinin və Dövlət Neft Şirkətinin ləğv edilmiş Xəzər Dəniz Donanmasının bazasında “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti yaradılıb. Gəmiçiliyin inkişafına dair 2016-2020-ci illəri əhatə edən Dövlət Proqramının təsdiq edilərək icrasına başlanılıb və Cəmiyyət iqtisadi göstəricilərini əsaslı şəkildə yaxşılaşdırıb. Bu müddətdə alınmış 19 müxtəliftəyinatlı gəmi hesabına onun fəaliyyəti daha da genişləndirilib. Hazırda Bakı gəmiqayırma zavodunda Cəmiyyətin sifarişi əsasında 2 gəmi və 2 tankerin tikintisi aparılır.

Bu dövrdə mülki hava nəqliyyatının maddi-texniki bazası ən müasir hava gəmiləri hesabına əsaslı şəkildə yeniləşdirilib, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyəti xeyli yüksəldilib.

Əgər 2003-cü ildə Azərbaycanda yalnız 1 beynəlxalq statusa malik hava limanı var idisə, hazırda onların sayı 6-ya çatdırılıb. Təkcə Heydər Əliyev Beynəlxalq Aeroportunda istifadəyə verilmiş müasir aerovağzal kompleksi ildə 6 milyon sərnişinə xidmət göstərmək gücündədir.

Bakı şəhərində əhalinin böyük əksəriyyətinin gündəlik istifadə etdiyi nəqliyyat növü kimi metronun fəaliyyəti daim diqqət mərkəzində olub. Bu xidmət sahəsinə davamlı olaraq ayrılmış dövlət vəsaitləri hesabına “Bakı Metropoliteni”nin maddi-texniki bazası əhəmiyyətli dərəcədə gücləndirilib, 5 yeni metro stansiyası istifadəyə verilib, “Koroğlu”, “İçərişəhər” və “28 May” stansiyalarında əsaslı təmir işləri aparılıb, 130-dan artıq təzə metro vaqonları alınıb. Nəticədə “Bakı Metropoliteni”nin xidmətindən gün ərzində 630 min nəfərə yaxın sərnişin istifadə edir.

Ölkəmizdə aparılan ardıcıl və düşünülmüş sosial siyasətin bariz nümunəsi kimi “ASAN xidmət” mərkəzlərinin nümunəvi fəaliyyətinin vətəndaşlar tərəfindən yüksək qiymətləndirilməsini xüsusilə qeyd etmək istərdim. Hesabat ilinin sonuna 14 “ASAN xidmət” mərkəzinə 19 milyondan artıq müraciət olunub. Ümumilikdə respublikanın 52 rayonunda əhaliyə bilavasitə yaşadıqları yerdə səyyar formada xidmət göstərilib.

2004-cü ildən başlayaraq həyata keçirilən regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində bölgələrimizdə geniş quruculuq və abadlıq işləri görülüb, çoxsaylı infrastruktur layihələri həyata keçirilib, müxtəlif profilli istehsal müəssisələri, sosial obyektlər fəaliyyətə başlayıb və minlərlə yeni iş yeri açılıb. Bütün bunlar hər bir rayonun, kəndin və qəsəbənin simasını dəyişməklə bərabər, əhalinin rifah halının yüksəldilməsinə, sosial problemlərinin həllinə rəvac verib. Göstərilən bu irimiqyaslı işlərin icrasına bütün mənbələr hesabına 67,5 milyard manat məbləğində maliyyə vəsaiti yönəldilib.

Dövlət başçısının daim xüsusi həssaslıqla yanaşdığı məcburi köçkünlərin sosial problemlərinin həllinə və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına 5,6 milyard manat məbləğində vəsait xərclənib. Nəticədə 7 çadır düşərgəsi, 16 fin tipli və dəmir yolu üzərindəki yük vaqonlarından ibarət 3 qəsəbə ləğv olunub. Yeni tikilmiş və bütün lazımi sosial infrastruktura malik 92 yaşayış kompleksində 265 min məcburi köçkün mənzillə təmin edilib.

Təhsil, səhiyyə, turizm, gənclər və idman sahələrinin inkişafı, insanların yaşayış səviyyəsinin yüksəldilməsi sosial-iqtisadi siyasətdə başlıca yerlərdən birini tutur.

Bu illər ərzində təhsil sektorunda islahatlar davam etdirilib, Avropa təhsil sisteminə keçid təmin olunub və onun əsasında yeni məzmunlu milli təhsil sistemi qurulub. Ümumi təhsil sistemində çalışan 140 min müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi başa çatdırılıb, onların əməkhaqqı əhəmiyyətli dərəcədə artırılıb. İqtisadiyyatın müxtəlif sahələrinin ixtisaslı kadrlara olan tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə peşə-ixtisas təhsili sistemi təkmilləşdirilərək, 14 peşə-təhsil mərkəzi yaradılıb.

