Alternative content

03:10 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki hesablarının açılması və seçki fondlarının formalaşdırılması qaydaları və şərtləri
Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki hesablarının açılması və seçki fondlarının formalaşdırılması qaydaları və şərtləri
ANA SƏHİFƏ / MSK
12:03 13.03.2018

 

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə bağlı bütün addımlar Seçki Məcəlləsinin tələblərinə və Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilən əsas hərəkət və tədbirlərin Təqvim Planına uyğun atılır. Prezident seçkilərinin hazırlanması istiqamətində Mərkəzi Seçki Komissiyası tərəfindən bir sıra mühüm layihələr gerçəkləşdirilir.

Azərbaycan Respublikası Prezidentinin seçkilərində xüsusi seçki hesablarının açılması qaydaları Seçki Məcəlləsinin 91-ci, 190-cı maddələri, Mərkəzi Seçki Komissiyasının müvafiq Təlimatı və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Prezidentliyə namizədin seçki fondunun formalaşdırılması məqsədilə xüsusi seçki hesabı açılır. Namizədlərin irəli sürülməsinə dair bildiriş və ya siyasi partiya, siyasi partiyaların blokunun buna dair qərarı Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən sonra, lakin namizədin qeydə alınması üçün tələb olunan sənədlərin komissiyaya təqdim edilməsi gününə azı 5 gün qalmış xüsusi seçki hesabı açılmalıdır.
Namizədlərin yalnız bir xüsusi seçki hesabı ola bilər. Xüsusi seçki hesabları yalnız Azərbaycan Respublikasının Beynəlxalq Bankında və onun filiallarında açılmalıdır.
Namizəd öz təşəbbüsü ilə və ya seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürüldükdə xüsusi seçki hesabının açılması üçün müvafiq banka qanunun tələblərinə uyğun olaraq bir sıra sənədlər təqdim etməlidir:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- müraciət edənin şəxsiyyətini təsdiq edən sənəd, bu namizədin özü və ya səlahiyyətli nümayəndəsi ola bilər;
- namizədliyinin irəli sürülməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına təqdim edilmiş sənədlərdən biri olan bildirişin komissiya tərəfindən təsdiq edilmiş surəti;
- Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmiş və namizədliyi irəli sürülmüş şəxsin məhkumluğunun olub-olmaması, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizə;
- namizədin səlahiyyətli nümayəndəsinin notariat qaydasında rəsmiləşdirilmiş vəkalətnaməsi (əgər səlahiyyətli nümayəndə təyin edilmişdirsə);
- notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki hesabı üzrə əməliyyat aparan şəxsin).
Namizəd siyasi partiya tərəfindən irəli sürüldükdə xüsusi seçki hesabının açılması üçün səlahiyyət verilmiş şəxs müvafiq banka aşağıdakı sənədləri təqdim edir:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- siyasi partiyanın dövlət qeydiyyatına alınması haqqında sənədin (şəhadətnamənin) notariat qaydasında təsdiq edilmiş surəti;
- siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
- namizədin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanı iclasının) qərarı və müvafiq iclasın protokolu;
- Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmiş və namizədliyi irəli sürülmüş şəxsin məhkumluğunun olub-olmamasına, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş razılıq ərizəsi;
- siyasi partiyanın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin vəkalətnaməsi;
- notariat qaydasında təsdiq edilmiş imza və möhür nümunələri vərəqəsi.
Namizəd siyası partiyalar bloku tərəfindən irəli sürüldükdə xüsusi seçki hesabının açılması üçün səlahiyyət verilmiş şəxs müvafiq banka aşağıdakı sənədləri təqdim edir:
- xüsusi seçki hesabının açılması üçün ərizə;
- siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların qurultaylarının (konfranslarının, rəhbər orqanı iclasının) namizəd irəli sürmək barədə qərarları ilə birlikdə müvafiq iclasların protokolları;
- siyasi partiyalar blokuna daxil olan siyasi partiyaların nümayəndələri iclasının (qurultayının, konfransının) siyasi partiyalarının bloku adından namizəd irəli sürülməsi haqqında qərarı və müvafiq iclasın protokolu;
- Seçki Məcəlləsinin tələbinə uyğun olaraq tərtib edilmiş və namizədliyi irəli sürülmüş şəxsin məhkumluğu, vətəndaşlıq vəziyyəti və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmamasına dair məlumatlar, habelə prezident seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətinə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizə;
- maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndənin notariat qaydasında və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin müəyyən etdiyi qaydada təsdiq edilmiş vəkalətnaməsi;
- notariat qaydasında təsdiq edilmiş imza nümunəsi vərəqəsi (xüsusi seçki hesabı üzrə əməliyyat aparan şəxsin).
Qanunun tələblərinə uyğun olaraq tərtib edilmiş sənədlər təqdim edildikdə, müvafiq bank namizədə dərhal, lakin 3 gündən artıq olmayan müddətdə xüsusi seçki hesabı açmalıdır. Bütün pul vəsaiti xüsusi seçki hesablarına manatla köçürülür.
