Alternative content

12:51 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində nəşr edilən kitabların Naxçıvanda təqdimatı olub
Elmin İnkişafı Fondunun qrant layihəsi çərçivəsində nəşr edilən kitabların Naxçıvanda təqdimatı olub
ANA SƏHİFƏ / Elm və texnika
12:03 16.03.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) qrant layihəsi çərçivəsində nəşr edilən “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” və “Naxçıvan uşaq folklorundan örnəklər” fundamental kitab və monoqrafiyalarının təqdimatı olub.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə akademiyanın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ölkəmizdə elmin, təhsilin inkişafına göstərilən diqqət və qayğıdan danışıb. Diqqətə çatdırılıb ki, ümummilli lider Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli Sərəncamı ilə yaradılan AMEA Naxçıvan Bölməsində 15 ildən artıqdır ki, elmin bütün sahələri üzrə ardıcıl və sistemli tədqiqatlar aparılır. Akademik bölmədə Naxçıvan Muxtar Respublikası Ali Məclis Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə ümumiləşdirici fundamental kitabların çap olunduğunu, elmi-tədqiqat işlərinin nəticələrinin respublika və beynəlxalq səviyyəli elmi nəşrlərdə işıq üzü gördüyünü vurğulayıb.

İ.Hacıyev 2011-ci ildən etibarən bölmə əməkdaşlarının elmin müxtəlif istiqamətləri üzrə 20 beynəlxalq və respublika səviyyəli qrant layihələrində qalib gəldiyini xatırladıb. Bildirilib ki, ötən illər qrant layihəsində iştirak etmiş əməkdaşlar tərəfindən hazırlanan üç kitab EİF tərəfindən çap olunub.

EİF-in icraçı direktoru Elçin Babayev rəhbərlik etdiyi qurumda qrant müsabiqələrinə təqdim olunan fundamental və tətbiqi xarakterli elmi-tədqiqatlardan danışıb. İctimaiyyətə təqdim olunan nəşrlərin əhəmiyyəti, müasir dövr üçün aktuallığı barədə məlumat verən alim yeni kitabların çapdan çıxması münasibətilə müəllifləri təbrik edib.

Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərlinin “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri”, bu elmi müəssisənin arxeoloji xidmət şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zeynəb Quliyevanın “I Kültəpə və onun ətrafındakı arxeoloji abidələrin tariximizin öyrənilməsi üçün əhəmiyyəti” və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvan uşaq folklorunun öyrənilməsində dəyərli bir töhfə” mövzusunda məruzələri dinlənilib.

Bildirilib ki, yeni nəşrlər dəyərli elmi əsərlər olmaqla yanaşı, müəlliflər tərəfindən aparılan çoxlu sayda tədqiqatların nəticələrini özündə əks etdirib. Belə ki, akademik İsmayıl Hacıyev, tarix üzrə fəlsəfə doktorları Emin Şıxəliyev, Elman Cəfərli və Mehman Şabanovun həmmüəllifi olduqları “Böyük güclərin Azərbaycanla bağlı geosiyasi maraqlarında Naxçıvanın yeri” monoqrafiyasında Böyük Britaniya, Rusiya, Türkiyə və Azərbaycanın arxiv mənbələri, müxtəlif dillərdə nəşr edilmiş ədəbiyyat materialları əsasında böyük dövlətlərin Cənubi Qafqaz siyasətində Azərbaycanın, eləcə də Naxçıvanın yeri kimi məsələlər araşdırılıb.

Diqqətə çatdırılıb ki, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin üç dildə (Azərbaycan, rus, ingilis) hazırladığı “I Kültəpə və onun ətrafında arxeoloji araşdırmalar” monoqrafiyada 2013-2014-cü illərdə I Kültəpə yaşayış yeri və onun ətrafında aşkarlanan yeni arxeoloji abidələr haqqında məlumat verilib. Qeyd olunub ki, Neolit, Eneolit və Tunc dövrünə aid yeni aşkarlanan arxeoloji abidələr Naxçıvanda qədim mədəniyyətlərin meydana gəlməsi və inkişafı ilə bağlı bir sıra məsələləri yenidən dəyərləndirməyə imkan verir.

Məlumat verilib ki, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Hüseynzadə, mərhum folklorşünas alim Rafiq Babayev və Şölə Əliyevanın həmmüəllifi olduqları “Naxçıvan uşaq folklorundan örnəklər” kitabında isə layla, oxşama, mərasim, yanıltmac, deyim, tapmaca və nağıllardan bəhs edilir. Qeyd olunub ki, Naxçıvan bölgəsinə məxsus uşaq folkloru örnəkləri ilk dəfə toplu şəklində təqdim edilir.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdirləri, tarix üzrə fəlsəfə doktorları İlhami Əliyev, Asəf Orucov və İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov kitablar haqqında fikirlərini bölüşüb, müəlliflərin zəhmətini yüksək dəyərləndiriblər.

Sonda AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev tarix və mədəniyyət abidələrimizin qorunması və dərindən araşdırılması daim diqqət mərkəzində olduğunu söyləyib. Arxeoloq alim Naxçıvan abidələrinin öyrənilməsi üçün əlverişli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbova, Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayevə və AMEA-nın Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevə minnətdarlığını bildirib.