Ötən il respublikanın 40 rayonunda 106 modul tipli məktəb quraşdırılıb və təhsil şəraiti yaxşılaşdırılıb.

2004-2017-ci illərdə ümumilikdə 3098 məktəbin tikintisi və ya əsaslı təmiri hesabına təhsil müəssisələrinin maddi-texniki bazası xeyli möhkəmləndirilib.

Səhiyyə sistemində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz edilmiş yeni tibb mərkəzlərinin açılması əhaliyə göstərilən tibbi xidmətlərin həcminin genişləndirilməsinə, keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artırılmasına səbəb olub. Son illərdə istifadəyə verilmiş Respublika Talassemiya Mərkəzi, Milli Oftalmologiya və Onkologiya mərkəzləri, Azərbaycan Tibb Universitetinin klinikaları məhz belə müasir səhiyyə obyektlərindəndir.

Ümumilikdə, bu dövrdə 635 tibb müəssisəsi tikilib, yenidən qurulub və təmir edilib ki, bunların da 70 faizindən çoxunu regionlardakı səhiyyə obyektləri təşkil edir.

Bir çox xəstəliklər üzrə, o cümlədən talassemiya ilə mübarizə, ana və uşaqların sağlamlığının yaxşılaşdırılması, şəkərli diabet xəstəliyi üzrə qəbul edilmiş Dövlət proqramlarının icrası artıq öz müsbət nəticələrini verməkdədir.

2013-cü ildə qəbul edilmiş icbari dispanserizasiya üzrə Dövlət Proqramı çərçivəsində ötən il uşaqların 90 faizindən çoxu müayinəyə cəlb olunub.

Bu gün ölkəmizdə əvvəllər mümkün olmayan, yeni texnologiya və peşəkarlıq tələb edən cərrahi əməliyyatlar uğurla həyata keçirilir.

2017-ci ilin əvvəlindən Mingəçevir şəhərində və Yevlax rayonunda icbari tibbi sığortanın pilot layihəsinin tətbiqinə başlanılıb.

Son illərdə ölkədə yaradılmış dayanıqlı sabitlik, müasir infrastruktur, göstərilən davamlı dövlət dəstəyi turizm sektorunun inkişafında dönüş yaratmağa imkan verib. Qusar rayonunda ilboyu fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzi, Qəbələ, Quba, Xaçmaz rayonlarında, Naftalan şəhərində yüksək standartlara uyğun inşa edilmiş yeni mehmanxanalar yerli və xarici turistlərin sevimli istirahət məkanına çevrilib, onların ölkəyə axınının artmasına səbəb olub.

Əgər 2004-cü ilin əvvəlinə ölkədə fəaliyyət göstərən mehmanxana və turizm istirahət mərkəzlərinin sayı 238 idisə, 2017-ci ildə müasir tələblərə cavab verən belə obyektlərin sayı 563-ə çatdırılıb.

Bu illər ərzində gənclərin təhsil və məşğulluq məsələlərinin həlli, sağlamlığının qorunması, ictimai fəallığının artırılması məqsədilə qəbul edilmiş iki “Azərbaycan gəncliyi” Dövlət Proqramının icrası təmin olunub və 2017-2021-ci illəri əhatə edən 3-cü Proqram icra edilməkdədir. Gənclərin asudə vaxtının səmərəli təşkili, onlara müxtəlif hüquqi və sair yardımların göstərilməsi üçün respublikamızın müxtəlif bölgələrində 40 “Gənclər evi” yaradılıb.

İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, güclü idmançıların hazırlanması məqsədilə 38 Olimpiya Kompleksi tikilib, müxtəlif ölkədaxili və beynəlxalq yarışların keçirilməsi üçün çoxlu sayda müasir idman sarayları və qurğuları istifadəyə verilib. Ölkəmizin paytaxtında ən yüksək səviyyədə keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları möhtəşəm idman bayramları kimi yaddaşlarda qalacaqdır.

2004-2017-ci illərdə ətraf mühitin mühafizəsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli işlər görülüb.

Abşeron yarımadasındakı neftlə çirklənmiş torpaqların, göllərin, lay suları altında qalmış sahələrin ekoloji vəziyyətinin sağlamlaşdırılması ilə bağlı işlər başa çatdırılıb. Təhlükəli, o cümlədən radioaktiv tullantıların yığılması, yerləşdirilməsi və utilizasiyası üzrə poliqonlar yaradılıb, Bakı bərk məişət tullantılarının yandırılması zavodu istifadəyə verilib, Sumqayıt şəhərində 130 min kubmetrə yaxın torpaq civə tullantılarından təmizlənib. Böyükşor gölünün ekoloji bərpası layihəsinin birinci mərhələsi yekunlaşdırılıb, Avro-4 ekoloji normaları tətbiq edilərək, köhnə avtomobillərin idxalına qadağa qoyulub.

Bu dövrdə 143 min hektar ərazidə meşəbərpa tədbirləri aparılıb, o cümlədən 47 min hektar sahədə yeni meşəliklər salınıb və 106 milyon ağac əkilib. Xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi 4 yeni milli parkın yaradılması hesabına artırılıb.

Hörmətli deputatlar, dərin təəssüf hissi ilə qeyd etməliyəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi dönüşə nail olunmayıb. Bunun əsas səbəbi Ermənistanın öz havadarlarına arxalanan cinayətkar rəhbərliyinin qeyri-konstruktiv mövqeyi, problemin həllini hər vasitə ilə uzatmağa çalışmasıdır. Dövlət başçısı hamımızın ən ağrılı yeri olan bu məsələni gündəlik nəzarətində saxlayır, bütün beynəlxalq tədbirlərdə və görüşlərində onun hüquqi müstəvidə, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tələb edir.

Münaqişənin həllinin sülh danışıqları ilə yanaşı, hərb variantının mümkünlüyünü də nəzərə alaraq, biz hərbi gücümüzü durmadan artırır, ordunun maddi-texniki bazasını möhkəmləndirir, müasir silah və sursatla təminatına xüsusi diqqət yetiririk. 2016-cı ilin şərəfli Aprel döyüşlərində erməni təxribatının qarşısının qəhrəmanlıqla alınması ordunun hərbi hazırlığının ildən-ilə artdığını bir daha əyani nümayiş etdirdi.

Bu illərdə ölkəmizin müdafiə qabiliyyətinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən Müdafiə Sənayesi Kompleksi yaradılıb və müdafiə sahəsinə ayrılan vəsaitin məbləği 13,5 dəfə artırılıb. Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200-dən çox məhsulun, o cümlədən zirehli texnikanın, pilotsuz uçuş aparatlarının, müxtəlif növ atıcı silahların və digər silah-sursatın istehsalı təşkil olunub. Bu gün Azərbaycanda istehsal olunan hərbi təyinatlı məhsullar artıq xarici ölkələrə də ixrac edilir.

Hörmətli deputatlar, təbii ki, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması və dünya dövlətləri arasında layiqli yerini tutması, dərin sosial-iqtisadi islahatların, nəhəng strateji layihələrin, irimiqyaslı quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində görülmüş işlərin hamısını bir çıxışda tam əhatə etmək mümkün deyildir. Bir də ki, atalarımızın çox yerinə düşən gözəl bir ifadəsi var – görünən dağa bələdçi nə lazım.

Çıxışımın sonunda bildirmək istəyirəm ki, Azərbaycan qarşıdakı illərdə də sosial, iqtisadi, siyasi sahələrdə uğurlarını daha da artıracaqdır.

Diqqətinizə görə sağ olun.

 

X X X

 

Daha sonra deputatlar hökumətin hesabatına münasibət bildiriblər. Arif Rəhimzadə, Əli Məsimli, Hikmət Məmmədov, Azər Badamov, Elmira Axundova, Zahid Oruc, Sahibə Qafarova, Fazil Mustafa, Musa Qasımlı, Musa Quliyev, Bəxtiyar Əliyev və Rafael Hüseynov qeyd ediblər ki, hesabatda və Baş nazirin bununla bağlı çıxışında hökumətin fəaliyyəti hərtərəfli və əhatəli təqdim olunub. Mövcud iqtisadi çətinliklərə baxmayaraq, hökumət ötən il ərzində səlahiyyətləri çərçivəsində öhdəsinə düşən vəzifəni layiqincə yerinə yetirib. Nazirlər Kabinetinin illik hesabatında ölkə həyatının bütün sahələri əhatə edilib, bütün əsas göstəricilər əksini tapıb.

Fasilədən sonra parlamentdə hesabat ətrafında geniş müzakirələr davam etdirilib. Deputatlardan Əflatun Amaşov, Fərəc Quliyev, Tahir Mirkişili, Tahir Rzayev, İlham Məmmədov, Astan Şahverdiyev, Çingiz Qənizadə, Sahib Alıyev, Eldar Quliyev, Jalə Əliyeva, Yaqub Mahmudov, Tahir Kərimli, Aqiyə Naxçıvanlı, Elman Nəsirov, Rəşad Mahmudov, Mirkazım Kazımov, Fəzail Ağamalı və Naqif Həmzəyev çıxış edərək hökumətin fəaliyyətini yüksək dəyərləndirib, eləcə də qeyd və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar.

Ətraflı müzakirələrin yekununda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci ildə fəaliyyətinə dair illik hesabatı səsə qoyulub və nəzərə alınıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video