Xüsusi seçki hesabının vəsaitləri üzərində sərəncam verilməsi namizədin özü, onun təyin etdiyi səlahiyyətli nümayəndə və yaxud namizədlə razılaşdırılmaqla onun namizədliyini irəli sürmüş siyasi partiya və ya siyasi partiyalar bloku tərəfindən təyin edilmiş maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə tərəfindən həyata keçirilir.
Prezidentliyə namizədlərin, qeydə alınmış namizədlərin fəaliyyətinin maliyyələşdirilməsi üçün seçki fondları yaradılır. Namizədlərin seçki fondu məbləğinin yuxarı həddi 10 milyon manatdan çox ola bilməz.
Namizədlərin seçki fondu yalnız aşağıdakı pul vəsaiti hesabına formalaşır:
- namizədin özü tərəfindən 250 min manatdan çox olmamaq şərtilə xüsusi vəsaiti (siyasi partiyalar, siyasi partiyalar bloku tərəfindən irəli sürülən prezidentliyə namizədlər üçün bu xüsusi vəsait siyasi partiyaların, siyasi partiyaların bloklarını yaratmış siyasi partiyaların verdiyi vəsaitlər hesabına formalaşır);
- vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri (könüllü ianələrin həddi vətəndaş üçün 3000 manatdan, hüquqi şəxs üçün 50 min manatdan çox ola bilməz).
Könüllü ianələr yalnız Azərbaycan Respublikasının vətəndaşlarından rabitə şöbələri və ya bank təşkilatları vasitəsilə ianəçinin soyadı, adı, atasının adı, doğum tarixi və yaşayış yerinin ünvanı göstərilməklə şəxsiyyət vəsiqəsi, yaxud onu əvəz edən sənədin təqdim edilməsi əsasında qəbul olunur.
Hüquqi şəxslərin könüllü ianələri isə seçki fonduna yalnız nağdsız köçürülmə yolu ilə, müvafiq hüquqi şəxsin nizamnamə kapitalında dövlət və ya bələdiyyə kapitalının, xarici kapitalın olub-olmaması və ya payı qeyd edilməklə, onun adı, qeydiyyat tarixi, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri göstərilməklə qəbul olunur.
Vətəndaşların və hüquqi şəxslərin könüllü ianələri xüsusi seçki hesabına poçt və ya bank təşkilatları vasitəsilə müvafiq ödəniş sənədi alındıqdan sonra ən geci iki gün ərzində köçürülməlidir.
Namizədlərin seçki fonduna ianələr buna hüququ olmayan subyektlərdən daxil olubsa, yaxud qanunla nəzərdə tutulan məbləğdən artıq köçürülübsə, müvəkkil bank müəyyən olunmuş formada Mərkəzi Seçki Komissiyasına məlumat verir və ianənin xüsusi seçki hesabına daxil olduğu gündən sonrakı on gün müddətində namizəd ianəni bütünlüklə və ya onun müəyyənləşdirilmiş yuxarı həddini aşan hissəsinin geri qaytarılmasının səbəbini göstərməklə və göndərilmə xərclərini çıxmaqla ianəçiyə qaytarmalıdır.
Göstərilən müddət ərzində ianə ianəçiyə geri qaytarılmadıqda, bank bu barədə Mərkəzi Seçki Komissiyasına yazılı məlumat verməklə həmin ianəni bütövlüklə ianəçiyə geri qaytarmalıdır. Xüsusi seçki hesabına daxil olmuş anonim ianələr daxil olduğu gündən sonra 10 gün müddətində namizəd, siyasi partiya, siyasi partiyaların bloku tərəfindən dövlət büdcəsinə köçürülür.
Namizədlərin seçki fondlarına könüllü ianə ayırmaq, yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə yardım etmək aşağıdakılara qadağan edilir:
- xarici dövlətlərə və xarici hüquqi şəxslərə;
- xarici vətəndaşlara;
- vətəndaşlığı olmayan şəxslərə;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə Azərbaycan Respublikasının hüquqi şəxsinin nizamnamə kapitalında yuxarıda göstərilən şəxslərin iştirak (mülkiyyət) payı 30 faizdən çox olarsa, Azərbaycan Respublikasının hüquqi şəxslərinə;
- 18 yaşına çatmamış vətəndaşlara;
- beynəlxalq təşkilatlara və beynəlxalq ictimai hərəkatlara;
- dövlət hakimiyyəti orqanlarına və bələdiyyə qurumlarına;
- dövlət, bələdiyyə təşkilatları və idarələrinə;
- seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc edildiyi günə olan vəziyyətə görə nizamnamə kapitalında dövlət və ya bələdiyyənin iştirak payı 30 faizdən artıq olan hüquqi şəxslərə;
- hərbi hissələrə;
- xeyriyyə təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara;
- aşağıdakı məlumatlardan hər hansı birini göstərməyən anonim ianə köçürənlərə (vətəndaş üçün - soyadını, adını, atasının adını, şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyasını, nömrəsini, verilmə tarixini, yaşayış yerinin ünvanını, doğum tarixini; hüquqi şəxs üçün - vergi ödəyicisinin eyniləşdirmə nömrəsini, adını, qeydiyyat tarixini, bank rekvizitlərini, nizamnamə kapitalında dövlət və ya bələdiyyə payının olmasını, bunlar olduğu halda - miqdarını, nizamnamə kapitalında xarici kapitalın pay miqdarını göstərməyənlərə və ya qeyri-düzgün göstərənlərə).
Seçki fondlarında olan vəsaitlər təyinatlı məqsəd daşıyır.
Namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları səsvermə gününədək qanunvericilikdə müəyyənləşdirilmiş qaydada seçki fondlarının hesablarına köçürülmüş pul vəsaitlərindən istifadə edirlər. Qeydə alınmış namizədlərə, siyasi partiyalara, siyasi partiyaların bloklarına seçkiqabağı təşviqat fəaliyyəti və imzaların yığılması üçün seçki fonduna daxil olan vəsaitdən başqa digər pul vəsaitindən istifadə etmək qadağandır.

Validə KAZIMOVA,
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü