Yaşadığım evi xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirmişəm. İş adamları qonşuluqdakı bütün evləri bina tikmək üçün alıb. Özlərini qane edən şərtlər irəli sürərək, mənim də evdən çıxmağımı tələb edirlər. Aldıqları evləri sökərkən evim qəzalı vəziyyətə düşüb. Bilmək istəyirəm, mövcud qanunvericilik çərçivəsində öz mülkiyyətimi necə qorumalıyam?
Məxluqə Məhərrəmova,
Bakı şəhəri
- Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyamızın 29-cu maddəsinin I hissəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin II hissəsi ilə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə uyğun olaraq, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər.
Həmin məcəllənin 390.3-cü maddəsində göstərilir ki, müqavilə bağlamaq vəzifəsinin bu məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir.
Göründüyü kimi, mülkiyyətinizdə olan evə dair alğı-satqı müqaviləsi bağlamaq sizin hüququnuzdur, bu mənada heç kim sizi müqavilə bağlamağa məcbur edə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 390.1 və 390.3-cü maddələr).
Qonşuluqda yerləşən evlərin sökülməsi nəticəsində evinizə zərər dəymişdirsə, onda siz mülkiyyətinizə qəsd edən bu cür hərəkətlərə son qoyulması və vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddia ilə məhkəməyə müraciət edə bilərsiniz.
Subay şəxs olaraq övladlığa uşaq götürmək hüququm varmı?
Nuray Şahinqızı,
Xırdalan şəhəri
- Şəxsin nikahda (evli) olmaması onu övladlığa götürmək hüququndan məhrum etmir, başqa sözlə, evli olmayan şəxs də övladlığa götürən ola bilər. Bu halda övladlığa götürən şəxslə övladlığa götürülən uşağın yaş fərqi 16-dan az olmamalıdır. Lakin məhkəmə tərəfindən üzrlü hesab edilən səbəb olduqda, yaş fərqi qısaldıla bilər (Azərbaycan Respublikası Ailə Məcəlləsi, 121.1-ci maddə).
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi